Məhkəmə qərarları › İş №2-1(112)-12282/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12282/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12282/2025 23.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunma öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunma öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə (bundan sonra mətndə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun verilməsi ilə bağlı öhdəliyin cavabdeh Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarı ilə onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. 2022-ci və digər illərdə ASAN xidmətə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə təmin edilmə üçün etdiyi müraciətləri onun səbəbləri göstərilmədən təmin edilməmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li Qərarın surətindən müəyyən olunur ki, xx.xx.1995-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-M-1382/2 №-li cavab məktubunda göstərilmişdir ki, “... ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı vəsatətiniz üzrə barənizdə aparılan araşdırmanın nəticəsindən asılı olaraq sizin şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməyiniz məsələsinə baxılacaqdır”. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2025-cü il tarixli, № 08/17673/di qeydiyyat nömrəli cavab məktubunda göstərilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin xx.xx.2022-ci il tarixli 4/15-10196/15/22 nömrəli müraciəti əsasında şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Lakin, aparılmış təkrar araşdırma nəticəsində şəxs barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar ləğv edilərək, xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli, ******* №-li Qərarın surətindən müəyyən olunur ki, mövcud sənədlərə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı təkrar araşdırma aparılmış və onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edildiyindən 26 aprel 1995-ci il təvəllüdlü X2 barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 28 iyun 2022-ci il tarixli ******* №-li qərarın ləğv olunması və 26 aprel 1995-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.

Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi) İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında iddianın mümkünlük şərtlərinin ödənilməsinə münasibətdə aparılmalı olan yoxlama çərçivəsində iddianın mümkünlüyünü istisna edən hallar öz əksini tapmışdır ki, məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyəti üzrə qiymətləndirilməsi mümkün olmayan iddiadır. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” Əsasnamə: 3.1.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada Nazirlik daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin — Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. 4.1.8. Nazirlik öz vəzifələrini və funksiyalarını həyata keçirmək yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin etmək hüququna malikdir. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin orqan isə öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Göründüyü kimi vətəndaşların yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sisteminin təşkili DİN-in səlahiyyət sferasına aiddir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Maddə 4. Şəxsiyyət vəsiqəsinin verilməsi Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana özü və ya vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs vasitəsilə müraciət etməlidir. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir. 15 yaşı tamam olmamış vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi və bu Qanunun 3-cü maddəsinin ikinci hissəsinin altıncısəkkizinci abzaslarında göstərilən məlumatlar daxil edilmir. Fotoşəkilə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və vəsiqəni verən yerli qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. Qeyd: 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Əsasnamənin: 1.1. Bu Əsasnamə "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə, şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi və məlumatların şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi qaydalarını müəyyən edir. 2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. 2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2-1. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə bu Əsasnamənin 2.2-ci və 2.23-cü bəndlərində nəzərdə tutulmuş sənədlər əsasında həyata keçirilir. 2.2-2. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, həmçinin gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur. 2.2-3. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir. 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. 2.5. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir (şəxsiyyət vəsiqəsinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu vəsiqə verən orqana daxil olduğu andan hesablanır). 2.6. Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsə şəxsiyyət vəsiqəsi verilərkən, vəsiqə verən orqanın məsul əməkdaşı onun Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduğuna dair məlumatları İAMAS-da toplanılan məlumatlar əsasında yoxlayır. Şərh olunan qanunvericiliyin müddəalarından görünür ki, şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir: bu maddənin birinci hissəsində göstərilən məlumatlar; vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları (poçt ünvanı, telefon nömrələri); vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); vətəndaşın uşaqlarının soyadı və adı; vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar. Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir. Şərh olunan qanunvericiliyin müddəalarından görünür ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun ölkə daxilində şəxsiyyətini təsdiq edən əsas rəsmi sənəddir və şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir. Belə ki, nəzərə alınmalıdır ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi nəticəsində verilmiş şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Başqa sözlə desək, şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması ona verilmiş şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Digər tərəfdən, yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan da aydın görünür ki, vətəndaşa şəxsiyyət vəsiqəsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirildikdən sonra verilə bilər. İşin faktiki hallarında isə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li Qərarı ilə xx.xx.1995-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınması qərara alınmışdır. Lakin daha sonra Lakin, aparılmış təkrar araşdırma nəticəsində şəxs barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar ləğv edilərək xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərardanda müəyyən olunur ki, 26 aprel 1995-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Belə olan halda hazırki vəziyyətdə iddiaçı 26 aprel 1995-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığı olmadığından şəxsiyyət vəsiqəsi verilmə öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması mümkünsüzdür. Çünki, bir daha qeyd olunması zəruridir ki, iddiaçı ona şəxsiyyət vəsiqəsinin verilməsi məqsədinə nail olmaq üçün mütləq qaydada onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşməlidir. Yalnız həmin məsələlər həll edildikdən sonra iddiaçının şəxsiyyət vəsiqəsi ilə təmin olunma məsələsi mahiyyəti üzrə araşdırıla bilər. Odur ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması ona verilmiş şəxsiyyət vəsiqəsi ilə təsdiq olunduğundan və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması halı nəzərə alınmaqla iddia tələbi mümkün sayılmamalıdır. Bundan əlavə öz mövqeyini əsaslandırmaq üçün məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir. Plenumun sözügedən qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Bundan əlavə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Lakin hazırkı mübahisəyə münasibətdə belə istisnanın nəzərdə tutulduğu müəyyən edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub - pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmamadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənddə qeyd edilir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə.85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar