Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12215/2023 08.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Tibbi Ərazi X1 publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Tibbi Ərazi X1 publik hüquqi şəxsə qarşı “tibbi göndərişin verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Tibbi Ərazi X1 publik hüquqi şəxsə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçüncü şəxs qismində göstərilməklə “Tibbi Ərazi X1 publik hüquqi şəxsin 20 nömrəli şəhər poliklinikasının əlilliyin qiyməndəndirilməsi üçün göndərişlərin verilməsindən imtinaya dair xx.xx.2023-cü il tarixli 150 saylı aktın etibarsız hesab edilməsi; lipid mübadiləsinin pozulması nəticəsində yaranan xəstəliklər, yəni mübadilənin pozulması nəticəsində yaranan məhsulların hüceyrə daxilində və ya qanda toplanması ilə yaranan xəstəliklər əvvəlki və ya yeni qüvvəyə minmiş qanuna əsasən irsi və ya genetik xəstəliklərdən olan qanda bədxassəli trigliseridlərin normadan 1000 dəfə çox olmasının əlilliyin müəyyən olunması meyarlarında olan XBT-10 kodu ilə düzgün müəyyən olunaraq tibbi göndərişin (Forma 88) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, səhhətində yaranmış problem səbəbindən 2017-ci ildə həkimə müraciət etmiş və müayinədən sonra qanda olan triqliseridlərin səviyyəsinin normada 130-200 olduğu halda onda həddindən artıq yüksək 1300 olması müəyyən edilmişdir. 3 illik mütəmadi olaraq ciddi nəzarət altında olan müalicədən sonra xx.xx.2020-ci il tarixdə Mərkəzi Klinikada Azərbaycan Kardiologiya Cəmiyyətinin, Türk Kardioloji Cəmiyyətinin və Avropa Kardioloqlar Cəmiyyətinin üzvü, X2 Assosiasiyasının Prezidenti, əməkdar həkim FESC X3 İbrahimov 3 illik ciddi yoxlanışından sonra, xx.xx.2020-ci il tarixdə xəstəliyinin irsi hipertriqliseridemiya diaqnozu olduğunu müəyyən etmiş və ömürlük dərman qəbul edəcəyini rəsmi olaraq təsdiq etmişdir. 2020-ci il tarixdə bu xəstəliyin irsi olduğunu bilmiş və qeydiyyatda olduğu ərazi üzrə 20 nömrəli şəhər poliklinikasında rəsmi qeydiyyatdan keçmişdir. O vaxtdan mütəmadi olaraq həkim nəzarətində müalicə almağına baxmayaraq, xəstəliyi daha da ağırlaşmışdır. Bu günə qədər 20 nömrəli şəhər poliklinikası rəsmi olaraq bir çox səhiyyə institutlarına göndərişlər vermiş və həmin səhiyyə institutları da xəstəliyinin anadangəlmə olduğunu və getdikcə orqanizmdə fəsadlar verdiyini təsdiq edərək ayrı-ayrı diaqnozlar müəyyən etmişlər. Lakin uzun illərdir aparılmış müalicələr və müayinələrdən sonra 20 nömrəli şəhər poliklinikasının həkim məsləhət komissiyası xəstəliyinin çox nadir hallarda olduğunu və bununla bağlı iş təcrübələrində indiyə qədər belə bir xəstələrinin olmadığını nəzərə alaraq əlilliyin qiymətdəndirilməsi üçün göndərişlərin verilməsindən imtinaya dair xx.xx.2023-cü il tarixli 150 saylı akt tərtib etmişlər. Həmin AKT-a əsasən onun xəstəliyinin olmasını təsdiq edirlər, lakin xəstəliyinə həkimlər tərəfindən müəyyən olunan kodların heç birinin əlilliyin müəyyən olunması meyarlarında qeyd olunmuş tibbi göndərişlərin siyahısında olmadığından tibbi göndəriş (Forma 88) verə bilmədiklərini bildirmişlər. Tədqiqatlar göstərir ki, qanda triqliseridlərin səviyyəsi <150 mq/dL-dən az olan xəstələrlə müqayisədə qanda triqliseridlərin səviyyəsi >200 mq/dL-dən çox olan xəstələrdə ürək-damar xəstəlikləri səbəbindən ölüm riski 25% çoxdur. Qarışıq hiperlipidemiya və disbetalipoproteinemiya (bu hallar hipertriqliseridemiya ilə müşayiət olunur) digər risk faktorlarla yanaşı xüsusilə yüksək aterogenliyə malik olan hallar hesab edilir. Buna görə də, cavabdeh 20 nömrəli şəhər poliklinikasının ona əlilliyin qiyməndəndirilməsi üçün göndərişlərin verilməsindən imtinaya dair xx.xx.2023-cü il tarixli 150 saylı aktı tamamilə qanunsuzdur və ona əlillik təyin edilməsi hüququnu pozur. Cavabdeh Tibbi Ərazi X1 publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış PHŞ- 6/2-A-2xx-xx-5848/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ərazi üzrə tibb müəssisəsinə müraciət edəcəyi təqdirdə ixtisaslı tibb müəssisəsinə göndərişin verilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, tibbi göndərişin verilməsi cavabdehin səlahiyyətlərinə aid edilmədiyindən və iddiaçının müvafiq olaraq ərazi üzrə tibb müəssisəsinə müraciət etməli olduğundan, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.(17) Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasında arasındakı münasibətlərindən irəli gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddia tələbində qeyd edilən məsələ inzibati icraatın predmeti olmadığından həmin məsələ ilə bağlı qaldırılmış iddianın inzibati məhkəmə müdafiəsi hüququ yoxdur. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ərazi üzrə tibb müəssisəsinə müraciət etməklə, narazı qaldığı halda isə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaqla çatmaq istədiyi məqsədə nail ola bilər. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi 2 hissədən ibarətdir. Birinci tələb Tibbi Ərazi X1 publik hüquqi şəxsin 20 nömrəli şəhər poliklinikasının əlilliyin qiyməndəndirilməsi üçün göndərişlərin verilməsindən imtinaya dair xx.xx.2023-cü il tarixli 150 saylı aktın etibarsız hesab edilməsi, ikinci tələb isə tibbi göndərişin (Forma 88) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmaqla nail olmaq istədiyi hüquqi nəticə tibbi göndərişin (Forma 88) verilməsidir. İddia tələbinin ikinci hissəsi ilə bağlı mümkünlük məsələsi iddiaçıya izah edildiyindən, məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək hazırkı iddia tələbinin birinci hissəsi ilə bağlı mümkünlük məsələsinə qiymət verilməsini zəruri hesab etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-12215/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12215/2023
08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver