Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12281/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Goradil bağlar sahəsindəki 75 nömrəli kooperativinin 75 nömrəli Orderinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 531 №-li qərarına əsasən Goradil bağlar sahəsindəki 75 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1409j nömrəli bağ sahəsi İddiaçı (bundan sonra iddiaçı) ayrılıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli Arxiv arayışında göstərilmişdir: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1993-ci ilə dair sərəncamlar kitablarında aşağıdakı sərəncam vardır: SƏRƏNCAM №531 (çıxarış) xx.xx.1993-ci il Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair (bağ məsələləri üzrə komissiya yığıncağının 26 mart 1993 - cü il tarixli, 48 №-li protokolu) Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən:
2. Aşağıdakı vətəndaşlara bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılsın: 2.75. İddiaçı Manqulu oğluna - Goradil BTK № 75. İddiaçı qeyd edilən ünvanda yerləşən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının ərizəsinə imtina cavabı verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır, “...şəxsiyyətinizi təsdiq edən sənədlə təqdim olunmuş digər sənədlər arasında ata adında uyğunsuzluq mövcuddur. Belə ki, şəxsiyyət vəsiqəsində ata adı “İmanqulu” qeyd edilsə də, sənədlərdə “Manqulu” qeyd edilmiş, orderdə sonradan düzəliş olunmuşdur. Order barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Bundan başqa, sahəyə baxış keçirilməsi üçün İdarənin mütəxəssisləri tərəfindən sizinlə əlaqə saxlanılan zaman torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə edildiyi, daha sonra isə Bakı şəhərində olmadığınızı bildirərək tərəfinizdən texniki baxış və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır.”
İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən “1409 j” saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən İddiaçı adına çıxarış və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 29 mart 1993-cü il tarixli, 531 nömrəli qərarı ilə 75 saylı X1 nəzdində 75 saylı order əsasında Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən ölçüsü 0.12 ha olan 1409 j saylı bağ sahəsi İddiaçı ayrılmışdır. Ona məxsus torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədar olaraq cavabdehə müraciət etdiyi zaman onun torpaq sahəsini qeydiyyata almaqdan imtina edilmişdir. İmtina məktubunda bildirilir ki, şəxsiyyətinizi təsdiq edən sənədlə təqdim olunmuş digər sənədlər arasında ata adında uyğunsuzluq mövcuddur. Belə ki, şəxsiyyət vəsiqəsində ata adı “İmanqulu” qeyd edilsə də, sənədlərdə “Manqulu” qeyd edilmiş, orderdə sonradan düzəliş olunmuşdur. Order barədə məlumat İdarənin arxivində aşkar edilməmişdir. Bundan başqa sahəyə baxış keçirilməsi üçün İdarənin mütəxəssisləri tərəfindən sizinlə əlaqə saxlanılan zaman torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə edildiyini, daha sonra isə Bakı şəhərində olmadığınızı bildirərək tərəfinizdən texniki baxış və inventarlaşdırma işləinin aparılmasına şərait yaradılmamışdır. Cavabdehin imtina məktubunda qeyd olunanlarla əlaqədar olaraq bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1409 j saylı torpaq sahəsi ayrılan zaman yerdə və naturada təhvil verilmişdir və torpaq sahəsinin perimetrik ölçülərində heç bir dəyişiklik olunmamışdır. Hal-hazırda torpaq sahəsi onun istifadə və sahibliyindədir. Cavabdeh tərəfindən qeyd edilən iradlar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas ola bilməz. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənəd mövcuddur. Cavabdeh inzibati orqanın qərəzli olaraq hər hansı bir qanuni əsaslı sübut təqdim etmədən ona məxsus torpaq sahəsinin qeydiyyata alınmasından imtina etməsi onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanuna ziddir və təqdim edilmiş sənədlər qanunvericiliyə əsasən ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Bu səbəbdən də cavabdehin qeyd olunan hərəkətləri qanunsuz hesab edilməli və iddia tələbi üzrə qərar qəbul edilməlidir.
Cavabdehin etirazı:
Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, şəxsiyyəti təsdiq edən sənədlə təqdim olunmuş digər sənədlər arasında ata adında uyğunsuzluq mövcuddur. Belə ki, şəxsiyyət vəsiqəsində ata adı "İmanqulu" qeyd edilsə də, sənədlərdə "Manqulu" qeyd edilmiş və orderdə sonradan düzəliş olunmuşdur. Həmçinin təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Bundan başqa, sahəyə baxış keçirilməsi üçün İdarənin mütəxəssisləri tərəfindən əlaqə saxlanılan zaman torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə edildiyi bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
Tərəflərin iştirakı və izahatları:
İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi isə iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsinə nail olmaqdan ibarətdir. İmtinanın və iddiaya dair etirazın dəlilləri ondan ibarətdir ki, şəxsiyyəti təsdiq edən sənədlə təqdim olunmuş digər sənədlər arasında ata adında uyğunsuzluq mövcuddur. Belə ki, şəxsiyyət vəsiqəsində ata adı "İmanqulu" qeyd edilsə də, sənədlərdə "Manqulu" qeyd edilmiş və orderdə sonradan düzəliş olunmuşdur. Həmçinin təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Bundan başqa, sahəyə baxış keçirilməsi üçün İdarənin mütəxəssisləri tərəfindən əlaqə saxlanılan zaman torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə edildiyi bildirilmişdir. Bununla bağlı aşağıdakılar qeyd edilir: Məhkəmə cavabdehin şəxsiyyəti təsdiq edən sənədlə təqdim olunmuş digər sənədlər arasında ata adında uyğunsuzluq mövcuddur, şəxsiyyət vəsiqəsində ata adı "İmanqulu" qeyd edilsə də, sənədlərdə "Manqulu" qeyd edilmişdir dəlilinə münasibətdə bildirir ki, bağ sahəsi məhz iddiaçıya ayrılmış və iddiaçının adına order hazırlanmışdır. Torpaq sahəsi ona ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində və sahibliyində olmaqla onun adına hazırlanmış order mübahisələndirilməmiş, ləğv edilməmiş, dəyişdirilməmişdir və hazırda qüvvədədir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 531 №-li sərəncamında da qeyd olunan bağ sahəsi iddiaçıya ayrılmış, sadəcə olaraq yalnışlıqla onun ata adında hərf səhvinə yol verilmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2683/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında oxşar hüquqi mövqe nümayiş etdirilmişdir) Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Goradil bağlar sahəsindəki 75 nömrəli kooperativinin 75 nömrəli Orderinin əsli iddiaçıya təqdim edilmişdir. Məhkəmə cavabdehin təqdim edilmiş “75” nömrəli orderin arxiv nüsxəsi idarənin arxiv qovluğunda aşkar edilməməsi dəlilinə münasibətdə bildirir ki, qeyd edilən orderin olmaması iş üzrə mübahisəli hal deyil. Həmin orderin nüsxəsinin cavabdeh qurumun arxivində aşkar edilməməsi isə iddiaçının məsuliyyət dairəsinə aid olmadığından onun üçün məhdudlaşdırıcı nəticələr doğura bilməz. Belə ki, orderin verilməsi üçün əsas olmuş qərar sərəncam Bakı Şəhər İcra Hakimiyyətinin arxivində mövcuddur: Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li sərəncamından çıxarışda göstərilmişdir: Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2025-ci il tarixli, 4-6/2-5470/2025 nömrəli sorğunuza cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 531 №-li sərəncamından çıxarış. Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair( bağ məsələləri üzrə komissiya yığıncağının 25.03.93-cü il tarixli,48 №-li protokolu) Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən: 2.Aşağıdakı vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ sahələri ayrılsın. 2.75.İddiaçı Manqulu (sənəddə olduğu kimi) oğluna –Görədil BTK № 75. Cavabdehin sahəyə baxış keçirilməsi üçün İdarənin mütəxəssisləri tərəfindən əlaqə saxlanılan zaman torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə edildiyi bildirilmişdir dəlilinə münasibətdə bildirilir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi şərti göstərilən 1200 kv.m, ümumi sahə 2346.0 kv.m təşkil edir. Sahəyə xx.xx.2025-ci il tarixdə yerli baxış keçirilmişdir. Nümayəndə tərəfindən göstərilən sahə hasar daxilindədir, ümumi sahəsi 2346.0 kv.m təşkil edir. Sahədə 1 mərtəbəli mansardlı ev, köməkçi və həyət tikililəri var. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Qeyd edilməlidir ki, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması iddiaçının məsuliyyəti ilə bağlı məsələ olmadığından onun üçün məhdudlaşdırıcı nəticələr doğura bilməz. Qeyd olunan bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğu varsa belə, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin dəlilləri qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddia tələbi əsaslı hesab edilir. Azərbaycan Respulikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ... Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2212/2023 nömrəli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən “1409 j” saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən İddiaçı adına çıxarış və plan ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva