Məhkəmə qərarları › İş №2-1(112)-12259/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12259/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12259/2023 27.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X9 və X23 “istifadə hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X10, üçüncü şəxs X2 nümayəndəsi X18, Üçüncü şəxs X19 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X7 və X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “istifadə hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 X13 və qeyrilərinə qarşı bağ icarə müqaviləsinin etibarsız hesab edilməsi, bağdan istifadə hüququnun tanınması və Bağlar İdarəsinin onunla icarə müqaviləsi bağlanmasına dair iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respubikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının xx.xx.2001-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, Bakı şəhəri “Xaşa-xuna” bağ massivində 403 saylı, sahəsi 0,22 hektar olan bağ sahəsinə dair X13 ilə Bakı şəhər Bağlar İdarəsi arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, X2, X14, X3, X4, X8, X11 və İddiaçı həmin bağ sahəsindən bərabər istifadə hüquqlarının tanınması, bağ sahəsinə dair X7 ilə icarə müqaviləsinin bağlanmasının Bakı X12 və İstismarı Birliyinə həvalə edilməsi qət edilmişdir. Qətnamə bağ sahəsinə dair X13 ilə Bakı şəhər Bağlar İdarəsi arasında bağlanmış icarə müqaviləsi etibarsız hesab edilməsi və X7 ilə icarə müqaviləsinin bağlanmasının Bakı X12 və İstismarı Birliyinə həvalə edilməsi hissəsində icra edilərək F.Səlimov ilə X12 və İstismarı Birliyi arasında “bağın icarəyə verilməsinə dair” xx.xx.2001-ci il tarixli 6789 № li müqavilə bağlanmışdır. Bundan sonra həmin bağ sahəsinə dair X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və mülkiyyət hüquqlarına dair Seriya MH, ******* nömrəli, 2.06.2010-cu il tarixli çıxarış verilmişdir. Çıxarışda bağ sahəsinin ünvanı – ünvan 151 ha göstərilmişdir. xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi ev 403 ünvanda yerləşən, ümumi sahəsi 14,6 kv.m olan bir otaqlı bağ evini və 0,08 ha torpaq sahəsini X1. Alqı-satqıdan sonra: Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi 403K saylı bağ sahəsinə dair (sahəsi 0,08 ha) X19 adına 5.03.2016-cı il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi 403 saylı bağ sahəsinə dair (sahəsi 0,133751 ha) X7 adına 5.03.2016-cı il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı, X6, X21 və qeyrilərinə qarşı «qeydiyyatın etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması, naturada ayrılma və istifadəyə maneələrin qadağan edilməsi» tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq İddiaçı Bakı şəhəri Xəzər rayon Xaşa-Xuna bağ massivi 403 saylı bağ sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan manelər qadağan edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X21 qarşı “bağ sahəsindən təyinatına uyğun istifadəyə maneənin cavabdehə və qeyrilərinə qadağan edilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-360/2021 nömrəli iş üzrə, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin iş üzrə icraata xitam verilməsinə əsas, eyni tərəflər arasında bağ sahəsindən təyinatına uyğun istifadəyə maneənin cavabdehə və qeyrilərinə qadağan edilməsinə dair Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli qətnaməsinin olması göstərilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, “Xaşa-xuna” bağ massivində 403 saylı, sahəsi 0,22 hektar olan bağ sahəsinə, məhkəmə qərarı əsasında tanınmış istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasını və buna dair müvafiq çıxarışın verilməsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən (bundan sonra – cavabdeh) xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…iddiaçı tərəfindən göstərilən torpaq sahəsi xx.xx.2001-ci il tarixli, 6789 nömrəli bağın icarəyə verilməsinə dair müqavilə əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bir hissəsi özgəninkiləşdirilmişdir. Odur ki, hüquq sahibi ilə iddiaçı arasında bağlanılmış notarial qaydada təsdiq olunmuş müvafiq müqavilə əsasında torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ qeydiyyata alına bilər. Həmçinin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli və Xəzər Rayon Məhkəməsinin 2(003)-265/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, “Xaşa-xuna” bağ massivində 403 saylı, sahəsi 0,22 hektar olan bağ sahəsinə məhkəmə qərarı əsasında tanınmış daimi istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, həmin qətnamə qanuni qüvvəsini alıb və icra olunaraq bağ sahəsinin icarə müqaviləsi F.Səlimov ilə bağlanıb. F.Səlimov da qanuni istifadədə olan bağ sahələrinin mülkiyyətə verilməsinə dair qəbul edilmiş qanuna əsasən 2012-ci ildə onlardan xəbərsiz bağ sahəsini adına rəsmiləşdirib və özünü bağın yeganə sahibi kimi görərək bağ sahəsinə olan iddiaçının hüquqlarını gözləmədən bağın 0,08 hektarını A.Səfərovaya satıb. Hazırkı cavabdeh isə 403 saylı bağ sahəsinin ona satılmış hissəsinə onun hüquqlarının olduğunu qəbul etməyərək 403 saylı bağdan ona satılmış hissəsinin daş hasarla ayrıldığını və həmin hissəyə yeni 403 "K” ünvanı verildiyini bildirmişdir. Cavabdehin bildirdiyinə görə iddiaçının istifadə hüquqları 403 saylı bağ sahəsinə aiddir. O, cavabdeh idarəyə ünvanladığı ərizəsinə qoşma etdiyi məhkəmə aktında artıq onun sözügedən torpaq sahəsinə istifadə hüququnun məhkəmə tərəfindən tanındığı bildirilir. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə tanınan hüququn dövlət reyestrində qeydiyyatını aparmaq əvəzinə ona lüzumsuz təklifə dair məktubun göndərilməsi qanunsuz olmaqla imtina olaraq başa düşülməlidir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs X2 nümayəndəsi X24 izahatında, iddiaçının həmin bağ sahəsində istifadəsinə hər hansı bir maneə yaratmadıqlarını, gəlib istifadə edə biləcəyini bildirdi. Lakin iddiaçının istifadə hüququnun dövlət reyestrində qeydə alınmasına etiraz etdi. Üçüncü şəxs Alla Səfərova iddiaçı tərəfindən Xəzər rayon İcra Şöbəsinə təqdim edilmiş yazılı ərizəni təqdim edərək iddiaçının istifadə hüququna xitam verilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə Azərbaycan Respubikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının xx.xx.2001-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri “Xaşa-xuna” bağ massivində 403 saylı, sahəsi 0,22 hektar olan bağ sahəsinə dair X2, X14, X3, X4, X8, X11 və İddiaçı həmin bağ sahəsindən bərabər istifadə hüquqlarının tanınması, bağ sahəsinə dair X7 ilə icarə müqaviləsinin bağlanmasının Bakı X12 və İstismarı Birliyinə həvalə edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamənin icrası ilə bağlı cavabdehə müraciət etmiş və qətnamə ilə müəyyən edilmiş mübahisəli bağ sahəsinə (sahəsi 0,22 ha olan, 403 saylı) istifadə hüququnun dövlət reyestrində qeydə alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etmiş, cavabdeh isə həmin qətnamə ilə idarənin üzərinə hər hansı bir öhdəlik qoyulmaması, eyni zamanda bağ sahəsinə mülkiyyət hüquqları qeydə alınmış şəxslərlə notarial qaydada təsdiq edilmiş müqavilələri tələb etmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçının hüquqi marağı qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmiş istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlıdır. İddiaçı tələbinin faktiki əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə istinad edir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. MPM-ə görə də qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X5 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). İddiaçının tələbinin qanuni əsasını isə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.4-cü maddələri təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların yaranma əsaslarından biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı təsbit edilmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarı Azərbaycan Dövləti adından çıxarılır və icrası bütün Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə cavabdehin imtinasının əsası kimi istinad etdiyi hal, yəni mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində cavabdeh İdarənin üzərinə hər hansı bir öhəliyin qoyulmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin qətnamədə cavabdeh İdarənin üzərinə hər hansı bir öhdəliyinin qoyulub-qoyulmamasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yaranmış hüququ qeydə almalıdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüququnun yaranması əsasları kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yanaşı Qanunun 8.0-cı maddəsində digər əsaslar da sadalanmışdır. Cavabdehin istinad etdiyi bu dəlildən belə məntiqi nəticə hasil olur ki, həmin normada göstərilən hər hansı bir hüquq faktı baş verən zaman (misal üçün Müvafiq İcra Hakimiyyəti orqanları qərar qəbul edən zaman, order verən zaman, bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılan zaman, hərracda müqavilə bağlanan zaman, mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı verilən zaman və s.) cavabdehin üzərinə qeydin aparılması barədə öhdəlik qoyulmalıdır. Məhkəmə qeyd edir ki, digər əsaslar kimi qanuni qüvvəsini almış məhkəmə qərarı da daşınmaz əmlaka hüquqların yaranma əsasıdır və qətnamədə cavabdeh İdarənin üzərinə öhdəlik qoyulub-qoyulmasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüququ qeydə almalıdır. Əks yanaşma qanuni qüvvəsini almış, məhkəmə qətnaməsinin yuxarıda sadalanan məcburilik, təkzibolunmazlıq, icra edilənlik və s. prinsiplərinə ziddir. Həmçinin hazırda olduğu kimi, cavabdehin imtinasından yaranan digər bir məhkəmə mübahisəsinin yaranmasına səbəb olur Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50-ci maddəsininin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir Həmin Məcəllənin 67-ci maddəsinin 1-4-cü bəndlərinin tələblərinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd edilənlərə əsasən cavabdehin formal əsaslara söykənərək iddiaçının müraciətini təmin etməkdən imtina etməsi əsassızdır. Məhkəmə torpaq sahəsinin hazırda üçüncü şəxslərin mülkiyyətində olması, üçüncü şəxslərə notarial müqavilələrin tələb edilməsi və üçüncü şəxslərin iddia tələbinə qarşı etirazının dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: İlk növbədə qeyd edilməlidir ki, üçüncü şəxslərdən F.Səlimovun mübahisəli torpaq sahəsi ilə bağlı hüququ necə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir, eləcə də iddiaçının da həmin torpaq sahəsinə istifadə hüququ həmin məhkəmə qətnaməsinə əsasən yaranmışdır. Yəni torpaq sahəsinə hüququn yaranması əsası baxımından iddiaçı ilə üçüncü şəxs F.Səlimovun hüquqları eyni əsasa söykənir. Məhkəmə iclasında üçüncü şəxs F.Səlimovun nümayəndəsi iddiaçının bağ sahəsindən istifadəsinə etiraz etmədiyini, lakin həmin hüququnu dövlət reyestrindən qeydə alınmasına etiraz etdiyini bildirir. Lakin qeyd olunduğu kimi, iddiaçının hüququ qətnamə əsasında yaranmışdır və iddiaçı hazırda həmin qətnamənin yaranmış hüququnu dövlət reyestrində qeydə aldırmaq istəyir. Qətnamə ilə yaranmış hüququn isə qeydə alınması üçün hər hansı digər şəxslərin razılığından asılı edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Digər üçüncü şəxs Alla Səfərovanın etirazı ilə bağlı qeyd etmək lazımdır ki, ilk növbədə hazırkı tərəflər arasında mübahisə bağ sahəsinə maneələrin aradan qaldırılması ilə bağlı mülki məhkəmə mübahisələri olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə həmin məsələyə hüquqi qiymət verilərək qeyd edilmişdir ki, “...Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2001-ci il tarixli qətnaməsi ilə İddiaçı bağ sahəsindən istifadə hüququ tanındığından, bağ sahəsinin Fəxrəddin Səlimovun adına qeydə alınmasının, daha sonra 0,08 ha hissəsinin Alla Səfərovaya satılmasının və sonuncuların adına qeydə alınmasının bağ sahəsinə istifadə hüququ olan İddiaçı istifadə hüquqlarının xitamına səbəb olmadığından, İddiaçı bağ sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələr qadağan edilməlidir...” Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. A.Səfərova məhkəməyə iddiaçının yazılı ərizəsini təqdim edərək onun bağ sahəsinə istifadə hüququna xitam verməsinə razı olduğunu, istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Həmçinin izahatında bağ sahəsinə dair məhkəmə qətnaməsinin, iddiaçının da istifadə hüququnun olmamasını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, istifadə hüququna xitam verilməsi, inzibati mühakimə icraatının predmetini təşkil edən məsələ deyil. İddiaçının istifadə hüququ qeydə alınacağı təqdirdə istifadə hüququna xitam verilməsi ilə bağlı A.Səfərova həmin ərizəyə və digər hallara istinad edərək mülki mühakimə icraatı qaydasında müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Bağ sahəsinə dair iddiaçının da hüquqlarının olmasından məlumatsız olması ilə bağlı məhkəmə qeyd edir ki, A.Səfərovanın bu barədə məlumatı olduğu halda, o zaman torpaq sahəsini yüklü olduğunu bilərək qəbul etmişdir. Əgər A.Səfərovanın bu faktdan məlumatı yoxdursa o zaman, torpağın yüklü olmasını (məhkəmə qətnaməsinin icrasının gecikməsi nəticəsində bu yüklülük dövlət reyestrində qeydə alınmamışdır) ondan gizlədən tərəfdən, yəni alqı-satqı müqaviləsinin tərəfi olan Fəxrəddin Səlimovdan bu halla bağlı dəymiş ziyanın kompensasiyanı tələb edə bilər. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən F.Səlimov üçüncü şəxslərin hüquqlarından azad şəkildə daşınmaz əmlakı satıcının (A.Səfərovanın) mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinasının əsası kimi istinad etdiyi digər halın, yəni mülkiyyətçilərin notarial qaydada verilmiş razılıq ərizələrinin tələb edilməsi də əsassızdır. Yekunda məhkəmə bir məsələni də xüsusilə vurğulamağı zəruri bilir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının istifadə hüququnun Bakı şəhəri “Xaşaxuna” bağ massivində 403 saylı, sahəsi 0,22 hektar olan bağ sahəsinə dair olması, hazırda isə bağ sahəsinin ünvanlarının və sahələrinin dəyişməsi, iddiaçının tələbinin təmin edilməsinə mane olan hal deyildir. Məhkəmə qərarı icra edilən anda mövcud olan faktiki vəziyyətə uyğun olaraq iddiaçının istifadə hüququnun qeydə alınması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Buraya dövlət qeydiyyatı barədə müraciət olunan hüququn bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmununun qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxsin müraciət etməsi, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmaması, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmaması göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan hallardan hər hansı biri müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, “Xaşa-xuna” bağ massivində 403 saylı, sahəsi 0,22 hektar olan bağ sahəsinə İddiaçı məhkəmə qərarı əsasında tanınmış istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar