Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1223/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 25 fevral 2021-ci il tarixli **********1 saylı məktubu ilə pensiya təyin etməkdən imtinanı əsassız hesab etməklə, 52 yaşı tamam olan tarixdən - 28.04.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. Hazırda 55 yaşı tamam olmuşdur. Əmək fəaliyyətinə 1985-ci ildən başlamışdır. 08.10.1985-ci ildən 01.01.2002-ci ilə kimi Bakı-Komvol Kombinatında (sonradan "xxxx" ASC) işləmişdir. İş yerindən verilən 19.01.2021-ci il tarixli arayışa əsasən işlədiyi sahə zərərli peşə sahəsi hesab olunur və Azərbaycan Respublikası NK-nin 12 saylı 23.01.2007-ci ildə yaranmışdır. Belə ki, zərərli iş yerində əmək stajı 16 il 5 ay təşkil edir. Daha sonra digər iş yerlərində 08.01.2002-ci il tarixdən 28.12.2005-ci il tarixə kimi xadiməçi, 03.04.2018-ci il tarixdən 01.09.2020-ci il tarixə kimi isə texniki işçi olaraq işləmişdir. Ümumi iş stajı 23 il, 4 ay, 20 gün təşkil edir. Qeyd olunan bu müddətlərin hamısına dair əmək kitabçasında müvafiq qeydlər vardır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün qanunverici qadınların 1) 52 yaşının tamam olmasını, 2) 20 il ümumi əmək stajının olmasını və 3) bu stajın ən azı 10 ilini güzəştli işlərdə işləməsini tələb edir. Hazırda bu şərtlərin hər üçü mövcud olduğu üçün güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Qeyd olunan hallara baxmayaraq, inzibati orqan ona pensiya təyin etməkdən imtina edərək bildirmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İnzibati orqanın bu imtinasını qanunauyğun hesab etmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək, 01.01.2006-cı il tarixinə kimi onun artıq güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı mövcud idi. Göründüyü kimi onun 52 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh isə ona əsassız və qanunsuz olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edərək, bununla onun sosial təminat və pensiya hüquqlarını birmənalı olaraq pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 18.03.1966-cı il təvəllüdlüdür, yəni 52 yaşı 18.03.2018-ci ildə - Qanuna 01.07.2017-ci ildə edilmiş dəyişikliklərdən sonra tamam olmuşdur. Yaşının tamam olduğu tarixdə qanunvericilikdə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün üç şərt müəyyənləşmişdir: yaş, staj və pensiya kapitalı. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi qeyd olunan yaş və staj məsələsində keçmiş qanunvericiliyin tətbiqinə imkan yaratsa da, pensiya kapitalı kimi digər məsələlər üçün belə bir istisna nəzərdə tutulmur. İddiaçı isə pensiya kapitalı ilə bağlı tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46600,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18976,70 manat təşkil edir. Bundan əlavə, iddiaçının güzəştli iş stajı da mübahisəlidir. Belə ki, arayışda iddiaçının işləmiş olduğu “lentləyici maşının quruducusu” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabibetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “toxuculuq istehsalatı” bölməsindəki “ütüləməqurutma operatorları” peşəsinə uyğun hesab edilsə də həmin peşələr arasında hər hansı uyğunluq yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuş, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 25 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 08.10.1985-ci il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 08.10.1985-ci ildə Bakı-Komvol Kombinatında rəng-ütü sexinə quruducu-lentçi qəbul olunmuş, 18.12.1985-ci ildə 3-cü dərəcə quruducu-lentçi verilmiş, 01.01.2002-ci ildə işdən azad edilmişdir. 09.09.2020-ci ildə “X3 LTD” MMC-də 3 (üç) ay sınaq müddətilə istehsalata qablaşdırıcı qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 15.01.2002-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 08.01.2002-ci ildə Azərbaycan Respublikası Rayonlararası İstehsalat Təmir Tikinti Birliyində xadimə işinə qəbul edilmiş, 28.12.2005-ci ildə işdən azad edilmişdir. 03.04.2018-ci ildə Xırdalan 7 №li tam orta məktəbinə texniki işçi təyin edilmiş, 01.09.2020-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 11.01.2021-ci il tarixli, 01 nömrəli güzəştli arayışında qeyd olunmuşdur ki, verilir (Əliyeva) İddiaçı ondan ötəri ki, o həqiqətən 08.10.1985-ci ildən (Əmr № 136) 01.01.2002-ci ilə kimi (Əmr № 08) Bakı- Komvol Kombinatında işləmişdir. 1. 08.10.1985. Boyama-ütüləmə sexinə quruduculentləyici şagirdi qəbul edilsin. Əmr № 136. 04.10.1985; 2. 18.12.1985. Quruduculentləyicı maşının quruducusuna 3-cü dərəcə verilsin. Əmr № 178. 23.12.1985; 3. 01.01.2002. Azərbaycan Respublikası ƏQM-in 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilsin. Əmr № 08. 20.06.2002. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqında” Qərarına əsasən (Əliyeva) İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. §32. toxuculuq istehsalatı. Ütüləmə-qurutma operatorları. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı sərəncamına əsasən 27 oktyabr 1997-ci ildən Bakı-Komvol Kombinatı "xxxx" ASC adlandırılsın. İş materiallarına əlavə olunmuş “X3 LTD” MMC-nin 22.12.2020-ci il tarixli, 192/20 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ona görə ki, həqiqətən o, 09.09.2020-ci il tarixdən hal-hazırkı dövrədək “X3 LTD” MMC-də qablaşdırıcı işləyir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin 22.12.2021-ci il tarixli, 64 nömrəli aydınlaşdırıcı arayışında qeyd olunmuşdur ki, İddiaçı 08.10.1985-ci il tarixdə boyama-ütüləmə sexinə quruducu aparatların quruducusu (lentləyicisi) qəbul edilmişdir. O, həmin sexdə müxtəlif kimyəvi maddələrdən kislota, xammalın boyanması üçün boyaq maddələrindən isti və buxarlı şəraitdə istifadə etməklə boyanmış xammalın qurudulması funksiyasını həyata keçirmişdir. Belə ki, yuxarıda qeyd olunan kimyəvi maddələrdən və isti buxarlı şəraitdə xammalın boyanması və onun qurudulması və digər proseslərə təhvil verilməsini həyata keçirmişdir. “Boyama-qurutma” sexində istehsal olunan bütün məhsullara lazım olan kimyəvi maddələrdən ibarət qatışıqlar bu sexdə hazırlandığı üçün kombinatda ən zərərli sex hesab olunurdu. Əmək məzuniyyəti dövründə zərərli peşə əmək haqqına əlavə olunmuşdur. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, göstəricilərin siyahısı”nın § 26,9 səh,187 Yüngül və toxuculuq sənayesi sahələri üçün kimya məhsulları və ondan məmulatlar istehsalı, qurutma aparatçıları peşəsi ilə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı Sərəncamına əsasən 27.10.1997-ci ildə Bakı Komvol Kombinatı "xxxx" ASC adlandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 26.01.2022-ci il tarixli, **********167300 nömrəli məktubunda bildirilmişdir ki, İdarədə olan reyestr məlumatlarına əsasən 05.01.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin hüquqi ünvanı AZ1041, ünvan 2silçisi isə X1r. Eyni zamanda hüquqi şəxsin qeydiyyat qovluğuna əsasən bildirilir ki, "xxxx" ASC “Bakı Komvol Kombinatı”nın bazasında yaradılmışdır və onun hüquqi varisidir. Bundan başqa 21.01.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" ASC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin 04.03.2022-ci il tarixli, 07 nömrəli aydınlaşdırıcı arayışında qeyd olunmuşdur ki, (Əliyeva) İddiaçı həqiqətən də 136 №-li Əmrlə 08.10.1985-ci ildən Boyama-ütüləmə sexinə quruducu-lentləyici şagirdi vəzifəsinə qəbul edilmiş və Azərbaycan Respublikası ƏQM-in 37-ci maddəsinə əsasən (öz xahişi ilə) 01.01.2002-ci il tarixdə 08 №-li əmrlə işdən azad edilmişdir. (Əliyeva) İddiaçı kombinatda Boyama-ütüləmə sexində işləyərkən müxtəlif kimyəvi maddələrdən, xammalın boyanması və boyanmış xammalın qurudulması funksiyasını isti və buxarlı şəraitdə yerinə yetirmişdi. Bu peşə çox zərərli olduğuna görə əmək haqqısına əlavə olunmuş, o cümlədən əmək məzuniyyətinə çıxarkən əlavə məzuniyyət günləri hüququna malik olmuşdur. Odur ki, (Əliyeva) İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahısı”nın § 26. Yüngül sənaye bölməsi səh. 187. 26.9 Yüngül və toxuculuq sənayesi sahələri ücün kimya məhsulları və ondan məmulatlar istehsalı bölməsinin Qurutma aparatçıları. Bu peşə üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. (Əliyeva) İddiaçı zərərli iş stajı 16 il 2 ay 24 gün təşkil edir. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı Sərəncamına əsasən 27.10.1997-ci ildə Bakı Komvol Kombinatı "xxxx" ASC adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 25.02.2021-ci il tarixli, **********1 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18976,70 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun qüvvdə olan 9.1-ci maddəsinə əsasən yetərli pensiya kapitalının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla 52 yaşını 28.04.2018-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, əmək kitabçalarının surətinə əsasən iddiaçının 08.10.1985-ci il tarixdən 01.01.2002-ci il tarixədək 16 il 02 ay 24 gün, 08.01.2002-ci il tarixdən 28.12.2005-ci il tarixədək 03 il 11 ay 21 gün olmaqla 01.01.2006-cı ilədək tələb olunan ümumi iş stajı 20 il 02 ay 15 gün təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 01.01.2006-cı il tarixədək tələb olunan 20 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydalara 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. ...Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər”. İşin hallarından görünür ki, iddiaçının işlədiyi müəssisə “Bakı Komvol Kombinatı” olmuş, sonuncunun bazasında 05.01.1996-cı il tarixdə hüquqi varisi olan "xxxx" ASC yaradılmışdır. İddiaçının işləmiş olduğu müəssisənin təqdim etdiyi güzəştli arayışda İddiaçı 08.10.1985-01.01.2002-ci ilədək Kombinatda Boyama-ütüləmə sexində quruduculentləyici vəzifəsini icra etdiyi, həmin vəzifədə işləyərkən müxtəlif kimyəvi maddələrdən, xammalın boyanması və boyanmış xammalın qurudulması funksiyasını isti və buxarlı şəraitdə yerinə yetirdiyi, yerinə yetirdiyi işin zərərli olduğuna görə sonuncuya əlavə əmək məzuniyyəti, əmək haqqısına əlavələrin verildiyi bildirmişdir. İşəgötürən iddiaçının işlədiyi vəzifəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26-cı Yüngül sənaye bölməsində 26.9-cu yarımbənddə yüngül və toxuculuq sənayesi sahələri üçün kimya məhsulları və ondan məmulatlar istehsalı bölməsi, qurutma aparatçıları peşəsinə uyğunlaşdırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli vəzifələrdə işlədiyi qeyd edilən dövr 08.10.1985-01.01.2002-ci il olduğundan həmin dövr Qaydaların tələblərinə də uyğun olaraq 01.01.2006-cı il tarixədək hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Siyahılara uyğunlaşdırılmalıdır. Bu baxımdan işəgötürənin qeyd etdiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 22100000 XX. Yüngül sənaye, 22110000 9. Yüngül və toxuculuq sənayesi sahələri üçün kimya məhsulları və ondan məmulatlar istehsalı, 2211000a a) fəhlələr, 2211000a—10994 qurutma aparatçıları peşəsinə uyğun gəlir. Qeyd edilən yarımbölmənin adından da müəyyən olunur ki, bu sahə kimya sahəsi deyildir, yüngül sənaye sahəsidir. Yüngül sənaye sahəsində yüngül və toxuculuq sənayesi malları üçün üçün zəruri olan bilavasitə kimya məhsullarından istifadə etməklə məmulat istehsalı ilə məşğul olunur. İddiaçının yerinə yetirdiyi əmək funksiyaları barədə təqdim edilmiş arayışda da qeyd olunmuşdur ki, iddiaçı bilavasitə müxtəlif kimyəvi maddələrdən istifadə edərək yüngül və toxuculuq sənayesi mallarının boyanmasını, boyandıqdan sonra onların ütüləmə və qurutmasını həyata keçirmiş, ütüləmə zamanı kimyəvi maddələrdən ayrılmış isti buxarın təsirinə məruz qalmışdır. İddiaçının işlədiyi vəzifə bilavasitə kimyəvi maddələrdən istifadə edilməklə məmulatlar istehsalı sahəsinə aiddir. Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyətinə dair sənədlər və məhkəmənin sorğusu əsasında təqdim edilmiş güzəştli iş arayışı onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. İş üzrə cavabdeh iddiaçının işlədiyi peşənin əmək funksiyasının nədən ibarət olması və hansı əsasla iddiaçının işlədiyi peşənin zərərli peşələrə uyğun olmaması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixə 16 il 02 ay 24 gün güzəştli iş stajı mövcuddur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin pensiya kapitalı ilə bağlı dəlili iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun şərti olmadığından məhkəmə kapital ilə bağlı dəlilinə qiymət verməyi zəruri hesab etmir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 52 yaşdan, yəni 28.04.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşdan, yəni 28.04.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1223/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1223/2022
25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver