Məhkəmə qərarları › İş №2-1(112)-12257/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12257/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12257/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı “qərarın ləğv edilməsi və piket keçirilməsinə icazə verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin qəbul etdiyi qərarın ləğv edilməsi və iddiaçının piket keçirməsinə icazə verilməsinə dair inzibatı akt qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində və onun ətraf ərazisində avtomobil tıxaclarının dözülməz həddə gəlməsi ilə bağlı 10 iyul 2023-cü il tarixdə Nazirlər Kabineti binasının qarşısında piket keçirmək üçün 1 iyul 2023-cü ildə Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdir. Müraciətdə deyilir: “X1 haqqında Azərbaycan Respublikası Konstitusiyasının 47 və 49-cu maddələri ilə nəzərdə tutulmuş və “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 1-5-ci və digər müvafiq maddələri ilə verilmiş hüquqlardan istifadə etməklə, 10 iyul 2023-cü il tarixdə saat 15:00-dan 16:00-dək Bakı şəhəri, Lermontov küçəsi 68-də, Nazirlər Kabinetinin qarşısında, 50 metr məsafədə “Tıxaclara son qoyulsun”, “Sürücülərə və sərnişinlərə hörmətsizliyə son”, “Sürücülərə yaşıl işıq” şüarları ilə etiraz piketi keçirməyi planlaşdırırıq. Etiraz piketində 50 (əlli) nəfərin iştirak edəcəyi nəzərdə tutulur. Bu barədə sizə məlumat verməklə piketin keçirilməsi üçün lazımi şərait yaradılmasını və təhlükəsizliyin təmin edilməsini xahiş edirəm. Etiraz piketinin keçirilməsini zəruri edən halların yaranmasına dair fikirlərimizi onunla əsaslandırırıq ki, son bir neçə il ərzində heç bir köklü, obyektiv səbəblər olmadan yollarda tıxaclar adi hala çevrilmişdir. Son illər bu sahədə - tıxacların birdəfəlik həlli üçün köklü dəyişikliklər aparılmamış və aparılması da gözlənilmir. Azərbaycan Respublikasının dövlət büdcəsindən bu problemin həlli üçün kifayət qədər vəsait ayrılmasına baxmayaraq, problem daimi xarakter almış, bununla da sürücülərin, onların ailə üzvlərinin, sərnişinlərin hüquqları pozulmaqda davam edir. 6 iyul 2023-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti iddiaçıya elektron poçt vasitəsi ilə aşağıdakı məzmunda cavab göndərmişdir: “Sizin piket keçirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, toplantı keçirilməsi haqqında müraciətiniz “X1 haqqında “Azərbaycan Respublikası Qanununun 5ci maddəsinin 1 hissəsinin tələblərinə cavab vermir. Yuxarıda qeyd olunanı nəzərə alaraq 10 iyul 2023-cü il tarixdə planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik.” Bakı şəhər İcra Hakimiyyətinin qəbul etdiyi qərar Azərbaycan Respublikasının Konstitusiyasına və dövlətin götürdüyü beynəlxalq öhdəliklərə ziddir. BŞİH öz qərarının əsası kimi göstərir ki, toplantı keçirməsi haqqında müraciətimiz “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1 hissəsinin tələbinə cavab vermir. “X1 haqqında” Qanunun 5-ci maddəsinin 1-ci bəndində deyilir: “Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.” Müraciətdən də göründüyü kimi, tədbirin yeri və vaxtı konkret göstərilmiş, eləcə də, piket haqqında müraciət Bakı şəhər İcra Hakimiyyətinə 5 iş günü qabaqcadan verilmişdir. Son illərin təcrübəsi göstərir ki, Bakı şəhər İcra Hakimiyyəti kütləvi tədbirlər keçirilməsi haqqında müraciətləri, bir qayda olaraq, təmin etmir və faktiki olaraq Azərbaycanda piket, mitinq keçirilməsinə qadağa qoyulmuşdur. Azərbaycan hökuməti tərəfindən belə diskriminativ davranış Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi, Avropa Konvesiyasının 14-cü maddəsi ilə ziddir. Cavabdeh belə qanunazidd qərarları ilə hökumətin yarıtmaz fəaliyyətini ört-basdır edir, yaranmış problemlərin həlli istiqamətində qəti tədbirlər görülməsinin qarşısını alır, son nəticədə də insanlar süni yaradılmış tıxaclardan mütəmadi həm maddi, həm də mənəvi zərər çəkirlər.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X2rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X3rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

9. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

10. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.1 İnzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2 İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1 Bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

12. İddia ərizəsində iddiaçı, planlaşdırdığı tədbirlə bağlı müraciət etdiyi cavabdeh İcra Hakimiyyətinin cavab məktubunda sonuncunun qaldırılan məsələ ilə mövqeyini həmin tədbirin qadağan edilməsinə yönəlmiş inzibati qərar kimi qiymətləndirmişdir. Belə ki, imtina məktubunun qanunsuz sayılması tələbi irəli sürülmüşdür.

13. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü.

14. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı cavabdehə dinc piket keçirilməsi barədə xəbərdarlıq göndərmiş, həmin xəbərdarlığa cavab olaraq dinc piketə razılıq verilməməsi barədə cavabdeh tərəfindən hər hansı bir inzibati aktın qəbul etməsi barədə sübut inzibati iş materiallarında mövcud deyildir, habelə belə bir inzibati aktın məhkəmə tərəfindən qanunsuz hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, belə bir qərar barədə məlumat verilməmişdir.

15. İddiaçının iddia ərizəsində istinad etdiyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu isə cavabdehin ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi daşıyan və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul etdiyi akt deyildir, eyni zamanda həmin məktub iddiaçı və ya digər şəxslər üçün hüquqi nəticə yaradan sənəd olmamaqla iddiaçının hüquqi statusunu yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malik deyildir.

16. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sənəd (cavabdeh İcra Hakimiyyətinin məktubu) inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə edilə bilməz, bu cür şərh əsassız və qanunsuzdur.

17. “Sərbəst toplaşmaq hüququ haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Hər kəsin başqaları ilə birlikdə X1 Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir, İİ hissəsinə əsasən dövlət X1nın həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Maddə 5. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Maddə 6. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Maddə 7. X1 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər, İİ hissəsinə əsasən bu maddənin İ hissəsində nəzərdə tutulmuş X1nın məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır, İİİ hissəsinə əsasən bu maddənin İ hissəsində nəzərdə tutulmuş X1nın məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır, İV hissəsinə əsasən X1 yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. Maddə 11. Bu Qanunun 7-9-cu maddələrində nəzərdə tutulmuş qərarlardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Şikayətə məhkəmə tərəfindən 2 gün müddətində baxılmalıdır. Məhkəmənin bu cür şikayətlərə dair qərarlarından yuxarı məhkəmələrə şikayət verilə bilər.

18. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Belə ki, iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinə icazə verilməsi”ndən imtina olunması hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola biməz. Ona görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

19. Hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar