Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12296/2023 05.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “ümumvətəndaş pasportunun verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi tərəfindən ümümvətəndaş pasportumun vaxtının bitməsi ilə əlaqədar dərhal yenisi ilə dəyişdirilməsinə dair qərar çıxarılmasını və ona qarşı qanunsuzluq edən əməkdaşlar barəsində cinayət işin açılmasına dair xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ilin iyul ayında ümümvətəndaş pasportumun dəyişdirilməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiyə İdarəsinə məktub ünvanlamışdır. İmtina cavabı verərək onlar bildirmişlər ki, iddiaçının digər vətəndaşlığı var və buna görə vaxtı keçmiş ümümvətəndaş pasportunu dəyişdirmirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçı isə hər hansı üzrlü səbəb bildirmədən məhkəməyə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətilə bağlı keçirilmiş yoxlama zamanı ikili vətəndaşlığının olduğu müəyyən edildiyindən vəsatətin icrasının mümkün olmadığı bildirilmişdir. -Suraxanı RPİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 1 ünvanıdır. Vəsiqə xx.xx.2031-ci il tarixədək etibarlıdır. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının digər ölkəyə məxsus pasportu və həmin ölkənin vətəndaşı olduğu müəyyən edildiyindən onu hazırda Azərbaycan Respublikasının ümumvətəndaş pasportu ilə təmin etmək mümkün deyildir. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçıya ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. -Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1981ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair sorğu və digər dövlətin vətəndaşlığını əldə etməsinə dair məlumat Dövlət Miqrasiya Xidmətinə daxil olmamışdır. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı ümumvətəndaş pasportunun müddətinin bitməsi ilə əlaqədar yenisi ilə dəyişdirilməsinə dair tələblə inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən zəruri araşdırma aparıldıqdan sonra vəsatətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə iddianın əsaslı olduğunu hesab edir və gəldiyi nəticə ilə bağlı aşağıda qeyd olunanları bildirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İİ hissəsində göstərilir ki, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığını üç növ sənəd təsdiq edə bilər- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; Azərbaycan Respublikası vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən pasport Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına bu Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. 4-cü maddəsinə əsasən ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir. 10-cu maddəsinə əsasən pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir. Pasport bu Qanunun 8-ci və 9-cu maddələrində nəzərdə tutulmuş qaydada dəyişdirilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə: 3.1. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra - daxili işlər orqanı) tərəfindən “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. 3.2. Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur: -3.2.1. ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (bundan sonra ərizə- anket)(1 və 2 nömrəli əlavələr); -3.2.2. vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı); -3.2.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd; -3.2.4. pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə - bu Əsasnamənin 3.3-cü bəndində göstərilən sənədlər; -3.2.5. pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə: 1. qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur); 2. valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd. 1.11. Ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasportun dəyişdirilməsi vətəndaşın fotoşəkli pasportu verən orqanda çəkilməklə, lakin qan qrupu haqqında tibbi arayış tələb edilmədən bu Əsasnamənin 3.1-3.7-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Dəyişdirilən pasportdakı vizanın etibarlılıq müddəti həmin pasportun etibarlılıq müddətindən çox olduğu hallar istisna olmaqla, əvvəlki pasport təhvil verilir. Qeyd. Elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportları dəyişdirilərkən vətəndaşın əlbarmaq izləri götürülür. Məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı kimi xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Ümumvətəndaş pasportunun vətəndaşın şəxsiyyət vəsiqəsi əsasında (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi) verildiyi nəzərə alınmaqla, iddiaçının etibarlılıq müddəti bitmiş ümumvətəndaş pasportu yenisi ilə dəyişdirilməli və cavabdeh qurum tərəfindən imtinasının əsasını təşkil edən hallar barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, məhkəmə araşdırması ilə də cavabdehin imtinası üçün hüquqi əsaslar müəyyən olunmadığından iddia təmin edilməlidir. Məhkəmə iddianın ikinci hissəsinə münasibətdə hesab edir ki, həmin hissə vəsatət xarakterli olduğundan ona tələb kimi qiymət verilməməlidir. Odur ki, iddia tələbinin cinayət işinin açılmasına dair xüsusi qərardad qəbul edilməsi barədə hissəsinə mahiyyəti üzrə baxılması zərurəti yoxdur. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyi üçün yenisi ilə dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ümumvətəndaş pasportunun yenisi ilə dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-12296/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12296/2023
05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver