Məhkəmə qərarları › İş №2-1(112)-1229/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1229/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1229/2021 03.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «iddiaçıya ezamiyyətdə olması ilə əlaqədar pul vəsaitinin ödənilməsi» barədə iddia tələbinə üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ona ezamiyyətdə olması ilə əlaqədar ödənişlərin və ezamiyyə pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 2015-ci ilin mart ayından AR Daxili İşlər Nazirliyinə işə qəbul olunmuşdur. Həmin tarixdən Ağdam Rayon Polis Şöbəsinə sahə müvəkkili vəzifəsində, sentyabr ayında isə müstəntiq vəzifəsində çalışmağa başlamışdır. 2017-ci ilin mart ayında Ağdam RPŞ-nin əməliyyat müvəkkili vəzifəsinə təyin olunduqdan sonra Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə uzun müddətli ezam olunmuşdur. 2019cu ilin yanvar ayında polis orqanından öz ərizəs əsasında tərxis olunmuşdur. Daxili işlər orqanlarında xidmət etdiyi müddətlər ərzində qanunla müəyyən edilmiş imtiyazlar və güzəştlər ona da şamil edildiyi halda, həmin güzəştlər və imtiyazlar ona tətbiq edilməmişdir. Qarabağ müharibəsi zamanı torpaqlarımız işğal olunduğuna görə iddiaçı və valideynləri məcburi köçkün kimi müvəqqəti olaraq Bakı şəhərində qohumlarına məxsus mənzildə məskunlaşmışlar. Ağdam RPŞ-yə polis əməkdaşı kimi vəzifələrinin icrasına başlayan zaman Ağdam rayonunda heç bir yaşayış yeri ilə təmin olunmamış və öz şəxsi vəsaiti hesabına kirayə mənzildə yaşamışdır. Ümumiyyətlə xidmət etdiyi bütün müddət ərzində yaşayış yeri ilə təmin edilməmişdir. Halbuki, daxili işlər orqanları əməkdaşlarının təminat xərclərinə əsasən daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə və qaydada pul kompensasiyası ödənilir. Bundan başqa, 2017-ci ilin mart ayından 2019-ci ilin yanvar ayinədək Ağdam RP,-dən Bakı şəhəri Suraxanı RPİ-yə uzun müddətli ezam olunmuşdur. Lakin xidmət etdiyi həmin müddət ərzində ona heç bir ezamiyyə xərcləri verilməmişdir. AR Daxili İşlər Nazirliyinin 6 mart 2017-ci il tarixli Ə180-001-17 nömrəli əmrindən müəyyən olunur ki, Ağdam rayonundan olan məcburi köçkünlərlə iş aparılması, profilaktik tədbirlərin daha da gücləndirilməsi və törədilən hüquq pozuntularına dair məsələlərin operativ qaydada həll edilməsində yerli orqanlara əməli köməklik göstərilməsi üçün polis leytenantı İddiaçı Bakı şəhəri Suraxanı RPİ-yə ezam edilməsi barədə Ağdam RPŞ-nin məktubunu nəzərə alaraq, Ağdam RPŞ Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı İddiaçı 12 ay müddətinə müvəqqəti Bakı şəhəri Suraxanı RPİ-yə ezam edilsin. AR Daxili İşlər Nazirliyinin 10 mart 2018-ci il tarixli Ə201-001-18 nömrəli əmrindən müəyyən olunur ki, Ağdam rayonundan olan məcburi köçkünlərlə iş aparılması, profilaktik tədbirlərin daha da gücləndirilməsi və törədilən hüquq pozuntularına dair məsələlərin operativ qaydada həll edilməsində yerli orqanlara əməli köməklik göstərilməsi üçün polis leytenantı İddiaçı Bakı şəhəri Suraxanı RPİ-yə ezam edilməsi barədə Ağdam RPŞ-nin məktubunu nəzərə alaraq Ağdam RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı İddiaçı 12 ay müddətinə müvəqqəti Bakı şəhəri Suraxanı RPİ-yə ezam edilsin. AR Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 022/22 nömrəli arayışında qeyd olunur ki, verilir Ağdam RPŞ-nin Cinayət axtarışı bölməsinin sabiq əməliyyat müvəkkili İddiaçı ondan ötrü ki, o, həqiqətən 6 mart 2017-ci tarixdən 12 ay müddətinə və 10 mart 2018-ci il tarixdən 12 ay müddətinə Bakı şəhəri Suraxanı RPİ-yə ezam olunmuşdur. AR Daxili İşlər Nazirliyi Ağdam RPŞ-nin 12 may 2020-ci il tarixli ***-**** Ə3220 nömrəli arayışında qeyd olunur ki, verilir, İddiaçı ondan ötrü ki, həqiqətən o, 19 mart 2015-ci il tarixindən 15 yanvar 2019-cu il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. Xidmət müddətində AR Daxili İşlər Nazirliyinin 6 mart 2017-ci il tarixli Ə180-001-17 nömrəli əmri ilə 12 ay müddətinə və 10 mart 2018-ci il tarixli Ə201-001-18 nömrəli əmrləri ilə 12 ay müddətinə Bakı şəhəri Suraxanı RPİ-yə ezam edilmişdir. Qeyd edilən məsələlər ilə bağlı iddiaçı cavabdeh inzibati orqana 14 may 2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqanın ona ünvanladığı 7 iyun 2020-ci il tarixli məktubunda qeyd olunur ki, yaşayış yeri olmayan əməkdaşlara və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürdüyü yaşayış sahəsindən istifadə haqqı üçün kompensasiya yalnız müvafiq sənədlər təqdim edildikdə verilir. Məktubda həmçinin qeyd olunur кi, AR Daxili İşlər Nazirliyinin 7 may 2008-ci il tarixli 244 nömrəli əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili Qaydaları»nın 4.1-ci bəndinə əsasən aşağıdakı hallar istisna olmaqla işçinin ezamiyyə müddəti yolda olduğu müddət hesablanmamaqla 40 gündən çox olmamalıdır. Məcburi köçkünlərlə iş aparılmasına görə ezamiyyət hallarının həmin qaydalarda nəzərdə tutulmaması baxımından, əməkdaşın xidmət yerinin uzunmüddətli dəyişdirilməsi əsas götürülərək müvafiq sənədlər sənədlər təqdim olunduğu halda pul kompensasiyası məsələsinə baxıla bilər. Cavabdeh inzibati orqanın imtina məktubu qanunsuz və əsassızdır. Belə ki, o, cavabdeh inzibati orqana xidmət keçdiyi vaxt yaşayış yerininin olmaması və kirayə mənzil götürməyi ilə bağlı kifayət qədər məlumat, sənəd və sübut təqdim etmişdir. Xidmət keçdiyi Ağdam RPŞ-nin əməkdaşları da bu barədə məlumatlı olublar. Cavabdeh inzibati orqanda kifayət qədər məlumat və sənəd olmasına baxmayaraq, hal-hazıradək o, xidməti mənzillə təmin edilməmiş və mənzillə təmin edilməyi üçün ona pul vəsaiti ödənilməmişdir. İmtina məktubunda ezamiyyə xərcləri ilə bağlı isə qeyd olunur ki, məcburi köçkünlərlə aparılması uzunmüddətli ezamiyyə əsasları olmadığından, lakin faktiki olaraq uzunmüddətli ezam olduğuna görə müvafiq sənədlər təqdim edildikdən sonra kompensasiya, məsələsinə baxıla bilər. Bütün zəruri sənədlər cavabdeh inzibati orqana təqdim edilmişdir. Lakin inzibati orqan ona imtina cavabı vermişdir. Bundan əlavə, imtina məktubunda qeyd olunur ki, məcburi köçkünlərlə iş aparılmasına görə məzuniyyət uzunmüddətli məzuniyyətlərə aid edilmir və uzunmüddətli məzuniyyət növləri istisna olmaqla işçinin ezamiyyə müddəti yolda olduğu müddət hesaba alınmamaqla 40 gündən çox olmamalıdır. Cavabdeh inzibati orqanın imtina məktubu ziddiyyətli və qanunsuzdur. Belə ki, məktubda ezamiyyə müddəti 40 gün qeyd olunsa da, AR X5 6 mart 2017-ci il və 10 mart 2018-ci il tarixli əmrləri ilə o, ayrı-ayrılıqda 12 ay müddətinə ezam olunmuşdur. Belə olan halda, əgər məcburi köçkünlərlə iş aparılması uzun müddətli ezam hallarına aid edilmirdisə, hansı əsasla o, nazirin əmri ilə 12 ay müddətinə ezam edilmişdir!?. . . Göründüyü kimi, cavabdeh inzibati orqanın mövqeyi ziddiyyətli və qanunsuzdur. Ona görə də bu ziddiyyətli hallar vətəndaşın xeyrinə şərh olunmalıdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 10.1, 11.1, 19.1ci maddələrinə, «Polis haqqında» AR Qanununun 38-ci maddəsinə, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqqında Əsasnamə»nin 91, 104, 105-ci bəndlərinə, İPM-in 2.2.2, 2.2.3-cü maddələrinə əsaslanaraq, məhkəmədən ona (iddiaçıya) daxili işlər orqanlarında xidmət etdiyi müddət yerinə görə edilməli olan ödənişlərin və ezamiyyət pulunun hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin İddiaçı ünvanlanmış 2 iyun 2020-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunur: - AR Nazirlər Kabinetinin 2008-ci il 13 fevral tarixli 44 nömrəli qərarına əsasən daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan əməkdaşlara və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürdüyü yaşayış sahəsindən istifadə haqqı üçün kompensasiya yalnız aşağıdakı sənədlər təqdim edildikdə verilir: əməkdaşın raportu, AR Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələrindən əməkdaşın xidmət etdiyi müvafiq daxili işlər orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında arayış, müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd, xidmət yeri üzrə mənzillə (yaşayış sahəsi ilə) təmin olunub-olunmaması haqqında arayış, əməkdaşın ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması.barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti, əməkdaşın ailə üzvlərinin onun xidmət yerinə köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınması barədə arayış, yeni xidmət yerinə gəlmiş daxili işlər orqanının əməkdaşına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası verilməsi barədə şöbənin əmri. Göstərilənləri nəzərə alaraq, tələb olunan aidiyyəti illərə dair təsdiqedici müvafiq sənədləri DİN-in Maliyyə-Plan İdarəsinə təqdim edildiyi təqdirdə, həmin ödənişin verilməsi məsələsinə baxıla bilər. Ezamiyyətdə olma ilə əlaqədar bildirilir ki, AR Daxili İşlər Nazirliyinin 7 may 2008-ci il tarixli 244 nömrəli əmri İlə təsdiq edilmiş «Daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili qaydaları»nın 4.1-ci bəndinə əsasən aşağıdakı hallar istisna olmaqla işçinin ezamiyyə müddəti yolda olduğu müddət hesaba alınmamaqla 40 gündən çox olmamalıdır: ağır cinayət İşlərinin açılması, təhqiqi və istintaqı üzrə əməliyyat işçiləri və müstəntiqlər ezam edildikdə, axtarışda olan şəxslərin axtarışı və tutulub saxlanılması üzrə xidməti yoxlama aparıldıqda və tədbirlər həyata keçirildikdə, həbsdə saxlanılan şəxslər müşayiət edildikdə, hərbi və xüsusi yüklü nəqliyyat vasitələrinin mühafizəsi və müşayiəti zamanı, dinləyicilər və müdavimlər praktikaya və stajkeçməyə göndərildikdə, yaxud onlar tərəfindən diplom layihələri hazırlandıqda, DİN-in təhsil müəssisələrinin professor-müəllim heyəti polis orqanlarına və digər nazirlik və idarələrin təşkilatlarına stajkeçmə və praktikaya, eləcə də dövlətlərarası müqavilə və sazişlərə əsasən digər dövlətlərə ezam edildikdə, müddətli hərbi xidmətə gələn gənc çağırışçıların hazırlıq məqsədi ilə təlim məntəqələrinə ezamiyyələr zamanı, ixtisasartırma kurslarına göndərildikdə, xüsusilə təhlükəli olan infeksiya ilə mübarizə üçün səfərlər zamanı. Məcburi köçkünlərlə iş aparılmasına görə ezamiyyət hallarının həmin qaydalarda nəzərdə tutulmaması baxımından, əməkdaşın xidmət yerinin uzunmüddətli dəyişdirilməsi əsas götürülərək yuxarıda göstərilən qərarla müəyyən edilmiş sənədlər təqdim olunduğu təqdirdə, pul kompensasiyasının verilməsi məsələsinə baxıla bilər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Polis haqqında» AR Qanununun 1-ci maddəsinə görə polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Həmin Qanunun 38-ci maddəsinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və ya yeni yerdə xidmətə göndərilən polis əməkdaşlarının mənzil ehtiyaclarının ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər. Polisdə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan polis əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada pul kompensasiyası ödənilir. Polisdə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar köç pulu və birdəfəlik kompensasiyalar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləºdirdiyi qaydada və miqdarda verilir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 102-ci maddəsinə görə xidməti ezamiyyətə göndərilən daxili işlər orqanları əməkdaşlarının növbədənkənar qaydada nəqliyyatın bütün növlərinə bilet və mehmanxanada yer almaq hüququ vardır. Həmin Əsasnamənin 104-cü maddəsinə görə daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə və qaydada pul kompensasiyası ödənilir. AR Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş «Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası»nın 2-ci bəndinə görə daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün tələb olunan sənədlər: əməkdaşın raportu, AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələrindən əməkdaşın xidmət etdiyi müvafiq daxili işlər orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsinin olub-olmaması haqqında arayış, yaşayış sahəsinin onun mülkiyyətçisindən və ya sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisindən kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd, xidmət yeri üzrə yaşayış sahəsi ilə təmin olunub olunmaması haqqında arayış, əməkdaşın ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti, əməkdaşın ailə üzvlərinin onun xidmət yerinə köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınması barədə arayış. Məhkəmə qeyd edir ki, İddiaçı Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı kimi müvafiq dövlərdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə ezam edilsə də, bu hal, onun nə iş yerinin dəyişdirilməsi, nə də «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 102-ci maddəsində nəzərdə tutulmuş xidməti ezamiyyətə göndərilməsi” ilə tam eyniləşdirilə bilməz. Məhkəmənin qənaəti belədir ki, iddiaçı iş yeri, yəni Ağdam Rayon Polis Şöbəsi tərəfindən müvafiq əmrlə ezam olunduğu və bu ezamiyyətin 40 gündən artıq olmadığı halda, ona ezamiyyə üzrə ödənişlər aparıla bilərdi. Nəzərə alınmalıdır ki, məlum hadisələrlə əlaqədar müvafiq dövrdə Ağdam rayonunun əhalinin bir hissəsinin digər ərazilərdə məskunlaşması, həm də şöbədə faktiki iş yükü nəzərə alınmaqla digər yerli idarə və şöbələrə ezam olunmuş DİO əməkdaşları öz vəzifə funksiyalarını yerinə yetirməkdə və həmin vəzifəyə uyğun təminatlar (vəzifə maaşı və s.) almaqda davam etmişlər. Odur ki, hazırkı iddiaçıya AR Daxiuli İşlər Nazirliyinin 6 mart 20017-ci il və 10 mart 2018-ci il tarixlərdə Bakı şəhəri Suraxanı Rayon İdarəsinə ezam olunması ilə bağlı ona “ezamiyyətə görə ödəniş” verilməməsi qanuna zidd sayılmamalıdır. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı başqa yerdə xidmət keçən əməkdaş kimi özünə və ailə üzvlərinə görə həmin dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) ala bilərdi, lakin bu iddiaçı qanunvericiliklə müəyyən edilmiş sənədləri, o cümlədən yaşayış sahəsinin kirayəyə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənədi təqdim etdiyi halda mümkün ola bilərdi. Məlum olduğu kimi, iddiaçının inzibati orqana müraciəti və hazırkı iddianın mahiyyəti həmin ödənişlə (kirayə haqqı) ilə bağlı deyil. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «iddiaçıya ezamiyyətdə olması ilə əlaqədar pul vəsaitinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «iddiaçıya ezamiyyətdə olması ilə əlaqədar pul vəsaitinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar