Məhkəmə qərarları › İş №2-1(112)-12223/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12223/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12223/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilə kimi “Azərenerji” Təmir Tikinti Təşkilatında 4-cü dərəcəli qaynaqçı vəzifəsində, xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilə qədər müxtəlif tikinti təşkilatlarında, o cümlədən “Qırmızı Ulduz” adına bir nömrəli USM-koorperativdə, Zavod Bakelektroavtomatda, 7 nömrəli Tikinti idarəsində və N saylı hərbi hissədə 4-cü dərəcəli qaynaqçı vəzifəsində, ümumilikdə 16 il qaynaqçı vəzifəsində işləməsinin tanınması barədə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə müraciət edərək, 16 il güzətli iş stajının olması nəzərə alınmaqla, məhkəmədən, ona yəni, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü ildə doğulmuşdur.1981- 1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1983-cü ildən başlamışdır. Belə ki, xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilə kimi “Azərenerji” Təmir Tikinti Təşkilatında 4-cü dərəcəli qaynaqçı vəzifəsində çalışmışdır. xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilə qədər müxtəlif tikinti təşkilatlarında, o cümlədən Qırmızı ulduz adına bir nömrəli USM-korporotivində, Bakelektroavtomat zavodunda və 7 nömrəli tikinti idarəsində, N saylı hərbi hissədə 4-cü dərəcəli qaynaqçı vəzifəsində çalışmışdır. Ümumilikdə 16 il qaynaqçı vəzifəsində çalışmışdır. Bununla bağlı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubunda güzəştli şərtlərlə pensiya təyinatından imtina edilməklə 16 il zərərli işdə işləməyi nəzərə alınmadan fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olduğu üçün pensiya təyinatına imkan verməməsi qeyd olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-199477/2023 saylı iddia tələbinə dair etirazda göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (15 il 9 ay 6 gün (xx.xx.1983-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər və 2012-ci il üzrə 2 ay)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15004,84 manat təşkil edir. İstər iddiaçının əmək kitabçasından, istərsə də iddia ərizəsindən mübahisəsiz aydın olur ki, onun ümumi əmək stajı 25 ildən azdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qəran ilə təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsaslar mövcud deyil. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından iştirak edən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı eyni tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.1981-ci il tarixdə verilmiş 3941 №li, attestatın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci ildə Azərbaycan SSR Bakı şəhəri 112 №-li kənd texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1981-ci ildə elektrik qaynaqçısı peşəsi üzrə həmin peşə məktəbini bitirmişdir. xx.xx.1983-cü ildə doldurulmuş İT-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1983-cü ildə Baş enerji istehsalat təmir müəssisəsinə Qazanxana avadanlıqları xüsusi sexinə ikinci dərəcəli elektrik qaynaqçısı qəbul edilmişdir (əmr № 75-ok, 02.06.83), xx.xx.1983-cü ildə 3-cü dərəcəli qaynaqçı dərəcəsi verilmişdir (əmr № 165-ok, 16.12.83), xx.xx.1986-cı ildə 4-cü dərəcəli qaynaqçı dərəcəsi verilmişdir. Baş enerji istehsalat təmir müəssisəsinin adı xx.xx.1989-cu ildən “Azenerji” İB istehsalat təmir müəssisəsinə dəyişdirilmişdir (əmr №- 507, 24.10.88),xx.xx.1990-cı ildə işdən azad edilmişdir (əmr 56A, 07.05.90), xx.xx.1990-cı ildə “Qafqaz enerji təmir quraşdırma” trestinin “Sağlamlıq” kooperativi quraşdırma sahəsinə dördüncü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir (əmr № 24-2, xx.xx.1990), xx.xx.1990-cı ildə işdən azad edilmişdir (əmr №-57-1, xx.xx.1990-cı il), xx.xx.1990-cı ildə “Qırmızı Ulduz” adına 1 №-li UEM kooperativ “Nicat”-dördüncü dərəcəli elektrik qaynaqçısı qəbul edilmişdir (əmr № 2/k, xx.xx.1990-cı il), xx.xx.1991-ci işdən azad edilmişdir (əmr № 53/k, xx.xx.1991-ci il), xx.xx.1992-ci ildə Elektrotexniki Sənaye Nazirliyi “Azərelektroterm” EİB-Bakı elektrik avtomatlaşdırma” zavodu 16 №-li qeyri-standart avadanlıqlar sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmişdir (əmr № 06, xx.xx.1992-ci il), xx.xx.1993-cü ildə işdən azad edilmişdir (əmr № 443, 24.12.93), xx.xx.1994-cü ildə 7 №-li trestin 71 №-li Tikinti idarəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir (əmr № 21a, xx.xx.1994-cü il), xx.xx.1996-cı ildə işdən azad edilmişdir (əmr № 05/a, xx.xx.1996-cı il), xx.xx.1996-cı ildə H.Z.Tağıyev adına Neftqazçıxarma idarəsinin Quyuların əsaslı təmiri sexinə 4-cü dərəcəli quyuların əsaslı təmiri üzrə qaynaqçı köməkçisi vəzifəsinə qəbul edilmişdir (Əmr № 146,xx.xx.1996-cı il), xx.xx.1998-ci ildə işdən azad edilmişdir (əmr № 36, xx.xx.1998-ci il), xx.xx.1998-ci ildə N saylı hərbi hissənin enerji mexaniki şöbəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir (əmr № 101, 29.05.98-ci il), xx.xx.1999-cu il tarixdə işdən azad edilmişdir (Əmr № 136, xx.xx.1999-cu il). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 11 №-li, xx.xx.2022-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, xx.xx.1963-cü ildə Lerik rayonu, Hamarat kəndində doğulmuş İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli 3282 saylı ƏFV sərəncamına əsasən 7 saylı MTCM-dən azad edilmişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğuya əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3-16-17/10/2-12045/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş 3-16-17/13/2-12036/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmişdir və cəza çəkdiyi müddət ərzində ödənişli əməyə cəlb olunmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə bağlı müraciətinə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-K-109575/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 29 mart 2023-cü il tarixli 3-17-1/2-K-64247/2023 nömrəli məktubla cavablandırılmış 12 may 2023-cü il, 15 may 2023-cü il və 15 may 2023-cü il tarixlərində daxil olmuş ərizələrə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 25 ildən az (15 il 9 ay 6 gün (xx.xx.1983-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər və 2012-ci il üzrə 2 ay)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat, hesablandığı halda, fərdi hesabıbınn sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15004,84 manat təşkil edir. Qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. ... 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. ... 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasının: ... Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun: 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə; Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (bənd 1). İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır (bənd 3). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 23200000– XXXİİİ. Ümumi peşələr 23200000—11620– qaz qaynaqçıları 23200000—19906– əl ilə qaynaq aparan elektrik qaynaqçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı

35. Ümumi peşələr qaz qaynaqçıları əl ilə qaynaq aparan elektrik qaynaqçılar.

Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. İstinad olunan həm “Əmək pensiyaları haqqında” Qanunu, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa müddəalarının müqayisəli təhlilindən görünür ki, kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) iddiaçının 57 yaşına çatması; 2) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; 3) iddiaçının azı 12 il 06 aygüzəştli iş stajının mövcud olması; Bundan əlavə sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. İddiaçının 60 yaşına çatması (xx.xx.2023) və 12 il 6 ay güzəştli iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 12 il 6 aydan artıq güzəştli əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan güzəştli iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə (həm 57, həm də 60 yaşdan) əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ümumi iş stajının 25 ildən az təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə qanunvericiliyin müddəalarını diplomda və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının ümumi iş stajı xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək təhsil dövrü; xx.xx.1983 - xx.xx.1990; xx.xx.1990 - xx.xx.1990; xx.xx.1990 - xx.xx.1991; xx.xx.1992 - xx.xx.1993; xx.xx.1994 - xx.xx.1996; xx.xx.1996 xx.xx.1998; xx.xx.1998 - xx.xx.1999 əmək dövrlərini əhatə etməklə 25 ildən az təşkil edir. Bununla məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün ümumi iş stajı ilə bağlı şərti ödənilmədiyi üçün cavabdeh tərəfindən iddiaçının müraciətlərindən qanuni və əsaslı olaraq imtina edildiyindən, iddiaçının ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə tələbi əsassızdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar