Məhkəmə qərarları › İş №2-1(112)-1229/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1229/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1229/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11 və X9 cəlb olunmaqla) “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 13 kv.m torpaq sahəsi istisna olmaqla 2487 kv.m ərazisi olan 3243 saylı bağ sahəsinin mülkiyyət hüququ ilə İddiaçı adına çıxarışın verilməsi və həmin bağ sahəsinin plan və ölçülərinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsinin plan və ölçülərinin tərtib edilərək iddiaçının adına Dövlət Reyestrində qeydiyyatdan keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmənin hazırki iş üzqə qəbul etdiyi 20 fevral 2024-cü il tarixli Qərardadı ilə X11 və X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.

3. Sonradan iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 13 kv.m torpaq sahəsi istisna olmaqla 2487 kv.m ərazisi olan 3243 saylı bağ sahəsinin mülkiyyət hüququ ilə İddiaçı adına çıxarışın verilməsi və həmin bağ sahəsinin plan və ölçülərinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 07 mart 2024-cü il tarixli Qərardadı ilə iddianın dəqiqləşdirilməsi ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddət iddiaçının ailəsinin istifadəsində olan Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsi Bakı şəhər İcra hakimiyyətinin X4 və İstismarı Birliyinin müqaviləsi ilə iddiaçının atası, Səfərəli Həmidova icarəyə verilmiş, icarəçi və icarədar arasında müqavilə bağlanmış, imzalanmış, möhürlənmiş və həmin müqavilənin 11-ci bəndinə əsasən icarədar vəfat etdikdən sonra Bakı şəhər İcra hakimiyyətinin X4 və İstismarı Birliyinin xx.xx.1995-ci il tarixli 5 nömrəli Sərəncamının 1 saylı protokolu əsasında 11894 saylı müqaviləsi ilə xx.xx.1995-ci il tarixdə icarədarın oğlu, İddiaçı adma rəsmiləşdirilmişdir. Lakin, iddiaçı ilə müqvilə bağlanan zaman, 3243 saylı bağın yarısını Arif adında digər icarədara verilməsi X4 və İstismarı Birliyi tərəfindən təklif olunmuş, əks halda müqavilənin ləğv olunması və bağ sahəsini ВТК-ya təhvil verilməsi bildirilmişdir. Bu səbəbdən bağın yarısını Arif adında şəxsə verilməsi üçün iddiaçı razılıq ərizəsi vermişdir. Lakin, bağ sahəsini 50 x 25 ölçüdə bölmək mümkün olmaması səbəbindən, bağı yalnız 100 x 12.5 ölçüdə bölünməsi mümkün olduğundan və belə bölgü Arif adında şəxsi qane etmədiyindən, bağdan imtina etmiş və bu günə qədər həmin bağa dair heç bir tələb irəli sürməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********07 saylı məktubunda əsassız olaraq 3243 sayh bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasından imtina etmişdir. İmtinaya səbəb bağ sahəsinə texniki baxış keçirilməsi və inventarlaşdırılması işlərinin aparılması üçün idarənin mütəxəssisinə şəraitin yaradılmaması və xx.xx.1995-ci il tarixdə bağlanmış 11894 saylı müqavilənin səlahiyyətli şəxs tərəfindən imzalanmaması və möhürün olmaması bildirilmişdir. İddiaçı cavabdehin imtinası əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasən iddiaçının adına “3243” saylı bağın icarəyə verilməsi haqqında 11894 nömrəli, xx.xx.1995-ci il tarixli müqavilə (0,25 ha) tərtib edilmiş, daha sonra iddiaçının ərizəsi əsasında həmin bağın 0,12 ha hissəsi digər şəxsin (X8) adına verilmişdir. Bundan əlavə, təqdim edilən 11894 nömrəli, xx.xx.1995-ci il tarixli müqavilənin hər iki nüsxəsi arxivdə mövcuddur, lakin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 13 kv.m hissəsi X5 (fin : 411E937) adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə xx.xx.2023-cü il tarixdə yerli baxış zamanı məlum olmuşdur ki, bağ sahəsi qonşu bağlarla bir hasar daxilindədir və qonşu bağ sahəsi ilə bölgü sxemi təqdim edilməsi məqsədəuyğundur. Bundan əlavə, təqdim edilən müqavilədə qeyd olunan bağ evi faktiki olaraq uçurulmuş, isifadəyə yarasızdır və torpaq sahəsinin faktiki ölçüsü 0.2159 ha təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubu verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. “Bağın icarəyə verilməsi haqqında” 11894 nömrəli, 24 mart 1995-ci il tarixli 3243 nömrəli bağa dair müqavilədən görünür ki, bir tərəfdən Bakı şəhər İcra hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən, gələcəkdə İdarə adlandırılacaq X4 və istismarı birliyinin direktoru, digər tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1995-ci il tarixli sərəncamının 5 nömrəli protokolu əsasında hərəkət edən, gələcəkdə icarədar adlandırılacaq İddiaçı şəxsində olmaqla, idarə Ləhiş qəsəbəsində 0,25 hektarlıq bağ sahəsini, sahəsi 9,0 kv.m olan 1 otaqdan ibarət binanı, yardımçı binaları hər iki tərəflərin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün icarədara verir və icarədar həmin bağ sahəsini təhvil alır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-12907/2023 **********07 “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişə əsasən, idarənin arxiv məlumatlarına əsasən iddiaçının adına “3243” saylı bağın icarəyə verilməsi haqqında 11894 nömrəli, xx.xx.1995-ci il tarixli müqavilə (0.25 ha) tərtib edilmiş, daha sonra ərizəsi əsasında həmin bağın 0,12 ha hissəsi digər şəxsin adına verilmişdir. Bundan əlavə, təqdim edilən 11894 nömrəli, xx.xx.1995-ci il tarixli müqavilənin hər iki nüsxəsi mövcuddur, lakin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir. Bununla yanaşı, torpaq sahəsi və bağ evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, bağ sahəsində İ – uçurulmuş bağ evi, İİ – hovuz var. Müqavilədə göstərilən bağ evi faktiki olaraq uçurulmuş, istifadəyə yarasızdır. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-43842/2023 **********42 nömrəli “Sənəd surətinin təqdim edilməsi barədə” cavab məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3243 saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən: “Bağ sahələrinin,tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” 11894 nömrəli, 04 fevral 1966-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsi Bakı şəhər Soveti İcraiyə komitəsinin Bağ təsərrüfatı tresti tərəfindən X3 uzun müddətli icarəyə verilmişdir. Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı tresti ilə X7 arasında bağlanılmış “Bağ sahələrinin,tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” 11894 nömrəli, 5 may 1972-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsi X3 icarəyə verilmişdir. İddiaçı 17 fevral 1995-ci il tarixli ərizəsindən görünür ki, o, mərhum atası X1 adına olan 11894 nömrəli müqavilə əsasında 0,25 ha sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. atasına məxsus olan Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsinin 0,12 ha hissənin X8 adına keçirilməsini xahiş etmişdir. İddiaçı 17 fevral 1995-ci il tarixli ərizəsindən görünür ki, o, mərhum atası X1 adına olan 11894 nömrəli müqavilə əsasında 0,25 ha sahəsinin 0,12 ha hissənin X8 adına keçirilməsini xahiş etmişdir. “Bağın icarəyə verilməsi haqqında” 11894 nömrəli, 24 mart 1995-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 3243 saylı bağ sahəsi Bağlar təsərrüfatı inkişafı və istismarı birliyi tərəfindən İddiaçı Cəfərəli oğluna icarəyə verilmişdir. “Bağın icarəyə verilməsi haqqında” 25824 nömrəli, 05 may 1995-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,12 ha ərazisi olan 3243 saylı bağ sahəsi Bağlar təsərrüfatı inkişafı və istismarı birliyi tərəfindən X10 icarəyə verilmişdir. Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tədiq edilmiş X8 **********002 nömrəli, xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən 2487 kv.m ərazisi olan 3243 saylı bağ sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə, özəlləşdirilməsinə etirazı yoxdur, razıdır; ərizə onun sözləri əsasında yazıldı və yazılanları öz imzası ilə təsdiq edir.

İV. Məhkəmənin mövqeyi

8. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

9. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

10. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; İşin faktiki hallarına əsasən, Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 ha sahəsi olan 3243 saylı bağ sahəsi 1966-cı ilin fevral ayından icarə müqaviləsi əsasında iddiaçının atası X2 istifadəsinə verilmiş, atası vəfat etdikdən sonra, 1995-ci il mart ayından bağ sahəsi icarə müqaviləsi əsasında iddiaçının istifadəsinə keçmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının iddiasına təqdim edilmiş etirazında bir neçə hal göstərilmişdir ki, həmin bağın 0,12 ha hissəsi digər şəxsin (X8) adına verilməsi, 11894 nömrəli, xx.xx.1995-ci il tarixli müqavilənin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməməsi və göstərilən torpaq sahəsinin 13 kv.m hissəsi X5 (fin : 411E937) adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşməsidir. Hazırki iddiaçının iddia tələbi Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 13 kv.m torpaq sahəsi istisna olmaqla 2487 kv.m ərazisi olan 3243 saylı bağ sahəsinin mülkiyyət hüququ ilə İddiaçı adına çıxarışın verilməsi və həmin bağ sahəsinin plan və ölçülərinin tərtib edilməsindən ibarətdir. Bununla da iddiaçının etirazında göstərilən halın (13 kv.m hissəsi digər şəxsin (X5 adına verilməsi ) məhkəmə tərəfindən araşdırılmasına zərurət qalmamışdır. Mübahisəli bağ sahəsinin 0,12 ha hissəsi digər şəxsin (X8) adına verilməsi ilə bağlı cavabdehin mövqeyinə dair məhkəmə bildirir ki, 1995-ci ildə iddiaçının razılıq ərizəsi əsasında 0.12 ha hissə həmin şəxsin adına icarəyə verilməsi bağlı müqavilə mövcud olsa da , hazırda həmin şəxs tərəfindən göstərilən bağ sahəsi sənədləşdirilməmiş və sözügedən 2487 kv.m sahəsi olan 3243 saylı bağ sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə, özəlləşdirilməsinə etiraz etmədiyi barədə notarial qaydada təsdiq edilmiş ərizəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə cavabdehin imtinasının əsası kimi qeyd etdiyi digər halları (“11894 nömrəli, xx.xx.1995-ci il tarixli müqavilənin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilməməsi əsasını iddiaçının ziyanına şərh edilməməsi kimi qiymətləndirir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir.

13. Mübahisəsiz hallardandır ki, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, ümumi sahəsi 0,25 ha sahəsi olan bağ sahəsi- 50 ildən artıq müddət ərzində iddiaçının atasının, onun vəfatından sonra isə iddiaçının icarə əsasında istifadəsində olan bağ sahəsidir. 1966-cı ildən Həmidovların istifadəsində olan bağ sahəsi üzrə hal-hazırda da iddiaçı ilə üçüncü şəxslər arasında mübahisənin olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. .

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. 15.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). Hazırda qeyd edilən hallar iddiaçıya münasibətdə müəyyən edilməmişdir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

17. Lakin cavabdeh sözügedən bağ sahəsinin sənədinin cavabdehin arxivində aşkar olmaması əsası ilə bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir.

18. Məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi digər əsası (“torpaq sahəsi ümumi ərazidə yerləşməsi, ara sərhədlərin mövcud olmaması, mərzçəkmə və hasarlanma işləri aparılmaması”) əsasını iddiaçının ziyanına şərh edilməməsi kimi qiymətləndirir.

19. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.

20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;”

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 13 kv.m torpaq sahəsi istisna olmaqla 2487 kv.m ərazisi olan 3243 saylı bağ sahəsinə İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi və həmin bağ sahəsinin plan və ölçünin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

23. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən, 13 kv.m torpaq sahəsi istisna olmaqla 2487 kv.m ərazisi olan 3243 saylı bağ sahəsinə İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi və həmin bağ sahəsinin plan və ölçünin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar