Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12245/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və dəymiş zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əsaslı şikayətini tam araşdırmaqdan əsasız olaraq imtina etdiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını və dəymiş 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 28 oktyabr 2022-ci il tarixinə ünvan 1 ünvanında yerləşən "xxxx" şadlıq evinin inzibatçısı İmdat adlı şəxslə həmin şadlıq sarayının “Xan" zalında toy mərasimi razlaşdırılmışdır. Razlaşmaya görə menyuda qeyd edilən Qəlyanaltı, İsti yeməklər, İçkilər, Təbii şirələr və Desert toya dəvət olunmuş qonaqlara limitsiz olaraq verilməli idi. Bunun əvəzində iddiaçı şadlıq evinə hər adam başına 45 azn (musiqi ansanbılı, müğənnilər, zalın bəzədilməsi, divikom çəkiliş və bəy gəlin maşını daxil olmamaqla) pul ödəməyi öz üzərinə götürmüşdür. Toya bir gün qalmış məlum oldu ki, əlavə olaraq musiqiçilər və furşet masası üçün də əlavə olaraq 900 manat, qonaqların sayı 350 adamdan az olduğuna görə hər adam başına 47 manat azn (müğənnilər, zalın bəzədilməsi, divikom çəkiliş və bəy gəlin maşını daxil olmamaqla) ödəmək lazımdır. Buna da razı oldu. Toy zamanı məlum oldu ki, bu işdə cavabdeh olan şəxs İmdat nəinki menyuda qeyd edilən yeməkləri limitsiz verir, heç menyuda qeyd edilən yeməkləri belə vermir. Xidmətin çox zəif olmasınını üstünün açılmasına səbəb 11-ci masada oturan qonaqlardan gələn şikayət oldu. Bundan sonra nəzarəti gücləndirib bütün stollardan hansı yeməklərin verilib-verilməməsini soruşdu. Məlum oldu ki, menyuda qeyd edilən quzu qolu, bel tini, göbələk, külləmə kartof, balıq kababı və aş qara qonaqlara təqdim edilmir, təqdim edilsə də, pərakəndə şəkildə çox az miqdarda verilibdir. Zalda birinci masada AMEA-nın Coğrafiya insitutunun əməkdaşlar oturmuşdular. Şəxsən özü ofisiantdan heç olmasa bu stola balıq kababının verilməsini xahiş etmişdir. Ofisiant mətbəxdən ona balıq kababının verilmədiyini bildirdi. Baxmayaraq ki, menyuda balıq kababı nəzərdə tutulmuşdur. Bu çatışmamazlıqlar barədə dəfələrlə İmdata xəbərdarlıq etsə də, heç bir müsbət nəticə əldə edə bilmədi. O da ona sonda nəzərdə tutulmuş pulu ona ödəməyəcəyini bildirdi. İmdat isə istədiyi pulu alacağını, əgər pul ödənməyəcəksə, video diski pozmaqla onu təhdit etdi. İmdatdan “nə üçün menyuda nəzərdə tutulmuş yeməkləri vermədin” sualına “əcəb etdim, vermədim” deyərək cavab verdi. O, isə bu özbaşınalıq barəsində hüquq mühafizə və digər nəzarətçi dövlət qurumlarına müraciət edəcəyini bildirdi. Buna görə də xx.xx.2022-ci il tarixində AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) zəng edərək, 28 oktyabır 2022-ci il tarixinədək, ünvan 1 ünvanında yerləşən "xxxx" şadlıq evində neçə adamın əmək müqaviləsi ilə işlədiyini və ziyavət zamanı nəğd şəkildə ödədiyi 14350 (on dörd min üç yüz əlli) manat pul vəsaitinin kassa qəbzinin ona nə üçün təqdim edilməməsinin araşdırılması üçün şadlıq evində yoxlamanın aparılmasını xahiş etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) eyni məzmunlu çox saylı əsaslı şikayətlərinə baxmayaraq şikayəti cavabdeh tərəfindən tam araşdırılmamış, şablon cavab verməklə kifayətlənmişdirlər. Cavabdehin yalnız 29 mart 2023-cü it tarixli **********227200№-li məktubunda, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində, AR Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi və tədbirin nəticəsi olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10cu maddəsinə əsasən cəmiyyətə 16000 (on altı min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edildiyi qeyd edilsədə, bu maliyyə sanksiyasını təsdiq edəcək nə Aktın surətini, nə də ki bu vəsaitin dövlət büdcəsinə ödənilməsini təsdiq edən heç bir sənəd onun ünvanına göndərilməmişdir. Eyni zamanda hesab edir ki, bu maliyyə sanksiyası bu cəmiyyət üçün kifayət qədər azdır. Çünki həmin şadlıq evinin 4 iri zalının olmasını nəzərə alsaq onda bu şadlıq evində ümumi işləyən personalın sayı 150 nəfərdən az olmamalıdır. Buna görə də həmin şadlıq evində 8 nəfərin əmək müqaviləsiz işləməsi barədə Akt tərtib edilməsi ağlabatan deyil. 28 oktyabr 2023-cü il tarixinədək "xxxx" şadlıq evi ilə neçə nəfər işçinin əmək müqaviləsi bağladığı faktı cavabdeh tərəfindən obyektiv araşdırılsaydı bütün həqiqətlər ortaya çıxmış olardı. Dövlət qurumu olaraq ən azından, dövlətin iqtisadi maraqlarını təmin etmək məqsədi ilə şikayəti cavabdeh tərəfindən dərhal nəzarətə götürülməli və lazımı tədbirlər görülməli idi. Çox heyif ki, bu məsələdə cavabdeh qurum olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun əsaslı şikayətinin araşdırılmasında maraqlı olmamışdır. Bununla da cavabdeh tərəfindən dövlət büdcəsinə əlavə olaraq küllü miqdarda, ən azı 200000 (iki yüz min) manat vəsaitin daxil olmasının qarşısı alınmışdır. Bu faktın özü çox qaranlıq məqamlardan xəbər verir. Hesab edir ki, cavabdehin bu qanunsuz hərəkəti nəticəsində ona da 15000 (on beş min) manat dəyərində mənəvi ziyan dəyibdir.
3. Cavabdehin iddianın mümkünsüz hesab olunmasına dair vəsatətində qeyd edilmişdir ki, cavabdeh aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia mümkünsüz hesab edilməlidir. Mənəvi ziyanın ödənilməsi tələbi kimi iddia tələbi ola bilməz və məhkəmənin baxdığı işlərin dairəsində belə iddia növü qeyd olunmamışdır. İddia tələbinin ikinci hissəsi ilə bağlı bildirilir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Qeyd edilənlərə əsasən vergi orqanının hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna hər hansı zərərin dəyməsindən söhbət gedə bilməz. Bunlarla yanaşı, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir.
4. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən, vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırır və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verir. Müraciətinizdə qeyd edilən və vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlər vergi ödəyicilərinin fəaliyyətində aparılacaq növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədilə nəzarətə götürülmüşdür. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.”
5. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “"xxxx" MMC-yə (VÖEN: **********) məxsus obyektdə vergi qanunvericiliyinin pozulması halları barədə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********582600 nömrəli) müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, cəmiyyətə məxsus obyektdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanun pozuntusu faktı aşkar edilərək müvafiq qaydada rəsmiləşdirilmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiz.”
6. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “cəmiyyətə məxsus ünvan 2 ünvanında yerləşən “Sonalar sonası şadlıq evi” adlı obyektdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbiri keçirilmiş və tədbirin nəticəsi olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.”
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
11. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X2rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X3rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
12. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
17. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
18. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
19. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə cavabdehin şikayəti tam araşdırmaqdan əsasız olaraq imtina etdiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını və dəymiş mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı qeyd olunan iddia tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etmək üçün hüquqi marağını, subyektiv hüquqa malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
20. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiadakı cavabdeh qurumun əməkdaşları barədə xüsusi qərar qəbul edilməsi tələbi vəsatət xarakterlidir. Odur ki, iddia mümkün sayılmadığından həmin vəsatətə münasibət bildirilməsi zərurəri yoxdur.
21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva