Məhkəmə qərarları › İş №2-1(112)-12235/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12235/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12235/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddiaçının adının "xxxx" MMC-nin qanuni təmsilçisi kimi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia qaldıraraq iddiaçının adının "xxxx" MMC-nin qanuni təmsilçisi kimi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2012-ci ilin aprel-may aylarında ’’GALAXY PALACE" MMC-nin təsisçisi və faktiki rəhbəri X5 tərəfindən direktor vəzifəsinə işə qəbul edilmişdir (MMC-nin möhürü şirkətin faktiki rəhbəri Sahib İbrahimovda saxlanılmış və iddiaçıya təhvil verilməmişdir), bir müddət orada çalışmış və əmək haqqı ödənilmədiyindən öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilərək oradan işdən çıxarılmışdır və ondan sonra həmin MMC ilə hər hansı bir bağlılığı yoxdur.İşdən azad olunandan sonra İddiaçı müxtəlif yerlərdə əmək müqaviləsi əsasında işləmişdir, lakin bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verərək "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilsə də "xxxx" MMC-nin qanuni təmsilçisi kimi adı kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılmamışdır.Bundan sonra o, "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti, 50 ünvanında yerləşən binadakı ofisinə yaxınlaşmışdır. Orada ona bildirilmişdir ki, "xxxx" MMC faktiki olaraq fəaliyyətini dayandırmış və onun təsisçisi və faktiki sahibi Sahib İbrahimov vergidən yayınma və digər cinayət əməllərinə görə həbs edilmişdir.Bundan sonra iddiaçı xatırlamışdır ki, istintaq zamanı Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə iddiaçı də şahid kimi dəvət edilib izahatı alınmışdır və iddiaçının MMC-ilə hər hansı bağlılığı olmadığı sübuta yetirildiyindən iddiaçı bir daha bu cinayət işilə bağlı İdarəyə dəvət edilməmişdir.Bundan sonra iddiaçı vəzifədən azad edilməsi barədə hər hansı bir sənədin verilməsi üçün "xxxx" MMC-nin təsisçisi və faktiki rəhbəri X5 ilə əlaqə saxlamağa çalışsa da səyləri hər hansı bir nəticə verməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir.Həmin Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir, qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir, Qanunun 5.2-ci maddəsinə əsasən ərizə qanuni təmsilçi və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır. İddiaçı cəmiyyətin təsisçisi X1 xx.xx.2012-ci il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixdən "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru kimi reyestrə daxil edilmişdir.Eyni zamanda bildiririk ki, X5 "xxxx" MMC-nin dövlət qeydiyyatına alındığı xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 50% pay hüququ ilə təsisçi olmuşdur.İddiaçının hüququ qeydiyyatı həyata keçirən inzibati orqan tərəfindən deyil, cəmiyyətin təsisçisi tərəfindən pozulmuşdur. X3 Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün "xxxx" MMC-nin dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi, yəni İddiaçı adının qanuni təmsilçi kimi dövlət reyestrindən çıxarılması mümkünsüzdür.Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. 6.İddiaçının vəkili X8 məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.İş materiallarında olan: Cavabdehin iddiaçıya ünvanlanmış **********518100 nömrəli məktubuna əsasən iddiaçının adının "xxxx" MMC-nin qanuni təmsilçisi kimi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması barədə müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi cavabdeh vergi orqanı tərəfindən göstərilmişdir ki, Cəmiyyətin rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə dəyişiklik barədə təsisçi qərarının əsli və direktorun şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildiyi halda mümkündür. İnternet vergi idarəsinin məlumatına əsasən xx.xx.2009-cu ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qanuni təmsilçisi kimi İddiaçı qeyd edilmişdir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər hərbi xidmətdə olmuşdur, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilə qədər Heydər Əliyev adına X2 Təhlükəsizliyi Xidmətində aviasiya təhlükəsizliyinə baxış və nəzarəti üzrə mütəxəssis, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə qədər Bakı şəhəri Pirallahı Mənzil Kommunal Təsərrüfatı Birliyində dalandar,xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilə qədər Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətində referent işləmişdir, xx.xx.2022-ci ildən Azərbaycan İdman Akademiyasında sürücü işləyir. İV.Məhkəmənin mövqeyi 8.Məhkəmə iddiaçının vəkilini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. 9.”Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.3-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurum - hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya şəxslər qrupudur; Həmin Qanunun 2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir; Həmin Qanunun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Həmin Qanunun 5.2-ci maddəsinin "xxxx" MMC hüquqi şəxs kimi dövlət qeydiyyatına alınan zaman qüvvədə olan redaksiyasına əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Həmin Qanunun 5.3-ci maddəsinin "xxxx" MMC hüquqi şəxs kimi dövlət qeydiyyatına alan zaman qüvvədə olan redaksiyasına əsasən ərizədə aşağıdakılar göstərilir:5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. Həmin Qanunun 5.4-ci maddəsinin "xxxx" MMC hüquqi şəxs kimi dövlət qeydiyyatına alan zaman qüvvədə olan redaksiyasına əsasən ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1. təsis sənədləri - hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar (qərarda hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçiləri tərəfindən onun təsis edilməsi niyyəti, birləşmə, ayrılma və bölünmə zamanı yeni hüquqi şəxs yaradılarkən yenidən təşkilin şərtləri, nizamnamənin təsdiq edilməsi, təyin edildiyi halda, qanuni təmsilçi və onun səlahiyyətləri, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməli və bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır); 5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd;5.4.3. təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti.5.4.4. təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;5.4.5. hüquqi şəxs statusu almaq istəyən qurumunun hüquqi ünvanını təsdiq edən sənəd; 5.4.6. qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;5.4.8. təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd;

10. İşin faktiki hallarına əsasən İddiaçı "xxxx" MMC-nin hüquqi şəxs kimi dövlət qeydiyyatını həyata keçirən inzibati orqan tərəfindən Cəmiyyətin qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır və hal-hazırda həmin cəmiyyətin qanuni təmsilçisi kimi kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatda qalmaqda davam edir, halbuki iddiaçının əmək kitabşasından görünür ki, iddiaçı xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə qədər Bakı şəhəri Pirallahı Mənzil Kommunal Təsərrüfatı Birliyində dalandar, xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilə qədər Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətində referent işləmişdir, xx.xx.2022-ci ildən iddia verilən tarixə qədər isə Azərbaycan İdman Akademiyasında sürücü işləyir.İddiaçı həmçinin bildirir ki, onunla "xxxx" MMC arasında hər hansı bir əlaqə, bağlılıq yoxdur, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeyd edilən hal inkar və təkzib edilmir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi kimi fəaliyyət göstərmədiyi, əmək müqaviləsi əsasında başqa qurumda əmək fəaliyyəti göstərdiyi halda onun adının "xxxx" MMC-nin qanuni təmsilçisi kimi hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatda qalması qanunauyğun deyildir. 11.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 12.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 13.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, İddiaçı adının "xxxx" MMC-nin qanuni təmsilçisi kimi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilməlidir. 14.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 15.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ

16.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı adının "xxxx" MMC-nin qanuni təmsilçisi kimi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar