Məhkəmə qərarları › İş №2-1(112)-12271/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12271/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12271/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı “təkrar şəhadətləndirmənin aparılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı “təkrar şəhadətləndirmənin aparılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən təkrar şəhadətləndirmənin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi inzibati orqanın imtinasının əsaslı olduğuna istinad edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” vətəndaş kateqoriyasına aid olduğunu nəzərə alaraq təkrar şəhadətləndirilmədən keçmək arzusundadır.Lakin, cavabdeh bu kateqoriyaya aid olan şəxslərin yenidən tibbi müayinədən və ya hərbi xidmətə göndərilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı qənaətindədir ki, nəticə etibarı ilə inzibati orqan bu əsasa istinad edərək müraciətin təmin edilməsindən imtina etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın təsdiqlənməsi üçün inzibati orqan imtinanın əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda inzibati orqan iddiaçının müraciəti üzrə tam və hərtərəfli inzibati icraat aparmamış, icraatda iddiaçının təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır. İnzibati orqan tərəfindən inzibati icraatın gedişində maraqlı şəxslərin iştirakı, onların dinlənilmə hüququ təmin olunmamış, zəruri inzibati icraat aparılmadan iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Bununla da, iddiaçının müraciəti üzrə əsassız imtina edilmişdir. Məhkəmə bir daha qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi öz səlahiyyətləri çərçivəsində iddiaçının müraciəti üzrə inzibati icraat aparmalı olduğu halda, iddiaçının təkrar şəhadətləndirməsini tələb etmək hüququnun olmadığını əsas gətirərək, ümumiyyətlə inzibati icraatın aparılmasına başlamamış, formal əsaslara söykənərək vətəndaşın dinləmə hüququnu təmin etməmiş, ən əsası isə qanunvericilikdə belə bir əsas olmadığı halda bu əsası imtina əsası kimi göstərərək inzibati icraatı düzgün aparmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-183/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)- 2079/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-cı il tarixli qərarlarında əks olunan mövqeyi ilə bağlı qeyd olunmalıdır ki, həmin mübahisələr konkret olaraq hazırki mübahisə ilə oxşar tələbdə olmasa belə, nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsi hər bir halda inzibati orqanın səlahiyyətlərini və fəaliyyətlərini, inzibati icraatın düzgünlüyünün, aparılmış icraatda pozuntuya yol verilib-verilməməsinin müəyyən edilməsini zəruri hesab etmiş, müəyyən edilən nəticələrin isə bilavasitə iddianın həllində rol oynadığını təsbit etmişdir. Eyni zamanda Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının təkrar şəhadətləndirilməsini tələb etmək hüququnun olmadığı qənaətinə gəlsə də, iddiaçının bu hüquqa malik olması “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin müddəalarında öz əksini tapmışdır. Belə ki, “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Bəzi hallarda hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olmuş, çağırış üzrə hərbi xidmət keçən (bundan sonra — hərbi qulluqçular) və orqanlarda xidmət keçən vətəndaşların tibbi müayinəsinin və müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla, hərbi-həkim komissiyaları yaradıla bilər. 2.6. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A — hərbi xidmətə yararlıdır; B — sıradankənar hərbi xidmətə yararlıdır; C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç — hərbi xidmətə müvəqqəti yararsızdır; D — həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün «Xəstəliklər cədvəli»nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Həkim-mütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. 6.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin təşkili Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə,idarə, şöbə və bölmələrə həvalə olunur. Şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə, eləcə də icbari narkoloji müayinəyə göndərilir. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq stomatoloq, dermato-veneroloq, psixoloq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlibaş idarə, idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. 6.2. Hərbi xidmətə çağırış zamanı «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər. Birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir. Təyin edilməsi üçün tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrin siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.0.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Məhkəmə diqqətə çatdırır ki, doğrudur ki, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azaddırlar. Nəzərə alınmalıdır ki, həmin vətəndaşların hərbi xidmətə çağırışdan azad olması, onların təkrar şəhadətləndirilməsini tələb etmək hüququndan məhrum etmir. Belə ki, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblərini tənzimləyən normativ hüquqi aktın tələblərinə görə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşların təkrar şəhadətləndirilməsi mümkündür ki, bu zaman dövlət və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri müəyyən olunsun. Məhkəmə icraatı zamanı iddiaçı cavabdeh inzibati orqan tərəfindən müayinə olunmuş, müayinənin nəticəsi müvafiq olaraq “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktı ilə rəsmiləşdirilmişdir. Tərtib olunmuş akta əsasən müayinə zamanı iddiaçıda nəzərəçarpan psixi pozuntular,eyni zamanda nəzərəçarpan kobud patologiya əlamətləri aşkar edilməmişdir. Göründüyü kimi tərtib olunmuş akta əsasında iddiaçının kobud ruhi pozuntusu, şəxsiyyət və davranış dəyişikliklərinin pozulması müəyyən olunmamışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin İX. Xəstəliklər cədvəli yoluxucu və parazitar xəstəliklər bölməsindən görünür ki: Ruhi pozuntular bölməsi baş-beynin zədələnməsi və disfunksiyası (baş-beynin travmaları, şişləri, ensefalit, meningit, neyrosifilis, həmçinin, senil və presenil psixozları, baş beynin damar, degenerativ və digər üzvi xəstəlikləri və zədələnmələri) nəticəsində yaranan psixozları, digər ruhi pozuntuları, şəxsiyyət və davranış dəyişikliklərini nəzərdə tutur. Şəhadətləndirilmə stasionar müayinədən sonra aparılır. «a» bəndinə kəskin dərəcədə ifadə olunmuş, uzun sürən psixotik hallar, habelə davamlı nəzərə çarpan intellektual-mnestik və ya şəxsiyyətin psixoorqanik tip üzrə kəskin dərəcədə ifadə olunmuş dəyişiklikləri aiddir. «b» bəndinə mülayim dərəcədə ifadə olunmuş astenik, affektiv, dissosiativ, koqnitiv, şəxsiyyət pozuntuları və digər pozuntularla müşayiət olunan hallar, eləcə də xoş gedişli psixotik hallar aiddir. «c» bəndinə sağalma ilə, yaxud cüzi dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş baş-beynin travması və ya kəskin üzvi xəstəliyi nəticəsində yaranmış, mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmayan, keçib gedən, qısamüddətli psixotik və qeyri-psixotik pozuntuları aiddir. Bu zaman, hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından azad edilməsi və ya onlara xəstəliyə görə 15 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən isə vətəndaşların hərbi xidmətə 6 ay müddətinə müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır. Xəstəliyə görə məzuniyyətdən və ya azadedilmədən sonra, zərurət olduqda, təkrar şəhadətləndirilmə keçirilir. «ç» bəndinə baş-beynin kəskin xəstəliyi və ya travmasından sonra ruhi pozuntular və mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmayan (bu zaman funksiyaların pozulması olmayan ayrı-ayrı dağınıq üzvi nişanələr ola bilər) xəstəlik təzahürlərinin davamlı (1 ildən az olmayaraq) kompensasiya halları aiddir. Normativ hüquqi aktların tələblərinə görə ümumiyyətlə sağalma ilə, yaxud cüzi dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş baş-beynin travması və ya kəskin üzvi xəstəliyi nəticəsində yaranmış, mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmayan, keçib gedən, qısamüddətli psixotik və qeyri-psixotik pozuntular olduqda vətəndaşlar hərbi xidmətə 6 ay müddətinə müvvəqəti yararsız hesab edilirlər. Yəni, bu xəstəliklər olan şəxslərin 6 aydan sonra təkrar şəhadətləndirilməni tələb etmək hüququ yaranır. Hazırki mübahisə üzrə də iddiaçıda hər hansı ciddi psixi pozuntusu aşkar olunmadığından, onun yuxarıda göstərilən xəstəliklərə malik olan şəxslərdə olduğu kimi təkrar şəhadətləndirilməni tələb etmək hüququ yaranır. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçıda hər hansı ciddi psixi pozuntusu aşkar olunmadığından, eyni zamanda həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış vətəndaşların təkrar şəhadətləndirilməsini tələb etmək hüququ istisna olunmadığından, o cümlədən ümumiyyətlə inzibati orqan tərəfindən hazırki mübahisə üzrə inzibati icraat düzgün aparılmadığından, cavabdeh inzibati orqanın imtinası əsassız sayılmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1980-cı il təvəllüdlü İddiaçı təkrar şəhadətləndirmənin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar