Məhkəmə qərarları › İş №2-1(112)-1222/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1222/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1222/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “ərizəyə cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2020-ci il tarixli ərizəsinin mahiyyəti üzrə baxılaraq cavablandırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 17 ildir Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdədir. 2014-cü ilin yanvar ayından xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində “məxfi bölmə rəisi” vəzifəsində xidmət etmişdir. 2012-ci ildə ona Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən dövlət sirri təşkil edən məlumatlar və sənədlərlə işləmək üçün 2 №-li forma üzrə buraxılış verilmişdir. Lakin Azərbaycan Respublikası X2 müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə o, N №-li hərbi hissədə “Məxfi bölmə rəisi” vəzifəsindən azad olunaraq dövlət sirri təşkil edən məlumatlar və sənədlərlə işləməyə buraxılış tələb edilməyən digər vəzifəyə - Azərbaycan Respublikası Silahlı X3 Mərkəzində “Tir rəisi” vəzifəsinə təyin edilmişdir. Hesab edir ki, onun dövlət sirri təşkil edən məlumatlar və sənədlərlə işləməyə buraxılış tələb edilməyən digər vəzifəyə təyin edilməsinin əsl səbəbi dövlət sirri təşkil edən məlumatlar və sənədlərlə işləmək üçün 2 №-li forma üzrə buraxılışının cavabdeh tərəfindən ləğv edilməsidir. Belə ki, 2019-cu ilin noyabr ayında onun və onun tabeçiliyində olan 8 nəfər məxfi hissə rəislərinin və kargüzarların dövlət sirri təşkil edən məlumatlar və sənədlərlə işləmək üçün tələb olunan 2 №-li forma üzrə tələb olunan buraxılışların yenidən yoxlanılması üçün onlar barədə tərtib olunmuş anketlər onun bölməsi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilmişdir. Məhz bu yoxlamadan sonra bu şəxslərin sırasından yeganə olaraq o, dövlət sirri təşkil edən məlumatlar və sənədlərlə işləməyə buraxılış tələb edilməyən digər vəzifəyə təyin edilmişdir. Onun dövlət sirri təşkil edən məlumatlar və sənədlərlə işləmək üçün 2 №-li forma üzrə buraxılışının ləğv edilib-edilməməsi (qüvvədə olub-olmaması) haqqında ona rəsmi cavab verilməsi xahişi ilə xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin bu günə qədər müraciəti cavabsız və nəticəsiz qalmışdır. O, atası ilə birlikdə cavabdeh orqana dəvət olunmuş, onlarla söhbət aparılmışdır. Lakin hesab edir ki, cavabdehin xx.xx.2020-cı il tarixli ərizəyə qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada cavab verməməsi onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı özü hal-hazırda hərbi qulluqçudur. Hərbi qulluqçular hərbi xidmət qaydalarına uyğun olaraq tabe olduğu komandiri vasitəsi ilə müraciət etməlidir. Lakin iddiaçı birbaşa müraciət etmişdir. Atasının da müraciəti olmuşdur. İddiaçının xidmətinin xüsusiyyətləri nəzərə alınaraq iddiaçı və atası Xidmətə dəvət edilmiş və iddiaçının iştirakı ilə müraciətində qeyd olunan məsələlərə aydınlıq gətirilərək cavab verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan iddiaçıya məxsus AA serialı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2020-ci il tarixli 3288 saylı arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü baş gizir İddiaçı Zərdab RHK-lığı tərəfindən 2002-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. Silahlı Qüvvlərin Təlim və Tədris Mərkəzinin rəisinin xx.xx.2020-ci il tarixli 1829 nömrəli göndərişi ilə xx xxxx 2020-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamnezi: şikayəti hər iki ayağında olan ağrılardan, zəif görmədəndir Deməsinə görə özünü bir ildir ki, xəstə hesab edir. Xəstəlik hər iki ayağında ağrı ilə başlamışdır. Hər iki ayağında olan ağrılarla əlaqədar xx.xx.2020-ci il tarixdə SQ BKH-da hər iki pəncənin rentgenoloji müayinəsi olunmuş, xx.xx.2020-ci il tarixdə isə SQ BKH-da travmotoloqu ilə konsultasiya olunaraq “Sol ayağın İİİ (üçüncü), sağ ayağın İİ (ikinci) dərəcə boylama yastıayaqlılığı” diaqnozu təyin edilərək müvafiq sənədlərlə hərbi həkim komissiyasına təqdim olunması məsləhət görülmüşdür (əsas: tibb kitabçası). Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. xx.xx.2020, xx.xx.2020, xx.xx.2020ci il tarixlərdə MN MNR-da müayinədə olmuşdur. Diaqnoz və xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Aşıqqayıqvari oynaqların İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşan sol ayağın İİİ (üçüncü), sağ ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı. Hər iki gözün mürəkkəb hipermetropik astiqmatizmi sağda Hm 3,0D və Hm 2,25D, solda Hm 3.0D və Hm 2,0D nəticəsində görmə itiliyinin sağda 0,3-ə qədər azalması, korreksıya ilə 0,4, solda 0,5-ə qədər azalması, korreksiya ilə 0,9 olmaqla. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Xəstəliklər cədvəlinin 68c maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma) əsasən Sıradankənar hərbi xidmətə yararlıdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır. Həmin Qanunun 22-ci maddəsinin 2-ci hissəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbixidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Həmin Qanunun 24-cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş vəzifələrdən əlavə hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan başqa vəzifələri də yerinə yetirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının müraciəti cavabdeh inzibati orqan tərəfindən onun iştirakı ilə araşdırılmış və ona cavab verilmişdir. İddiaçı onun müraciətinin cavabdeh tərəfindən araşdırılmaması və bunun nəticəsində onun hüquqlarının pozulduğunu bildirsə də, məhkəmə iclasında tərəflərin verdikləri izahatlardan da görünür ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən onun iştirakı ilə baxılmış, müraciətdə qeyd olunanlar araşdırılaraq ona cavab verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar