Məhkəmə qərarları › İş №2-1(112)-12267/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12267/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12267/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə (üçüncü şəxslər X16, X17, X18 oğlu, X12, X19, X4 cəlb olunmaqla) qarşı “mənzildən qeydiyyatdan çıxarma öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1985-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.1992-ci il təvvəlüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.1955-ci il təvəllüdlü X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarından cavabdeh Qaradağ Rayon Polis İdarəsinin imtinasının əsassız hesab edilməsi və onların ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia əriəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Belə ki, ünvan 1 ünvanında yerləşən evi o, 07 noyabr 2023-cü tarixdə X1, Bakı şəhəri 46 saylı dövlət notariat kontorunda alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Mənzil üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə adına xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********20-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Bildirilir ki, həmin evin tikintisi üçün torpaq sahəsi Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1082 №-li Sərəncamı ilə ayrılmışdır. X5 və ailə üzvləri qeydiyyatdan çıxmışlar. Alqı-satqı zamanı məlum olmuşdur ki, evdə qeydiyyatda əlavə olaraq, evə heç bir aidiyyəti olmayan, evin sahibi X3 icazəsi olmadan nəməlum əsaslarla 6 nəfər şəxs - X16, X17, X18, X12, X19, X4 qeydiyyata düşmüşlər. Həmin şəxslərin evə heç bir aidiyyətı olmadığı müəyyən edildikdən sonra notariusda alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı evi aldıqdan sonra həmin şəxsləri tapmışdır. Onlar Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən İnternat məktəbinin divar qonşuluğunda ayrıca tikilmiş sənədsiz evdə yaşayırlar. Həmin sənədsiz evlə iddiaçının evinin arasında bir dalan və 3 həyət evi vardır və onun girişi ayrıdır, iddiaçıya məxsus evlə heç bir divar və ya həyət qonşuluğu yoxdur. İddiaçı onların evdən qeydiyyatdan çıxmalarını tələb etmişdir. Onlar xahiş etmişlər ki, qeydiyyatdan çıxmaq üçün 1 ay vaxt verilsin, bunu isə evlərinə ünvan və çıxarış (“kupça”) alacaqları ilə əlaqələndirmişlər. Həmin müddətdən xeyli keçdikdən sonra, təxminən 8 ay ərzində iddiaçı bir neçə dəfə onlardan tələb etmişdir ki, evindən qeydiyyatdan çıxsınlar. Lakin hər dəfə müxtəlif əsassız bəhanələr gətirərək bu günə qədər qeydiyyatdan çıxmamışlar. Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra iddiaçı ailəsilə həmin evə köçmüş, müvafiq olaraq həyat yoldaşı X6 ilə birlikdə pasport qeydiyyatına düşmüşdürlər. Qeyd olunan 6 nəfər kənar şəxs əvvəlki mülkiyyətçinin və yeni mülkiyyətçi kimi iddiaçının qohumu və tanışı deyildirlər, onlar bu evdə heç vaxt yaşamamışlar və evə heç bir mülkiyyət hüquqları olmamışdır və indi də yoxdur. Onlar Sahil qəsəbəsində həmişə özlərinin sənədsiz tikdikləri evdə yaşamışlar və indi də orada yaşayırlar. Əvvəlki mülkiyyətçi onların ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evinə necə, hansı yolla qeydiyyata düşdüklərini bilmir və ona razılıq verməmişdir. Üçüncü şəxslərin iddiaçıya məxsus olan evdə qeydiyyatları əsassız və qanunsuz olmaqla formal xarakter daşımış və indi də formal xarakter daşıyır, eyni zamanda da, mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Əvvəla, iddiaçı onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, onlarla heç bir qohumluq əlaqəsi yoxdur ki, evində qeydiyyatda qalmalarına razılaşsın. Üçüncüsü isə, onların sözügedən evdə qeydiyyatda qalmaları iddiaçının həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. İddiaçı Qaradağ Rayon Polis İdarəsinə yuxarıda adları qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması barədə ərizə ilə müraciət etmişdir. Müraciətinə Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-48/2-M-11757 saylı cavab məktubunda qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azəərbaycan Respublikası Qanununun tələblərinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası əsassız və qanunsuzdur. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X16, X17, X18 oğlu, X12, X19, X4 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Üçüncü şəxs X4 iddia tələbinə dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə bildirmişdir ki, pasport qeydiyyatından çıxarılmasının istənildiyi fərdi evdə, yəni iddiaçının mülkiyyəti olaraq dövlət reyestrində qeydiyyata alınmış evdə üçüncü şəxslər heç baxt yaşamamışlar və ümumiyyətlə, bu iddianın onlara heç bir aidiyyəti yoxdur. Onların yaşadıqları evin ünvanı ünvan 3dına Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib və təsdiq olunmuş, “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsi barədə” Hesabat verilmişdir ki, həmin hesabatda torpaq sahəsinin eskizi, orada yerləşən fərdi evin sxemi və sair göstərilmişdir. Bundan başqa istifadəsində olan ərazinin (torpaq sahəsinin), Mehriban Ələsgərovanın adına ayrılması barədə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 03 sentyabr 1998-ci il tarixli Sərəncamı var. Şərh olunanlara və məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanaraq iddianı üçüncü şəxslərə münasibətdə əsasız hesab edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Üçüncü şəxslərdən X4 məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, evin onun mülkiyyətinə keçirilməsinə dair hazırkı üçüncü şəxslər tərəfindən razılıq ərizələri verilməmişdir, həmçinin onlar hazırda iddiaçının evindən müəyyən məsafədə yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış digər fərdi yaşayış evində yaşayırlar. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. -5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. -9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddədə göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Eyni maddənin 5-ci hissəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxsin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxsin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Göründüyü kimi, qeydiyyatdan çıxarılma əsasları yaşayış sahəsinin mülkiyyətçisinin hüququ olaraq ona mənsub əmlak barəsində öz mülahizəsi ilə hərəkət edə bilmə, mülkiyyətini bu əmlaka hüququ olmayan şəxsdən qoruma imkanını nəzərdə tutur. Hazırkı işin hallarından müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı ünvan 4-nin (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi 176) mülkiyyətçisidir. Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan da görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində 35B nömrəli iki fərdi yaşayış evi mövcuddur. Bu evlərdən biri İddiaçı, digərində isə X2 istifadəsindədir və sonuncu Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, 35B nömrəli evdə faktiki olaraq X16, X17, X18 və ilə birlikdə qeydiyyatdadır və yaşayır. Göründüyü kimi ünvan 4 ünvanı altında iki ayrı evin mövcud olması müəytyən edilir və bu iddiaçı tərəfindən də təsdiq edilməklə, işin mübahisəsiz halını təşkil edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində 35B ünvan rekvizitli 2 ayrı fərdi yaşayış evi olduğundan üçüncü şəxslərin məhz iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində 35B-də qeydiyyatda olmaları iş materialları ilə sübuta yetirilməmiş və iddiaçı tərəfindən bunu təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan üçüncü şəxslərin mübahisəli ünvanda qeydiyyatda olmalarının iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə hər hansı maneə törətməsi təsdiqini tapmır. Başqa sözlə, iddiaçı tərəfindən üçüncü şəxslərin mübahisəli evdən qeydiyyatdan çıxarılmaları üçün qanunla tələb olunan şərtlər ödənilmir. Odur ki, cavabdehin imtinası qanunsuz olmamışdır. Məhkəmə, iddiaçının üçüncü şəxslərin yaşadıqları sözügedən ünvandakı digər evin dövlət reyestrində qeydiyyata alınmadığına görə həmin şəxslərin onun mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olmalarına dəlalət etdiyi ilə bağlı dəlilini iddianın təmin edilməsi üçün yetərli əsas kimi qəbul etməyərək aşağıdakıları bildirir. Belə ki, “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 5-ci maddəsinin ikinci hissəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyata alınma təkcə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında dövlət reyestrindən çıxarışın təqdim edilməsi ilə məhdudlaşdırılmır, eyni zamanda yaşayış sahəsinə köçmək üçün əsas verən başqa sənədlərin təqdim edilməsi ilə də mümkündür. Bu baxımdan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsindəki 35B ünvanlı digər evin dövlət reyestrində qeydiyyata alınmaması şəxslərin həmin yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınma imkanını istisna etmir. Həmçinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında da göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Qeyd olunan Plenum Qərarında həmçinin göstərilmişdir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Göstərilən qanunvericilik normalarından göründüyü kimi, qeydiyyat şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması məqsədi daşıyır və qanunverici şəxsin yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Bu tələb isə istinad olunan Plenum Qərarından göründüyü kimi, şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Məhkəmə göstərilən normaların tələblərindən çıxış edərək hesab edir ki, ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda, bu imkandan istifadə etməməsi və məhz Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsindəki 35B ünvanında qeydiyyatda olduqları üçün üçüncü şəxslərin eyni ünvan üzrə yerləşən evdən qeydiyyatdan çıxarılmasına əsas verməməlidir. Eyni zamanda bu hal iddiaçının ünvanın dəyişməsi ilə bağlı müvafiq inzibati orqana yenidən müraciət etmək və yeni ünvan göstəricilərinə malik çıxarışı əldə etmək imkanını da məhdudlaşdırmır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar