Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12250/2023 08.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi, əlilliyi olan şəxs statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi, əlilliyi olan şəxs statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 8 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. İddiaçı 2023-cü ilin fevral ayında əlilliyi olan şəxs kimi xüsusi nəqliyyat vasitəsi minik avtomobili əldə etmək üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, 8.05.2023-cü il tarixdə agentlikdə qəbulda olarkən təqdim etdiyi sənədlər əsasında sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən məhdudiyyətlərin olmadığı müəyyən edilmiş və tam reabilitasiya olmağı barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli qərarında qeyd edilmişdir ki, Vətəndaşın avtomobil müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 11/30 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Hər iki budun dəlib-kecən yaralanması (xx.xx.2013) nəticəsində sol bud sümüyünün diafizinin aşağı 1/3-nin çoxqəlpəli, yerdəyişmiş, açıq sınığına görə aparılmış sol bud sümüyünün Q.A.İlizarov üsulu ilə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2013) sonrakı kafi bitişmiş sınığı, sol diz oynağının miogen kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sağ budun aşağı 1/3-nin dəlib-keçən güllə yaralanması (xx.xx.2013) nəticəsində sağ oturaq sinirinin keçirilmiş posttravmatik nevropatiyasından sonrakı cüzi dərəcədə hissiyat pozulması və yüngül dərəcədə əzələ zəifliyi şəklində cüzi qalıq əlamətləri, funksiyanın pozulmaması ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ baldırın əzələ atrofiyası, pəncənin sallanması, sol aşağı ətrafda hipertonus müəyyən edilmişdir. Reflekslər çağrılmamış, yerişi paretikdir, dayaq vasitələrindən istifadə olunmuşdur. Xəstənin hazırkı vəziyyəti sağ aşağı ətrafın üstünlüyü ilə müşayiət olunan aşağı distal paraparez kimi qiymətləndirilmişdir’’ kimi qeyd olunmuş, 2.2.8 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda keyimə və ağrı hissindən şikayətlənmiş, yeriyiş pozğunluğunu simulasiya etmişdir. Müayinə zamanı sol budun orta 1/3-də, sağ budun aşağı 1/3-də çapıq toxumalar, sol bud nahiyəsində “İlizarov” aparatına müvafiq yumşaq toxuma çapığı izlənilmiş, hərəkətlər sərbəst və ağrılı müşahidə edilmişdir. Nevroloji baxış zamanı əzələ gücü və tonus normal ,aşağı ətraflarda reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, bütün motor hərəkətlər sərbəst qeydə alınmışdır. Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/11629 nömrəli Arayışında diaqnoz “Odlu silah yaralanması. Hər iki budların orta 1/3-nin qüllə yaralanmasından sonrakı vəziyyət. Sol bud sümüyünün kobud döyənəkli bitişmiş sınığı, və cərrahi əməliyyatından sonrakı vəziyyət. Hər iki budların orta 1/3-nin kobud çapıqları. Sol diz oynağında posttravmatik ağrı. kontrakturası hərəkət məhdudluğu ilə. Yerişin pozulması" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının ona əlilliyin təyinindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq (əvvəlki İİ dərəcəli əlilliyə uyğun olaraq) 61-80 faiz arasında əlilliyi olan şəxs statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, Agentliyə nəqliyyat vasitəsi verilməsi üçün müraciət edərkən heç bir əyani müayinə keçirilmədi. Daha sonra 2023-cü ilin may ayında pensiyanın dayandırıldığı ona məlum oldu. DOST mərkəzinə müraciət edərək pensiyanın hansı səbəbdən dayandırıldığını öyrənmək istəsə də, ona heç bir məlumat verilmədi. O, Agentlikdə heç bir əyani müayinədə olmamış, barəsində TSEK heç bir əyani müayinə və ya yoxlanış həyata keçirməmişdir. Eləcə də həmin dövrdən sonra əlilliyi ilə bağlı səhhətində hər hansı dəyişiklik olmamamışdır və hələ də aldığı güllə yaralarından əziyyət çəkir. Hətta 2022-ci ildə ona əlillik statusu verilən zaman müəyyən edilmiş diaqnozda göstərilən xəstəliklər əlillik statusu təyin edildikdən sonra qəbul olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının 6.2.1-ci, 6.8-ci, 6.6.3-cü və digər bəndlərinə uyğun gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Cavabdeh təşkilat Qaydaların göstərilən bəndinin tələblərini pozaraq heç bir əsaslı sübutlar olmadan və əyani müayinə keçirilmədən qərar qəbul etmişdir. Göründüyü kimi xüsusi nəqliyyat vasitəsi almaq üçün növbəyə götürülməyinə görə müraciətinə cavab olaraq cavabdeh qərəzli olaraq ona təyin edilmiş pensiyanı dayandırmışdır. 10 ildir ki, fasiləsiz olaraq əlillik statusu olan, eləcə də əlilliyə görə əmək pensiyası alan və sonuncu dəfə 2022-ci ildə müayinədən keçərək yenidən 5 il müddətinə, yəni 5.11.2026-cı il tarixinədək əlillik təyin edilən şəxsin qısa bir müddət ərzində sağalması və əlilliyinə xitam verilməsi mümkün deyil. Bütün bunlar cavabdehin ona təyin edilmiş edilmiş əlillik statusunun və nəticədə əlilliyə görə əmək pensiyanın qərəzli olaraq dayandırdığını sübut edir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda əlilliyin qiymətləndirilməsi qaydaları sadalanmış, lakin etiraz əsaslandırılmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçını tam reabilitasiya olunması barədə cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə əlilliyi dayandırılmış, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia verməklə iddia müddətinə də riayət etmişdir. Belə ki, həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə cavabdeh sübut təqdim edə bilməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı 2023-cü ilin fevral ayında əlilliyi olan şəxs kimi xüsusi nəqliyyat vasitəsi minik avtomobili əldə etmək üçün cavabdehə müraciət etmiş və cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi, iddiaçının sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən məhdudiyyətlərin olmaması və tam reabilitasiya olması əsası barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və ona təyin edilmiş əlilliyin bərpa edilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin, iddiaçının əlillik təyinatına əsas verən məhdudiyyətlərin olmaması və tam reabilitasiya olması barədə gəldiyi nəticə əsassızdır. Belə ki, qeyd edilən halların araşdırılması xüsusi bilik tələb etdiyindən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizasının keçirilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 4764 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “İddiaçı adına X5 tərtib edilmiş 7815 saylı xəstəlik tarixinin çıxarışına əsasən o, 25.09-xx.xx.2023-cü il tarixlərdə Mərkəzdə “G57.0; G57.2- Odlu silah yaralanması nəticəsində oturaq sinirin, femoral sinirin neyropatiyası. G82- Sağ pəncənin parezi. R26.8-Sərbəst gəzmənin çətinləşməsi.Y36.4-Sağ budun ortaaşağı 1/3-nin iç-arxa səthinin kobud dartıcı çapıq toxuması. L90.5; S72.3; M24.5; M 17.5- Sol bud sümüyünün orta-aşağı 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, hər iki diz oynağının açıcı kontrakturası (solda bükmə-1 OOdər, sağda- 90dər.), sol diz oynağının qonartrozu. M62.5; R52.2; F44.0- Əzələ atrofiyası. Daimi ağrı sindromu, yerişin mühüm dərəcədə pozulması. Nevrotik reaksiya.” diaqnozu ilə müayinəyə müalicədə olmuşdur. Qeyd edilən xəstəliklər 2749003AAEUL nömrəli, xx.xx.2021-ci il tarixli Forma 88 arayışında və olan xəstəliklərlə ümumən eynidir və MN MHHK-nın 8828 saylı şəhadətnaməsinə əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İddiaçı xx.xx.2015, xx.xx.2016 və xx.xx.2021-ci il tarixlərdə əlillik təyin olunarkən onun əlillik dərəcəsinin təyin olunduğu diaqnozu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik dərəcəsinin qiymətləndirilməsi üçün təqdim edilmiş tibbi sənədlərdə (həmçinin xx.xx.2023cü il tarixli Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu PHŞ-in arayışında) qeyd olunan xəstəlik diaqnozu arasında elə bir əsaslı fərq yoxdur. İddiaçı X5 müəyyən edilmiş diaqnozla əlaqədar hazırda müalicəyə ehtiyac yoxdur, belə ki, xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən 1 (bir) həftə əvvəl həmin Mərkəzdə müayinə və müalicədə olmuşdur. Xəstəliklər xroniki olduğundan tam reabilitasiya olunmurlar”. Göründüyü kimi, ekspert rəyinə əsasən iddiaçıda olan xəstəliklər MN MHHK-nın 8828 saylı şəhadətnaməsində göstərilən və ona, xx.xx.2015, xx.xx.2016 və xx.xx.2021-ci il tarixlərdə əlillik təyin olunarkən onun əlillik dərəcəsinin təyin olunduğu diaqnozla eynidir. Həmçinin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçıda olan xəstəliklər xroniki olduğundan tam reabilitasiya olunmur. Göründüyü kimi, cavabdehin iddiaçının tam reabilitasiya olunması barədə gəldiyi nəticə öz təsdiqini tapmır. Məhkəmə həmçinin qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə ona əlillik təyin edilməsinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olardı. Cavabdeh də iddiaçının əlilliyinin təyini ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmiş, əksinə xx.xx.2021ci il tarixdə əlilliyin təyini barədə qərar qəbul etmiş və xx.xx.2026-cı il tarixli növbəti müayinə tarixi olaraq göstərmişdir. Bu isə o deməkdir ki, iddiaçının reabilitasiya olubolmamasından asılı olmayaraq, xx.xx.2021-ci il tarixli qərarla onun əlilliyinin təyini həyata keçirilmişdir ki, iddiaçı həmin qərarın qəbul edilməsində qanunsuz müdaxiləyə yol verməmişsə və etimadın qorunması hüququna istinadı istisna edən konkret hallar yoxdursa, heç bir əsas olmadan onun əlilliyinin ləğv edilməsinə dair inzibati icraatın başlanması və həmin inzibati icraat nəticəsində əlilliyin ləğv edilməsinin əsası yoxdur. İşin hallarınmdan müəyyən edilir ki, iddiaçının əlilliyinin ləğvinə əsas olmuş inzibati araşdırmanın ümumiyyətlə əlilliyin təyini və ləğvi məsələsinə də aidiyyəti olmamışdır. Belə ki, iddiaçının müraciəti ona əlil kimi avtonəqliyyat vasitəsi ilə təmin edilməsi ilə bağlı olmuşdur. Cavabdehin də aparmalı olduğu inzibati icraat bununla əlaqədar olmalı idi. Cavabdeh isə nəinki iddiaçının müraciətinə dair imtinaedici qərar qəbul etmiş, hətta inzibati icraatın predmetindən kənara çıxaraq həmin icraatla bağlı olmayan, iddiaçının vəziyyətini ağırlaşdıran digər bir qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçının müraciəti avtonəqliyyat vasitəsinin verilməsi ilə bağlı olmuş, cavabdeh həm həmin vasitənin verilməsindən imtina etmiş, həm də özünün xx.xx.2021-ci il tarixli qərarında növbəti müayinə tarixinin müəyyən edilməsinə əhəmiyyət vermədən, iddiaçının müraciəti əsasında onun vəziyyətini daha da ağırlaşdıran qərar qəbul etməklə inzibati icraat aparmışdır. Halbuki qərarda növbəti müayinə tarixi konkret olaraq göstərilmişdir. Qeyd edilməlidir ki, həmin müayinə tarixi iddiaçıya növbəti əlillik təyin edilməsinə əsas verən halların olub-olmamasının həmin tarixdə yoxlanılmasına xidmət edir. Bu tarix ərzində əlilliyin təyininə əsas olan xəstəliyin sağalması hər bir halda həmin tarix çatanadək əlilliyin ləğvi ilə nəticələnmir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və etimadın qorunmasına istinadı istisna edən digər hərəkətlərə yol verməmişdirsə, onun 2026-cı ilin yanvar ayına kimi səhhətində baş verən yaxşılaşmalar əlilliyin ləğvinə əsas yaratmır. Əks halda, 5 illik növbəti müayinə tarixinin təyin edilməsinə zərurət yaranmazdı ki, həmin müddətin qoyulması da məhz əlillərin qısa müddətlər ərzində inzibati icraata cəlb edilməsinin qarşısının alınmasına xidmət edir. Göründüyü kimi, cavabdeh iddiaçının reabilitasiya olunmasına istinad edərək, əsassız olaraq 5 illik müddəti gözləmədən iddiaçıya təyin edilmiş əlilliyi ləğv etmiş, inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq (əvvəlki İİ dərəcəli əlilliyə uyğun olaraq) 61-80 faiz arasında əlilliyi olan şəxs statusunun bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-12250/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12250/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver