Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12262/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi ərazisində yerləşən 20 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və bununla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi ərazisində yerləşən və faktiki ölçüsü 538 kv.m olan 20 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və bununla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çxıarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Qum adası” bağçılıq yoldaşlığı tərəfindən verilmiş protokoldan çıxarışa əsasən iddiaçıya 20 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı hesab edir ki, üzvlərin siyahısında olmama əsası ilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina qanunsuz və əsassız olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 may 2005-ci il tarixli 126 №-li Sərəncamından görünür ki, həmin Sərəncam ilə Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2005-ci il tarixli, 251 saylı razılıq məktubunu nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsinə, Suraxanı rayonu, Zığ Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7 ha torpaq sahəsi, icarə əsasında istifadəyə verilmişdir. “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyyətinin iclasının 03 iyun 2005-ci il tarixli 02 saylı protokoldan çıxarışdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamla Suraxanı rayonun, Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 1000 kv.m sahəsi olan 20 saylı bağ sahəsi cəmiyyətə üzv kimi qəbul edilməklə İddiaçı ayrılmışdır. “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.2009-cu il tarixindən etibarən SOCAR üzrə mənzil, yataqxana, müvəqqəti yaşayış və bağçılıq sahələrinin uçotu və bölüşdürülməsi işi SOCAR aparatında aparılmaqla mərkəzləşdirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 3 əsas gətirir:
1. Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması;
2. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla bağçılıq-yoldaşlıq təsərrüfatında ayrılmış ərazilərin hüdudları xaricində yerləşməsi;
3. Torpaq sahəsinin faktiki ölçüsünün hüquqmüəyyənedici sənəddə göstərilən ölçüdən az olmasıdır. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Bağ sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Məhkəmə bəhs edilən qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına birgə qiymət verərək, iddiaçının mübahisələndirilən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının yarandığı qənaətindədir. Belə ki, cavabdehin istinad etdiyi dəlilin əsası ondan ibarətdir ki, bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmamış, torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla bağçılıq-yoldaşlıq təsərrüfatında ayrılmış ərazilərin hüdudları xaricində yerləşmiş, torpaq sahəsinin faktiki ölçüsü hüquqmüəyyənedici sənəddə göstərilən ölçüdən az olmuşdur. Məhkəmə ilkin olaraq cavabdehin imtina əsası kimi göstərdiyi birinci hala münasibət bildirir. Belə ki, işdəki sənədlərdən müəyyən olunur ki, iddiaçının adı həqiqətən də bağçılıq yoldaşlığının ilkin siyahısında olmamışdır. Lakin, cavabdeh nəzərə almamışdır ki, İdarənin arxivində saxlanılan siyahı iddiaçının bağçılıq yoldaşlığı üzvlüyünə qəbul edilməsindən əvvəl tərtib olunmuşdur. İddiaçının bağçılıq yoldaşlığı cəmiyyətinin üzvlüyünə qəbul edilməsindən sonraki dövr üzrə, yəni 2005-ci il tarixdən sonra bağçılıq yoldaşlığı üzvlərinin siyahısının yenilənməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun ziyanına şərh edilə bilməz. Əksinə, iddiaçının sonradan üzv kimi qəbul edilməsinə baxmayaraq ilkin siyahıda adının olması həmin sənədlərin mötəbərliyinə şübhə altına alınmasına səbəb ola bilərdi ki, hazırkı iş üzrə təqdim edilən sənədlərin mötəbərliyinə həmin faktiki və hüquqi əsasla da şübhə mövcud deyildir. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə sorğularına cavab məktubundan da görünür ki, Dövlət Neft Şirkəti, Bakı Şəhər İcra Hakimiyyəti, cavabdeh də daxil olmaqla heç bir qurumda hazırkı bağçılığa dair bütün sənədlər arxivində saxlanılmamışdır. Arxivdə olan sənədlər isə natamamdır. Torpaq sahəsinin balansında saxlanıldığı qeyd edilən Dövlət Neft Şirkətində isə ümumiyyətlə həmin bağçılığa aid sənəd mövcud olmamışdır. Halbuki, adıçəkilən bağ sahələri ayrılmış şəxslər məhz onun balansında olan müəssisənin işçilərinin maddi -şəraitinin yaxşılaşdırılması ilə bağlı, məhz Şirkətin balansında olan torpaq sahəsindən əlavə olaraq ayrılmışdır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı da Şirkətin balansında olan müəssisənin işçisi olmuş və bağ sahəsi faktiki onun istifadəsində olmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş həmin bağçılıq yoldaşlığı idarə heyətinin yığıncağının iddiaçıya verilmiş olduğu protokoldan çıxarış Qanunun 8.0.7-ci maddəsində göstərilən sənədə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Qeyd olunan protokoldan çıxarış hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. Bu səbəbdən də həmin protokoldan çıxarış iddiaçının iddia olunan torpaq (bağ) sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığının göstəricisidir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd qüvvədədir. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbindən də göründüyü kimi İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh isə həmin maddənin tələblərini nəzərə almadan formal imtina əsası ilə çıxış etmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunmalıdır ki, kassasiya instansiya məhkəməsinin üzvlərin siyahısında adın olmamasına münasibətdə də hüquqi mövqeyi vətəndaşın xeyrinə olmuşdur. Belə ki, Ali Məhkəmənin 2-1(102)-726/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməməsi barədə imtina əsası qanunvericiliyin tələblərinə uyğun hesab edilməmişdir. Bundan başqa Ali Məhkəmənin 2-1(102)-2260/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Suraxanı rayonunun Hövsan qəsəbəsindəki bağlar sahəsindəki “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli protokoluna əsasən ümumi sahəsi 0,05 ha olan N-14 saylı bağ iddiaçıya ayrılmış sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamış, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli protokolu yuxarıda qeyd edilən Qanunun 8.0.7-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Qeyd olunan protokol hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır.“ Ali Məhkəmənin 2-1(102)-2016/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, həmçinin Ali Məhkəmə 2-1(102)-321/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020ci il tarixli qərarında da müəyyən qədər işin halları olsa da oxşar mövqedən çıxış etmişdir. Məhkəmə kassasiya instansiya məhkəməsinin öz qərarlarında nümayiş etdirdiyi mövqeyini hazırki işin faktiki halları ilə birgə təhlil edərək hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi həmin halı formal xarakter daşıdığını və iddiaçının gözlənilən mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirir. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi ikinci hala münasibət bildirir. Belə ki, cavabdehin imtina əsasının ikinci hissəsi – torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla bağçılıq-yoldaşlıq təsərrüfatında ayrılmış ərazilərin hüdudları xaricində yerləşməsidir. Məhkəmə bununla bağlı münasibətdə hesab edir ki, həmin əsas hazırki iddia tələbinin təmin edilməsini istisna etmir. Belə ki, ilk növbədə ona görə ki, iddiaçıya ayrılmış torpaq (bağ) sahəsi məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsi tərəfindən ayrılmasıdır. Yəni, iddiaçının bağçılıq üzvlüyünə qəbul edilməsi, ona torpaq sahəsinin ayrılmasını həyata keçirən aidiyyəti İdarə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan İdarə olmuşdur. Başqa sözlə desək, hətta torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla bağçılıq-yoldaşlıq təsərrüfatında ayrılmış ərazilərin hüdudları xaricində yerləşsə də, bu hal iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasına aid deyil. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1416/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022 tarixli qərarından görünür ki, Cavabdeh 7 aprel 2017ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adı aşkar edilməmişdir. Həmçinin sözügedən bağçılıq yoldaşlığında eyni bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Bundan başqa, göstərilən bağ sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aiddir. Məhkəmə kollegiyası isə hesab etmişdir ki, “Qum Adası” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 3 oktyabr 1994-cü il tarixli, 1 saylı qərarı ilə 1200 kv.m ölçüdə blok “A” 50 saylı bağ sahəsinin iddiaçının daimi istifadəsinə verildiyi, eyni zamanda “Bahar” bağçılıqyoldaşlıq təsərrüfatının 30 oktyabr 1994-cü il tarixli üzvlük kitabçasının iddiaçıya təqdim edildiyi iş üzrə materiallarla təsdiq olunur. Həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmələr tərəfindən müəyyən olunmadığı, eləcə də cavabdeh və üçüncü şəxs tərəfindən də həmin şənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmadığı üçün, qeyd edilən sənədlər mötəbərlik prezumpsiyası prinsipi baxımından mötəbər sayılmalı və qeydiyyat üçün əsas qismində qiymətləndirilməlidir. Bundan başqa, iş üzrə materiallardan görünür ki, bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatına və bunun üzərindən də həmin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olan iddiaçıya səlahiyyətli orqanlar tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. İddiaçıya bağ torpaq sahəsinin ayrılması barədə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş və məhkəmələr tərəfindən mötəbər sayılmış protokoldan müvafiq çıxarış, eyni zamanda “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının 30 oktyabr 1994- cü il tarixli üzvlük kitabçası iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2034/2022 saylı iş üzrə qəbul etdiyi 13 dekabr 2022-ci il tarixli qərarından da görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 5 iyul 2017-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İlham Qurbanovun adı aşkar olunmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və avtomobil yolunun mühafizə zolağında yerləşir. Bundan əlavə, bölgü sxemi təqdim olunmadığı üçün bağ sahəsinin yerləşməsini təyin etmək mümkün olmamış, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Məhkəmə kollegiyası isə hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq təqdim edilmiş “Bahar” bağçılıq yoldaşlığına dair arxiv qovluğunda yalnız 15 dekabr 1985- ci ildə tərtib edilmiş ilkin adlı siyahı mövcuddur və həmin siyahıda iddiaçının adının olması qeyri-mümkündür, belə ki, X1 25a saylı bağ sahəsi “Qum Adası” NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlığının xx.xx.1992-ci il tarixli protokoluna əsasən ayrılmış və ona xx.xx.1992-ci il tarixdə həmin bağ sahəsinə dair 107 nömrəli üzvlük bileti verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə razılaşır və həmçinin nəzərə alır ki, iddia olunan bağın aid olduğu torpaq sahəsi “Qum adası” NQÇİnin “Bahar” bağçılıq yoldaşlığı üzvlərinin, deməli həm də “Qum adası” NQÇİnin işçilərinin tələbatının ödənilməsi üçün həmin müəssisənin balansında olan torpaq sahəsindən ayrılmışdır. Başqa sözlə, bağların yerləşdiyi torpaq sahələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid olduğu halda belə, bu, vəziyyəti iddiaçının zərərinə dəyişmir. Yuxarı instansiya məhkəməsinin qərarlarından da göründüyü kimi analoji imtina əsaslarına dair məhkəmə kollegiyasının mövqeyi iddianın təmin edilməli olması istiqamətində olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə işin hallarından görünür ki, iddiaçıya mübahisəli torpaq sahəsi müvafiq protokoldan çıxarışa və üzvlük kitabçasına əsasən, bağ təsərrüfatının idarə edilməsinə məsul olan qurum tərəfindən ayrılmışdır. Həmin sənədlər qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin protokoldan çıxarış və üzvlük kitabçası hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənədlər öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq (bağ) sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim ediməmişdir. Bu mənada məhkəmə xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından davamlı imtina olunması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna fiziki (hüquqi) şəxslərin inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi üçüncü əsas ilə bağlı bildirir ki, cavabdeh torpaq sahəsinin faktiki ölçüsünün 538 kv.m olduğunu qeyd etsə də, bu hal hazırki iddia tələbinin həllində əhəmiyyət daşımır. Çünki, torpaq sahəsinin ayrılması ilə bağlı sənədlərdə torpaq sahəsinin ölçüsünün 0,10 ha olduğu göstərilmişdir ki, bu da iddiaçı tərəfindən torpaq sahəsinin artırıldığı deyil, əksinə mənzili faktiki ölçülərinin sənəd ilə müqayisə də az olduğunu göstərir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının özü də məhz torpaq sahəsinin 538 kv.m hissəsinə mülkiyyət hüquqlarının reallaşdırılmasını arzulayır ki, bu səbəbdən cavabdehin imtina əsası kimi göstərdiyi həmin dəlil iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda Məhkəmə qeyd edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirildiyi zaman, eyni zamanda cavabdeh tərəfindən həmin torpaq sahəsinə münasibətdə plan-ölçü sənədinin verilməsi də təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi ərazisində yerləşən və faktiki ölçüsü 538 kv.m olan 20 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və bununla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çxıarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov