Məhkəmə qərarları › İş №2-1(112)-12264/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12264/2023

14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12264/2023 14.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Xətai prospektində yerləşən 52 B saylı evdə ölmüş X1 ölüm haqqında şəhadətnamənin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X3 xx.xx.1958-ci il tarixdə Füzuli rayonu, Horadiz kəndində doğulmuşdur. Uzun müddət təyziqdən əziyyət çəkmişdir. Çoxlu müalicələr alsa da, bunun heç bir nəticəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 52 B saylı evdə vəfat etmişdir. Həkim gələnə kimi artıq atası vəfat etmişdi. Təcili və X2 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsində Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 52 B saylı evdə xx.xx.2023-cü il tarixdə atasının vəfat etməsi qeyd edilmişdir. Horadizdə dəfn edilmişdir. Atasına dair ölüm haqqında şəhadətnamə almaq üçün 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciətindən imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Vəfat edənin ölüm haqqında tibbi şəhadətnaməsi tərəfindən şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyətı üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Atasına ölüm haqqında şəhadətnamənin verilməsi ona bəzi sənədləşdirmə işlərinin aparılması üçün lazımdır. X1 ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulması xahiş edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Vəfat edənin ölüm haqqında tibbi şəhadətnaməsi tərəfindən şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Təcili və X2 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2023cü il tarixli (saat 13:28) çağırış ilə X3 “Həkimə qədər ölüm. Kişi cinsli meyit” ölmüşdür. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxs 5 saylı şəhər poliklinikası tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 279 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 52B ünvanında yaşamış xx.xx.1958-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Uzun müddət Bakı şəhəri Nəsimi rayonu 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə və müayinəmüalicə almadığına görə ölümün səbəbi bilinmədiyindən, Forma N 106 almaq üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. AA seriyalı 124341 saylı xx.xx.2005-ci il tarixli məcburi köçkün vəsiqəsindən görünür ki, 1980-ci ildə Füzuli rayonunda doğulmuş İddiaçı 1993-cü ildən məcburi köçkündür. Hazırda Yasamal rayonunda məskunlaşmışdır. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 17 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 690 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 həqiqətən Xətai prospektində yerləşən 6 saylı evdə qeydiyyatsız yaşayır. Füzuli rayonundan məcburi köçkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə tərəfindən iddiaçıya həmin Məcəllənin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli məktub ilə hüquqi yardım edilərək hazırkı iddia tələbi ilə bağlı səmərəli hüquq müdafiə vasitəsinin “şəxsin ölüm faktının mülki qaydada müəyyən edilməsi” olduğu izah edilmişdir. Müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu növ iddialara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə uyğun olaraq ümumi məhkəmələrdə baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinin tələbində əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı xx.xx.2015-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı öz məqsədinə yaşadığı yer üzrə ümumi məhkəməyə “hüquqi əhəmiyyəti olan (ölümün qeydə alınması) faktın müəyyən edilməsi haqqında” ərizə ilə müraciət etməklə nail ola bilər. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar