Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1221/2025 24.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı ilə, Buzovna tərəvəzçilik-südçülük sovxozunda (Azərbaycan Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsində) işləyən və mənzil tikintisinə ehtiyyacı olan fəhlə və mütəxəssislərə verilməsi məqsədi ilə İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin X2 28 saylı 21 may 2003cü il tarixli Əmrinə əsasən, İddiaçı baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən 0,10 hektar hesabı ilə torpaq sahəsi ayrılmışdır. Belə ki, İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqularının dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı çıxarış verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, təqdim olunmuş sənədlər toplusuna Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 direktorunun xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrinin arxiv arayışı və torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakları və izahatları: Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0,10 ha torpaq sahəsinin ayrılması qərara aınmışdır. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrdən çıxarışa əsasən baş planına uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılan zaman sıra nömrəsi olan bölgü sxemi, plan- cizgi və ya yerləşmə ilə bağlı sənəd tərtib olunmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, sözügedən ünvana dair cizgi və ayrıc aktı təqdim edilməmişdir. Kənd Təsərrüfatı müəssisənin ayrıc aktı vahid elektron baza sistemində olmağına baxmayaraq, təsdiq edilmiş kağız nüsxəsi idarənin arxivində mövcud deyil. Qeyd olunan ünvanın qonşuluğunda yerləşən torpaq sahələrinə dair arxiv qovluğunda saxlanılan sənədlər təqdim olunmuşdur. Təqdim olunmuş sənədlərdən görünür ki: -Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-2119 ünvanında X4 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır; (X2 əmri, torpaq sahəsinin sxemi və arayışına əsasən) -Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-0213 ünvanında X3 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır; (X2 əmri, torpaq sahəsinin sxemi və arayışına əsasən) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: … -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; Qanunvericiliyin tələbindən də göründüyü kimi sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsaslardan biri qimsində çıxış edir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmri ilə ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasıdır. Doğrudur ki, adıçəkilən sənəd yuxarıda göstərilən Siyahıda nəzərdə tutulmuşdur. Həmin əmrin mübahisələndirilməsi və ya ləğv olunması müəyyən olunmamışdır. Lakin adıçəkilən sənəd əsasında yerləşmə cizgisi təqdim edilmədən iddiaçının hüquqlarının qeydiyyata alınması hazırki mərhələdə mümkün deyil. Bununla bağlı qeyd olunmalıdır ki, Torpaq Məcəlləsinin: Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında”Əsasnamə: Bənd 2.Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Bənd 3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. Bənd 4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: -qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: -mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; -mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; -məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; -torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; -istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; -torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; -torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. -Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Lakin hazırki iş üzrə torpaq sahəsinin ayrılmasına dair əmrdən çıxarışın təqdim olunduğu halda, onun naturada yerini və sərhədlərini müəyyən edən yerləşmə cizgisinin tərtib olunmadığı, eyni zamanda, belə bir cizginin mövcudluğu iddiaçı tərəfindən sübut olunmadığı nəzərə alınmalıdır. İddiaçı tərəfindən torpaq sahəsinin hasarlanması, ayrılmış torpaq sahəsinin məhz X2 əmri ilə ayrılmış sahə olduğuna dair heç bir əsaslı dəlil yoxdur. Yerləşmə cizgisi olmadığı müddətcə, iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin, həqiqətən də, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmr ilə ayrılan torpaq sahəsi olubolmamasının müəyyən etmək mümkün deyil. Bu səbəbdən Məhkəmə hesab edir ki, cavabdehin imtinası hüquqi baxımdan əsaslıdır. Məhkəmə, həmçinin diqqətə çatdırır ki, iş üzrə bərabərlik hüququnun pozulması hallarına dair hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Belə ki, Konstitusiyanın 25-ci maddəsi ilə təsbit olunmuş hüquq bərabərliyi prinsipi və müvafiq olaraq, mülkiyyət hüququnun bərabər müdafiəsi yalnız o halda tətbiq edilə bilərdi ki, iddiaçının mülkiyyət hüququ iddia etdiyi torpaq sahəsinə qonşu və ya yaxın ərazidə yerləşən digər torpaq sahəsinə dair eyni sənədlər (yerləşmə cizgisi olmadan) əsasında mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilmiş olsun. Lakin təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, iddiaçının istinad etdiyi torpaq sahəsinin yaxınlığında və ya qonşuluğunda yerləşən, torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı X2 əmri əsasında həyata keçirilsə də, əmr ilə yanaşı arxiv arayışı və məhz X2 özü tərəfindən tərtib olunmuş yerləşmə cizgisi mövcud olunmuşdur. Bu baxımdan, iddiaçının bərabərlik hüququnun pozulması halı mövcud deyil. Məhkəmə izah edir ki, iddiaçı ilk növbədə, ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi üçün müraciət etməli, yerləşmə cizgisi ilə bağlı məsələlər həll edildikdən sonra isə mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı təkrar olaraq inzibati orqana müraciət etməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov