Məhkəmə qərarları › İş №2-1(112)-12243/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12243/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12243/2025 21.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “güzəştli şərtlərlə mənzil növbəsinə götürülmə” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun şəhid atası olmasını nəzərə alaraq mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaş kimi güzəştli şərtlərlə mənzil növbəsinə qeydiyyata almaq vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X9 27 sentyabr 2020-ci ildə başlayan ikinci Qarabağ müharibəsində iştirak etmiş, xx.xx.2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və doğulduğu kənd qəbristanlığında dəfn edilmişdir. O, Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak edərək şəhid olduğu üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2020-ci il tarixli Sərəncamın əsasən, X9 ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Həmçinin oğlu İİ Qarabağ müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bunlarla yanaşı oğlu “Döyüşlərdə fərqlənməyə görə” medalı ilə də təltif edilmişdir. İddiaçı xx.xx.2025-ci ildə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Güzəştli şərtlərlə mənzil növbəsinə alınmaq üçün cavabdehə müraciət etsə də, cavabdeh mənzil şəraitini süni şəkildə pisləşdirməsi əsaslı ilə onun müraciətindən imtina etmişdir. Qeyd edir ki, onun hal-hazırda özünə məxsus bir evi yoxdur. Həm özü, həm də həyat yoldaşı X6 və qızı X10 həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan xx.xx.1993-cü il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.1993-cü ildə Biləsuvar rayonunda anadan olmuşdur. Atası İddiaçı, anası isə X2r. İşdə olan AZ-İİ 132221 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Ölümün səbəbi kimi “Baş beynin diffuz travması, hərbi əməliyyat nəticəsində qəlpələrlə zədələnmələr” qeyd edilmişdir. İddia ərizəsinə X3 hərbi bileti, “Yubiley” medalı ilə təltif edilməsinə dair vəsiqə, fəxridiplom və sair sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək Biləsuvar rayon Günəş kəndində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 2 ünvanında, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Biləsuvar rayon Günəş kəndində, xx.xx.2025-ci il tarixdən hal-hazırədək Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin məktubla iddiaçının qeydiyyata alınmasına əsas olunmuş sənədlərin sürəti məhkəməyə təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 022055 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 21 ünvanında yerləşən 56 saylı mənzil X1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır və bu barədə xx.xx.1999-cu il tarixdə qeyd aparılmışdır. xx.xx.2025-ci il tarixli ərizəyə əsasən X4 iddiaçının əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 21 ünvanında yerləşən 56 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etməmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçının müraciətinə dair aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, ******* saylı və ******* saylı arayışlara əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 21 ünvanında yerləşən 56 saylı mənzildə (müvafiq olaraq) İddiaçı, X10 və X7 yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 21, sahəsi 26.68 kv.m olan 2 otaqlı 56 nömrəli mənzil X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. xx.xx.1968-ci il təvəllüdlü İddiaçı və 1993-cü il təvəllüdlü X8 adlarına (həmçinin didər ailə üzvləri ilə birlikdə ümumi birgə payda) Biləsuvar rayonu, Günəşli kəndində yerləşən 2,6914 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Həmçinin İddiaçı və X8 adlarına (həmçinin gidər ailə üzvləri ilə birlikdə ümumi birgə payda) Biləsuvar rayonu, Günəşli kəndində yerləşən 0,45 hektar yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-24A nömrəli 2005-ci il tarixli şəhadətnamə verilmişdir. X5 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının xx.xx.2025-ci il tarixdən Xətai rayonu, ünvan 1 ünvanına daimi qeydiyyata düşməklə mənzil şəraitini süni surətdə pisləşdirməsi səbəbindən, habelə son beş il ərzində Bakı şəhərində pasport qeydiyyatına alınmaqla yaşamaq barədə qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçının müraciətindən imtina edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə onun mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçının mənzil uçotuna götürülməsi üçün cavabdeh tərəfindən müvafiq inzibati akt qəbul edilməlidir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdeh isə iddiaçının tələbindən imtina etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1). Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir (48.2). Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) (50.1.).Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (51.7). Hal-hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 5-ci bəndində göstərilmişdir ki, aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, müəyyən kateqoriya vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilərək müvafiq icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciətləri əsasında mənzil uçotuna götürülə bilərlər. Yaşayış sahəsinə ehtiyacı olan şəxslər yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanlarına və ya bələdiyyələr tərəfindən mənzil uçotuna götürülürlər. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamında göstərilmişdir ki:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. İlk öncə qeyd edilməlidir ki, mənzil uçotuna götürülmək üçün yaşayış sahəsinə ehtiyacı olan şəxslər müvafiq yerli icra hakimiyyətinə müraciət edirlər. Qanunvericilikdə belə şəxslər dairəsi konkret olaraq göstərilmişdir. Nəzərə alınmalıdır ki, şəhid ailələri üçün əlavə xüsusi sosial müdafiə mexanizmləri var və digər kateqoriya şəxslərə nəzərən şəhid ailələri barəsində daha xüsusi rejim müəyyən edilməlidir. Belə sosial müdafiə vasitələrindən biri də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamıdır və orada qeyd edilən xüsusatlar öz əksini tapmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək Biləsuvar rayon Günəş kəndində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 2 ünvanında, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Biləsuvar rayon Günəş kəndində, xx.xx.2025-ci il tarixdən hal-hazırədək Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Sonuncu mənzil başqa bir şəxsin mülkiyyətindədir və həmin şəxs iddiaçının sözügedən mənzilə qeydiyyata alınmasına razılıq vermişdir. İddiaçı arvadı və qızı ilə birlikdə həmin mənzildə qeydiyyatdadır. İddiaçı şəhid atası olmasına əsaslanaraq başqa bir yaşayış yeri olmadığı üçün onun güzəştli şərtlərlə mənzil növbəsinə alınmasını xahiş etmişdir. Cavabdeh isə onun başqa ünvana qeydiyyata düşməklə mənzil şəraitini süni surətdə pisləşdirməsi səbəbindən müraciətindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxsdir. Onun ailə üzvləri ilə birlikə paylı mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Aydın məsələdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələri kənd təsərrüfatı fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulur. Yəni kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatından başqa şəkildə istifadə edilməsinə qanunvericilik yol vermir. Digər tərəfdən, onların paylı mülkiyyətində yaşayış məntəqələri təyinatlı torpaq sahəsi mövcuddur, lakin həmin torpaq sahəsində hər hansı fərdi yaşayış evinin mövcudluğu, habelə yaşayış üçün əlverişli şəraitin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3). Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının başqa bir ünvanda qeydiyyata düşməsini mənzil şəraitini süni şəkildə pisləşdirmək ilə əlaqələndirsə də, istinad etdiyi halı sübut etdə bilməmişdir. Qeyd edilməlidir ki, iddiaçı isə şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxsdir. Bu isə onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil uçotuna götürülməsinə əsas verir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli və iddiaçının güzəştli mənzil növbəsinə qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı güzəştli mənzil növbəsinə qeydiyyata alınması barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar