Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12298/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, üçüncü şəxslər X3 və X5 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X6, X8 cəlb edilməklə) «fərdi yaşayış evinə yeni ünvanın və altındaki torpaq sahəsinə bölgü sxeminin tərtib edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9rşı «fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsinə yeni ünvanın verilməsi və altındakı torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, ünvan 3ında yerləşən fərdi yaşayış evinin 4/11 hissəsi iddiaçının xüsusi mülkiyyətindədir. Onun yaşadığı ev paylı mülkiyyət olsa da, paylar А, В, V hissələrindən ibarət olmaqla tamamilə bir-birindən təcrid olunmuş vəziyyətdədir. Hər bir yaşayış evinin ayrıca dam örtüyü və girişi, çıxışı mövcuddur. İddiaçı cavabdeh təşkilata 25 iyul 2022-ci il tarixli ərizə ilə müraciət etmiş və mülkiyyətində olan fərdi yaşayış evinin bölünərək ayrıca ünvan və torpaq sahəsinə dair bölgü sxeminin alınmasını xahiş etmiş, lakin cavabdeh təşkilat 5 avqust 2022-ci il tarixli **********90 saylı cavab məktubu ilə mülkiyyətində olan yaşayış evinin bir dam altında olması, eləcə də yaşayış evinin vahid konstruktiv yük götürən divarlara malik olmaqla, iki əsas tikiliyə bölünməsinin mümkün olmamasını qeyd etməklə ərizənin icrasından imtina etmişdir. Cavabdeh təşkilatın imtinası qanuna ziddir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi paylı mülkiyyətdədir, ona məxsus A tikilisi digər payçıların evlərindən tamamilə təcrid olunmuş vəziyyətdədir, avtonom giriş və çıxışı var, eləcə də ayrıca dam örtüyünə malik olmaqla, konstruktiv olaraq digər tikillərlə hər hansı əlaqəsi mövcud deyildir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuz və əsassız sayılmalı və iddiaçıya məxsus fərdi yaşayış evinə ayrıca ünvan verilməklə torpaq sahəsinə dair bölgü sxeminin tərtib edilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Göstərilələrə və İPM-in 2-ci maddələrinə, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” qaydalarının 3.2.5-ci bəndinə əsaslanaraq, məhkəmədən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus 4/11 hissəsinə dair yeni ünvanın və altındaki torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsi həmin publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmiş, X8 və X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 01 dekabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. Bölgüsü nəzərdə tutulan fərdi yaşayış evi bir dam altında yerləşir. Yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamış, bu barədə iddiaçıya cavab məktubu ünvanlanmışdır. İddia tələbində qeyd olunan ünvan 3ında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 152,60 kv.m olmaqla (torpaq sahəsinin mülkiyyət növü dövlət, hüququn növü istifadə olmaqla) **********58-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda 4/11 hissədə İddiaçı, 4/11 hissədən 1 otaq və 2/11 hissədə X5, 4/11 hissədən qalan hissədə X1 mülkiyyətindədir və 1/11 hissədə isə açıq qalır. Göründüyü kimi, müvafiq ünvanda yerləşən torpaq sahəsi dövlət mülkiyyətindədir və torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6, 220.6 və 221-ci maddələrinə, “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na, İPM-in 48.2-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə X1 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş, X6 inzibati məhkəmə icraaatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, ünvan 4 ünvanında ümumi sahəsi 152,60 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X7 (4/1 hissədən 1 otaq və 2/11 hissə), X2 (4/11 hissədən qalan hissə) və hazırkı İddiaçı (4/11 hissə) məxsusdur. Mübahisəli əmlakın yerləşdiyi 0,0242 ha torpaq sahəsi isə dövlət mülkiyyəində olmaqla yanaşı X5, X1, İddiaçı istifadəsindədir. İddiaçı həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bölgü sxeminin tərtib edilməsi ilə bağlı cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, İdarə məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, bölgüsü nəzərdə tutulan fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlarla malik olmaqla vahid dam örtüyündən ibarət olduğundan, konstruktiv cəhətdən vahid olan binanın iki əsas tikiliyə bölünə bilinməsi mümkün deyildir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.16-cı bəndinə görə isə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq da daxildir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-ci maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: (10.2.1) hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, (10.2.2) torpaq sahəsinin planı və ölçüsü, (10.2.3) torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, (10.2.4) dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir. Sənədin 4-cü bəndinə görə plan və ölçüdə aşağıdakılar göstərilir: Komitənin, habelə onun strukturuna daxil olan, plan və ölçünü verən qurumun adı, torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi, torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı), torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü, torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla), torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla), torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat, plan və ölçünün tərtib edilməsi üçün əsas olan sənədin rekvizitləri, plan və ölçünün tərtib edilməsi tarixi, torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri), torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı, plan və ölçünün X11 Kitabında uçota alındığı nömrə və tarix (üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilən plan və ölçü istisna olmaqla), Komitənin strukturuna daxil olan qurumun möhür yeri, vəzifəli şəxsinin imzası, soyadı, adı, atasının adı, plan və ölçünü tərtib etmiş icraçının imzası, soyadı, adı, atasının adı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: (215.3.1) əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; (215.3.2) əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə, (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə, (3.2.3) Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda, (3.2.4) daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda, (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə, (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. Ümumi mülkiyyət iki və daha artıq şəxsin ümumi maraqlar əsasında formalaşdırdığı vahid obyekt üzərində istifadə, sahiblik və sərəncam hüququdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi əmlaka (əşyaya) sahiblik, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ mülkiyyətçinin davranış imkanlarının hüquqi təminatını əks etdirir. Ümumi mülkiyyət hüququnun səciyyəvi xüsusiyyətlərindən biri burada subyektlərin bir nəfərdən artıq olmasıdır. Bu subyektlər ümumi mülkiyyət hüququnun iştirakçılarıdırlar ki, onlar ümumi mülkiyyətçilər ayılırlar.Qeyd olunmalıdır ki, qanunvericilik paylı ümumi mülkiyyətdə olan əşyanın bölünməsini və ondan payın ayrılmasını nəzərdə tutur. Mövcud qanunvericilik normalarına (o cümlədən, AR Mülki Məcəlləsinin müddəaları) görə daşınmaz əmlaka paylar müəyyənləşdirilməklə ümumi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Nəzərə alınmalıdır ki, mövcud praktikada ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinə hüquqlar qeydiyyata alındıqda payçılar arasında bölgü sxeminin tərtibi də zəruridir. Hazırkı işin hallarına görə, İddiaçı paylı mülkiyyətdə olan fərdi yaşayış evinin payçısı kimi fərdi yaşayış evinin altındaki torpaq sahəsinə (ona aid hissədə) bölgü sxeminin tərtib olunmasını tələb etsə də, cavabdeh tərəfə onun bölgüsü nəzərdə tutulan fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlarla malik olmaqla vahid dam örtüyündən ibarət olduğundan, konstruktiv cəhətdən vahid olan binanın iki əsas tikiliyə bölünə bilinməsini əsas gətirərək məsələnin həllindən imtina etmişdir. Lakin məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır və qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, həmin fərdi yaşayış evinin konstruktiv cəhətdən vahid olan bina olmasından asılı olmayaraq, bölgü sxemi mübahisəli hal olmadıqda payçıların müəyyənləşdirdiyi qaydada (hazırkı işdə razılıq mövcuddur) tərtib olunmalıdır. Xüsusilə də nəzərə alınmalıdır ki, mübahisəli fərdi yaşayış evinin iddiaçıya aid hissəsi digər payçıların evlərindən tamamilə təcrid olunmuş, fərdi yaşayış evinin ayrıca giriş-çıxışı olmuş, ən əsası isə digər əmlaklar ilə konstruktiv bağlığı olmamışdır ki, bu da hazırki mərhələdə fərdi yaşayış evinin altındakı torpaq sahəsinə dair bölgü sxeminin tərtib olunmasına hər hansı maneənin olmadığını təsdiq edir. Belə olan halda məhkəmə İddiaçı paylı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı torpaq sahəsinə bölgü sxemin tərtib edilməsindən imtina olunması qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı bildirir ki, iddiaçı torpaq sahəsinə bölgü sxeminin verilməsi ilə yanaşı, həmçinin fərdi yaşayış evinə yeni ünvanın verilməsini arzulayır. Nəzərə alınmalıdır ki, iddiaçının irəli sürdüyü hər iki tələb bir-birindən asılı tələblərdir. Belə ki, «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3-cü maddəsində daşınmaz əmlak obyektinə ünvanın verilməsi qaydaları müəyyən edilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda daşınmaz əmlakın obyektinə yeni ünvanın verilməsi həyata keçirilir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə paylı mülkiyyətdə olan fərdi yaşayış evinin altındaki torpaq sahəsinə bölgü sxeminin verilməsi qərara alındığından, daşınmaz əmlaka yeni ünvanın verilməsi həyata keçirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə tutaraq hesab edir ki, iddia təmin edilməli və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus 4/11 hissəsinə dair yeni ünvanın və altındakı torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus 4/11 hissəsinə dair yeni ünvanın və altındakı torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-12298/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12298/2022
09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver