Məhkəmə qərarları › İş №2-1(112)-12244/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12244/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12244/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, №14/15 saylı qərarın ləğv olunması barədə qərarın ləğv edilməsini tələb etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 498 saylı Sərəncamı ilə iddiaçıya Sulutəpə yaşayış massivindən fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m. torpaq sahəsi ayrılmış və inşaat işlərinin aparılmasına icazə verilmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, №14/15 saylı qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsi ünvanında faktiki yaşayan vətəndaş İddiaçı cəmi 999,0 manat məbləğində Xocasən bələdiyyəsinin büdcəsinə vergi borcunun təmin etmək məqsədi ilə AR Ədliyyə Nazirliyi Binəqədi rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, №14/15 saylı qərarından onun ümumiyyətlə məlumatı olmamış, həmin qərar onun iştirakı olmadan qəbul edilməklə yanaşı, surəti rəsmi qaydada da təqdim edilməmişdir. xx.xx.2023-cii il tarixdə e-icra vasitəsi ilə ona Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə çağrılmağı barədə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsində olduğu zaman Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, №14/15 saylı qərarının mövcudluğundan məlumat əldə etmiş və həmin qərarı xx.xx.2023-cii il tarixdə icra məmurundan əldə etmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, №14/15 saylı qərarı əsaslandırılmamışdır. Belə ki, həmin qərarda ona borc məbləğinin hansı maddi normaya əsasən, hansı müddətdən və hansı qaydada hesablanması göstərilməmişdir. Həmçinin qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 498 saylı Sərəncamı ilə ona ayrılmış torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda isə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ona borc məbləğinin müəyyən edilməsi barədə qərar qəbul edilməsi də qanunaziddir.

3. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 498 nömrəli sərəmcamı ilə iddiaçıya Sulutəpə yaşayış massivindən fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m. torpaq sahəsi ayrılmış və inşaat işlərinin aparılmasına icazə verilmişdir.

4. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən vətəndaş İddiaçı barəsində torpaq və əmlak vergi borcunun ödənilməsinə dair qəbul edilmiş 14/15 saylı xx.xx.2023-cü il tarixli qərar (inzibati akt), tədiyyə bildirişi və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktub məhkəməyə təqdim edilmişdir.

5. Cavabdeh 14/15 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, “Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsi” mövcud qanunvericiliyə uyğun olaraq bələdiyyə ərazisində bələdiyyə gəlirlərinin müəyyənləşdirilməsi istiqamətində müşahidələr və təhlillər aparır. Şöbənin fəaliyyətində tələb olunan işlərin vaxtında və lazımı səviyyədə görülməsi qarşıda duran əsas məsələlərdən biridir. Vergitutma obyektlərinin maksimum müəyyən edilməsi, vergi uçotunun tam formada reallaşdırılması, müvafiq vergi və ödənişlərin aidiyyatı üzrə vaxtında hesablanılıb bələdiyyə büdcəsinə ödənilməsinin təmin olunmasından ibarətdir. Bələdiyyə ərazisində vergi ödəyicilərinə vaxtında tədiyyə bildirişləri paylanmasına baxmayaraq vergi daxilolmalarında gecikdirmələrlə yanaşı, vergidən yayınma halları da mövcuddur. Tərəfimizdən vergi ödəmələrini gecikdirən şəxslərə xəbərdarlıq məktubları da göndərilmiş və onlardan vergiləri vaxtında ödəmələri tələb olunmuşdur. Bu kimi tədbirlərin görülməsinə baxmayaraq hələ də vergi borclarını ödəməyən şəxslər vardır. Belə şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun ciddi tədbirlərin görülməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Konstitusiyasının 150-ci məddəsinin 2-ci bəndinə əsasən Bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir. Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə müvafiq olaraq bələdiyyələr inzibati orqan hesab edilir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədləri sayılır. Bu hüquq və səlahiyyətlərimizdən istifadə edərək həmin şəxslər barədə müvafiq inzibati aktın qəbul edilməsi vacibdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən Bakı şəhəri, Cavabdeh inzibati ərazisi olan Sulutəpə qəsəbəsi ünvanında faktiki yaşayan vətəndaş İddiaçı cəmi olaraq 999.0 (doqquz yüz doxsan doqquz) manat məbləğində Xocasən bələdiyyəsinin büdcəsinə vergi borcunun ödənilməsinin təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Binəqədi rayon İcra şöbəsinə göndərilməsi, Xocasən bələdiyyəsinin ərazisində olan vergi ödəyicilərin vegi ödəmələrindən yayınan şəxslər barədə müvafiq inzibati akt tərtib edilməsi, qanunamüvafiq hazırlanmış inzibati aktlara nəzarət Hüquqşünasa həvalə edilməsi qərara alınmışdır.”

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. İddianın növü mübahisələndirməyə dair iddiadır.

9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

10. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

12. Odur ki, Xocasən bələdiyyəsinin mübahisələndirilən qərarı qeyd edilən əlamətlərə malik olduğundan inzibati aktdır və hazırki iddia mübahisələndirməyə dair iddiadır.

13. Həmin qərarın iddiaçıya cavabdeh qurum tərəfindən nə vaxt təqdim edildiyi, ümumiyyətlə iddiaçının inzibati icraata cəlb edildiyi müəyyən edilmir.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Məhkəmə ilk olaraq qeyd edir ki, mübahisələndirilən qərar qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmuşdur.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

17. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

18. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qurum tərəfindən qəbul edilən qərar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olmadığından iddia təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməlidir.

19. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçıya torpaq və əmlak vergisinin necə hesablandığı aydın deyil.

20. Vergi Məcəlləsinin: 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Fiziki şəxsin xüsusi mülkiyyətində olan Yaşayış məntəqələri yaşayış və qeyri-yaşayış sahələri (manatla) Bakı 0,4 200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 200.6. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.

204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. 206.3-cü maddəyə əsasən torpaq sahəsinin hər 100 kvadratmetrinə görə həmin maddədəki cədvəldə göstərilin göstəricilərə müvafiq olaraq yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlara görə 10000 m²dək olduqda 0,6 manat ödənilir.

21. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan bina evi deyil, fərdi yaşayış evidir. Vergi Məcəlləsinə əsasən, fiziki şəxslər binalara görə əmlak vergisini ödəyirlər. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış sahəsi 149,22 kv.m. (yəni ən yaxşı halda 30 kv.m.-dən yuxarı olan vergitutma obyekti 119,22 kv.m-dir), istifadəsində olan torpaq sahəsinin ölçüsü isə 600 kv.m. olduğu halda Vergi Məcəlləsində qeyd edilən əmsallar tətbiq edildiyi halda (198.1.1. və 206.3-cü maddələr), torpaq sahəsinə və əmlaka görə 999.0 manat vergi borcunun necə yarandığı və hansı dövrü əhatə etdiyi aydın deyil.

22. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, №14/15 saylı qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar