Məhkəmə qərarları › İş №2-1(112)-12226/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12226/2021

27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12226/2021 27.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydinin bərpası tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum haqqında akt qeydinin bərpa edilməsi vəzifəsinin Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1985-ci ildə Ermənistan Respublikasının İcevan rayonunun Salah kəndində doğulub. 24 yanvar 1985-ci ildə Ermənistan SSR-nin İcevan rayonunun VVAQ İdarəsi tərəfindən İV-СЛ seriyalı 446125 saylı doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Doğum haqqında şəhadətnamədə doğum yeri kimi Ermənistan SSRİ-nin İcevan rayonunun kəndi göstərilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. daha sonra isa naməlum şəraitdə doğum haqqında şəhadətnamə itmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət edərək akt qeydinin bərpa olunmasını xahiş etmişdir. Həmin idarə tərəfindən xx.xx.2021-ci il tarixdə əsassız olaraq imtina verilmişdir. İddiaçı hesab edir ki, Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin cavabı əsassız və qanunsuzdur və onun hüquqlarını kobud şəkildə pozur. İşə birinci instansiya qaydasında baxılarkən cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və iddia tələbinə dair yazılı münasibətlərini (etiraz) məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Ermənistan Respublikasında doğlulmuşdur. Ermənistan SSR VVAQ şöbəsi tərəfindən verilmiş İV-СЛ 446125 №li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1985-ci ildə Ermənistan SSR, İcevan rayon Salah kəndində doğulmuş, bu barədə 1985-ci ilin yanvar ayının 24-ci günündə 2 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Valideynləri qrafasında atası- X2, anası qrafasında X1 qeyd olunmuşdur. İş materiallarından görünür ki, iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinin 05Q-75/2159/15 №li 02 iyul 2021cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 120-36404-1221 saylı məktubu ilə xx.xx.1985-ci ildə Ermənistan Respublikasının İcevan rayonunun Salahlı kəndində anadan olmuş İddiaçı məxsus fərdu uçot kartoçkasının kserosurəti məhkəməyə təqdim olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, fərdi uçot kartoçkasında aparılan qydiyyata əsasən, İddiaçı Ermənistan Respublikası, İcevan rayon, Salahlı kənd soveti tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, Vİ-СЛ seriyalı 446125 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, AZE 06028663 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Kəpəz RPŞ tərəfindən tərtib olunmuş Fərdi uçot kartoçkasında İddiaçı doğum tarixi xx.xx.1985-ci il, doğum yeri Ermənistan, İcevan rayonu Salahlı kəndi, ailə vəziyyəti subay, atası qismində X2, anası X1 göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas müddəaların 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Əsas müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Əsas müddəaların 18-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. İş materiallarından da göründüyü kimi, iddaçının bərpa olunmasını tələb etdiyi müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənəd - ona məxsus doğum haqqında şəhadətnamənin mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən sonuncunun müraciətinin təmin olunmasından imtina olunmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx xxxxxx 1985-ci ildə Ermənistan SSR-nin İcevan rayonu, Salahlı kəndində doğulmuş, doğum faktı Ermənistan SSR-nin İcevan rayonu, Salah kəndi VVAQ İdarəsi tərəfindən 24 yanvar 1985-ci ildə 2 saylı akt qeydi ilə qeydə alınmış, anası-milliyətcə azərbaycanlı X1, atası-milliyətcə azərbaycanlı X2 olan İddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar