Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1228/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı X4 və Allahverdiyeva (Arifli) Nərmin Azər qızı üçüncü şəxs qismində cəlb edilməklə “doğum haqqında akt qeydində dəyişikliyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiаçı İddiaçı iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı, X4 və Allahverdiyeva (Arifli) Nərmin Azər qızı üçüncü şəxs qismində cəlb edilməklə “doğum haqqında akt qeydində dəyişikliyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 06 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2012-ci il təvəlllüdlü oğlu X5 doğum akt qeydindəki ata qrafasında X4 qeydini ləğv edərək İddiaçı kimi qeyd edilməsi üçün cavabdeh Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəlllüdlü oğlu X5 doğum akt qeydindəki ata qrafasında X4 qeydini ləğv edərək İddiaçı kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, X4 və Allahverdiyeva (Arifli) Nərmin Azər qızı üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X8 ilə 2010-cu ildən faktiki nikah münasibətində olmuş və xx.xx.2012-ci il tarixdə bir azyaşlı övladı Sübhan doğulmuşdur. Övladının anası X8 xx.xx.2012-ci il təvəllüdlü oğlu Sübhanın atası olmağı faktının müəyyən edilməsi, uşağın doğum akt qeydində ata qrafasında onun, yəni İddiaçı qeyd edilməsi ilə bağlı olaraq İmişli Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən iddia təmin olunaraq xx.xx.2012-ci il təvəllüdlü oğlu Sübhanın atası olmağı faktının müəyyən edilməsi, uşağın doğum akt qeydində ata qrafasında onun, yəni İddiaçı qeyd edilməsinə, eyni zamanda yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 87 manat məbləğində alimentin ödnilməsinə dair 2(036)-1306/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnamə qəbul edilmişdir. Bundan sonra X8 övladı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 87 manat məbləğində müəyyən edilmiş aliment məbləğinin artırılması ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət etmiş və alimentin məbləği dəyişdirilərək 154 manat məbləğində müəyyən edilməsi ilə bağlı olaraq 2(007)-3087/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamə qəbul edilmişdir. O isə öz növbəsində ata kimi vəzifəsini icra edərək müəyyən edilmiş aliment məbləğini daima ödəmişdir. Buna baxmayaraq ona daha sonra məlum olmuşdur ki, ümumiyyətlə yuxarıda qeyd edilən qanuni qüvvəsini almış qətnamə icra edilməmiş, X8 tərəfindən sözü gedən qətnamə qəsdən aidiyyatı qurumlara təqdim edilmədən xx.xx.2020-ci il tarixində, yəni qətnamənin qanuni qüvvəsini almasından 8 il sonra X8 və X1 birgə ərizəsi əsasında oğlu xx.xx.2012-ci il təvəllüdlü X5 atasının X4 olması müəyyən edilmiş, uşağa münasibətdə R.Allahverdiyevin atalığının müəyyən edilməsi qeydə alınmışdır. O isə bu faktı yalnızca öz təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etdikdən sonra əldə edə bilmişdir. Göründüyü kimi Sübhan onun oğludur, bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır, lakin Nərmin Ariflinin qərəzli hərəkətləri nəticəsində qanunla müəyyən edilmiş valideyinlik hüququ, oğlunun isə birbaşa konstitusion hüququ kobud surətdə pozulmuşdur. Bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X5 doğum akt qeydinin ləğv edilməsini, doğum akt qeydində ata qrafasında onun, yəni İddiaçı qeyd edilməsini xahiş etsə də, xx.xx.2023-cü il tarixli3-165/7-13-655/2023 saylı məktub ilə ərizənin təmin olunmasından imtina olunmuş və ərizənin müsbət həlli mümkün olmamış, eyni zamanda, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Üçüncü şəxslərin etirazı: Üçüncü şəxs Allahverdiyeva (Arifli) Nərmin Azər qızı iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, övladı 2012-ci il təvəllüdlüdür. Övladının bioloji atası İddiaçı uşağı ilə bu yaşa qədər ünsiyyətdə olmayıb və onunla heç bir şəkildə maraqlanmayıb. Yalnız məcburi qaydada aliment ödəyib. Aliment ödəmək valideynin borcudur. Hətta valideyinlik hüquqndan məhrum olmuş şəxslər belə aliment ödəməyə məcburdurlar. Aliment ödəmək övladla maqraqlanmaq göstəricisi deyil. Sübhan 12 yaşına çatdıqda İddiaçı uşaqla görüş tələb etdi. Lakin Sübhan onu görməkdən imtina edir. Bu vəziyyət uşağın bütün psixologiyasını pozub. Hətta evdən qaçmağa belə təşəbbüs göstərib. O, 2020-ci ildə yenidən ailə qurub. Sübhanla əri arasında səmimi ata övlad münasibəti yarandığı üçün ona ərinin soyadını verib. Bu gün övladı bu ailədə çox xoşbəxt və qayğısız həyat yaşayır. Amma İddiaçı şəxsi ədavətinə görə uşağı intiqam alətinə çevirib. Soyadın dəyişilməsi məsələsi Sübhanı məhv edə bilər. Məktəbə belə getməyəcəyini bildirir. Çünki, qeyd etdiyi kimi İddiaçıı tanımır və onunla heç bir şəkildə ünsiyyətə getmir (Hazırda Abşeron rayon icra və probasiya şöbəsində görüş tələbi icraatdadır). Nəzərə alınmalıdır ki, Sübhan yetkinlik yaşındadır, gələcəyin əsgəridir. Onun iradəsinin sındırılması onu məhv edə bilər. Məktuba əlavə olaraq Abşeron rayon icra və probasiyanın aktı əlavə olunmuşdur ki, həmin aktda uşaq Sübhan Ariflinin atası İddiaçıla görüşmək və danışmaq istəmədiyi qeyd edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, seriya AZ-İ № 387425 saylı atalığı müəyyən etmək haqqında aktı qeydinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Arifli Sübhanın ata qrafasında xx.xx.1993-cü il təvəllüdlü X4 qeyd edilmişdir. İmişli Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş məlumatda İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(036)- 1306/2012 saylı qətnaməsinin icra edilməsi üçün xx.xx.2013-cü il tarixdə İmişli rayon qeydiyyat şöbəsinə göndərildiyi, icraata başlama haqqında qərar məhkəməyə göndərilmədiyi üçün icra vəziyyəti barədə məlumat verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Qoşmaya əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 2(036)-1306/2012 saylı qətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X8 ilə faktiki nikah münasibətlərindən xx.xx.2012-ci il tarixdə doğulmuş Sübhan adında uşağın atası olması faktı müəyyən olunması və uşağın doğulması haqqında akt qeydlərində ata qrafasında İddiaçı yazılması qət edilmişdir. İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli, 1699 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, Sübhan adlı uşaq xx.xx.2012-ci il tarixdə doğulmuş, ata qrafasında Daşqın qeyd edilsə də, soyadı Arifli olaraq göstərilmişdir. Həmin akt qeydində xx.xx.2020-ci il tarixdə X1 atalığı müəyyən etmək haqqında aktı qeydinin ləğvi ilə əlaqədər xx.xx.2012-ci il tarixli, 1699 saylı doğum haqqında akt qeydində dəyişiklik edilmiş və uşağın soyadı Allahverdiyev, ata adı isə Ruhin kimi göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı qaydası”: 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 2.10. Uşağa adın, ata adının və soyadın verilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir. 6.1. Ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində və ya konsulluq idarəsində dövlət qeydiyyatına alınır. 6.2. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. 6.5. Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən atalığın müəyyən olunmasının dövlət qeydiyyatı zamanı atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edilir. 6.6. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdə sonra Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qeydə alır. 6.7. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. 6.13. Atalığın müəyyən olunmasını qeyd edərkən uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir, valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı uşağın yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll olunur. 6.14. Doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi barədə ərizəni qəbul etməmişdən əvvəl doğum haqqında akt qeydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. 159.1. X2 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 187.1. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. 187.1-1. Atalığın müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. (xx.xx.2022-ci il tarixdən əlavə edilmişdir) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, hər bir uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir və uşağa ata adı atasının adına görə verilir. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Hazırkı mübahisədə xx.xx.2012-ci il təvəllüdlü Sübhanın doğumu xx.xx.2012-ci il tarixli, 1699 saylı aktla qeydə alınmışdır. Doğum haqqında akt qeydi verilərkən nə atanın razılıq ərizəsi, nə də məhkəmə qətnaməsi olmamışdır. Bu halda qanunvericiliyə uyğun olaraq uşağın soyadı anasının soyadı ilə eyni, ata adı isə anasının göstərişi ilə “Daşqın” kimi qeyd edilmişdir. Daha sonra atalığın müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(036)-1306/2012 saylı qətnaməsi ilə İddiaçı X8 ilə faktiki nikah münasibətlərindən xx.xx.2012-ci il tarixdə doğulmuş Sübhan adında uşağın atası olması faktı müəyyən olunması və uşağın doğulması haqqında akt qeydlərində ata qrafasında İddiaçı yazılması qət edilmişdir. Lakin uşağın doğum haqqında akt qeydində dəyişiklik edilməmişdir. Ümumiyyətlə sözügedən qətnamənin icra olunması məkhəmə araşdırması ilə müəyyən edilməmiş, bu barədə hər hansı sənəd nə İmişli Rayon Məhkəməsindən, nə də İmişli rayon Qeydiyyat şöbəsindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, İmişli Rayon Məhkəməsi tərəfindən verilən məlumata əsasən qətnamə icra edilməsi üçün xx.xx.2013-cü il tarixdə İmişli rayon Qeydiyyat şöbəsinə göndərilmiş, icraata başlama haqqında qərar məhkəməyə göndərilmədiyi üçün icra vəziyyəti barədə məlumat verilməsi mümkün olmamışdır. Doğrudur, qətnamə qəbul edildiyi dövrdə Ailə Məcəlləsinin yuxarıda istinad edilən 187.1-1ci maddəsi mövcud olmamışdır. Bununla belə, adıçəkilən qətnamənin icrası təmin edilməli və uşağın doğum haqqında akt qeydində müvafiq dəyişiklik edilməli idi. Məhkəməyə təqdim edilən sənədlərdən uşağın doğum haqqında akt qeydində qətnamə əsasında dəyişiklik edilməsi halı müəyyən olunmur. Həmin qətnamənin icrası ilə bağlı heç iddiaçının özü də İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etməmişdir. Hazırkı iddiada iddiaçı uşağın doğum akt qeydindəki ata qrafasında X4 yazılmasını yanlış hesab edərək həmin qeydin ləğv edilməsi və İddiaçı kimi qeyd edilməsini tələb edir. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, seriya AZ-İ № 387425 saylı atalığı müəyyən etmək haqqında aktı qeydinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Arifli Sübhanın ata qrafasında xx.xx.1993-cü il təvəllüdlü X4 qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, bununla bağlı hər hansı hüquq pozuntusu olmamışdır. Belə ki, müraciət uşağın anası və onun rəsmi nikahda olduğu şəxs tərəfindən edilmişdir. Bu halda qanunvericiliyə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq idarəsi ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu akt qeydlərinin saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X2 Reyestri Xidmətinə sorğu verir. Dəyişikliyi qeydə alan orqan, hazırkı mübahisədə cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi müvafiq sorğuları verdiyi zaman qətnamə icra edilmədiyi və buna müvafiq olaraq yeni qeyd aparılmadığı üçün uşağın doğum haqqında akt qeydindən başqa hər hansı sənəd aşkar edə bilməzdi. Bu baxımdan, doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmədiyindən (uşağın ilkin doğum haqqında akt qeydinda ata adı kimi “Daşqın” yazılması yuxarıda da qeyd edildiyi kimi, qanunvericiliyə uyğun olaraq anasının göstərişi ilə olmuşdur və bu hal atalığın müəyyən edilməsi barədə ərizənin qəbulundan imtinaya əsas vermir) cavabdeh tərəfindən X4 və X3 tərəfindən edilmiş müraciət təmin edilmiş və doğum haqqında akt qeydində dəyişiklik edilərək uşağın atası kimi X4 göstərilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehin uşağın doğum akt qeydindəki ata qrafasında X4 yazılması barədə qeydin ləğv edilməsi və İddiaçı kimi qeyd edilməsi tələbinin təmin etməkdən imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə iddiaçının pozulmuş hesab edilə bilən hüququnun bərpası ilə bağlı onu qeyd edir ki, iddiaçı Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin hərəkətlərini mübahisələndirməli deyil, İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(036)- 1306/2012 saylı qətnaməsinin icrası barədə hərəkətlərin tamamlanması ilə bağlı həmin məhkəməyə müraciət etməli idi. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Nəsimi rayon qeydiyyat Şöbəsinə qarşı, X4 və Allahverdiyeva (Arifli) Nərmin Azər qızı üçüncü şəxs qismində cəlb edilməklə “doğum haqqında akt qeydində dəyişikliyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1228/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1228/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver