Məhkəmə qərarları › İş №2-1(112)-12207/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12207/2024

21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12207/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: X4 Əmir oğlunun sədrliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ona məxsus “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş qızıl kişi üzüyünün və üzərində “BMW” yazısı olan qızıl açarlığın geri qaytarılması və ona dəymiş mənəvi zərərə görə 20000 manat kompensasiyanın ödənilməsi, həmin əşyaların qaytarılması mümkün olmadığı təqdirdə qızıl açarlığa görə 4800 manat, qızıl kişi üzüyünə görə 2500 manat və mənəvi zərərə görə 20000 manat, cəmi 27300 manat pul məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 sentyabr 2021-ci il tarixdə Bakı-Quba yolunun 10-cu kilometrliyində yerləşən X2 İşlər Nazirliyinin Baş X7 İdarəsinin Xüsusi Tağım Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən İddiaçı idarə etdiyi sonuncuya məxsus “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil heç bir əsas olmadan qanunsuz olaraq saxlanılaraq 15 saylı avtomobil duracağına yerləşdirilmişdir. YPX Alayının xüsusi tağımının inspektoru X3 tərəfindən 09 sentyabr 2021-ci il tarixli “Nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunmuş əşyaların və sənədlərin götürülməsi haqqında ******* nömrəli protokol tərtib edilmişdir. Həmin baxışın qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında şikayət verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-74/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətin təmin edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən 09 sentyabr 2021-ci il tarixdə Bakı-Quba yolunun 10-cu kilometrliyində İddiaçı məxsus “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış baxışın (axtarış) qanunsuz hesab edilməsi qərara alınmışdır. İddiaçı məxsus avtomobilə YPX inspektorları tərəfindən xx.xx.2021-ci ildə keçirilmiş baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. YPX Alayının xüsusi tağımının inspektoru X3 tərəfindən qanunun bu tələbinə də əməl edilməmiş, “BMW 749” markalı 10- DP 006 dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan keçirildiyi halda videoyazı aparılmamışdır. “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil duracaqda saxlanıldığı müddətdə avtomobilin salonundan sürücü İddiaçı məxsus 2500 manat dəyərində qızıl kişi üzüyü və üzərində “BMW” yazısı olan 4800 manat dəyərində qızıl açarlıq yoxa çıxmışdır, yəni avtomobil sahibinə təhvil verilərkən həmin əşyaların avtomobilin salonundan götürüldüyü müəyyən olunmuşdur. Halbuki, avtomobil YPX əməkdaşları tərəfindən duracağa aparılarkən qeyd olunan kişi üzüyü və qızıl açarlıq avtomobilin salonunda olmuşdur. Qədirov X1 Postunda Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Xüsusi Tağım Yol Patrul Xidmətinin əməkdaşlarından həmin əşyaların geri qaytarılmasını xahiş etmiş, lakin polis əməkdaşları əşyaları ona geri qaytarmamış və İddiaçı onlara qarşı heç nə edə bilməyəcəyini bildirmişlər. Bu günədək İddiaçı Ekologiya Postundan keçdiyi zaman həmin əməkdaşlar tərəfindən saxlanır və onlar sanki İddiaçı lağa qoyaraq əşyaları geri qaytara bilmədiyini vurğulayırlar. Bundan başqa, 09 sentyabr 2021-ci il tarixdə YPX əməkdaşları İddiaçı idarə etdiyi avtomobili saxladaraq yersiz süründürməçiliyə yol verdikləri üçün İddiaçı məlum dəfn mərasimində iştirak edə bilməmiş, YPX əməkdaşlarının onun spirtli içki qəbul etməsi və narkotik vasitələrdən istifadə etməsi şübhəsi İddiaçı qarşı dostları arasında həmin vaxt bir növ inamsızlıq yaratmışdır. Bu səbəblərdən İddiaçı mənəvi cəhətdən iztirablar çəkmişdir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək, həmin əşyaların ona geri qaytarılması və 20000 manat kompensasiya ödənilməsini, əşyaların qaytarılması mümkün olmadığı təqdirdə, qızıl kişi üzüyünə görə 2500 manat, qızıl açarlığa görə 4800 manat və mənəvi zərərə görə 20000 manat, cəmi 27300 manat pul məbləğində kompensasiya ödənilməsini xahiş etmişdir. Lakin, cavabdeh AR DİN tərəfindən müraciətə məhəl qoyulmamış və cavab verilməmişdir. Bu səbəbdən, cavabdeh tərəfindən həmin əşyaların iddiaçıya qaytarılması və ya əşyalar əvəzində kompensasiya və mənəvi zərər ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, vəkili və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə proses iştirakçılarının iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(103)-156/2022 saylı qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3417/2021 saylı 18 oktyabr 2021-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan İddiaçı idarə etdiyi "BMW 740” markalı 10- DP-006 dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş xüsusi (çox avazlı) səs siqnalı əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməklə 600 (altı yüz) manat cərimə edilmiş, həmin qərardan verilmiş şikayət təmin edilməmiş, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3417/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 6(001)-74/2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin yol patrul xidməti əməkdaşları tərəfindən 09 sentyabr 2021-ci il tarixdə Bakı- Quba yolunun 10-cu kilometrliyində İddiaçı məxsus "BMW 749” markalı 10-DP- 006 dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış baxış (axtarış) qanunsuz hesab edilsin. İddia tələbindən görünür ki, İddiaçı ona məxsus “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş qızıl kişi üzüyünün və üzərində “BMW” yazısı olan qızıl açarlığın geri qaytarılması və ona dəymiş mənəvi zərərə görə 20000 manat kompensasiyanın ödənilməsi, həmin əşyaların qaytarılması mümkün olmadığı təqdirdə qızıl açarlığa görə 4800 manat, qızıl kişi üzüyünə görə 2500 manat və mənəvi zərərə görə 20000 manat, cəmi 27300 manat pul məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb edir. İddia ərizəsindən, işə əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı mübahisinin kökündə inzibati xətalara dair iş üzrə fəaliyyət və bu fəaliyyətdən irəli gələn məsələlər durur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 7.2 və 15.3-cü bəndlərinə əsasən “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, inzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması və s. üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir. Məhz qeyd edilən fəaliyyət sahəsində inzibati orqanlar inzibati prosessual qaydada inzibati məsuliyyət daşıyırlar. Göstərilən məsələ ilə bağlı iddiaçıya hüquqi yardım edilmiş, o, isə məsələyə nə münasibət bildirmiş, nədə ki, məhkəmə iclasında iştirak etmiş, bunun səbəbi barədə isə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. İddiaçıya cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti və ya bu fəaliyyətdən irəli gələn məsələ ilə bağlı mübahisə üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməsi izah olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bundan başqa «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və mübahisələrə dair işlərə baxır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar