Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12277/2025 10.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi qismində vəkili X1 , Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan ölçünün verilməsi barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ölçüsü 0.12 ha olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarış və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1999-cu il tarixli 285 saylı sərəncamına əsasən Maştağa Tərəvəzçilik-Südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün hər bir ailəyə 0.12 hektar hesabı ilə torpaq sahəsi ayrılmışdır. Abşeron rayon Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun direktorunun 16 dekabr 1999-cu il tarixli, 16 nömrəli qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Ona məxsus 1200 kv.m torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədar olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyim zaman mənim əmlakını qeydiyyata almaqdan imtina edilmişdir. İmtina məktubunda bildirilir ki, təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirərkən göstərilən torpaq sahəsinin sərhədlərinin bir tərəfdən şərti olmaqla qonşu sahə ilə yerləşdiyi müəyyən edilmişdir. Cavabdehin imtina məktubunda qeyd olunanlarla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi ayrılmış, ona ayrılan zaman yerdə və naturada torpaq sahəsinin sxemi tərtib edilərək təhvil verilmişdir. Torpaq sahəsinin perimetrik ölçülərində heç bir dəyişiklik olunmamışdır. Hal-hazırda torpaq sahəsi onun istifadəsində olmaqla yanaşı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin inşası davam edir. Topraq sahəsinin ümumi ərazidə yerləşməsi həyat yoldaşına məxsus olan digər sahə ilə bir hasar daxilində olmasıdır. Cavabdeh inzibati orqanın şablon səbəblər göstərməklə hər hansı bir qanuni əsası olmadan ona məxsus torpaq sahəsinin qeydiyyata alınmasından imtina etməsi onun hüquqları pozulmasına gətirib çıxarmışdır. Hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanuna ziddir və təqdim edilmiş sənədlər qanunvericiliyə əsasən ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmsı üçün əsasdır. Bu səbəbdən də cavabdehin qeyd olunan hərəkətləri qanunsuz hesab edilməli və tələbi üzrə qərar qəbul edilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ölçüsü 0.12 ha olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarış və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********84 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin sərhədlərinin bir tərəfdən şərti olmaqla qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. O cümlədən elektron kadastr baza məlumatına əsasən göstərilən sahə faktiki olaraq Nardaran qəsəbəsinin ərazisidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun çıxış edərək iddianın təmin edilməməsini xahiş etmişdir. İİİ. Tədqiq edilən sübutlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı məktubdan görünür ki, təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin idarənin mütəxəsisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstəriən torpaq sahəsinin sərhədlərinin bir tərəfdən şərti olmaqla qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Maştağa tərəvəzçilik-südçülük sovxozunun aktından görünür ki, ona ayrılmış torpaq sahəsinin sxematik planın sərhədlərinə taxta nişangah qoyulduqdan sonra həmin sahənin icra və rəhbərlik üçün qəbul etmiş, vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin ölçülüb sərhədlərinə nişangah qoyulub vətəndaş İddiaçı təhvil verilmiş, vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin ölçülüb nişanlama aktının imzalanması təsdiq edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-1RA/2-Q-764/25 saylı məktubundan görünür ki, Maştağa tərəvəzçilik-südçülük sovxozunun 16 nömrəli xx.xx.1999-cu il tarixli əmri ilə sovxozun ərazisində yaşayan həyətyanı torpaq sahəsinə ehtiyacı olan və ərizə ilə sovxoz rəhbərliyinə müraciət edən aşağıda adları qeyd olunan vətəndaşlara Abşeron rayonu İcra hakimiyyəti başçısının 14 dekabr 1999-cu il tarixli 285 saylı sərəncamına əsasən hər bir ailəyə 0,12 hektar hesabı ilə torpaq sahəsi ayrılmışdır.
74. İddiaçı. Azərbaycan Respublikası 16 nömrəli xx.xx.1999-cu il tarixli 16 nömrəli əmrdən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 285 nömrəli qərarına əsasən sovxoz həmkarlar təşkilatı və əmək kollektivi şurasının tərəfindən İddiaçı hesab edilməsi nəzərə alınmış və onlara bu məqsədlə 0.12 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 32411/2025 saylı məktubdan görünür ki, iddiaçının adına Sabunçu rayonu, Nardaran qəsəbəsində qeydiyyatdan keçmiş əmlak aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi hüquqmüəyyən edici sənəd üzrə torpaq sahəsi 0.12 ha, faktiki isə torpaq sahəsi 0.12 hadır. Torpaq sahəsi 3 tərəfdən mişar daşı ilə hasarlanıb bir tərəf şərtidir. İki tərəfi yoldur, digər iki tərəfi qonşudur. Müraciət olunan torpaq sahəsi müraciət nömrəsi ********** olan torpaq sahəsi ilə birləşdirilib bir hasar daxilindədir üzərində 2 mərtəbəli yarımçıq tikili var.Torpaq sahəsinin kordinatları sənədlər toplusuna əlavə olunmuşdur.
IV. İddianın növü və mümkünlüyü
İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddia mümkündür.
V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ölçüsü 0.12 ha olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alanaraq çıxarışın və plan ölçünün verilməsini tələb edir. İşin hallarına əsasən Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 285 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə iddiaçıya Nardaran qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi ayrılmış, maştağa tərəvəzçilik-südçülük sovxozunun aktı ilə torpaq sahəsinə dair sxematik plan hazırlanmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən, sənədin göstərilən sahəyə aid olubolmadığını müəyyən etmək mümkün deyil. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, maştağa tərəvəzçilik-südçülük sovxozunun aktı ilə sxematik planı müəyyən edilmiş torpaq sahəsinin sərhəd və qonşuluqları ilə cavabdehin müayinə aktında müəyyən edilmiş sərhəd və qonşuluqlar eynilik təşkil edir. Habelə, İddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0., 8.0.1-ci maddələri təşkil edir. Həmin normalara görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı hüquqmüəyyənedici sənəd kimi sərəncama istinad edir ki, həmin sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə cavabdehin imtinası ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilən Sərəncam ləğv edilməmiş, dəyişdirilməmiş, etibarsız hesab edilməmiş, geri çağırılmamış və heç bir şəxs və orqan tərəfindən mübahisələndirilməyərək qanuni qüvvəsini saxlayır. İnzibati orqan olan Sabunçu rayon İcra Hakimiyyəti dövlət mülkiyyətində olan torpaq sahəsini ayırmağa səlahiyyətli olmuş və qeyd edildiyi kimi həmin Sərəncam hüququn qeydə alınması üçün əsasdır. Sovxozlar ləğv edilmişdir və iddiaçı həmin sərəncama əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair mülkiyyət hüququna gözləntisi vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin imtinasında qeyd etdiyi hal iddiaçının təqsiri ucbatından baş verən hal olmamaqla onun etimad hüququ qorunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 67.5-ci maddəsinə görə, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, imtinada qeyd edilən hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.12 ha olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
X6