Məhkəmə qərarları › İş №2-1(112)-12213/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12213/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12213/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs: X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. 110754240 qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 87 saylı mənzil İddiaçı (bundan sonra – İddiaçı) mülkiyyətindədir.

2. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X4 ünvan 1 ünvanında yerləşən 87 saylı mənzildə qeydiyyatdadır.

3. İddiaçı ərizə ilə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, X1 mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli, 059-33857B-3222 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən göstərilən şəxsin həmin ünvandan qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Buna görə də iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

5. Bundan sonra iddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 87 saylı mənzildən xx.xx.1982-ci il təvəllüdlü X3 qeydiyyatdan çıxarılması öhdəliyinin Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə cavabdehin dəqiqləşdirilməsi barədə ərizə verərək, hazırkı iş üzrə cavabdeh kimi göstərdiyi X1 inzibati iş üzrə cavabdeh qismində iştirakına xitam verilməsini və cavabdeh kimi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi cavabdeh kimi qəbul edilərək, X1 cavabdeh qismində prosessual iştirakına xitam verilərək üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması:

8. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 87 saylı mənzil xx.xx.2007-ci il tarixdə iddiaçıya verilmiş ******* nömrəli order əsasında onun istifadəsində olmaqla, xx.xx.2007-ci il tarixdən etibarən dövlət reyestrində aparılmış **********50-05101-093016 nömrəli qeyd əsasında xüsusi mülkiyyətindədir. X4 ilə ailə qurduğu üçün onu xüsusi mülkiyyəti olan ünvan 1 ünvanında yerləşən 87 saylı mənzilə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında AR qanunun tələblərinə uyğun olaraq (mənzilinə) qeydiyyata alınmasına razılıq vermişdir. X4 xx.xx.2017-ci il tarixdən etibarən onunla faktiki olaraq ailə münasibətlərini birtərəfli qaydada pozaraq, evdə heç kim olmayan vaxt mənzili tərk edərək, özünə məxsus olan əşyaları aparmaqla sərbəst yaşamaq üçün getmişdir. X4 ilə ailə münasibətlərinə məhkəmə qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. Məhkəmə qaydasında ailə münasibətlərinə xitam verilən zaman X4 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 87 saylı mənzili çoxdan tərk etmişdi. O, hazırda mənzildə yaşamır. Özünə məxsus olan əşyaları evdən gedərkən özü ilə aparmışdır. İddiaçı mənzilin mülkiyyətçisi olaraq Bağırsoy Əliabbas ilə qeydiyyat və mənzil ilə əlaqədar hər hansı forma və məzmunda notarial qaydada müqavilə bağlamamışdır, nə də aralarında başqa saziş yoxdur.

9. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. 11.Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

13. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

15. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

17. Hazırkı iddia üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

18. İddia həm də əsaslıdır. Belə ki, işdə olan xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, X6 ünvan 1 ünvanında yerləşən 87 saylı qızı İddiaçı bağışlamışdır.

19. xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 87 saylı mənzil iddiaçının mülkiyyətindədir.

20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-210/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia tələbi təmin edilmiş, İddiaçı ilə cavabdeh X5 (X4) arasında xx.xx.2002-ci il tarixdə bağlanmış, 61 saylı qeydlə qeydə alınmış nikah pozulmuşdur.

21. İşdə olan AZ-İ seriyalı 268268 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Bağırov (Bağırsoy) Əlabbas Hüseynağa oğlu və İddiaçı arasında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur.

22. “Elektron məhkəmə” informasiya sistemindəki sərhədkeçmə məlumatlarından görünür ki, üçüncü şəxs xx.xx.2019-cu ildə Azərbaycan Respublikasını tərk etmişdir.

23. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 6, 87 saylı mənzildə üçüncü şəxs X1 istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

24. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs iddiaçının keçmiş əri olmuş və iddiaçı ilə rəsmi nikaha daxil olduğu zaman onun razılığı ilə həmin mənzilə qeydiyyata alınmışdır.

25. İddiaçı həmin mənzilin mülkiyətçisi kimi artıq ailə üzvü olmayan üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün hazırkı iddianı qaldırmışdır.

26. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.

27. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

28. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.

29. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”

30. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur.”

33. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

35. Hazırkı məhkəmə qərarının 17-23-cü bəndlərində sadalanan sübutlara əsasən müəyyən olunur ki, üçüncü şəxs mübahisəli mənzilə iddiaçının razılığı ilə qeydiyyata alınmışdır, həmin mənzil ərlə arvadın ümumi birgə mülkiyyətini təşkil etməmişdir. İş materialları ilə üçüncü şəxsin hazırda mübahisəli mənzildə yaşaması müəyyən olunmur, habelə daşınmaz əmlakın dövlət reyestrində onun mənzilə dair qeydiyyatdan keçmiş hər hansı bir hüququ yoxdur.

36. Belə olan halda müəyyən olunur ki, üçüncü şəxsin 87 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur. Buna görə də iddia təmin olunmalıdır.

37. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:

İddia təmin olunsun. xx.xx.1982-ci il təvəllüdlü X1 ünvan 6 ünvanında yerləşən 87 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar