Məhkəmə qərarları › İş №2-1(112)-12228/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12228/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12228/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı Beyrut oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Beyrut oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Beyrut oğlu məhkəməyə müraciət edərək fərdi hesabının sığorta hissəsində qeydə alınan 37156.61 manat pensiya sığorta kapitalının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il tarixdə xidmət illərinə görə 41 yaşı olarkən iddiaçı pensiyası hüququnu əldə etmişdir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 747 manat olmaqla ödənildi. Əmək pensiyasının sığorta hissəsi 234 manat və qulluq stajına görə isə 504 manat idi. İlk dəfə 2022-ci ilin mart ayında cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir və ona bildirilmişdir ki, “37156.61 manat pensiya sığorta kapitalınız olmuş lakin həmin məbləğ Sizin əmək pensiyanızın əlavəsinə sərf olunmuşdur.” 2023-cü ildə qanunda dəyişiklik olduğundan o, yenidən xx.xx.2023-cü il tarixdə cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdi. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.20213-cü il tarixli pensiyasının yenidən hesablanmasından imtina olunması haqqında məktubla bildirilmişdir ki, “sizə 30 iyun 2002-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 747,91 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi- 243,30 manat-qulluq stajına görə əmək pensiyanıza əlavəniz-504,61 manat. Mərkəzi Filiala əmak pensiyanızın yenidən hesablanması ilə bağlı 2 mart 2022-ci il tarixindəki müraciətinizlə əlaqədar əmək pensiyanızın sığorta hissəsi pensiya təyin edildikdən sonra fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalina görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, sizə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 37156.61 manat pensiya sığorta kapitalı əsasında "X1" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyanızın sığorta hissəsi yenidən hesablanıb. Nəticədə 1 aprel 2022-ci il tarixinə əmak pensiyanızın sığorta hissəsi 555,54 manat, qulluq stajına göra əmək pensiyanıza əlavəniz isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 192.37 manat müəyyən edilib. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalınız müraciətinizə əsasən istifadə olunub. Buna görə də 1 aprel 2022-ci il tarixinə fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya sıgorta kapitalına görə "X1 Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyanın təkrar olaraq yeniden hesablanması qanunvericiliyin tələbləri baxmından mümkün deyil.” İddiaçı xidmət illərinə görə əmək pensiyası hüququ əldə etdikdən sonra da, hal-hazıra kimi bir çox işlərdə işləmiş və hal-hazırdada işləyir. “X1” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə Əmək pensiyalarının yenidən hesablanması və ödənilməsi “Qaydaları” təsdiq edilmişdir. Bu “Qaydaya” (müddəa 2.1) uyğun olaraq Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt Əmək pensiyasını yenidən hesablanması üzrə müarciət edə bilər. Müraciəti DSMF-nun Sosial Ödənişlərinin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən baxılaraq “X1” Qanunun 27.1, 29.1.1 və 37.3.1-ci maddələri eyni zamanda yeni qaydaların 4.2.3, 5.2 və 5.3 müddəaları tam nəzərə alınmadan yenidən hesablama aparılmışdır. Bu səbəbdən də, hesab edir ki, işləsə də işlədiyi əziyətləri hədər yerə getmişdir və cavabdeh tərəfindən 37156.61 manat pensiya sığorta kapitalı hədər yerə əmək pensının əlavəsinə sərf olunmuşdur. O, isə indiyənə qədər işlədiyi və qanunla yenidən hesablanaraq ona düşən pensiya məbləğini tələb etmək istəyir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtinada qeyd edilmişdir ki, “sizə 30 iyun 2002-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 747,91 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-243,30 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavəniz-504,61 manat. Mərkəzi Filiala əmək pensiyanızın yenidən hesablanması ilə bağlı 2 mart 2022-ci il tarixindəki müraciətinizlə əlaqədar əmək pensiyanızın sığorta hissəsi pensiya təyin edildikdən sonra fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, sizə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 37156,61 manat pensiya sığorta kapitalı əsasında “X1” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyanızın sığorta hissəsi yenidən hesablanıb. Nəticədə 1 aprel 2022-ci il tarixinə əmək pensiyanızın sığorta hissəsi 555,54 manat, qulluq stajına görə əmək pensiyanıza əlavəniz isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 192,37 manat müəyyən edilib. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalınız müraciətinizə əsasən istifadə olunub. Buna görə də 1 aprel 2022-ci il tarixinə fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalına görə “X1” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyanızın təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildiririk ki, “X1” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X2 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kimi işləməyə davam etdiyiniz üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyinizdən əmək pensiyanızın 1 aprel 2022-ci il tarixindən sonra fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün hesab olunmur. Əmək pensiyanızın yenidən hesablanması məsələsinə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz halda və ya işləyən əmək pensiyaçısı kimi pensiyanızın yenidən hesablandığı 1 aprel 2022-ci il tarixindən 6 il keçdikdən sonra baxıla bilər. Əlavə olaraq bildiririk ki, “X1” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən etibarən 822,70 manat müəyyən edilib. Eyni zamanda, həmin Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar əmək pensiyanız 1 yanvar 2023-cü il tarixindən yenidən hesablanmaqla 943,64 manata artırılmaqla ödənilir.”

3. Məhkəmənin qərardadı ilə iddia tələbi “cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 saylı “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi və İddiaçı Beyrut oğlunun əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz imtinanın məzmununa uyğun təqdim edilərək bildirilmişdir ki, İddiaçı 30 iyun 2002-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 747,91 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-243,30 manat; qulluq stajına görə əmək pensiyanıza əlavəniz-504,61 manat. İddiaçının Mərkəzi Filiala əmək pensiyasının yenidən hesablanması ilə bağlı 2 mart 2022-ci il tarixdəki müraciətilə əlaqədar əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, iddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınan 37156,61 manat pensiya sığorta kapitalı əsasında “X1” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Nəticədə 1 aprel 2022-ci il tarixinə iddiaçının əmək pensiyasının sığorta hissəsi 555,54 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 192,37 manat müəyyən edilib. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, “X1” Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Qeyd olunanlardan da göründüyü kimi, iddiaçının müvafiq pensiya sığorta kapitalı müraciətinə əsasən artıq istifadə olunub. Buna görə də 1 aprel 2022-ci il tarixinə fərdi hesabının sığorta hissəsində geydə alınan pensiya sığorta kapitalına görə “X1” Qanunun 1 yanvar 2023-cü il tarixdən güvvədə olan redaksiyasına əsasən əmək pensiyasının təkrar olarag yenidən hesablanması ganunvericiliyin tələbləri baxımından mümkün olmamışdır.X2 mövcud olan məlumatlara əsasən iddiaçı əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyasına 1 aprel 2022-ci il tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün hesab olunmur. İddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda və ya işləyən əmək pensiyaçısı kimi pensiyasının yenidən hesablandığı 1 aprel 2022-ci il tarixindən 6 il keçdikdən sonra baxıla bilər. “X1” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən 822,70 manat müəyyən edilib. Eyni zamanda, həmin Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar əmək pensiyası 1 yanvar 2023-cü il tarixdən yenidən hesablanmaqla 943,64 manata artırılmaqla ödənilir. İddiaçıya hərbi qulluqçu kimi xx.xx.2002-ci il tarixində yaşa görə pensiya təyin edilmişdir. Sığorta olunan hesabından görünür ki, iddiaçı hərbi xidmətdən tərxis olunduqdan sonra xx.xx.2002-xx.xx.2003, xx.xx.2003-xx.xx.2013, 01.09.04-17.06.08, 01.07.08-01.07.15, 06.07.15-02.02.21, xx.xx.2021-ci ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur.

5. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır.

8. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********3 nömrəli “əmək pensiyasının yenidən hesablanması” haqqında qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərara əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 747.91 manat (əmək pensiyasının sığorta hissəsi 243.3 manat, qulluq stajına görə əmək pensiyasına əlavə 504.61 manatdan ibarət olmaqla), hesablamadan sonra yenə 747.91 manat (əmək pensiyasının sığorta hissəsi 555.54 manat, qulluq stajına görə əmək pensiyasına əlavə 192.37 manatdan ibarət olmaqla) məbləğində müəyyən olunmuşdur.

9. Məhkəmə qeyd edir ki, yenidən hesablama nəticəsində pensiya məbləği dəyişməsə də, həmin qərara əsasən, pensiyanın hesablanması iddiaçının hüquqi marağına uyğun olmayan fərqli qaydada, yəni pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla hesablandığından, nəticədə onun marağına uyğun olmadığından iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

10. İddianın növü qərarın ləğvi hissəsində mübahisələndirmə, pensiyanın yenidən hesablanması hissəsində öhdəliyin icrasına dair iddiadır.

11. Belə ki, İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);..

12. İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).

13. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

14. İPM-nin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

15. İddia mümkündür.

Məhkəmənin mövqeyi

16. İddia tələbi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli saylı “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması ilə bağlıdır.

17. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.

18. “X1” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: - Hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“X1” Qanunun 29.2-ci maddəsi). - Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “X1” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).

19. “X1” Qanunda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə: - 29.2-ci maddə ləğv edilmiş; - 29.1-ci maddəyə “sığorta hissəsi” sözlərindən sonra“, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilmiş; - 45-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.” Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.

20. Həmin Qanunun keçid müddəalarına əsasən müəyyən edilmişdir ki: 2.1. “X1” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi 2023-cü il yanvarın 1-dək həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə də tətbiq edilir. 2.2. “X1” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.3. “X1” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

21. "X1” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş 29.2-ci maddəsinin redaksiyasına əsasən Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. - “X1” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

22. Beləliklə, müvafiq dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək “X1” Azərbaycan Respublikasının Qanununun (hazırda qüvvədən düşmüş) 29.2-ci maddəsinin redaksiyası aşağıdakı kimidir: - 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

23. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 37.3.1-ci maddə aşağıdakı yeni redaksiyada verilmişdir: - 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

24. Əvvəlki redaksiyaya əsasən: - 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;

25. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. xx.xx.2002-ci il tarixdən ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2002-xx.xx.2003, xx.xx.2003-xx.xx.2013, xx.xx.2004-xx.xx.2008, xx.xx.2008-xx.xx.2015, xx.xx.2015xx.xx.2021, xx.xx.2021-ci ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur.

26. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 37.156,61 manat pensiya sığorta kapitalı qeydə alınmışdır.

27. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə əsasən yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

28. Cavabdeh qurumun imtinası və etirazı onunla əsaslandırılmışdır ki, “X1” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq sonrakı artımlar nəzərə alınmaqla İddiaçı əmək pensiyası 747.91 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir: əmək pensiyasının sığorta hissəsi 243,30 manat və qulluq stajına görə əmək pensiyasına əlavə - 504,61 manat.

29. Məhkəmə qeyd edir ki, cavabdehin imtina və etirazda qeyd etdiyi “X1” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır” maddəsi “X1” Qanunda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 29.1-ci maddəsinin şərtləri nəzərə alınmadan yenidən hesablanmalıdır.

30. İddiaçının pensiya hüququ xx.xx.2002-ci il tarixdə yaranmışdır və müraciət etdiyi tarixədək 6 il və daha çox işlədiyi müəyyən edildiyindən həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz.

31. Beləliklə, məhkəmə hesab edir ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş Qanunun keçid müddəalarına əsasən “X1” Qanunun 29.2-ci maddəsi ləğv edilsə də, keçid müddəalarında (2.3-cü maddə) “X1” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiqini (yəni qanunun retroaktiv olaraq tətbiqini) istisna etmişdir. Lakin iddiaçının pensiya hüququ xx.xx.2019-cu il tarixədək yarandığı üçün əmək pensiyasının sığorta hissəsi “X1” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır.

32. Odur ki, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarı ləğv edilsin. İddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında indiki dövrə qədər toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar