Məhkəmə qərarları › İş №2-1(112)-1224/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1224/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1224/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 1200 kv.m torpaq sahəsinə dair mərhum X1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 22 sentyabr 1992-ci il tarixli 1445№-li Sərəncamına əsasən Kürdəxanı qəsəbəsi, 9 Yanvar küçəsi, 6 №-li evdə yaşayan 6 nəfərdən ibarət olan vət. X3 Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən eyni zamanda X3 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxemi də təqdim edilmişdir. X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2021-ci il tarixli № 1910 saylı mətubuna əsasən, mərhum X1 vərəsəsi İddiaçı ərizəsi əsasında miras əmlaka dair vərəsəlik işi açılmış və İddiaçı vərəsə olaraq müəyyən edilmişdir. İddiaçı ona ayrılan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması məqsədi ilə ərizə və tələb olunan sənədlərlə birgə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində ayrılmış torpaq sahəsi 1992-ci il tarixdən (sərəncamın qəbul edildiyi vaxtdan) fasiləsiz onun sahibliyi və istifadəsindədir. O, bugünədək torpaq sahəsindən maneəsiz, etirazsız, aşkar şəkildə istifadə edib. Onun torpaq sahəsinə dair hüququmüəyyənedici sənədləri tam qaydasındadır və onlar aidiyyəti orqanlarlar tərəfindən lazımi qaydada təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli ********** nömrəli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli və ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi Abşeron meyvə-tingliyi sovxozunun ərazisidir. Bundan əlavə, torpaq sahəsinə dair Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli “1145” saylı Sərəncamı ilə notariat ofisinin məktubu arasında ərizəçinin ad və soyadında uğunsuzluq mövcuddur. Belə ki, Sərəncamda “Ağarzayev Ağarza”, notariat ofisinin məktubunda isə “Ağarızayev Ağarıza” kimi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal qərb hissəsində yerləşən, 1200 kv.m olan torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 1445 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı ilə Kürdəxanı qəsəbəsi, 9 yanvar küçəsi, 6 nömrəli evdə yaşayan, 6 nəfərdən ibarət olan vət. X5 Kürdəxanı qəsəbəsi, şimal-qərb hissə, məhəllə yer 145-000-130c №li layihə tipli, 1200 kv.m sahəsi olan şəxsi yaşayış evi ikintisi üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 1910 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2014-ci il tarixdə vəfat etmiş mərhum X1 vərəsəsi olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küçəsi,ev 6 ünvanında qeydiyyatda olan oğlu İddiaçı ərizəsi əsasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Mərhumdan qalan hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alaraq çıxarış verilməsini təmin etməyinizi xahiş edirəm. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının İ müavininin xx.xx.2023-cü il tarixli 5-18/2- 1903/2023 nöməli məktubun ilə göndərilmiş Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 1445 saylı xx.xx.1992-ci il tarixli sərəncamı ilə Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmış 1200,0 kv.m. torpaq sahəsinə dair təsdiq edilmiş yerləşmə sxeminin verilməsinə əsas olmuş icraat materiallarının surətində görünür ki: -X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli, A-71/2-09/12-1/1 nömrəli məktubda qeyd edilmişdir ki, sizin Sabunçu Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2022-ci il tarixli A- 71/2-091/2 saylı ərizənizlə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 1445 saylı xx.xx.1992-ci il tarixli sərəncamı ilə Kürdəxanı qəsəbəsinin şimal qərb hissəsində X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200,0 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq Sizə göndərilir. -X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-18/2-A-46-091/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Sizin təsdiq olunmuş yerləşmə sxemində texniki səhvin düzəldməsi ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2023-cü il tarixli 5-18/1-A-46- 091/2023 saylı müraciətinizə baxıldı. Bildiririk ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 1445 saylı xx.xx.1992-ci il tarixli sərəncamı ilə Kürdəxanı qəsəbəsinin şimal qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş yerləşmə sxemində yol verilmiş texniki səhv aradan qaldırılaraq (Bəzirgah sözü Bəzirgan sözü ilə əvəz edilmişdir) sizə təqdim olunur. -Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1445 saylı xx.xx.1992-ci il tarixli sərəncamı ilə Kürdəxanı qəsəbəsinin şimal qərb hissəsində X3 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200.0 kv. m. torpaq sahəsinin yerləşmə sxemidən görünür ki, ayrılmış torpaq sahəsinin sahəsi 1200.0 kv.m-dir. X – 407924.50, Y – 4489343.30. Sxem Sabunçu rayon İcra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsinin müdiri E.Mikayılov tərəfindən imzalanmış və Sabunçu rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiqlənmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-29/1-2387/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 1963-cü ildə Abşeron rayonu təşkil edilərkən Bakı şəhərinin inzibati ərazisində yerləşən sovxozlar və həmin sovxozlara məxsus torpaq sahələri Abşeron rayonunun idarəçiliyinə və istifadəçiliyinə verilmiş, 1998-2000-ci illərdə respublikada aparılmış aqrar islahat nəticəsində rayonun idarəçiliyində və istifadəçiliyində olan torpaqlarda fəaliyyət göstərən bütün sovxoz və kolxozlar, o cümlədən X21u ləğv edilmişdir. Ləğv edilmiş təsərrfatların dövlət mülkiyyətində saxlanılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri Abşeron Rayon İcra Hakimiyyətinin balansında (sərəncamında) saxlanılmışdır. Həmin təsərrüfatlardan Bakı şəhərinin inzibati ərazisində yerləşən torpaq sahələrinin bir hissəsi Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli, 2866 saylı Sərəncamı Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılsa da bir hissəsi,o cümlədən keçmiş X21una məxsus torpaq sahələri Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmışdır. İcraatınızda olan yuxarıda qeyd olunan inzibati iş üzrə İddiaçı təqdim edilmiş yerləşmə sxemindəki torpaq sahəsinin Abşeron rayonun idarəçiliyində olan keçmiş X21unun ərazisinə aid olub-olmaması barədə məlumat sorğuya əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya təqdim edilmiş məktubda öz əksini tapmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)- 5844/2023 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxs qismində Sabunçu Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi" tələbi üzrə ərizəsi təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 1445 nömrəli sərəncamında göstərilən torpaq sahəsinin xx.xx.2014cü il tarixdə vəfat etmiş ərizəçinin atası X3 məxsus olması faktı müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpağın ümumi sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.12 ha, faktiki 0.12 ha. Torpaq sahəsi mişardaşı ilə hasarlanmışdır. FYE-i və həyət tikilisi mövcuddur. Göstərilən mövcud vəziyyətə uyğun koordinat cədvəli baxılması üçün akta əlavə edildi. Torpaq sahəsinin yerləşmə koordinatları: X Y 407905,248 4489354,018 407944,802 4489359,969 407949,309 4489330,309 407909,758 4489324,336 İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********84 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, şimal-qərb hissəsində yerləşən 1200 kv.m torpaq sahəsinə dair məlumatın verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətə Daşınmaz əMlakın Dövlət kadastrı və reyetsri publik hüquqi şəcsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaəqdra bildiririk ki, mərhum X6 adlna Bakı şəhəri, Sabunçu rayonu, Kürdıxanı qəsəbəsi, şimal-qərb hissəsində yerləşən 1200 kv.m torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********04 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpağın ümumi sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.12 ha, faktiki 0.12 ha. Torpaq sahəsi mişardaşı ilə hasarlanmışdır, 2 tərəf yol, 2 tərəf qonşudur. FYE-i və həyət tikilisi mövcuddur. Göstərilən mövcud vəziyyətə uyğun koordinat cədvəli baxılması üçün akta əlavə edildi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçıya üvaladığı xx.xx.2023-cü il tarixli, **********1402508/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********61 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu əldə edilməsini başqasına keçməsini məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdı. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, tərəfinizdən Abşeron meyvə-tingliyi sovxozunun ərazisidir. Bundan başqa, qeyd edilən torpaq sahəsinə dair Bakı İnzibati Məhkəməsində 2-1(112)-10027/2022 nömrəli məhkəmə mübahisəsi ilə bağlı yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Bundan əlavə, torpaq sahəsinə dair Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli “1145” saylı Sərəncamı ilə notariat ofisinin məktubu arasında ərizəçinin ad və soyadında uğunsuzluq mövcuddur. Belə ki, Sərəncamda “Ağarzayev Ağarza”, notariat ofisinin məktubunda isə “Ağarızayev Ağarıza" kimi qeyd edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, İddiaçı xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi olmaqla Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 1445 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən, Kürdəxanı qəsəbəsi, şimal-qərb hissəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə hüquqların qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddia olunan torpaq sahəsinin X19 sovxozunun ərazisi olduğunu, eləcə də sərəncamda “Ağarzayev Ağarza”, notariat ofisinin məktubunda isə “Ağarızayev Ağarıza” kimi qeyd olunduğu nəticədə mərhumun adına olan hüquqmüəyyənedici sənədlərdə adın uyğunsuzluğunu əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən torpaq sahəsinə hüquqların mərhum X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 1445 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində X5 fərdi yaşayış evinin tikintisi üçün 1200,0 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Sözügedən qərarla mərhum X5 ayrılmış torpaq sahəsinin naturada yerləşmə cizgisi, koodrinatları hazırkı yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş və cizgi Sabunçu Rayon İcra Hakimiyyəti Rayon Təsərrüfatı şöbəsinin müdiri E.Mikayılov tərəfindən imzalanmış və Sabunçu Rayon icra Hakimiyyəti Başçısının möhrü ilə təsdiq edilmişdir. Məhkəmənin sorğusuna cavabında torpaqayıran qurum olaraq Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti sözügedən ərazidə yerləşən torpaq sahəsinin yerləşmə cizgisinin iddiaçının ərizəsi və təqdim etdiyi icra hakimiyyətinin sərəncamı, notariat ofisinin məktubu əsasında hazırlamış, həmin cizgini, cizginin verilməsinə əsas olmuş sənədlərin surətlərini məhkəməyə təqdim etməklə hazırda da həmin cizginin qüvvədə olduğunu bilavasitə təsdiq etmişdir. Cavabdeh hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin X19 sovxozunun ərazisinə aid olduğunu qeyd etsə də həmin torpaq sahəsinin yerli icra hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahəsi olmaması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmənin icraatında olmuş analoji iş üzrə məhkəmə sorğusu ilə dövlət arxivindən əldə edilmiş sənədlərdən görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 126 saylı qərarı ilə Lenin rayon Kürdəxanı qəsəbə XDS İcraiyyə Komitəsinə X19 Sovxoz ərazisindən həyətyanı torpaq fondu ayrıldığı müəyyən olunmuşdur. Cavabdeh orqan iddia olunan mübahisəli torpaq sahəsinin sözügedən xx.xx.1991-ci il tarixli 126 saylı qərarla X19 Sovxoz ərazisindən yerli icra hakimiyyətinin idarəçiliyinə ayrılmış həyətyanı torpaq fonduna aid torpaq sahələrindən olmadığını sübut edən dəlilləri təqdim etməmişdir. Əksinə, hazırkı halda Sabunçu rayon İcra Hakimiyyəti iddiaçıya məhz Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 1445 saylı xx.xx.1992-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin cizgisini tərtib etməklə həm adıçəkilən sərəncamın hüquqi qüvvəsini, həm də ayrılmış torpaq sahəsinin naturada sovxoz torpağı deyil, məhz yerli icra hakimiyyətinin idarəçiliyində olmuş torpaq sahəsi olduğunu qəbul etmişdir. Əksini iddia edən hal isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdehin mütəxəsissləri tərəfindən yerində baxış edilərək torpaq sahəsinin faktiki ölçüləri, yerləşmə koordinatları müəyyən edilmiş, torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydiyyata alınmadığı bildirilmişdir. Eyni zamanda məhkəmə sorğusu ilə əldə edilmiş iddia olunan torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto görüntüsündə torpaq sahəsinin yerləşdiyi ərazinin yaşayış məntəqəsi ərazisi olduğu müəyyən olunur. Bununla əlaqədar məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin yaxınlığında ən yaxın məsafədə qeydiyyatdan keçmiş torpaq sahələrinə dair reyestr məlumatlarından məlum olur ki, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 9/88 saylı, 17 aprl 1992-ci il tarixli qərarı ilə X9 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ünvanında 0.12 ha. torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerləşmə cizgisi hazırkı Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilmiş və xx.xx.2019-cu il tarixdə X7 adına **********3 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, X12 Sabunçu rayon İH-nin xx.xx.1991-ci il, 26/190 saylı Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, şimal-qərb hissəsində0.12 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerləşmə cizgisi hazırkı Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilmiş və xx.xx.2016-cı il tarixdə X11 adına **********71 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı ilə qonşu olan torpaq sahəsi də yerli icra hakimiyyətinin sərəncamı ilə ayrılmış, həmin torpaq sahəsinin də yerləşmə cizgisi yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş və cavabdeh orqan həmin qonşu torpaq sahəsinin X21 ərazisinə aid olması ilə bağlı dəlil irəli sürmədən təqidm olunan yerli icra hakimiyyətinin sənədlərinə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını aparmışdır. Belə olan halda cavabdehin hazırkı iddiaçıya münasibətdə hüququ qeydiyyata almaqdan imtina əsası öz təsdiqini tapmır və bu hal ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQ-nun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Cavabdehin qeyd etdiyi sənədlərdə mərhumun adı ilə bağlı uyunsuzluq halı isə aradan qalxmış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)- 5844/2023 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 1445 nömrəli sərəncamında göstərilən torpaq sahəsinin xx.xx.2014cü il tarixdə vəfat etmiş ərizəçinin atası X3 məxsus olması faktı müəyyən edilmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi torpaqayırma sənədləri (sərəncam və yerləşmə cizgisi) qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Sabunçu Rayon İcra Hakimiyyətinin 1445 saylı xx.xx.1992-ci il tarixli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal qərb hissəsində yerləşən, ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə ediıməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Sabunçu Rayon İcra Hakimiyyətinin 1445 saylı xx.xx.1992-ci il tarixli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal qərb hissəsində yerləşən, ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar