Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1222/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Toraqay yolu, ev 15, mənzil 4 ünvanda yerləşən yaşayış sahəsinin qeydiyyata alınması ilə bağlı müraciət etmiş, lakin müraciətin təminindən imtina edilmişdir. Cavabdeh qeyd edir ki, hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı hesab edir ki, imtina əsasları qanunsuz və əsassızdır. Belə ki, hüquqların dövlət qeydiyyatı üçün zəruri olan sənədlər təqdim edilmişdir. İddia ərizəsinə etiraz: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Bakı ş, Qobustan qəs, Toraqay yolu 16 saylı evin 4 saylı mənzilinə dair iddiaçının hüquqmüəyyənedici sənədi təqdim edilməmişdir. 13 oktyabr 1987-ci il tarixli arxiv çıxarışı Toraqay yolu 16 saylı evin 4 saylı mənzilinin təhvil verilməsi və X11 və X3 ünvan 2 saylı mənzilinə pasport qeydiyyatına alınması barədədir. X5 adına verilmiş 21 may 1976-cı il tarixli order Bakı ş, Qaradağ r, Sahil qəsəbəsi, Şahlar Əsgərov küç, 3 saylı evin 28 saylı mənzilinə aiddir. Açııq eyvan sahəsi genişləndirilmiş, otaq kimi istifadə edilir və mənzil iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 oktyabr 1987-ci il tarixli protokoldan çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində yaşayan X6 Bakı ş, Günəşli qəsəbəsi V yaşayış sahəsi, 14 saylı evin 53 saylı mənzilinin order tərtib edilərək verilməsi qərara alınmışdır. İmtina məktubunda qeyd edilmişdir ki, Bakı ş, Qobustan qəs, Toraqay yolu 16 saylı evin 4 saylı mənzilinə dair iddiaçının hüquqmüəyyənedici sənədi təqdim edilməmişdir. 13 oktyabr 1987-ci il tarixli arxiv çıxarışı Toraqay yolu 16 saylı evin 4 saylı mənzilinin təhvil verilməsi və X11 və X3 ünvan 2 saylı mənzilinə pasport qeydiyyatına alınması barədədir. X5 adına verilmiş 21 may 1976-cı il tarixli order Bakı ş, Qaradağ r, Sahil qəsəbəsi, Şahlar Əsgərov küç, 3 saylı evin 28 saylı mənzilinə aiddir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı adıçəkilən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Ərizələrdən görünür ki, mənzildə qeydiyyatda olan digər şəxslər mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. 156 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 15 aprel 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, Toraqay yolu 16 saylı evin 4 saylı mənzildə yaşayan Firudin Qayıba ünvan 2 saylı mənzili order əsasında verilərək köçürülmüşdür. X10 və X11 ilə birlikdə 4 saylı mənzildə yaşamışlar. Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 02 may 2024-cü il tarixli məktubunda qeyd edilir ki, X10 ünvan 2 ünvanında yaşamır, həmin mənzil çıxarışla X4 adına özəlləşdirilmişdir. X1 mülkiyyətindədir. Çıxarışdan görünür ki, ünvan 2 mənzili X4 mülkiyyətində olmuşdur. Qaradağ Rayon İcra Hakimiyyətinin 07 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı ş, Qobustan qəs, Toraqay yolu 16 saylı evin 4 saylı mənzilin yerləşdiyi bina Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin MKTD-nin balansında olmuş, sonradan Bakı Şəhər İcra Hakimiyyəti MKTD-nin balansına verilmişdir. Sonrakı sərəncamla isə Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına verilmişdir. Orderdən görünür ki, X8 Bakı ş, Qaradağ r, Sahil qəsəbəsi, Şahlar Əsgərov küç, 3 saylı evin 28 saylı mənzil verilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, iddiaçının adına hər hansı hüququn, o cümlədən mülkiyyət hüququnun dövlət qeydiyyatından o zaman söhbət gedə bilər ki, yuxarıda göstərilən normativ tələblərə uyğun olaraq hüquqmüəyyənedici sənəd təqdim edilmiş olsun. Lakin, işin faktiki hallarından da göründüyü kimi iddiaçı tərəfindən iddia olunan daşınmaz əmlaka münasibətdə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, iş materiallarında olan arxiv çıxarışından görünür ki, 7 nömrəli protokol X7 yeni- ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın order əsasında 8 nəfər ailə üzvü kimi (özü, arvadı, 6 uşağı) verilməsi və yaşamış olduğu hazırda iddia olunan Bakı ş, ünvan 4 ünvanından çıxarılması və onun bacısı hazırkı iş üzrə İddiaçı (Urqiyə) Nizam qızının, eləcə də anası və oğlunun yeni yaşayış sahəsi kimi ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi üzrə qeydiyyata alınması ilə bağlı olmuşdur ki, adıçəkilən sənəd əsasında sonradan F.Qayıbovun arvadı həmin mənzilə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Lakin, iş materiallarında olan hər hansı bir sənəd, eləcə də istinad olunan protokoldan çıxarış, həmçinin iddiaçının 4 saylı mənzildə yaşamasını təsdiq edən sənədlər mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün yetərli əsas olmamaqla cavabdehin imtinasının qanuniliyinə dəlalət edir. İş materiallarından da göründüyü kimi, mənzilin yerləşdiyi bina Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin MKTD-nin balansında olmuş, sonradan Bakı Şəhər İcra Hakimiyyəti MKTD-nin balansına verilmişdir. Sonrakı sərəncamla isə Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına verilmişdir. Göründüyü kimi hazırda bina və onun yerləşdiyi mənzil yerli icra hakimiyyəti orqanının balansında olmuş, həmin mənzilin verilməsi ilə bağlı hər hansı sənəd (sərəncam, order, kirayə müqaviləsi) təqdim edilməmişdir ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1222/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1222/2024
27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver