Məhkəmə qərarları › İş №2-1(112)-12289/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12289/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12289/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X6) “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “341” saylı torpaq sahəsi üzərində hüquqlarını miras qoyan X2 məxsus olması barədə arayışın verilməsi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maşatağa qəsəbəsi ünvanda yerləşən "341" saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X2 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X6 (bundan sonra – üçüncü şəxs) məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 və İstismarı Birliyinin xx.xx.1991-ci il tarixli orderinə əsasən Maştağa qəsəbəsi ərazisində 0,12 hektardan ibarət 341k saylı bağ sahəsi iddiaçının atası – mərhum X1 adına ayrılmışdır. Mərhumun vəfatından sonra iddiaçı Bakı şəhəri 14 saylı notariat ofisinə vərəsəliyin açılması ilə bağlı müraciət etmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabde bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən ərazidə bağ nömrəsi qeyd olunmamış və sxematik xəritədə 341 saylı bağ sahəsindən bölünən sahələrin aydın müşahidə olunmaması səbəbindən torpaq sahəsinin sənəd üzrə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, təqdim edilmiş xx.xx.1991-ci il tarixli, 3/318 nömrəli qərarda torpaq sahəsi barədə məlumat göstərilməmişdir. Həmçinin, idarənin arxiv əsaslarında eyni bağ tikinti kooperativi nəzdində eyni nömrəli torpaq sahəsinə dair digər fiziki şəxsin adına verilmiş order nüsxəsi mövcuddur və 345k nömrəli torpaq sahəsi həmin order və digər hüquqmüəyyənedici sənədlər əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşməklə yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Bundan əlavə, iddia olunan ərazinin bir hissəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, X6 onun qardaşının həyat yoldaşıdır. Torpaq sahələri bir hasar daxilində yerləşsə də, ona məxsus torpaq sahəsi ilə Gülüş Məmmədovnın torpaq sahəsi ayrıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2025-ci il məktubuna əsasən X5 xx.xx.2004-cü il tarixdə vəfat etmiş və vərəsələrinin dairəsi müəyyən edilmişdir. İddiaçı miras qoyanın vərəsəsidir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 6/c saylı orderin surətinə əsasən Maştağa bağlar sahəsindəki 50 saylı BTK nəzdində 0,12 hektardan ibarət 341k saylı bağ sahəsi X2 ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhər XDS İK-nin (indiki BŞİH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli 3/318 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 saylı qərarına əsasən X2 Maştağa qəsəbəsində 50 nömrəli Bağ-Tikinti Kooperativi nəzdində bağ sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda Bakı şəhər X7 İcraiyyə Komitəsinin 1991-ci ilə dair qərarlarının BŞİH-nin arxivində saxlanılmadığı bildirilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən X3 adına qeydiyyata alınmış 0,12 hektar təşkil edən Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən 341L saylı bağ sahəsi faktiki göstərilən 0,535 ha sahə daxilində yerləşir. Həmin məktubla müayinə aktının və X3 adına Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən 341L saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-830/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən, sahəsi 0.12 ha olan 341L nömrəli bağ sahəsi üzərində X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 341L saylı bağ sahəsi üçüncü şəxsin mülkiyyətindədir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsindəki 341K saylı bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,12 hektar, faktiki 0,535 ha təşkil edir. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 6/c saylı orderə əsasən Maştağa bağlar sahəsindəki 50 saylı BTK nəzdində 0,12 hektardan ibarət 341L saylı bağ sahəsi üçüncü şəxsə ayrılmışdır. Cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, ümumi 0,5312 ha ərazidə iddiaçı tərəfindən göstərilən torpaq sahəsi (341k saylı bağ sahəsi kimi) sənəd üzrə və faktiki olaraq 0,12 hektar təşkil edir. İddiaçı tərəfindən göstərilən sahə üzərində tövlə tikilisi mövcuddur. Ümumi ərazinin üzərindən yüksək gərginlikli 110 kVt- lıq elektrik xətti keçir. Qeyd olunanlarla bağlı izahlı baş plan rəyə əlavə olunub. İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritəyə əsasən, göstərilən ərazidə bağ nömrəsi qeyd olunmamışdır. O cümlədən, sxematik xəritədə 341 saylı bağ sahəsinin bölünənlərinin aydın müşahidə olunmaması səbəbindən torpaq sahəsinin sənəd üzrə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür (mühafizə çıxılmaqla qalan 0,1047 ha sahə bazaya daxil edildi). Ümumi sahədə mövcud olan tikilinin bir hissəsi verilmiş koordinatlar daxilinə düşür. Sahə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən **********19 reyestr nömrəsi ilə X3 mülkiyyətində olan torpaq sahəsi baş plandakı 0,5312 ha olan sahə ilə üst-üstə düşür (ümumi sahənin bir hissəsi). Lakin göstərilən 0,1047 hektar və ya 0,12 ha sahə ilə üst-üstə düşmür. Vahid elektron kadastr baza məlumatlarına əsasən eyni nömrə ilə digər şəxsin adına qeydə alınmış torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi eyni ərazi deyil. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı vəfat etmiş atası X2 X4 və İstismarı Birliyinin xx.xx.1991-ci il tarixli orderi əsasında Maştağa qəsəbəsi ərazisində 0,12 hektardan ibarət 341k saylı bağ sahəsinin ayrılmasına əsaslanaraq həmin bağ sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsini istəyir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasının əsasları aşağıdakılardan ibarətdir: göstərilən ərazidə bağ nömrəsinin qeyd olunmaması, xx.xx.1991-ci il tarixli, 3/318 nömrəli qərarda torpaq sahəsi barədə məlumatın göstərilməməsi, eyni BTK nəzdində, eyni nömrəli torpaq sahəsinə dair başqa şəxsin adına verilmiş orderin mövcudluğu və 345k nömrəli torpaq sahəsinin həmin sənədlər əsasında başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, göstərilən torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşməklə yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçməsi, iddia olunan ərazinin bir hissəsinin X3 (üçüncü şəxsin) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşməsi; Məhkəmə qeyd edir ki, qeyd olunan əsaslar torpaq sahəsinin mərhuma məxsusluğu barədə arayışın iddiaçıya verilməsindən imtina üçün əsas deyildir. Belə ki, bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Bağın nömrəsinin qeyd olunmaması isə müvafiq orqanın səlahiyyətinə aid olduğundan bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Həmçinin, iddiaçı öz tələbinin əsası kimi əsaslandığı orderin həqiqiliyi mübahisə mövzusu deyildir. Belə ki, həmin orderin verilməsinə əsas olmuş Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı Milli Arxiv İdarəsinin Bakı Filialında da mövcuddur. Sözügedən qərara əsasən X2 Maştağa qəsəbəsində 50 nömrəli Bağ-Tikinti Kooperativi nəzdində bağ sahəsi ayrılmışdır. Eyni zamanda cavbdehin etirazında əsaslandığı bir sıra məsələlərə elə cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində də aydınlıq gətirilmişdir. Müvafiq mütəxəssis rəyindən də göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 0,12 hektar təşkil edir. Üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçına məxsus 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmür və eyni nömrə ilə digər şəxsin adına qeydə alınmış torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi eyni ərazi deyil. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi ilə bağlı qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2-ci bəndində göstərilmişdir ki, Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi torpaq sahəsi iddiaçının atasına 1991-ci ildə ayrılmışdır. Həmin vaxt isə qeyd olunan ərazinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşdüyünü sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh is bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə bağ sahəsinin nömrəsini 341 kimi qeyd etsə və ərizə həmin formada icraata qəbul edilsə də, məhkəmə bunu texniki səhv kimi qiymətləndirir. Belə ki, hüquq müəyyənedici sənədlərdə bağın nömrəsi 341K kimi qeyd edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanda yerləşən “341K” saylı 1200 kv.metr torpaq sahəsinin mərhum X2 məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanda yerləşən “341K” saylı 1200 kv.m torpaq sahəsinin mərhum X2 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar