Məhkəmə qərarları › İş №2-1(112)-12203/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12203/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12203/2023 16.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı inzibati aktın etibarsızlığının tanınması (üçüncü şəxs X7, X5, X12) tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı inzibati aktın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Anaşkin küçəsi, ev 27, m 4 ünvanında yerləşən 7 sot torpaq sahəsi daxilində olan fərdi yaşayış sahəsini Mustafa Nağıyev adlı şəxsdən 2000-ci il tarixdə almışdır. 2006-cı il tarixdə həmin fərdi yaşayış evi sökülmüş, yerində 3 mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Lakin, maddi imkansızlıqdan həmin yaşayış sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirə bilməmişdir. 2017-ci il evi satmaq qərarına gəlmiş, Ramil adlı şəxslə məsləhətləşmiş, həmin şəxs ona evi satmaqda köməklik göstərəcəyini demişdir. Ramil, onu müştəri kimi Məhəmməd adlı şəxslə tanış etdirmişdir. Məhəmməd adlı şəxsə evi 300 min manata satacağını bildirmiş, razılaşılmışdır ki, 250 min pul verilsin, yaşayış sahəsinin sənədləşdirilməsini iddiaçı öz üzərinə götürmüşdür. Məhəmməd sənədləşdirmə ilə bağlı ona 21 min manat pul verəcəyini vəd etmiş, həmin pulu ona vermişdir. 2017-ci il tarixdə fərdi yaşayış evi Məhəmmədə təhvil verilmişdir. Daha sonra iddiaçı Rusiya Federasiyasına getmiş, qayıtdıqdan sonra Məhəmmədin həmin evi satdığını, X2 adına rəsmiləşdirilərək çıxarış alındığını bilmişdir. Məhəmmədlə əlaqə saxlamağa çalışsa da, hər dəfə mənə narahat olmamağını, pulu qaytaracağını bildirmişdir. Məlum olmuşdur ki, N.Bayramova bələdiyyə qərarı əldə edərək, həmin qərar əsasında çıxarış əldə etmişdir. Həmin qərar iddiaçı hesab edir ki, qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia subyektiv hüququn mövcud olmaması əsası ilə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardaddan verilmiş kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmənin 04 noyabr 2020-ci il tarixli qərarı ilə də şikayət təmin edilməmiş, 04 avqust 2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. İddiaçı yeni açılmış hallar üzrə ərizə təqdim edərək işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə həmin qərardaddan verilmiş şikayət təmin edilməmişdir. Ali Məhkəmənin qərarı ilə şikayət təmin edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərarın mahiyyəti onunla bağlıdır ki, hadisə nəticəsində İddiaçı həmin qərarda maddi ziyan vurulması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə şikayət təmin edilərək iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin növbəti qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə şikayət təmin edilmiş iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə təmin edilmiş, 19 iyun 2020-ci il tarixli qərardad ləğv edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi vermiş, Bakı İnzibati Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qərardadının ləğv edilməsi, Cavabdeh 11 oktyabr 2006-cı il tarixli 17 saylı qərarının etibarsızlığının tanınması və həmin qərar əsasında X2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Cavabdeh məktubundan görünür ki, mübahisələndirilən 11 oktyabr 2006-cı il tarixli qərar bələdiyyədə qeydiyyata alınmamış, möhür əvvəlki beş illikdə qüvvədə olan möhür olmuş, imza sədr tərəfindən imzalanmamışdır. Qərar və və məktub bələdiyyənin adından saxta hazırlanmışdır. Qərarda qeyd edilmişdir ki, Anaşkin küçəsində yerləşən torpaq sahəsi X2 mülkiyyətinə veirlməsi qərara alınmışdır. X6 bələdiyyə tərəfindən ünvanlanmış məktubda qeyd edilmişdir ki, Anaşkin küçəsində yerləşən torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Çıxarışlardan görünür ki, həmin ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüquqları X2 adına dövlət qeydiyyatına alınmışdır. Sonradan həmin əmlak X1. Məhkəmə iclas protokollarından görünür ki, cavabdeh tərəf qərarın mövcudluğundan məlumatlı olmadığını, sənədlərin saxtalaşdırıldığını bildirmişdir. 19 iyun 2020-ci il tarixli məhkəmə iclasının protokolunda Məhəmməd Qafarov izahat verərək bildirmişdir ki, fərdi yaşayış sahəsi və torpaq iddiaçıya pul, torpaq sahəsi və avtomobil verilməklə alınmışdır. Razılaşmaya əsasən iddiaçıya sənədləşmə aparılması üçün pul verməli idi. Ev sənədləşdirildikdən sonra ev Hacı adlı şəxsə satmış, sonradan o da, Nuranə Bayramovaya satmışdır. İddiaçı 7 sot torpaq sahəsi üzərində evi vəd etsə də, torpaq sahəsi 5 sotdan ibarətdir. İddiaçının iş üzrə iddianın mümkün sayılmaması barədə qərardaddan verdiyi 13 iyul 2020-ci il tarixli apellyasiya şikayətində iddiaçı qeyd etmişdir ki, Məhəmməd evi 250 min manata alacağını bildirsə də, ona 300 min manata satacağını bildirmiş, evin pulunu 2 aya ödəyəcəyini bildirmiş, evin sənədləşdirilməsini Məhəmməd öz üzərinə götürmüş, Məhəmməd evin sənədlərini düzəltmək üçün iddiaçıya əlavə olaraq 21 min manat pul vermişdir. Evin sənədləşdirilməsini Məhəmmədin tanışı, bələdiyyə işçisi həyata keçirilməli idi. Razılaşmaya əsasən Məhəmməd evi iddiaçının adına sənədləşdirməli olmuşdur, lakin onu aldadıb başqa şəxsin adına sənədləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsinə Bələdiyyə tərəfindən ünvanlanan məktubda qeyd edilmişdir ki, qərar və məktub bələdiyyə tərəfindən tərtib edilməmişdir. Təqdim edilən sənədlərin tarix və nömrələri uyğunsuzluq təşkil edir. Sənədlər saxtalaşdırılmışdır.Belə ki, qərar guya 11 oktyabr 2006-cı il tarixli 17 saylı protokolu əsasında verildiyi göstərilsə də, 17 saylı protokol 24 fevral 2006-cı il tarixlidir. 21 saylı protokol belə 29 iyun 2006-cı il tarixlidir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 02 sentyabr 2021-ci il tarixli qərarda göstərilmişdir ki, izahatı alınmış iddiaçı bildirmişdir ki, evin qiyməti 300 min manatdır. Məhəmməd adlı şəxslə 250 min manata razılığa gəlinmiş, 21 min manat Məhəmməd ona beh vermişdir. Həmin pulu Ədalət və Məzahir adlı şəxslərə evin sənədləşdirilməsi üçün vermişdir. Ədalət, Məzahir və Məhəmməd birlikdə evi başqasının adına saxta sənədlər əsasında sənədləşdirmişdir. İzahatı alınmış Rüstəmov Məzahir bildirmişdir ki, İddiaçı uzun zamandır tanıyır. Natiq Ədalətə evi sənədləşdirmək üçün onun yanında avtomobildə 4000 manat pul vermişdir. Bundan sonra yenidən 6500 manat Natiq Ədalətə onun yanında pul vermişdir. Daha sonra Ədalət ondan iddiaçının evinin sənədləşdirilməsi üçün kömək istəmiş, sənədlər hazır olanda ona gətirilməsi deyilmiş, Ədalət də Natiqin evinin sənədlərini ona təqdim etmiş, həmin sənədlərlə əmlak orqanına müraciət edilmiş, lakin Ədalət evi iddiaçının yox, Nuranə adlı şəxsin adına sənədləşdirilmişdir. Qərarda qeyd edilmişdir ki, iddiaçıya maddi ziyan vurulmuşdur. Bununla bağlı məhkəməyə mülki qaydada müraciət edə bilər. İddiaçının cavabdeh X3 qarşı Sabunçu Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində qeyd edilmişdir ki, evin satılmasını 300 min manata həyata keçirilməsi barədə mövqe bildirsə də, 250 min manat pulun veriləcəyi Məhəmmədlə 12 mart 2017-ci il tarixdə razılaşdırılmışdır. Evin sənədləşməsini iddiaçı öz üzərinə götürməsinə baxmayaraq Məhəmməd sənədləşmə üçün ona 20 min manat pul verəcəyini vəd etmişdir. 2017-ci ilin mart ayında evi Məhəmmədə təhvil vermişdir. Məhəmməd ona müəyyən ödənişləri etsə də 86380 manat pulu verməmişdir. Məhəmməd ona demişdir ki, iddiaçı evin sənədlərini rəsmiləşdirib ona verdikdən sonra pulu iddiaçıya tam olaraq ödəyəcəkdir. Sənədlər 2017ci ilin iyun ayının 11-də Məhəmmədə təqdim edilsə belə evin pulunu ona ödəməmişdir. Sabunçu Rayon Polis İdarəsinin məhkəməyə ünvanladığı məktubda qeyd edilmişdir ki, iddiaçı özü tərəfindən saxta bələdiyyə sənədləri ilə qeyd olunan əmlakı satdığını və hazırda isə saxta sənədləri əsas gətirərək məhkəmə yolu ilə evi qaytarmaq istədiyini bildirməkdə həmin faktla bağlı saxtakarlıqla əlləri olan şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Ədalət Abdullayev Bakı İnzibati Məhkəməsinə ünvanlanan ərizəsində qeyd etmişdir ki, Bülbülə Bələdiyyəsində şöbə müdiri vəzifəsində 2017-ci il tarixdə çalışmışdır. İddiaçı, Qafarov Məhəmməd və Rüstəmov Məhəmməd ona müraciət edərək evi Nuranə adlı şəxsə satmaq istədiklərini bildirmişdir. Bilmişdir ki, Məhəmməd vasitəçi kimi evi Natiqdən alıb Nuranəyə satmaq niyyətindədir. X11 Natiqdən evin sənədlərinin yararlı vəziyyətə gətirilməsini tələb etmiş, Natiq də yaxından tanışı olan Rüstəmov Məzahirin əmlak orqanında əvvəllər çalışdığını bildirərək tanışlarının olduğunu və çıxarışın verilməsini öz üzərinə götürdü. Ondan isə bələdiyyə qərarının tarixində d əvvəlki tarixə keçirmək üçün bələdiyyənin rəhbərliyi ilə tanış edilməsini xahiş etdi. Natiq əlavə xərc olmasın deyə sənədləşmənin Nuranənin adına olmasını istədi. Sonradan İddiaçı sənədləşmə üçün Qafarov Məhəmməddən 21 min manat pul aldığını qeyd etmişdir. Sonradan əməliyyatdan imtina etmişdir. İddiaçı başqa şəxs vasitəsi ilə bələdiyyə sənədlərini hazırlayacağını bildirmişdir. İddiaçı Məhəmməd və Hacı Dünyaməddin adlı şəxsə sənədləşməni qısa müddət ərzində Nuranənin adına sənədləşdiriləcəyinə söz vermişdir. X9 sənədləşmə üçün 10500 manat pul istəmişdir ki, iddiaçı onun yanında 4000 manat pul vermiş, növbəti görüşdə eşitmişdir ki, daha 6500 manat da pulu Natiqdən Məzahir almışdır. Çıxarış hazır olduqdan sonra iddiaçı həmin sənədi Məhəmmədə təhvil vermişdir. Sənəd üzrə torpaq sahəsi 7 sot yox 5 sot olduğundan iddiaçıya pulun yerdə qalan hissəsinin verilməsindən imtina edilmişdir. Vəliyeva Nuranənin həyat yoldaşı X10 məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, iddiaçı əmlak orqanına sənədləri təqdim edərək ona bildirdi ki, Vəliyeva Nuranənin adına çıxarış veriləcəkdir. Hətta, müəyyən edəndə ki evin qaz sayğacı koda düşüb, sonradan iddiaçı kartı gətrirərək bizə təhvil vermişdir. 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, 02 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanılması barədə qərar ləğv edilmişdir. 26 oktyabr 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, Laçın Əliyev ərizə ilə müraciət edərək cinayət işinin başlanılmasını xahiş etmişdir. İzahatı alınmış Məhəmməd Qafarov qeyd etmişdir ki, evin sənədləşməsi həyata keçiriləcəyi təqdirdə Natiqə 250 min manat verilməklə evin alınması razılaşdırılmışdır. Lakin, Natiq sənədləşmə üçün pulu ondan alacağını bildirmiş, evin çıxarışının alınması üçün Natiqin 21 min manat pul vəsaiti lazım olmasını bildikdən sonra həmin vəsaiti ona hissə-hissə ödəmişdir. Dünyaməddin adlı şəxsə bir qadının şəxsiyyət vəsiqəsini Natiqə təqdim etmişdir. Çıxarış Natiq vasitəsi ilə alınmışdır. Natiq ona demişdir ki, sənədləşmədə Məzahir adlı tanışı ona kömək edir. Sonradan ona məlum olmuşdur ki, sənədləşmə zamanı torpaq sahəsinin ölçüsü ilə bağlı narazılıq yaranmışdır. Həmin iş üzrə izahatı alınmış Abdullayev Ədalət qeyd etmişdir ki, Məzahir ona Natiqin xahişi ilə evin Nuranə adlı şəxsin adına sənədləşdirdiyini bildirmişdir. Sənədləşmənin surətlənməsi üçün Məzahirə kömək etmişdir. Natiq Məzahirə ilkin olaraq 4000 pul vermişdir. Ümumilikdə işin həlli üçün Natiq Məzahirə 21 min manat pul vermişdir. Məhəmmədin Natiqi aldatmaq niyyəti olmamış, Natiq özü sənədləşmənin Nuranənin adına olmasını bildirmişdir. Qərarda bələdiyyə qərarının saxtalaşdırılması faktı öz təsdiqini tapmış, CM-nin 320.1-ci və 320.2-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətinin ötməsi səbəbindən cinayət işinin başlanılması rədd edilmişdir. X4 məktubundan görünür ki, qərar İş Mərkəzində qeydiyyata alınmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir k, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərn icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının:

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 10.1. Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Bələdiyyə qərarının etibarsızlığının tanınmasına münasibətdə iddianın mümkünlük şərtinin ödənilməməsi ilə bağlı məhkəməyə qeyd etməyi zəruri hesab edir ki, həmin növ iddia AR İPM-nin 36-cı maddəsində nəzərdə tutulmuş iddia olmalıdır ki, işə mahiyyəti üzrə baxılması mümkün olsun. Maddənin tələbindən də göründüyü kimi Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Adıçəkilən Məcəllənin 2.2.5-ci maddəsindən də göründüyü kimi inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi müəyyən etmə və ya tanınma növündə iddiadan o zaman söhbət gedə bilər ki, etıbarsız hesab edilməsi və ya etibarsızlığının tanınması tələb edilən akt inzibati akt xüsusiyyətinə malik olmuş olsun. Belə ki, “İnzibati icraat haqqında Qanunun: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inzibati akt xüsusiyyətinə malikdir ki, həmin aktın mövcud olduğu halda onun mübahisələndirilməsi və ya etibarsızlığının tanınmasından söhbət gedə bilər. Yuxarıda adıçəkilən Qanunun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən aktbaşa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkretməsələləri və mübahisələri həll edir. İnzibati aktınyaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir.Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən,ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun)“inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasəninzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli;ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati akt tərtib olunarkən“İnzibati icraat haqqında” Qanununyuxarıda sadalanan maddələrində nəzərdə tutulan tələblərə riayət olunmaması inzibati aktın etibarsızlığına səbəb ola bilər. Hər bir halda hüquqi və ya fiziki şəxsin statusunu dəyişə biləcək, onun barəsində hər hansı hüquqi nəticələrə səbəb ola biləcək inzibati aktı tərtib edən inzibati orqan bu aktı tərtib edərkən qanunvericiliyin tələblərinə riayət etməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt,qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır.Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Yuxarıda qeyd olunan qanunvericilik, eləcə də Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, etibarsız hesab edilməsi üçün 65-ci maddədə əsasları göstərilən aktın inzibati akt səciyyəsi daşıması üçün onun inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri olmalıdır. Konstitusiya Məhkəməsinin qərarında da qeyd edildiyi kimi inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli;ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Lakin, hazırkı iş üzrə etıbarsızlığının tanınması tələb edilən 11 oktyabr 2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair 21 nömrə altında göstərilmiş qərar isə ümumiyyətlə hər hansı inzibati orqan tərəfindən, eləcə də bələdiyyə tərəfindən qəbul edilməmiş, bu səbəbdən də ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salınması, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradılması, hakimiyyət tədbiri xüsusiyyətinə malik olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı, eləcə də cinayət işi üzrə araşdırma zamanı da müəyyən edilmişdir ki, həmin qərardan, ümumiyyətlə bələdiyyə orqanı məlumatsız olmuş, Cavabdeh adından qəbul edildiyi göstərilən həmin qərar saxtalaşdırılmışdır. Göründüyü kimi bələdiyyə orqanı tərəfindən ümumiyyətlə hər hansı inzibati akt qəbul edilmədiyindən, həmin inzibati aktın etibarsızlığından söhbət gedə bilməz. Belə ki, inzibati akt mövcud olmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmaması müəyyən edilməlidir. Maddənin tələbindən də göründüyü kimi 65.1-ci maddəsində nəzərdə tutulmuş 6 hal inzibati aktın etibarsız hesab edilməsi əsası qismində çıxış edir. Beləliklə də inzibati akt mövcud olmalıdır ki, onun etibarsızlığı üçün əsaslar olub-olmaması araşdırılsın. Lakin, hazırkı iş üzrə etibarsızlığının tanınması tələb edilən qərar adlanan sənəd inzibati akt hesab edilmir. Belə ki, inzibati orqan tərəfindən bu barədə ümumiyyətlə heç bir inzibati akt qəbul edilməmiş, həmin qərar bələdiyyə adından elə iddiaçının özünün də iştirakı saxtalaşdırmaqla qəbul edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, istər cinayət işinin başlanılmasının rədd edilməsi barədə 26 oktyabr 2023-cü il tarixli qərarından istərsə də iş materiallarında olan ərizələrdən, cinayət işi üzrə verilmiş izahatlardan, digər məhkəmə işləri üzrə verilmiş iddia ərizəsindən, ödənişlə bağlı cədvəllərdən görünür ki, etibarsızlığının tanınması tələb edilən qərar bələdiyyə adından qəbul edilən qərarın mötəbərliyinin şühbə altına alınması və saxtalaşdırılması aşkardır. İddiaçı, həmin qərarın etibarsızlığının tanınması barədə iddia qaldırsa da, məhkəmə araşdırması zamanı təqdim edilən sənədlərdən, eləcə də iddiaçının, qərarın bələdiyyə adından çıxarılmasına əsas olmuş digər şəxslərin izahatlarından, eləcə də iddiaçının mülki iş üzrə verilmiş iddia ərizəsindən müəyyən edilmişdir ki, inzibati orqanın adından çıxarılan qərarın hazırlanmasında iddiaçı özü də iştirak etmiş, bunun müqavilində 21 min manat məbləğində bəzi ərizələrində beh kimi adlandırılsa da, pulu almış, bələdiyyə sənədi elə onun da məlumatı olmaqla X2 adına hazırladılmış, daha sonra da Nuranə Bayramovanın adına çıxarış əldə edilərək, əmlak mülki dövriyəyə daxil olmuş, sonradan torpaq sahəsi və evin mübahisəli olmasından məlumatı olmayan şəxslərə satılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, hazırkı iddia X2 adına keçirilərkən torpaq sahəsinin ölçüsünün az olması, bundan doğan pul ödənişinin iddiaçıya edilməməsindən yaranmış, pulun ödənilməsindən imtinanın nəticəsi kimi iddiaçı ona bələdiyyə qərarının mövcud olmamasından məlumatlı olmaqla qaldırılmışdır. Qeyd olunmalıdır ki, MPM-nin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Nəzərə alınmalıdır ki, proses iştirakçılarının, eləcə də iddiaçının əməlində cinayət əlaməti aşkar edilsə də, həmin faktla bağlı cinayət işinin həyata keçirildiyi və rədd edilməsi barədə ləğv edilməmiş qərarı mövcud olduğundan xüsusi qərardadın qəbul edilməsi zərurəti müəyyən edilməsə də, istər iş materialları, istər həmin cinayət işinin başlanılmasının rədd qərarı ilə bələdiyyə adından qərarın saxtalaşdırıldığı iş materialları ilə müəyyən edildiyindən məhkəmə hesab edir ki, mövcud olmayan inzibati aktın etibarsızlığının tanınmasından söhbət gedə bilməz. Cinayət işinin başlanılmasının rədd qərarından da görünür ki, qərarının saxtalaşdırılması faktı öz təsdiqini tapmış, CM-nin 320.1-ci və 320.2-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətinin ötməsi səbəbindən cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, istər inzibati məhkəmə icraatı qaydasında baxılarkən bələdiyyə adından qəbul edilməsinin təsdiqinin tapmaması, istər cinayət işinin rədd edilməsi barədə qərarda bələdiyyə qərarının saxtalaşdırılması halları müəyyən edildiyindən, məhkəmə hesab edir ki, qərarın etibarsızlığının tanınması barədə iddianın mümkün sayılmamasından söhbət gedə bilməz. İnzibati akt mövcud olmalıdır ki, onun etıbarsızlığının tanınması əsasları yoxlana bilsin. Lakin, məhkəmə araşdırması zamanı da müəyyən edildiyi kimi etibarsızlığının tanınması tələb edilən hər hansı inzibati akt mövcud olmamış, torpaq sahəsinin ayrılması barədə inzibati orqanda heç bir inzibati icraat aparılmamış, hər hansı qərar qəbul edilməmişdir. Belə olduğu təqdirdə də iddianın mümkünlüyü əsası həmin tələbə münasibətdə ödənilməmişdir. İddiaçı bir qrup şəxslə birlikdə bələdiyyə adından qərar qəbul edilməsini həyata keçirmişdir ki, hazırda mövcud olmayan qərarı mübahisələndirməkdədir ki, iddianın mümkünlüyündən məhkəmə hesab edir ki, söhbət gedə bilməz. Eyni zamanda, iddia ərizəsindən görünür ki, iddiada, həmçinin Bakı İnzibati Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qərardadının ləğvi də tələb edilmişdir ki, iş materiallarından da göründüyü kimi Bakı İnzibati Məhkəməsi tərəfindən yeni açılmış hallarla bağlı ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılarkən həmin qərar ləğv edilmişdir. Ləğv edilmiş qərarın növbəti dəfə ləğv edilməsi mümkün olmadığından iddia həmin hissədə də mümkün sayılmamalıdır. Digər tərəfdən iddiaçı çıxarışın ləğv edilməsi barədə iddia da irəli sürmüşdür ki, məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 4 nömrəli, 10 aprel 2015-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Yuxarıda adıçəkilən digər Plenum Qərarının tələbindən isə görünür ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Eləcə də, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Bu zaman nəzərə alınmalıdır ki, çıxarışın ləğv edilməsi növündə iddia mübahisələndirmə növündə iddia olmadığından öhdəliyin icrası növündə olduğundan həmin çıxarış onu tərtib edən orqan tərəfindən ləğv edilməlidir. Belə ki, AR İPM-nin 2.2.3cü maddəsi konkret olaraq qeyd edir ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası növündə iddiadır Hazırkı halda da çıxarışın ləğv edilməsi mübahisələndirmə növündə iddia olmadığından onun məhkəmə tərəfindən ləğvindən söhbət gedə bilməz. Həmin iddia öhdəliyin icrası növündə iddia hesab edildiyindən Məcəllənin tələbinə əsasən həmin ləğv etmə öhdəlik qoyulan inzibati orqanın özü tərəfindən həyata keçirilməlidir. İddiaçı isə qeyd olunan tələblərə əhəmiyyət vermədən qərarın etibarsızlığının tanınması növündə iddia ilə bir yerdə çıxarışın ləğv edilməsi barədə əmlak orqanına qarşı yox, bələdiyyə orqanına qarşı baxılan iş üzrə iddia qaldırmış və həmin çıxarışın onu qəbul edən inzibati orqan tərəfindən yox, məhz məhkəmə tərəfindən ləğv edilməsinə nail olmağa çalışmışdır. Halbuki, həmin iddia bələdiyyə orqanına qarşı yox, aidiyyəti əmlak orqanına qarşı mümkünlük şərtləri ödənilməklə çıxarışının ləğvinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi formasında qaldırılmalı, aidiyyəti olmayan orqana qarşı baxılan iş üzrə çıxarışın inzibati aktlarda olduğu kimi məhkəmə tərəfindən birbaşa ləğvinin tələb edilməsi formasında olmamalı idi. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkünlük şərtləri ödənilməməklə verilmiş mümkün olmayan iddiadır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim:Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar