Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12242/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MTKnın Ümumi Yığıncağının qərarı ilə payçı qəbul edildiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 181E, 13 saylı mənzilə dair mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəf sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək "xxxx" MTK-nın Ümumi Yığıncağının qərarı ilə payçı qəbul edilmiş İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 181E, 13 saylı mənzilə (ümumi sahə 50,6 kv.metr) dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadına əsasən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında, 12 mərtəbəli (+mansard) yaşayış və qərargah binası "xxxx" MTK tərəfindən Azərbaycan Sosial Rifah Partiyası üçün tikilmişdir. Tərəflər arasında imzalanmış 3 iyul 2006-cı il tarixli müqavilədə razılaşdırılan qaydada binanın 2 mərtəbəsi Azərbaycan Sosial Rifah Partiyasına verilib. Mənzillər isə, paylarına müvafiq olaraq MTK-nın üzvlərinə təhvil verilmişdir. Bu zaman həmin binada 13 saylı mənzil isə pay haqqının əvəzinə iddiaçıya verilmişdir. Binanın istismara qəbul edilməsi aktı Bakı şəhəri İcra Hakimiyyətinin 30 oktyabr 2014-cü il tarixli, 523 saylı sərəncamı ilə təsdiq edilib. 27 noyabr 2014-cü ildə həmin akt MTK tərəfindən cavabdehə təqdim olunub. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya məxsus əmlak Dövlət Reyestrində qeydiyyata alınmır. 26 may 2023-cü il tarixində poçt vasitəsi ilə ərizə əsasında cavabdehə sənədlərini (Protokoldan çıxarış, maliyyə arayışı, istismara qəbul aktı əlavə edilməklə) təqdim etsə də heç bir cavab verilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən nə sənədləri bir başa qəbul edilir və nə də poçt vasitəsi ilə müraciətə cavab verilməmişdir. İddiaçı onu də qeyd edir ki, sözü gedən binada iddiaçının təqdim etdiyi sənədlərə uyğun sənədlər əsasında 15 nəfərdən artıq sakinin mənzili artıq qeydiyyata alınmışdır. Onların bəzilərinin Bakı İnzibati Məhkəməsində iddiaları təmin edilmiş, qərarlar yuxarı instansiya məhkəmələrində də qüvvədə saxlanılmışlar. Odur ki, iddiaçı cavabdeh tərəfindən onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmamamasını qanunsuz və əsasız hesab edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, cavabdehin üzərinə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarımın qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı "xxxx" MTK-nın Ümumi Yığıncağının qərarı ilə payçı qəbul edildiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 181E, 13 saylı mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 523 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında sifarişçinin nümayəndəsi Azərbaycan Sosial Rifah Partiyası, podratçının nümayəndəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əlaqələndirici sənədlər təqdim edilməmişdir. Həmçinin, müvafiq mənzilin sənəd üzrə sahəsi 51.5 kv.m, faktiki sahəsi isə 50.6 kv.m-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sifarışçı və podratçı hüquqi münasibətləri olmuş (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür), tikiltisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23 maddəsinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı Şəhər İcra Hakimiyyəti başçısının 30 oktyabr 2014-cü il tarixli 523 nömrəli sərəncamı ilə Azərbaycan Sosial Rifah Partiyasının ünvan 3 ünvanda 12 mərtbəli (+mansarda) 1 girişli yaşayış və qəraqgah binasının (1 və 2-ci mərtəbələri partiya qərargahı, -3,30m səvyyəsində zirzəmi və -6,60 m səviyyəsində qaraj) mövcud vəziyyətdə istismara qəbul edilməsi üzrə dövlət qəbul komissiyasının aktı təsdiq olunmuşdur. -xx.xx.2014-cü il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı”na əsasən ünvan 4 ünvanında tikilən 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binası istismara qəbul edilmişdir (Poçt ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə, 181E). -Azərbaycan Sosial Rifah Partiyası və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, Azərbaycan Sosial Rifah partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 03 iyul 2006-cı il tarixli 1 saylı podrat müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Yasamal rayonu, Şərifzadə küçəsi, 31 52 -31 56 -cı məhəlləsində yerləşən və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998 - ci il tarixli sərəncamı üzrə inşa edilmiş 0,9 ha torpaq sahəsində qərargah və yaşayış binası tikilmiş, təhvil verilmişdir. Həmin müqaviləyə əsasən, Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (yeni adı: "xxxx" Mənzil Tikinti Kooperativi) arasında bütün öhdəliklər tam icra olunmuş, yuxarıda göstərilən tərəflərin biri-birinə qarşı, yaxud da həmin işlərin icra olunmasında məsuliyyət daşıyan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən bilavasitə asılı olan heç bir iddia və tələbləri yoxdur. - "xxxx" MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 25 may 2023-cü il tarixli 08 saylı protokolundan çıxarışdan görünür ki, MTK üzvlərinin həmin tarixli iclasında İddiaçı "xxxx" MTK -nınüzvlüyünə qəbul edilməsi və razılığı ilə həmin MTK-nın ünvan 6 ünvanında tikilən 12 mərtəbəli yaşayış binasının “İ” girişinin 4-cü mərtəbəsində 1 otaqlı, ümumi sahəsi 51,5 kv.metr olan 13 saylı mənzilə payçı qəbul edilməsi qərar alınmışdır. -"xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Maliyyə arayışına əsasən ünvan 7 ünvanda yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 4-cü mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 51,5 m2 olan 13 saylı mənzilin pay haqqı vətəndaş İddiaçı tərəfindən tam ödənilmişdir. Kooperativə borcu yoxdur. Beləliklə, işdə olan sənədlər ilə müəyyən edilən hallar ondan ibarətdir ki, iddiaçı yuxarıda sadalanan sənədlər əsasında ünvan 7 ünvanda yerləşən 1 otaqdan ibarət ümumi sahəsi 51,5 kv.metrdən ibarət olan 13 saylı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinə cavab verilməmişdir. Hazırda iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun: -8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüququ münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatı həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yeni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci madəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında göstərdiyi dəlillər ondan ibarətdir ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 523 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında sifarişçinin nümayəndəsi Azərbaycan Sosial Rifah Partiyası, podratçının nümayəndəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əlaqələndirici sənədlər təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Sosial Rifah Partiyası (sifarişçi) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (podratçı) arasında bağlanılmış xx.xx.22006-cı il tarixli 02 saylı Podrat Müqaviləsinə əsasən podratçı Bakı şəhəri, Yasamal rayonunun, Şərifzadə küçəsindəki 3152-3156 saylı məhəllələrində sifarişçinin qərargah binasının layihələşdirilməsi və tikintisi üçün ayrılmış 0,9 ha torpaq ərazidə 1 girişli, 12 mərtəbəli yaşayış və qərargah binasını və həmin binaların infrastrukturasını öz vəsaiti və riski hesabına layihələşdirməyi və inşa etməyi sifarişçi isə bunun müqabilində inşa edilməsi nəzərdə tutulan binadan razılaşdırılmış həcmdə tikinti sahəsini və həmin sahə üzrə bütün hüquqları podratçının xeyrinə güzəşt etməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilən Podrat Müqaviləsinin 2.2-ci bəndinə əsasən muzd, tikiləcək binadan 3 (üç) mərtəbə (1-ci və 2-ci mərtəbələr mütləq və istənilən 3-cü mərtəbə) və zirzəmi texniki mərtəbəsində 5 ədəd avtomobil qarajı istisna edilməklə, ərazidə inşa edilməsi nəzərdə tutulan ümumi tikinti sahəsinin qalan hissəsi üzərində bütün hüquqların Podratçıya güzəşt edilməsi yolu ilə icra olunur. Qeyd edilən Podrat Müqaviləsinin 3.5-ci bəndinə əsasən Podratçı sifarişçinin qərargahı üçün ayrılacaq 3 (üç) mərtəbə (1-ci və 2-ci mərtəbələr mütləq və istənilən 3-cü mərtəbə) və zirzəmi texniki mərtəbəsində 5 ədəd avtomobil qarajı istisna olmaqla ərazidə inşa edilməsi nəzərdə tutulan ümumi tikinti sahəsinin qalan hissəsi üzərində bütün hüquqlarını (maliyyə- təsərrüfat, tikiləcək mənzillərin alqı-satqısı, dəyişdirilməsi, bağışlanması) sifarişçinin müdaxiləsi olmadan həyata keçirir. Qeyd edilən Podrat Müqaviləsinin 4.2-ci bəndinə əsasən Sifarişçi özünün qərargahı üçün ayrılacaq 3 (üç) mərtəbə (1-ci və 2-ci mərtəbələr mütləq və istənilən 3-cü mərtəbə) və zirzəmi texniki mərtəbəsində 5 ədəd avtomobil qarajı istisna olmaqla podratçının tikinti, maliyyə-təsərrüfat, mənzillərin alqı-satqısı, dəyişdirilməsi, bağışlanması sahəsindəki fəaliyyətinə, əldə edilən gəlirinə müdaxilə etməyəcəkdir. Hazırkı halda iddiaçının "xxxx" MTK-nın binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildiyindən mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Bu əsasdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Həmçinin, cavabdeh inzibati orqan etirazda qeyd etdiyi digər dəlili ondan ibarətdir ki, müvafiq mənzilin sənədi üzrə sahəsi 51.5 kv.m, faktiki sahəsi isə 50.6 kv.m-dir. Məhkəmə göstərilən dəlillərlə bağlı qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədən görünür ki, iddiaçı 50.6 kv.metr sahə üzərində mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydə alınaraq mənzilə çıxarışın və texniki pasportun verilməsini tələb edir. Beləliklə, məhkəmə araşdırması zamanı hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun: -15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; -19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Ona görə də, "xxxx" MTK-nın Ümumi Yığıncağının qərarı ilə payçı qəbul edilmiş İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 181E, 13 saylı mənzilə (ümumi sahə 50,6 kv.metr) dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. "xxxx" MTK-nın Ümumi Yığıncağının qərarı ilə payçı qəbul edilmiş İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 181E, 13 saylı mənzilə (ümumi sahə 50,6 kv.metr) dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-12242/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12242/2023
18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver