Məhkəmə qərarları › İş №2-1(112)-12289/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12289/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12289/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, **********05 nömrəli imtinasının əsassız sayılması və Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamı əsasında X1 təşkilatının xx.xx.2003-cü il tarixli 02 saylı Protokoluna əsaslanaraq Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin X3 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışına əsasən ona fərdi ev tikintisi üçün ayrılmış 0,10 ha Buzovna qəsəbəsində yerləşən, 1-657 kodlu torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına vahid çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamından çıxarışı ilə ona Xəzər rayonu, Buzovna qəsəbəsində 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Daha sonra Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin X3 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışı ilə Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı və X1 Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolu nəzərə alınaraq ona fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən 0.10 hektar torpaq sahəsi ayrılmışdır. 20 ildən artıqdır ki, həmin torpaq sahəsi onun istifadəsindədir. Torpaq sahəsi üzərində ev tikmişdir və burada yaşayır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı idarəsinin Qeydiyyat vəsiqəsi ilə Əzizbəyov rayonu Buzovna qəsəbəsində yaşayış sahəsi 90.1 kv.m., köməkçi sahəsi 86.7 kv.m. olan 4 otaqdan ibarət yaşayış evi Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamına əsasən onun, İddiaçı adına qeydiyyata alınmışdır. Yaşadığı torpaq sahəsinin adına qeydiyyata alınması ilə bağlı 1 saylı Bakı ərazi idarəsinə ərizə ilə müraciət etsə də cavabdeh orqan xx.xx.2024-cü il tarixli, **********05 nömrəli məktubu ilə əsassız olaraq imtina etmişdir. İmtinanın əsaslarına qiymət verdikdə görünür ki, cavabdeh orqan ona ayrılmış torpaq sahəsinin 1000 kv.m. olduğunu, lakin onun faktiki istifadəsindəki torpaq sahəsinin 949 kv.m. təşkil etdiyini əsas gətirmişdir. İddiaçı məhkəmənin nəzərinə çatdırmışdır ki, o, yalnız faktiki istifadəsində olan 949 kv.metrin adına rəsmiləşdirilməsini xahiş edir. Həmçinin ona 1999-cu il tarixdə sərəncam verildikdən sonra nümayəndə tərəfindən ayrılmış torpaq sahəsinin yeri hazırda faktiki istifadəsində olan sahə göstərilmişdir. Yaşadığı mənzilə verilmiş qeydiyyat vəsiqəsində də həmin sahənin Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamına əsasən verildiyi qeyd edilmişdir. Bu da ona əsas verir ki, mənzilin yerləşdiyi torpaq sahəsi də bu sərəncam əsasında ayrılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********05 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan əlavə, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin sovxoz sənədlərində torpaq sahəsinin ölçüsü 1000 kv.m, texniki pasportda 1059.2 kv.m qeyd edilsə də, faktiki 949 kv.m təşkil edir. Əlavə olaraq bildiririk ki, İddiaçı göstərilən torpaq sahəsinə xx.xx.2019-cu il tarixli müraciəti zamanı fərqli hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir və iddiaçıya təqdim edilən qeydiyyat vəsiqəsinin ilkin əsasları ilə adına digər ərazidə 0.10 ha torpaq sahəsi **********78 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı barədə **********59 saylı, xx.xx.2019-cu il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 1-657 kodlu 949.0 kv.metr torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 176.8 kv.metr olan fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyi tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Qeydiyyat vəsiqəsindən görünür ki, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən, yaşayış sahəsi 90.1 kv.m., köməkçi sahəsi 86.7 kv.m., 4 otaqdan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayonu üzrə İcra Hakimiyyətinin 20 avqust 1999-cu il 096 nömrəli sərəncamına əsasən 35041 nömrəli, 570 nömrəli inventar işi ilə qeydə alınmışdır. -Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamından çıxarışından görünür ki, vətəndaş İddiaçı 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınmış, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. -Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrdən çıxarışına əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik - südçülük sovzoxu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X6) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolu nəzərə alınaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0,10 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 14 mart 2019-cu il tarixli 054 nömrəli məktubu ilə göndərilmiş əmrdən çıxarışında qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 20 avqust 1999-cu il tarixli 096 saylı sərəncamı əsasında Tərəvəzçılik-Südçülük sovxozunun Həmkarlar təşkilatının xx.xx.2003-cü il tarixli 02 saylı Protokoluna əsaslanaraq Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 xx.xx.2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən İddiaçı fərdi ev tikintisi üçün 0,10 ha hesabı ilə 1-657 kodlu torpaq sahəsi ayrılmışdır. İddiaçı aid həyətyanı torpaq sahəsinin sxemindən görünür ki, 1-657 kodlu torpaq sahəsi, 3 tərəfdən qonşu, bir tərəfdən yol ilə əhatələnməklə, torpaq sahəsinin uzunluğu 44.09 m; 44.64, eni 21.22; 21.49 metrdir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 14 mart 2019-cu il tarixli 165 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, ona həqiqətən X6 (Buzovna Tərəvəzçilk-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesabı ilə 1-657 kodlu torpaq sahəsi ayrılmışdır.1-657 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********90 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: Buzovna qəsəbəsi, Əzizbəyov rayonu, inventar nömrəsi 570, qeyd nömrəsi 35041 olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, torpaq sahəsinin əslində sahəsi cəmi 1059.2 kv.m., tikinti altında qalan hissəsi 259.2 kv.m., həyət örtüyü torpaq sahəsi 800.0 kv.m.-dir. Binanın təsvirində fərdi ev sayı 1, yaşayış otaqlarının sayı 4, ümumi sahəsi 176.8 kv.m., yaşayış sahəsi 90.1 kv.m., köməkçi sahə 86.7 kv.m.-dir Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********30 nömrəli məktubu ilə göndərilmiş Buzovna qəsəbəsində yerləşən daşınmaz əmlakın texniki vəziyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, otaqların sayı hüquq müəyyənedici sənəd üzrə 4, faktiki 4, ümumi sahəsi hüquq müəyyənedici sənəd üzrə 176.8 kv.m., faktiki 176.8 kv.m., yaşayış sahəsi hüquq müəyyənedici sənəd üzrə 90.1 kv.m., faktiki 90.1 kv.m., köməkçi sahəsi hüquq müəyyənedici sənəd üzrə 86.7 kv.m., faktiki 86.7 kv.m., ərazinin ümumi torpaq sahəsi texniki pasport üzrə 1059.2 kv.m., faktiki 494.0 kv.m, torpaqayırma üzrə 1000 kv.m.-dir. Torpaq sahəsinin konfiqurasiyası texniki pasportdan fərqlənir, X3 tərtib etdiyi yerləşmə cizgisinə uyğundur. Əlavə həyət tikilisi inşa edilib. A tikilisindən 7 saylı sahə 2 hissəyə bölünüb, 3 və 2 saylı sahələr birləşdirilib. A tikilisinə bitişik əlavə köməkçi sahə inşa edilib. Çardağda mansard quraşdırılıb, zalın bir hissəsinin altında zirzəmi var. Faktiki göstərilən ərazinin və A tikilisinin koordinatları əlavə olunmuşdur. Ərazinin:

1. X- 422404.4650, Y- 4485738.6240, Z=0.0000

2. X- 422358.4060, Y- 4485737.0690, Z=0.0000

3. X- 422357.2220, Y- 4485758.6090, Z=0.0000

4. X- 422401.8440, Y-4485759.8380, Z=0.0000 A Tikilisinin:

1. X- 422374.1962, Y- 4485737.6263, Z=0.0000

2. X- 422373.5824, Y- 4485755.0155, Z=0.0000

3. X- 422387.4738, Y- 4485755.5057, Z=0.0000

4. X- 422388.0875, Y- 4485738.1166, Z=0.0000 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********05 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan əlavə, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin sovxoz sənədlərində torpaq sahəsinin ölçüsü 1000 kv.m, texniki pasportda 1059.2 kv.m qeyd edilsə də, faktiki 949 kv.m təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı göstərilən torpaq sahəsinə xx.xx.2019-cu il tarixli müraciəti zamanı fərqli hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 949 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 176.8 kv.metr olan fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq vahid çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir Cavabdehin imtina əsasları aşağıdakılardan ibarət olmuşdur: -elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi var; -təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır; -torpaq sahəsinin ölçüsü 1000 kv.m, texniki pasportda 1059.2 kv.m qeyd edilsə də, faktiki 949 kv.m təşkil edir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X6) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan X6 rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (X3) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. İşin hallarından müəyyən olunur ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 20 avqust 1999-cu il tarixli 096 saylı sərəncamı əsasında Tərəvəzçılik-Südçülük sovxozuna ayrılmış torpaq sahəsindən Sovxozun Həmkarlar təşkilatının xx.xx.2003-cü il tarixli 02 saylı Protokoluna əsaslanaraq Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 xx.xx.2003-cü il tarixli 28 nömrəli əmri ilə İddiaçı fərdi ev tikintisi üçün 0,10 ha hesabı ilə 1- 657 kodlu torpaq sahəsi ayrılmışdır. İddiaçı inşa etdiyi Buzovna qəsəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 176.8 kv.m., yaşayış sahəsi 90.1 kv.m., köməkçi sahə 86.7 kv.m. olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmış, bu barədə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastri İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Göründüyü kimi iddia edilən torpaq sahəsi ilkin olaraq fərdi yaşayış evinin tikintisi üçün X6 (sovxoz) əmri ilə ayrılmış, sonuncunun tikdiyi fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh fərdi yaşayış evinə mülkiyyət hüququnu qeydiyyata alarkən torpaq sahəsinə dair hüququmüəyyənedici sənəd qismində Abşeron rayon İcra Hakimiyyəti başçısının 20 avqust 1999-cu il tarixli 096 saylı sərəncamı, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrini əsas götürmüş, məhz həmin torpaqayırma sənədləri əsasında torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evin mülkiyyət hüquqlarını qeydiyyata almışdır. Başqa sözlə, cavabdeh fərdi yaşayış evinə mülkiyyət hüquqununun qeydiyyatı zamanı evin yerləşdiyi torpaq sahəsinin X3 əmrinə əlavə edilmiş yerləşmə cizgisində göstərilən torpaq sahəsi olmadığına istinad etməmiş, iddia etdiyi kimi yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmamasını bildiyi və ya bilməli olduğu halda torpaq sahəsi üzərində olan fərdi evə mülkiyyət hüququnun qeydiyyatından imtina etməmişdir. Belə olan halda cavabdehin eyni hüquqmüəyyənedici sənədlərlə qeydiyyata aldığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə eyni hüquqmüəyyənedici sənədləri nəzərə almadan imtinası qanuni hesab edilə bilməz. Cavabdehin arxiv sənədlərində X3 əmri ilə ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyətini göstərən sənədlər mövcuddur və həmin sənədlərdəki torpaq sahəsinin yerləşmə mövqeyi faktiki olaraq naturada göstərilən əmlakın yerləşmə vəziyyətinə uyğundur. Belə ki, yuxarıda adıçəkilən 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X6) rəhbərinin (direktor və s.) əmri ilə ayrılmış torpaq sahəsinin naturada yerləşdiyi yeri müəyyən etməyə imkan verən sənədlər sırasında yerləşmə sxemi, plan, təhkim aktı ilə yanaşı həm də həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər də nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə arxivdə mövcud olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 xx.xx.2003-cü il tarixli 28 nömrəli Əmri ilə ayrılmış 1-657 kodlu torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, torpaq sahəsi, 3 tərəfdən qonşu sahələr, bir tərəfdən yol ilə əhatələnmişdir ki, qeyd edilən yerləşmə vəziyyəti cavabdeh tərəfindən təqdim edilmiş ortofoto görüntüdəki torpaq sahəsinin yerləşmə vəziyyəti ilə eynidir. Bundan əlavə cavabdeh idarənin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli yerli müayinə aktlnda da torpaq sahəsinin konfiqurasiyasının X3 tərtib etdiyi yerləşmə cizgisinə uyğun olduğu qeyd edilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının iddia etdiyi X3 əmri ilə ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmiş, həmin texniki pasportda evin yerləşmə cizgisi, fərdi yaşayış evinin və yerləşdiyi topaq sahəsinin ölçüləri ilə bağlı texniki göstəriciləri qeyd edilmişdir. Cavabdeh iddia olunan fərdi evin və torpaq sahəsinin hazırda faktiki yerləşmə vəziyyətinin texniki pasportdan hansı xüsusiyyətlərinə görə fərqləndiyi və bu fərqliliyin göstərilən əmlaka dair hüquqların qeydiyyatından imtinaya əsas verməsi ilə bağlı konkret dəlillər irəli sürməmişdir. Beləliklə, iddia olunan torpaq sahəsinin naturada yerləşdiyi yer və koordinatları cavabdehə ən azından özünün qeydiyyata aldığı fərdi yaşayış evinə dair ilkin sənədlər, həmin evə dair arxiv, baza və texniki pasport məlumatları əsasında məlumdur və bu halda yerləşmə sənədinin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirməyin mümkün olmaması ilə bağlı dəlil əsassızdır. Torpaq sahəsinin ölçüsünə gəlincə qeyd edilməlidir ki, ilkin torpaqayıtrma sənədi olan Prezidenti İşlər İdarəsinin X3 xx.xx.2003-cü il tarixli 28 nömrəli əmri ilə İddiaçı fərdi ev tikintisi üçün 0,10 ha ölçüdə torpaq sahəsinin ayrılmasının göstərilməsi, hazırkı halda həmin ölçüdən az (ilkin torpaqayırma sənədindəki və evin texniki pasportunda olan ölçüdən çox olmayaraq) faktiki istifadədə olan 949.0 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatına mane olmur. Bundan əlavə fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi, texniki pasportunda sözügedən ev 4 otaqlı, yaşayış sahəsi 90.1 kv.m., köməkçi sahəsi 86.7 kv.m, ümumilikdə 176.8 kv.m olaraq qeydiyyata alınmış, eyni zamanda cavabdehin həmin evə xx.xx.2024-cü il tarixdə keçirilmiş yerli müayinəsi zamanı fərdi yaşayış evinin faktiki vəziyyətdə yaşayış sahəsi 90.1 kv.m., köməkçi sahəsi 86.7 kv.m, ümumilikdə 176.8 kv.m olduğu müəyyən olunmuşdur. İddiaçı hazırkı tələbində də həmin fərdi evə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 1-657 kodlu 949.0 kv.metr torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 176.8 kv.metr olan fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 1-657 kodlu 949.0 kv.metr torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 176.8 kv.metr olan fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar