Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12279/2025 11.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 İsgəndər qızının sədrliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və “Azneft” İstehsalat birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma idarəsinə qarşı “güzəştli pensiya arayışının təqdim edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh N. Nərimanov adına Neft və Qazçıxarma idarəsinin güzəştli pensiya təyinatı üçün tələb olunan xüsusi arayışı verməkdən imtinasının qanunsuz hesab edilməsi və güzəştli pensiya arayışını təqdim etmək öhdəliyinin idarənin üzərinə qoyulması, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun idarəyə təqdim ediləcəyi boş blank arayışları, SSRİ dövrünə aid hüquqi aktları və mövcud faktiki ağır iş şəraitindəki vəzliyyəti nəzərə almadan güzəştli pensiya hüququnu rədd etməsinin qanunsuz hesab edilməsi, hər iki cavabdehin hərəkətsizliyi nəticəsində pozulmuş güzəştli şərtlərlə pensiya hüququnun bərpası üçün işin faktiki şəraitə uyğun qiymətləndirmə aparılaraq hüququnun bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçılar təyinatı üzrə xüsusi ayrılmış təhlükəli yanacaq daşıyan avtoçənli maşınının sürücüləri olaraq 1986-2009-cu illər ərzində SOCAR "Azneft" İB-nin tərkibində fəaliyyət göstərən "N.Nərimanov adına NQÇİ"də uzun müddət ərzində neftçıxarma sahəsində zərərli və təhlükəli şəraitdə, faktiki olaraq "neft məhsulunun doldurucusu" peşəsi üzrə çalışmışlar. Bu müddətdə idarənin ştat cədvəlində "doldurucu" peşəsi rəsmi şəkildə nəzərdə tutulmasa da, bu işlər faktiki olaraq iddiaçılar tərəfindən yerinə yetirilmiş, əmək haqqılarına zərərlilik əmsalına əsasən 8% ödənişlər edilmişdir. 2007-ci il mart ayından 2009-cu il avqust ayınadək olan illərdə isə bu fəaliyyət və vəzifə üzrə əmr verilmiş, əmək kitabçalarında və əmək haqqı cədvəllərində qeyd olunmuşdur. Hazırda onlar, pensiya yaşına çatmış şəxslər olaraq, əmək fəaliyyətinə görə “Əmək pensiyaları haqqında” Qanunun 10.1.2 və digər aidiyyəti müddəalarına əsasən güzəştli pensiya hüququnu həyata keçirmək istəyirlər. Məsələ ilə bağlı N.Nərimanov adına NQÇİ-nin rəhbərliyinə ərizə ilə müraciət edilsə də, lakin qeyd edilən təşkilat tərəfindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təqdim olunmalı olan zərərli peşə üzrə güzəştli arayış onlara verilməmişdir. Buna səbəb kimi təşkilatın ştat cədvəlində bu peşənin olmaması göstərilmişdir ki, bu da faktiki işləmə və verilmiş əmrlər, ödənişlər və vəzifə funksiyaları ilə ziddiyyət təşkil edir. SSRİ dövründən qüvvədə olan və sonrakı dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 447 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılara əsasən, "neft məhsulunun doldurucusu" peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxildir. İddiaçılar DSMF-yə bu funksiyanın əslində qüvvədə olmuş qərara əsasən güzəştli pensiya hüququ verən peşələrdən olduğunu bildirsələr də, onlar həm bu qərarı araşdırmaqdan, həm də funksional uyğunluq əsasında digər peşə ilə eyniləşdirərək N.Nərimanov adına NQÇİ-nə sorğu yollamaqdan imtina etmişlər. Bu səbəbdən həm idarənin zəruri arayışı verməkdən şifahi imtinası, həm də DSMF-yə idarə tərəfindən təqdim olunmuş zəruri sənədləri əsassız şifahi rədd etməsi və vəzifəsini yerinə yetirməməsi qanunsuzdur. Cavabdeh iddia tələbinə etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun mümkün sayılmamasi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddia tələbini hər iki cavabdehə münasibətdə yoxlayaraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkünsüzdür. Cavabdeh “Azneft” İstehsalat birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma idarəsinə münasibətdə: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, iddiaçıların cavabdeh qismində göstərdiyi “Azneft” İstehsalat birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma idarəsi inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilməmiş, ona qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilməmişdir. Həmçinin İdarə ilə iddiaçılar arasında güzəştli arayışın verilməsi ilə bağlı yaranmış mübahisə tərəflər arasında mövcud olmuş əmək münasibətlərindən irəli gəlməklə inzibati mübahisə hesab edilmir və inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlində də göstərilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq əmək münasibətlərindən irəli gələn tələblərə ümumi məhkəmələr baxır. Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna münasibətdə: İddia ərizəsindən görünür ki, iddiaçıların tələbi həmçinin onlara güzəştli şərtlərlə pensiya təyin edilməsi olmaqla, bu iddia məcburetmə haqqında iddia növünə uyğun iddiadır. İPM-ə əsasən: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddiadır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilməlidir ki, məcburetmə haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də məcburetmə haqqında iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək arzu etdiyi əlaverişli inzibati aktın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş formada inzibati orqana müraciət edib etməməsi, başqa sözlə, inzibati orqanı arzu etdiyi inzibati aktın qəbulu ilə bağlı məlumatlandırıbməlumatlandırmamasıdir. İşdən görünür ki, iddiaçılar onlara güzəştli şərtlərlə pensiya təyini üçün məhkəməyə müraciət etsələr də, məhkəməyə qədər bu tələblə cavabdehə müraciət etməmişlər. Həm iddia ərizəsindən, həm də iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, iddiaçıların müraciəti şifahi qaydada olmuş, yazılı müraciətləri olmamışdır. Bundan əlavə, o da qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 30.1-ci maddəsinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Hazırda İddiaçı1 və İddiaçı2 tələblərini bir iddiada birləşdirsələr də, onların hüquq və vəzifələrinin eyni faktiki və hüquqi əsaslara söykənməsi müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq, hesab edir ki, yuxarıda göstərilənlərə əsasən hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-12279/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12279/2025
11.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver