Məhkəmə qərarları › İş №2-1(112)-12227/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12227/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12227/2023 05.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “aylıq müavinətin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 14 (on dörd) aylıq müddət üçün ödənilməmiş müavinətin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əlilliyinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, o, əlilliyinin bitməsinə 8 gün qalmış Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yenidən əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq, müayinəsi gecikdirilərək xx.xx.2022-ci il tarixdə əlilliyi yenidən qiymətləndirilmişdir. Lakin, cavabdeh bunu nəzərə almayaraq, ona ödənilməli olan sosial müavinəti elə, əlilliyinin yenidən təyin olunduğu xx.xx.2022-ci il tarixdən ödəməyə başlamışdır. Əvvəlki müddət üçün ödənilməmiş sosial müavinəti ödəməkdən imtina etmişdir. Onun heç bir təqsiri olmadığı təqdirdə cavabdeh tərəfindən qanunsuz olaraq onun hüquqları məhdudlaşdırılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iş materiallarına əsasən iddiaçıya xx.xx.2016-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təkrar müayinə əsasında İİ qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və iddiaçının əlilliyə görə müavinəti xx.xx.2021-ci il tarixdən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətində təyin olunur. Həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçı xx.xx.2022-ci il tarixdə həkim komissiyasından keçmiş və həmin tarixdən müsbət rəy aldığı üçün ona xx.xx.2022-ci il tarixdə yenidən müavinət təyinatı aparılmışdır. Qeyd edirlər ki, iddiaçı həmin tarixdən qabaq iki dəfə Bakı Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Müalicə müəssisəsi tərəfindən tibbi müayinədən keçmiş, lakin hər iki müayinə nəticəsində rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuş, həmçinin xəstənin adı pulsuz dərman alan ruhi əsəb xəstələri reyestrində çıxmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçının bundan əvvəl iki dəfə tibbi- sosial ekspert müayinəsinə göndərişləri natamam doldurulduğu üçün tibb müəssisəsinə geri qaytarılmış (hər iki müayinə aktından çıxarış əlavə olunur), sonuncu göndəriş isə tam doldurulduğundan və diaqnoz sağlamlıq imkanlarının təyininə əsas verdiyindən təyinat aparılmışdır. Ona görə də hazırda mübahisə predmeti mövcud olmadığından işə xitam verilməlidir. Göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə qaytarılması hallarında vətəndaşlar bir çox hallarda tibb müəssisəsinə müraciət edib göndərişdəki natamamlıqları aradan qaldırmaq əvəzinə, məhkəməyə müraciət etməyi üstün tuturlar. Bu qəbildən olan işlərin məhkəmə icraatına qəbul edilməsi mümkünsüz sayılmalı və vətəndaşa aidiyyəti üzrə tibb müəssisəsinə müraciət etməli olduğu izah edilməlidir. Çünki inzibati məhkəmələr inzibati orqanın şəxsin hüquqlarını pozan və ya hüquqdan məhrum edən inzibati aktından verilən şikayətlərə baxırlar. Göndərişin natamam doldurulma səbəbindən tibb müəssisəsinə qaytarılması isə inzibati akt deyil, mövcud qanuni prosedurun bir pilləsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya (tibb müəssisəsinin həkim məsləhət komissiyası nəzərdə tutulur) göndərir. TSEK tibbi-sosial ekspertiza müayinəsinin dəqiq, obyektiv və hərtərəfli aparılması üçün göndərişin natamam doldurulduğu hallarda tamamlanması üçün əlillik altsistemində müvafiq qeyd aparır. Sistem tərəfindən natamam doldurulmuş göndəriş avtomatik olaraq tibb müəssisəsinə göndərilir. Bu, əlilliyin təyinindən imtina barədə TSEK-in yekun qərarı deyil və şəxsi heç bir hüquqdan məhrum etmir. Hazırkı işin nümunəsində nəzərə çatdırırlar ki, mövcud natamamlıq aradan qaldırıldıqdan sonra qiymətləndirmə aparılır və diaqnoz əsas verirsə əlillik (sağlamlıq imkanlarının məhdudluğu) təyinatı aparılır. Həmçinin bildirilmişdir ki, Ali Məhkəmənin analoji işlərlə bağlı xx.xx.2023-ci il tarixli 2-1(102)-864/2023 nömrəli qərarı ilə cavabdeh inzibati orqanın kassiya şikayəti təmin edilmiş, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul olunaraq iddia rədd edilməlidir. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin x.x.2021-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 11 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında’’ Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Beləliklə, işin hallarını, “Sosial müavinətlər haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunu, Ali Məhkəmənin analoji işlə bağlı xx.xx.2023-ci il tarixli 2- 1(102)-864/2023 nömrəli qərarı və İnzibati-Prosessual Məcəllənin 35.3-cü maddəsini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı səlahiyyətli nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətindən xx.xx.2023-cü il tarixli 3-17-1/2- S-109044/2023 nömrəli məktubla təkrar müayinə əsasında əlilliyinin xx.xx.2022-ci il tarixindən müəyyən edilməsi (əlilliyinin bitdiyi xx.xx.2021-ci il tarixndən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) əsası ilə imtina edilmişdir. 8 Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə qiymətləndirilərək xx.xx.2021-ci il tarixədək ona 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Əlillik dərəcəsi bitdikdən sonra iddiaçı tərəfindən yenidən əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı müraciət edilmiş, onun əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə qiymətləndirilərək ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Sonuncu dəfə onun əlillik dərəcəsi xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və 2 il müddətinə, xx.xx.2024-cü il tarixədək ona ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

10. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

13. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

14. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.

15. Məhkəmə gəldiyi nəticəni qanunvericiliyin aşağıdakı şəkildə əsaslandırır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»: bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

17. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə qiymətləndirilərək xx.xx.2021-ci il tarixədək ona 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Əlillik dərəcəsi bitdikdən sonra iddiaçı tərəfindən yenidən əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı müraciət edilmiş, onun əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə TSEK tərəfindən qiymətləndirilərək müxtəlif səbəblərdən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Sonuncu dəfə onun əlillik dərəcəsi təqdim edilmiş forma 88-ə əsasən xx.xx.2022-ci il tarixdə TSEK tərəfindən yenidən qiymətləndirilmiş və 2 il müddətinə, xx.xx.2024-cü il tarixədək ona ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir.

18. Belə olan halda, əlilliyin bitdiyi xx.xx.2021-ci il tarixdən 6 aydan çox müddət keçmiş olur.

19. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 41- ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

20. “Əlilliyi olan şəxlsərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

21. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçıya xx.xx.2021-ci il tarixdə bitdiyi tarixdən 1 il müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixində təyin olunduğu halda, onun həmin müddət ərzində əlilliyi olan şəxs hesab olunması istisna olunur. Bu baxımdan cavabdeh tərəfindən həmin müddətə görə ona pensiya ödənişi aparılmasından imtina olunması qanuni və əsaslıdır.

22. Lakin, iddiaçı mübahisələndirir ki, həmin müddətin keçməsi onun təqsiri üzündən deyil, məhz onun əlavə müəyinəyə göndərilməsi, göndərişin natamam doldurulması adı ilə TSEK tərəfindən ona əsassız imtina verilməsi və s. bu kimi səbəblərdən baş vermişdir.

23. Bununla əlaqədar məhkəmə iddiaçıya izah edir ki, pensiya təyinedicisi olan hazırkı cavabdeh şəxslərin əlillik vəziyyətini qiymətlənirilməsində səlahiyyətili orqan olmadığından, onun bu qəbildən olan şikayətlərinə cavab verməli orqan hesab edilə bilməz. Bu baxımdan o, əlilliyinin təyin olunma müddətinin TSEK tərəfindən düzgün təyin edilmədiyindən narazıdırsa, əlilliyin təyin olunma tarixinin dəyişdirilməsi tələbinə dair müvafiq səlahiyyətli orqana qarşı iddia irələ sürə bilər.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar