Məhkəmə qərarları › İş №2-1(112)-12254/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12254/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12254/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin ediməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bir növdən başqa növə keçirilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona təyin olunmuş yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxtdan mərhum həyat yoldaşı X1 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməklə təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1960-cı il tarixində anadan olmuşdur. Həkim işləmiş, hazırda yaşa görə əmək pensiyasına çıxmışdır. Mərhum əri X4 16 il 10 ay 26 gün hakim vəzifəsində çalışmışdır. Onun 09 mart 2023-cü il tarixdə əmək pensiyası hüququ yaranmışdır. Həmin tarixdən ona yaşa ögrə əmək pensiyası təyin edilmişdir. O, hüquqi biliyi olmadığından elə həmin vaxt yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsi ilə bağlı müraciət etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən əmək pensiyaçısının əmək pensiyasını bir növdən başqa növə keçirmək hüququ vardır. O, bununla bağlı cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən 20 iyun 2023-cü il tarixli 3-A- 1/2H-140050/2023 saylı məktubla imtina edilərək, ailə başçısını itirməyə görə əmək pensiyasının 02 may 2023-cü il tarixdən hesablanacağı bildirilmişdir. Halbuki, o, qanunvericiliyin tələblərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasını onu almaq hüququ yarandığı vaxtdan almaq hüququna malikdir. Cavabdehin imtinasını qanunsuz hesab edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona hüququnun yarandığı vaxtdan mərhum həyat yoldaşı X1 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı 01 may 2023-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qeyd edirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Resublikası Qanununun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün süzügedən Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Bununla əlaqədar iddiaçıya ümumi əsaslarla təyin edilmiş yaşa görə əmək pensiyası 01 iyun 2023-cü il tarixdən dayandırılaraq 2 may 2023-cü il tarixdən hesablanmaqla sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1 -ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 1.1. 18 yaşına çatmamış; 1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yasına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qeyd edirlər ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati oraqana müraciət edərək, pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X2 vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1118,25 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 621,25 manat olmaqla orta aylıq əmək haqqısı 4224,50 manat təşkil edib. Bununla əlaqədar mərhuma ödənilməli olan şərti əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 10 ay 26 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (4224,50 manat) 80 faizi- 3379,60 manat məbləğində müəyyən edilib. Həmin Qanunun 20.7-1-ci maddəsinə əsasən əmək pensiyasının mərhuma ödənilməli olan şərti əmək pensiyasının (3379,60 manat) 80 faizi-2703,68 manat məbləğində müəyyən edilərək iddiaçının müvafiq kart hesabına köçürülür. Bundan sonra iddiaçı Ə.Hacıveva məhkəməyə təqdim etdiyi iddia ərizəsində ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının yasa görə əmək pensiyası hüququnun yarandığı tarixdən təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edirlər ki, İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən 280 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İnzibati orqana edilmiş xx.xx.2023-cü il tarixli rəsmi müraciətinin nəticəsi kimi ümumi əsaslarla təyin edilmiş pensiya xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Eyni zamanda, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. İş materiallarından da aydın olduğu kimi, iddiçıya xx.xx.2023-cü il tarixdən avtomatlaşdırılmış qaydada pensiya təyin edilmiş, rəsmi müraciəti əsasında, eyni zamanda qanunvericiliyin tələbləri nəzərə alınaraq ailə başçısını itirməyə görə pensiya növünə keçirilmişdir. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən hesablanaraq aparılır. Yuxarıda da, qeyd edildiyi kimi, hazırki iş üzrə iddiaçıya ailə başçısını itirməyə görə pensiya, müraciət etdiyi tarixdən hesablanaraq ödənilmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməisi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 20 iyun 2023cü il tarixli 3-17-1/2H-140056/2023 nömrəli məktubla imtina edilmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya məxsus pensiya işinin və onun müraciətləri ilə əlaqədar aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

17. Belə ki, məhkəmə ilk öncə qanunvericiliyin aşağıda göstərilən normalarını qeyd etməyi zəruri hesab edir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4.1-ci yarımbəndinə əsasən Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5-ci maddəsinin 5.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 5-ci maddəsinin 5.3-cü yarımbəndinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Məcəllənin 14-cü maddəsinin 14.1-ci yarımbəndinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Məcəllənin 17-ci maddəsinin 17.1-ci yarımbəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Məcəllənin 18-ci maddəsinin 18.2-ci yarımbəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Həmin Məcəllənin 18-ci maddəsinin 18.3-cü yarımbəndinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Həmin Qanunun 34-cü maddəsinin 34.1-ci yarımbəndinə əsasən əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Həmin Qanunun 34-cü maddəsinin 34.2-ci yarımbəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Həmin Qanunun 32.1-ci maddəsinin 32.1-1-ci yarımbəndinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 2.2-ci bəndinə əsasən Bu Qaydanın 2.1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – “DOST” mərkəzi) bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9-cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur. ... Həmin Qaydanın 3.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi ilə bağlı müraciətə Fondun aidiyyəti struktur bölməsində baxılır. Həmin Qaydanın 3.2-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, müraciətdə qeyd olunmuş əlaqə vasitələrindən birinə onun daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində bu Qaydaya 4 nömrəli Əlavə ilə müəyyən edilmiş formada həmin çatışmazlıqların aradan qaldırılması müddəti göstərilməklə bu Qaydaya uyğun olaraq bu barədə bildiriş göndərilir. Bu zaman pensiyanın təyin edilməsi ilə bağlı müddət axımı dayanır. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətdə qeyd olunmuş ünvana poçt vasitəsilə, yaxud MEİS-dən olan əlaqə vasitələrindən (elektron poçt ünvanı və ya sms vasitəsilə) birinə məlumat göndərilməsi şərtilə müraciət edən şəxsin əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi ilə bağlı müraciətinə yenidən baxılır, bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq hüququnun yarandığı tarixdən pensiya təyin edilir. Həmin Qaydanın 5.1-ci yarımbəndinə əsasən yaşa görə əmək pensiyası Qanunun İİ fəslinə, əlilliyə görə əmək pensiyası Qanunun İİİ fəslinə, ailə başçısını itirməyə görə əmək pensiyası isə Qanunun İV fəslinə uyğun olaraq təyin edilir. Həmin Qaydanın 5.4-cü yarımbəndinə əsasən qanunun 14.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, sosial müavinət alan şəxslərin əmək pensiyası hüququ yarandıqda, əmək pensiyası şəxsin əmək pensiyası hüququ yarandığı tarixdən hesablanmaqla Qanunun 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilir. Həmin Qaydanın 6.4-cü yarımbəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.

20. Beləliklə yuxarıda qeyd edilən qanunvericiliyin normalarından göründüyü kimi, əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmiş və Azərbaycan Respublikasının qanunları ilə pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilməsi hüququ verilmişdir. Eləcə də, qanunverilikdə əmək pensiyasının onu almaq hüququnun yarandığı gündən təyin edilməsi təsbit edilmişdir.

21. Hazırki işin hallarından göründüyü kimi, iddiaçının hər iki növ (yaşa görə və ailə başçısını itirməyə görə) əmək pensiyasını almaq hüququ eyni vaxtda yaranmasına baxmayaraq, cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi bildirilmişdir. Lakin, iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciəti, ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar və hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən ona yaşa görə əmək pensiyası məbləğinin ödənilməsini təsdiq edən sənədlərin olması müəyyən edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə yalnız xx.xx.2023-cü il tarixədək etibarlı olmuş iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini təsdiq edən pensiya haqqında arayış təqdim edilmişdir. İddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə əmək pensiyasının bir növdən başa növə keçirilməsi barədə ərizə ilə deyil, hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi barədə ərizə ilə müraciət edərək ona ilə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında ona müraciət etdiyi həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.

22. Məhkəmə hazırki işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının hər iki növ (yaşa görə və ailə başçısını itirməyə görə) əmək pensiyasını almaq hüququ eyni vaxtda yarandığından, Azərbaycan Respublikasının qanunları ilə pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilməsi hüququ verildiyindən və əmək pensiyası onu almaq hüququ yarandığı gündən təyin edilməli olduğundan, eləcə də, iş materiallarında iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciəti, ona cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar aşkar edilmədiyindən və ona xx.xx.2023-cü il tarixdən təyin edildiyi bildirilən yaşa görə əmək pensiyası məbləğinin həmin tarixdən etibarən ödənilməsi müəyyən edilmədiyindən, iş materiallarında yalnız iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023cü il tarixli ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə ərizənin olması müəyyən edildiyindən, hazırki halda iddiaçının müraciəti əmək pensiyasının bir növdən digər növə keçirilməsi kimi qiymətləndirilə bilməz.

23. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə ona hüququ yarandığı tarixdən (xx.xx.2023) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməli və ödənilməmiş pensiya məbləği ona ödənilməlidir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

25. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

26. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

27. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

28. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

30. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar