Məhkəmə qərarları › İş №2-1(112)-1224/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1224/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1224/2022 19.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı Äzad qızı) xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, orta-texniki təhsillidir. 12 oktyabr 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmiş və telefonçu vəzifəsində çalışmışdır. Xidmət etdiyi müddət ərzində işinə dəqiq və məsulliyyətli olmuşdur. Buna sübut olaraq xidmət dövrü ərzində ona heç bir intizam tənbehi tətbiq edilməmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, o, qanunsuz olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin komandanının 4 fevral 2021-ci il tarixli 018əç nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq müvafiq hərbi hissədə telefonçu vəzifəsindən azad edilərək şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılmış, hərbi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinə göndərilmişdir. Bununla bağlı iddiaçı 2021-ci il mart ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, 27 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 950 saylı Hərbi hissənin 3360 saylı məktubuna əsasən əsassız tələblər göstərilərək ona rəsmi formada məlumat verilmişdir. İddiaçı hesab edir ki, onun xidmətdən xaric edilməsi qanuna ziddir. Belə ki: 1) cavabdeh inzibati orqan onun Hərbi Hava Qüvvələrində xidmət etdiyi müddətdə yol verdiyi “nöqsanlar”la əlaqədar xidmətdən xaric edildiyini qeyd edir. Bu absurd bir fikirdir, xidmət etdiyi 12 oktyabr 2018-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək olan dövr ərzində onun (iddiaçının) barəsində intizam qaydasında heç bir tənbeh növü seçilməmişdir. 2) Cavabdeh qeyd edir ki, onun xidmətdən xaric edilmə barədə qərarını qəbul edən hərbi hissənin gizir və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçuların şərəf məhkəməsidir. Qısa bir müddət ərzində hansı ciddi intizam pozuntusuna yol vermişdir ki, şərəf məhkəməsi operativ formada bu qanunsuz maddi normalara əsaslanmayan qərar qəbul etmişdir. Bu hal sual doğurur. 3) Heç bir intizam tənbehi verilmədən onun birbaşa olaraq hərbi hissənin gizir və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçuların şərəf məhkəməsinə çıxarılması qanunvericiliyin tələblərinin ciddi formada pozulmasıdır. Şərəf məhkəməsinə hərbi qulluqçunun çıxarılması üçün ilk öncə müəyyən edilmiş formada və müddət intervalı nəzərə alınmaqla ən azı “töhmət“ və ya “şiddətli töhmət” verilməlidir. Verilmiş cəza növündən hərbi qulluqçunun nəticə əldə edə bilməməsi, daha dəqiq desək xidmətində müsbət dönüş edə bilməməsi onun artıq xidmətdən xaric olunması üçün şərəf məhkəməsinə çıxarılmasına əsas verə bilər. Nəticədə maddi hüquq normaları pozularaq o, birbaşa şərəf məhkəməsinə çıxarılmışdır. İşin faktiki hallarını araşdırmadan, Azərbaycan Respublikasının hər hansı qanunvericiliyə əsaslanmadan bu absurd qərar qəbul edilmişdir. Nəticədə iddiaçı məhkəməyə pozulmuş hüquqlarımın bərpası ilə bağlı müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, İPM-in 2.2.3-cü maddəsinə əsaslanaraq, məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin komandanının onun (iddiaçının) xidmətdən azad edilməsi barədə 4 fevral 2021-ci il tarixli 018ƏÇ nömrəli əmri ləğv edilərək yenidən işə bərpa olunması barədə qərar çıxarılması xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəməmnin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin Nazirliyin Hərbi Hava Qüvvələri ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı 13 oktyabr 2020ci il tarixdən Hərbi Hava Qüvvələrinin tabeliyində olan müvafiq hərbi hissənin 2-ci bölməsinin Rabitə bölməsində telefonçusu vəzifəsinə təyin olunmuşdur. Xidməti müddəti ərzində əsgər İddiaçı özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhtəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. 22 oktyabr 2020-ci il tarixdə bölmə komandiri əsgər İddiaçı şərəf məhkəməsində dinlənilməsinə dair raportla hərbi hissə komandirinə məruzə etmişdir. Əsgər İddiaçı barəsində təqdimatın əsaslandırılmasında onun 2 dəfə “töhmət”, 1 dəfə “şiddətli töhmət” verilməklə intizam qaydasında cəzalanması xidmət vərəqəsində öz təstiqini tapmışdır. Təqdimatında əsgər İddiaçı xidmətə özünü nizam-intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. İxtisasına uyğun bilik və hazırlıq səviyyəsi qeyri-kafidir, işinə tənqidi və yaradıcılıqla yanaşma qabilliyyətinə malik deyil. Xidmət yerinə gecikmə, vəzifə borcunun icrasına laqeyd yanaşmaq onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Səliqəsizdir, dözümsüzdür, ünsiyyət bacarığına malik deyil. Azərbaycan Respublikası Baş Nazirinin təsdiq etdiyi, Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən imza edilən Azərbaycan Respublikasının ərazisində koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar “Xüsusi karantin rejimi haqqında” şəxsi heyətin yataqxana şəraitində saxlanılması ilə bağlı əmrə qarşı çıxaraq, qadın hərbi qulluqçulara müəyyən güzəştlər edilməsinə baxmayaraq əsgər İddiaçı 17 oktyabr 2020-ci il tarixdə saat 01:00 radələrində heç bir zərurət olmadan yaşadığı Xırdalan şəhərini tərk edərək Bakı şəhəri Pirallahı rayonuna gəlmiş və orada polis əməkdaşları tərəfindən saxlanılmışdır. Faktla bağlı bölmə komandirinin raportuna əsasən əsgər İddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğu əməllərə görə 28 oktyabr 2020-ci il tarixdə “Müddətdən artıq hərbi qulluqçuların şərəf məhkəməsinə” çıxarılmışdır. Şərəf məhkəməsinin qərarına əsasən xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının 4 fevral 2021-ci il tarixli 018əç nömrəli əmri «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (İntizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Təbiidir ki, Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrlarla komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskrison səlahiyyətə sahibdir. Bütun göstərilənləri nəzəra alaraq Müdafiə nazirliyin Hərbi Hava Qüvvələri komandanın əmrin ləğv edilərək İddiaçı xidmətə bərpası mümkün deyil. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Cavabdeh mübahisələndirilən əmri 4 fevral 2021-ci il tarixə, iddia ərizəsinin məhkəməyə daxil olması isə 10 iyun 2021-ci il tarixə, yəni əmrin qəbulundan 4 aydan artıq vaxt keçdikdən sonrakı tarixə təsadüf etsə də, həmin əmrin 10 may tarixədək iddiaçıya təqdim edilməsi ilə bağlı məhkəmə icraatında cavabdeh heç bir sübut təqdim etməmiş, habelə məhkəmə tərəfindən də belə hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə hazırkı iş üzrə 4 fevral 2021-ci il tarixli 018əç nömrəli əmrə münasibətdə mübahisələndirmə haqqında iddiası ilə bağlı iddia müddəti buraxılmamış hesab edilir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Suraxanı rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının qeydiyyatda olduğu yer Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı - İ Hərbi şəhərciyidir. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə onunla hərbi qulluqçu arasında mövcud olan xidməti hüquq münasibətləri ilə bağlı olduğundan, eləcə də iddia tələbi “mübahisələndirmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2 və 8.1.3-cü maddələrinə) uyğundur. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmənin qənaətinə görə cavabdehin 4 fevral 2021-ci il tarixli 018əç nömrəli əmri qanuna zidd sayılmamalı və onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 1-ci maddəsinə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilmənin qaydasını müəyyən edir. Əsasnamənin 146-cı maddəsinin birinci – üçüncü hissələrinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq hərbi qulluqçunun vəzifəsidir. Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılırlar. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: - (41.0.6) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla). Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 885 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı X3»nin 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. Həmin Qanunun 48-ci maddəsinə görə əsgərlərə və matroslara məzəmmət, töhmət, şiddətli töhmət, hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə, növbədənkənar xidmət naryadına təyin etmə (qarovula, növbəyə və döyüş növbətçiliyinə göndərmək istisna edilməklə) — 5 xidmət naryadına qədər, hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs, əlaçı döş nişanından məhrumetmə, baş əsgər (baş matros) hərbi rütbəsindən məhrumetmə cəzaları verilə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri komandanının 4 fevral 2021-ci il tarixli 018əç nömrəli əmri ilə ısgər İddiaçı «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə uyğun olaraq ehtiyata buraxılmışdır. İş materiallarında görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin müvafiq hərbi hissəsinin komandiri əsgər İddiaçı barəsində aşağıdakı əsaslandırma ilə təqdimat vermişdir: - «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəısinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılması üçün təqdim olunur. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 2-ci bölmənin telefonçusu vəzifəsində xidmət etdiyi müddətdə özünü intizamlı bir hərbi qulluqçu kimi göstərməyə çalışsa da, çətinliklər çəkmişdir. Bölmə komandirinin 21 oktyabr 2020-ci il tarixli raportuna əsasən komendant saatının tələblərini kobud surətdə pozduğuna görə hərbi hissə komandirinin qəbul etdiyi qərara uyğun olaraq MAHHXHQ heyətinin şərəf məhkəməsinə çıxarılmışdır və Azərbaycan Ordusu sıralarından “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması” barədə qərar qəbul edilmişdir. Ehtiyata buraxıldıqdan sonra sənədləri qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinə göndərilməsini xahiş edir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məqsədəuyğun hesab edilir. Nəticə: Tutduğu vəzifəyə uyğun deyil. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma barədə vəsatət qaldırılır. İş materiallarından görünür ki, əsgər İddiaçı barəsində 23 noyabr 2020-ci il və 20 yanvar 2021-ci il tarixlərdə “söhbət vərəqələri” tərtib olunmuşdur. İş materiallarına olan əsgər İddiaçı barəsində 21 yanvar 2021-ci il tarixdə verilmiş “Xidməti xasiyyətnamə”də aşağıdakılar bildirilmişdir: - QHQ əsgər İddiaçı 13 oktyabr 2018-ci il tarixdən müvafiq hərbi hissəsinin 2-ci bəlmənin rabitə bölməsində telefonçu vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam-intizamı kafi bir hərbçi kimi göstərmişdir. Hərbi nəzakət və davranış qabiliyyətinə malikdir. Bilik səviyyəsinin artırılmasına səy göstərir. Hərbi geyimi səliqə-səhmanla saxlayır. Özünə qarşı tələbkarlığı zəifdir. Vəzifələrini yerinə yetirməkdə nəzarət tələb edir. Tutulan iradlara qarşı düzgün nəticə çıxarmaqda çətinlik çəkir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nizamnamələrini kafi bilir. Fiziki hazırlıq üzrə normativləri kafidir. Fuksional vəzifə borclarını zəif bilir. Dövlət sirrini qorumağı bacarır. Fiziki cəhətdən sağlamdır. İş materiallarından görünür ki, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin müvafiq hərbi hissənin MAHHXHQ heyətinin şərəf məhkəməsi 28 oktyabr 2020-ci il tarixdə aşağıdakıları qərara almışdır: - Hərbi hissınin divizionlar qrupunun 2-ci bölmənin rabitə bölməsinin telefonçusu qadın hərbi qulluqçu İddiaçı komendant saatının tələblərini qəsdən kobud şəkildə pozduğuna görə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Ordusunda ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılsın. Göründüyü kimi, mövcud qanunvericiliyin hərbi xidmət keçilmənin qaydası təsbit olunan normaları hərbi qulluqçuların xidmətdən ehtiyata buraxılmasının əsaslarının dairəsini konkret müəyyənləşdirmiş və həmin sıraya “xidməti uyğunsuzluğa görə” də daxildir. Nəzərə alınmalıdır ki, həmin normalarda müəyyən edilmiş hərbi qulluqçunun vəzifələrinə qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət edilməsi də aid edilmişdir. Beləliklə, sözügedən müddəalarının tələbləri onu deməyə əsas verir ki, hərbi qulluqçunun “xidməti uyğunsuzluğu” meyarlarından biri də müəyyən edilmiş həmin vəzifələri layiqində yetirməməsidir. Hazırkı işin hallarına görə İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi müvafiq dövrdə komendant saatının tələblərini kobud surətdə pozduğuna və 2020ci ildə digər hərəkətlərlə xidməti intizam qaydalarına riayət etmədiyinə görə, hərbi qulluqçularının şərəf məhkəməsinə çıxarılmış və onun “xidməti uyğunsuzluğa görə” Azərbaycan Ordusunda ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Hərbi qulluqçu İddiaçı xidmət vərəqəsindən görünür ki, ona komandanlıq tərəfindən 22 fevral 2020ci il tarixdə “töhmət, 6 mart 2020-ci il tarixdə “şiddətli töhmət”, 25 sentyabr 2020-ci il tarixdə “töhmət” verilmişdir. Şərəf məhkəməsinin həmin qərarına əsaslanaraq cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin komandanlığı, iddiaçının ehtiyata buraxılması barədə 4 fevral 2021-ci il tarixli 018əç nömrəli əmr vermişdir. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, xidmət dövründə İddiaçı yuxarıda qeyd olunan hərəkətlərini cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri haqlı olaraq xidməti uyğunsuzluq halı qismində qiymətəndirmişdir. Çünki, belə hərəkətə, xüsusilə də il ərzində ona verilmiş başqa intizam tədbirlərindən (cəzalarından) düzgün nəticə çıxarmamaqla yol verilməsi «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun müddəalarının kobud pozulmasını ehtiva edir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri apardığı inzibati icraat üzrə qəbul etdiyi 4 fevral 2021-ci il tarixli 018əç nömrəli əmri əlverişsiz inzibati akt kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi baxımından da mütənasibdir. Məhkəmənin qənaətinə görə mübahisələndirilən 4 fevral 2021-ci il tarixli 018əç nömrəli əmrə münasibətdə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri məhkəmə icraatında əmrin müvafiq hissədə qəbulunu şərtləndirən hallara dair tutarlı sübut və dəlillər təqdim etmişdir. Beləliklə yuxarıdakılara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin 4 fevral 2021-ci il tarixli 018 nömrəli əmri qanunsuz inzibati akt qismində qiymətləndirilməməlidir. Odur ki, iddaçının tələbi “4 fevral 2021-ci il tarixli 018 nömrəli əmrin ləğvi” hissəsində əsassızdır və rədd edilməlidir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının tələbi iki hissədən ibarət olsa da, ikinci tələb, yəni “işə bərpa” tələbi birinci – “əmrin ləğvi” tələbindən asılı və törəmədir. “Əmrin ləğvi” tələbi təmin edilmədiyi halda, ikinci tələb də əsassız sayılaraq rədd olunmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Bununla da məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar