Məhkəmə qərarları › İş №2-1(112)-1230/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1230/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1230/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının direktoru Ahmed Poladın, Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X1 Bakı Regional Bölməsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh X1 Bakı Regional Bölməsinə qarşı “qərarın ləğv edilməsi” barədə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə əlavə olaraq qərarın ləğv edilməsi ilə yanaşı, idxal olunmuş mallara dair idxal sağlamlıq aktının verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı ilə Ukraynadan idxal etdiyi ümumi çəkisi 20000 kq olan dondurulmuş sümüksüz mal əti kəsikləri məhsulu normativ sənədlərin tələblərinə cavab vermədiyi üçün ya idxal edildiyi ölkəyə qaytarılmalı, yaxud da tərəfimizdən məhv edilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, həmin qərar qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Məktubda qeyd edilmişdir ki, 05 aprel 2024-cü il tarixli sınaq nəticələrinə dair protokola əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan göstəricilər normativ sənədlərin tələblərinə cavab vermir. Mübahisələndirilən qərarda qeyd edilmişdir ki, son istifadə tarixi 01 mart 2025-ci il olan 20000 kq-lıq X7 Produkt müəssisəsi olan dondurulmuş sümüksüz mal əti kəsikləri partiyası sınaq nəticələrinə dair protokola əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan göstəricilər normativ sənədlərin tələblərinə cavab vermir. Bu səbəbdən həmin məhsula sağlamlıq aktının verilməsindən imtina edilir, Agentliyi əməkdaşlarının iştirakı ilə məhsul ölkə hüdudlarından kənara çıxarılır, kənara çıxarılmadıqda məhsul ya məhv edilir və ya müraciət əsasında utilizasiya edilir. Sınaq protokolunda qeyd edilmişdir ki, adıçəkilən məhsul normativ standart tələblərə cavab vermir, str,pneumonia e, P.multocida aşkar edilmişdir. X3 17 dekabr 2024-cü il tarixli rəyində qed edilmişdir ki, ət nümunələrində streptococcus pneumoniae bakteriyası aşkar edilmişdir. X3 12 fevral 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, mal əti nümunələrində streptococcus pneumoniae, pasteurella multocida infeksiya törədədiciləri aşkar edilmişdir. burada əsas törədicisinin miqdarı yox, mövcudluğudur. Pasterelyoz xüsusi təhlükəli xəstəliklərin siyahısında öz əksini tapmışdır. Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun 07 may 2025-ci il tarixli məktubunda qeyd edilir ki, streptococcus pneumoniae adlı bakteriya mal ətində mövcud olduqda emal edən işçilərin yoluxma riski böyükdür. Bakteriya -20 C-də diri qalır. +60 C-də yarım saat ərzində diri qala bilirlər, +82 C tempraturdan yuxarıda bişirildikdə insan orqanizmi üçün təhlükə yaratmır. Aqrar Xidmətlər Agentliyinin 08 may 2025-ci il tarixli məktubunda qeyd edilir ki, törədicisi pasterella multocida bakteriyası olan pasterelyoz heyvanlar üçün xüsusi təhlükəli xəstəlikdir, insanları yoluxdurması nəzəri cəhətdən mümkündür, çiy halda satışa buraxılması qadağandır. Streptococcus pnevmoniae stretokokokkların növlərindən biridir, ətraft mühitdə törədici daima mövcuddur. Heyvanların ətində degenarativ dəyişikliklər olduqda utilizasiya edilir, Əzələlərdə dəyişiklik olmadıqda ət heyvanının kəsildiyi müəssisədə bişirildikdən sonra istifadə üçün buraxılır. Streptakokkozlar xüsusi təhlükəli xəstəliklərin siyahısına daxil edilməmişdir. Qeyd olunmalıdır ki, AR İPM-nin: 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Qanunvericiliyin tələbindən də göründüyü kimi iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olmaması, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zərurəti və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmaması halında, məhkəmə məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoya bilər, bu zaman iddiaçının hüquqi marağına uyğun olaraq məhz məhkəmə tərəfindən idxal sağlamlıq aktının verilməsi barədə öhdəliyin müəyyən edilməsi istisna edilir. Hazırkı işin faktiki hallarından da müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən idxal sağlamlıq aktının verilməsi ilə əlaqədar inzibati icraat aparılsa da, araşdırma yarımçıq aparılmış, zəruri araşdırma aparılmamış və inzibati akt qəbul edilmişdir ki, məhkəmə hesab edir ki, həmin qərar ləğv edilməli və məhkəmənin aşağıda göstərilən hüquqi mövqeyi nəzərə alınmaqla yenidən araşdırma aparılmalı və qərar qəbul edilməlidir. Belə ki, inzibati orqan tərəfindən qəbul edilən və mübahisələndirilən qərardan görünür ki, idxal sağlamlıq aktının verilməsindən imtina onunla əsaslandılır ki, yoxlanılan göstəricilər normativ sənədlərin tələblərinə cavab vermir. Bu zaman 05 aprel 2025-cü il tarixli sınaq nəticələrinə dair protokola istinad edilir. Həmin protokoldan isə qeyd edilir ki, dondurulmuş sümüksüz mal əti kəsiklərində str,pneumonia e, P.multocida aşkar edilmişdir. Bununla əlaqədar olaraq, ilkin olaraq qeyd edilməlidir ki, sınaq protokolunda və sınaq nəticələrindən görünür ki, sınağın adı, ölçü vahidi, məhsula əsas götürülən texniki normativ sənədin adı, metod, sınaq nəticəsi, normativ standart tələb kimi sınağın nəticələrinə dair göstərilməsi zəruri olan məlumatların qeyd edilməsinə dair rekvizit müəyyən edilsə də, təqdim edilən sınaq protokolunda adıçəkilən bakteriyanın standart tələbi, ən əsası məhsula dair əsas götürülən texniki normativ sənədin adı, ölçü vahidi və digər sınaq edilən məhsulla bağlı hər hansı göstərici qeyd edilməmişdir. Aydın deyildir ki, məhsulda sınaq nəticələrinə uyğun olaraq hər hansı bakteriya və virusun mövcud olub-olmaması yoxlanılarkən, həmin yoxlamanı legitim edən texniki normativ sənəd olmadan həmin yoxlama hansı qaydada aparılır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəf dondurulmuş sümüksüz mal əti kəsiklərində yoxlamanın məhz, X4 “18” dekabr 2020-cü il tarixli 20 nömrəli və 03 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarlarına uyğun olaraq məhz həmin Qərarla ilə təsdiq edilmiş xəstəliklər üzrə aparılmalı olmasını iddia edir ki, təbii haldır ki, canlı orqanizmdə yüzlərlə, bəlkə də minlərlə növ bakteriya və virusun bütün hallarda yoxlanılmalı olmaması, yoxlanılmalı olmalı olan bakteriya və virusların siyahısının normativ sənədlə təsdiq edilməklə mövcud olmalı olması qanunvericiliyin tələbidir. Lakin, qəbul edilən inzibati aktda aşkar edildiyi iddia edilən bakteriyanın yoxlanılması zəruri edən texniki normativ sənədə istinad edilmədiyindən, həmin inzibati aktın düzgün əsaslandırılmasından söhbət gedə bilməz. Doğrudur, cavabdeh daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya istinadən həmin bakteriyanın xüsusi təhlükəliliyinə istinad etsə də, həmin növ xəstəliyin canlı orqanizm, yoxsa sümüksüz mal əti kəsikləri üzrə yoxlanılmalı olması əsaslandırıla bilməmişdir. Qeyd olunmalıdır ki, hazırkı halda həmin xəstəliyin təhlükəliliyi ilə, canlı, yoxsa kəsik nümunəsi üzrə orqanizmdə olması, utilizasiyasının mümkün olması kimi halların aydınlaşdırılması zəruridir. Aqrar Xidmətlər Agentliyinin məktubunda, eləcə də mütəxəssisinin iştirakı zamanı onun xüsusi təhlükəliliyi baxımından müəyyən suallara aydınlıq gətirilsə də, qəbul edilən qərarda Aqrar Xidmətlər Agentliyinin məktubunda göstərilən hallara aydınlıq gətirə biləcək hər hansı məlumatın mövcud olmadığı, göstərilən normativ sənədlərin tələblərinə cavab verməməyə istinadla inzibati aktın qəbulu aydın görünür. Nəzərə alınmalıdır ki, qərarda imtina üçün istinad göstəricilərin normativ sənədlərin tələblərinə cavab verməməsi göstərilir. Hazırkı halda sual yaranır ki, göstəricilər hansı normativ sənədlərin tələblərinə cavab vermir. Belə ki, nə sınaq protokolunda, nə də qərarda normativ sənədlərdən hər hansı birinə istinad yoxdur. Lakin, cavabdehin inzibati aktı qəbul edərkən pozuntusu yuxarıda göstərilənlər hallardan əlavə də mövcud olmaqdadır. Belə ki, inzibati akt qəbul edilərkən str,pneumonia e, P.multocida bakteriyasının mövcudluğuna istinad edilsə də, məhkəmənin təkrar araşdırma aparılaraq həmin virusun olub-olmamasına dair sorğusuna verilən 17 dekabr 2024-cü il tarixli rəyində streptococcus pneumoniae bakteriyasının mövcudluğuna istinad edilmiş, digər adıçəkilən bakteriya mövcudluğuna dair hər hansı hala istinad edilməmişdir. Halbuki, qəbul edilən qərar məhz str,pneumonia e, P.multocida bakteriyasının mövcudluğu ilə əlaqədar olmuş, qərarda texniki normativ sənədin adı qeyd edilməsə belə, sonrakı istinadlar 65 nömrəli Qərarla təsdiq edilən siyahı ilə əlaqədar olmuşdur. Ancaq, sonrakı verilən rəydə həmin bakteriya yox, streptococcus pneumoniae bakteriyasının bakteriyasının mövcud olmasına istinad edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Normativ hüquqi aktlar haqqında” Qanunun 1.0.22. texniki normativ hüquqi aktlar dedikdə texniki reqlamentlər, bərqərar olmuş təcrübəni əks etdirən texniki məcəllələr, aviasiya qaydaları, zoogigiyena, baytarlıq, baytarlıq-sanitariya normaları və qaydaları, sanitariya normaları və qaydaları, gigiyena normativləri, farmakopeya məqalələri və normaları, yanğın təhlükəsizliyi qaydaları, texniki, sənaye, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi normaları və qaydaları, təhlükəli yüklərin təhlükəsiz daşınması normaları və qaydaları, yerin təkinin qorunması və səmərəli istifadəsi normaları və qaydaları, ixtisaslaşdırılmış məlumat kitabçaları, dövlət statistika müşahidələrinin formaları və onların doldurulmasına dair göstərişlər, statistik göstəricilərin formalaşdırılması və hesablanması qaydaları, dövlət statistika müşahidələrinin təşkil edilməsinə və aparılmasına dair təlimatlar, idarə hesabat formaları və onların doldurulmasına dair göstərişlər, daşınmaz maddi tarixi-mədəni dəyərlərin qorunması zonalarının layihələri, Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə texniki normativ hüquqi aktlara aid edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada təsdiq edilmiş (qüvvəyə minmiş) digər normativ hüquqi aktlar başa düşülür. Ümumiyyətlə, qanunvericilikdə yoxlamanın aparılmasına əsas yaradan istinad edilməli olan texniki normativ sənədin adı dedikdə, qanunvericiliyin məqsədi yoxlamanın qeyri-məhdud çərçivə daşımaması, məhz konkret müəyyən istiqamət, müəyyən halı müəyyən etmək məqsədi daşımasıdır. Əks halda, bütün halların, bütün xəstəlik, bakteriya, virusların yoxlanılması demək ət nümunəsinin on illərlə idxalına maneə deməkdir. Odur ki, streptococcus pneumoniae-nın yoxlanılma zərurətini müəyyən edən texniki normativ sənədin nə olması, məhz həmin bakteriyanın hansı səbəbdən yoxlamaya məruz qalması, bundan başqa hansı xəstəliklər, bakteriya, virus və s yoxlanılmasına məruz qalması aydın deyildir. Hazırkı mərhələdə həmin bakteriyanın aşkar edilməsinin hüquqi nəticəsi ilə, canlı orqanizmdə və ya mal əti və sümük nümunələrində, soyuq dəymə, əzələ sisteminin zəif inkişafı, axsama, sınıq, çıxıq və s halların aşkar edilməsinin hüquqi nəticəsi arasında hər hansı fərqin mövcud olduğu müəyyən edilə bilmir. Belə ki, normativ sənədə istinad olunmamış, qərar qəbul edilənədək də olunmamışdır. Digər tərəfdən Aqrar Xidmətlər Agentliyinin məktubunda qeyd edilir ki, streptococcus pneumoniae törədici ətraf mühitdə daima mövcuddur, buzov ətində degenerativ dəyişiklik olduqda utilizasiya edilir, dəyişiklik olmadıqda, ət heyvanın kəsildiyi müəssisədə bişirildikdən sonra istifadə üçün buraxılır. Həmin xəstəlik xüsusi təhlükəli xəstəlik də hesab edilmir. Qeyd olunmalıdır ki, məhkəmə göstərilən halların araşdırılması üçün ət nümunələrinin yerləşdiyi anbara baxış həyata keçirmiş, ət nümunələri İnstitut tərəfindən təkrar götürülmüş, müvafiq halların araşdırılmalı olması diqqətə çatdırılsa da, İnstitut 12 fevral 2025-ci il tarixli məktubunda yoxlamanın aparılmasını həyata keçirmədən əvvəlki rəyinə istinad etmişdir. Halbuki, əvvəlki rəyindən görünür ki, mal nümunələrində pasteurella multocidanın mövcudluğuna yox, streptococcus pneumoniaenın mövcudluğuna istinad edilmişdir. Göründüyü hal-hazırda məhkəmə üçün aydın deyildir ki, göstərilən bakteriyalardan hansı mal əti nümunəsində mövcuddur. Nəzərə alınmalıdır ki, Aqrar Xidmətlər Agentliyinin məktubundan da görünür ki, streptococcus pneumoniaenın təhlükəliliyi istisna edilməsə belə, mal əti nümunələrinin idxalına birbaşa qadağa həmin bakteriyanın mövcudluğunda bütünlükdə istisna edilmir. Onun həm xüsusi təhlükəli xəstəliklər siyahısında, yeni yoxlanılmalı olan texniki normativ sənəddə olmaması, eləcə də məktubda qeyd edildiyi kimi əzələlərdə dəyişiklik olmadıqda istifadəyə buraxılmasının mümkün olmaması idxal sağlamlıq aktının verilməsi üzrə inzibati icraatın aparılmasını zəruri edir. Mərkəz tərəfindən verilmiş məktubdan görünür ki, X5 yoxlama üzrə akkreditasiyadan keçmişdir. Məhkəmə tərəfindən aidiyyəti sorğular verilsə də, ekspert rəyinin alınması zəruri olsa da, X5 tərəfindən cavabdehlə birgə inzibati icraat aparılmadan idxal sağlamlıq aktının verilməsinə dair icraatın məhkəmə tərəfindən aparılmasının mümkün olmaması aydın müəyyən edilir. Məhkəmə tərəfindən sınaq protokolu və verilmiş rəy arasında ziddiyyətlə bağlı yoxlamanın məhkəmənin iştirakı ilə nümunəsinin götürülməklə aparılması təklif edilsə də, əvvəlki ziddiyyətli məlumatlara istinadla rəyin verilməsindən imtina edildiyindən, həmin yoxlamanın digər qurum və şəxs tərəfindən aparılması, ən əsası isə məhkəmə icraatı gedişində aparılması mümkün olmadığından, yuxarıda göstərilən hüquqi mövqe nəzərə alınmaqla icraatın aparılması zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, idxal sağlamlıq aktının verilməsinə dair qərar ləğv edilməli, inzibati icraat yenidən məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla aparılmalı, yəni hansı növ bakteriyanın mövcud olduğu, hər hansı bakteriya mövcuddursa həmin növ yoxlamanın aparılmasını zəruri edən texniki normativ sənəd və digər rekvizitlər göstərilməklə əldə edilən sınaq protokolu əsasında əsaslandırılmış, normativ sənədlərin tələblərinə cavab vermə və verilməmənin səbəblərinin göstərilməsi və məhkəmə qərarında göstərilən digər hallar aydınlaşdırılmalı və buna uyğun olaraq qərar qəbul edilməlidir. Məhkəmə qərarından şikayət verilməsi hüquqi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı qərar, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh orqanın üzərinə yenidən inzibati icraatın aparılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması barədədir və tərəflər iddia tələbinin mahiyyəti təmin edilməsi və ya rədd edilməsi barədə yekun hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1941/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...İPM-in apellyasiya və kassasiya şikayəti vermək hüququna dair mərkəzi normaları qismində çıxış edən 81.2 və 90.2-ci maddələrinin müddəaları aşağıdakı kimidir: 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər; 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların əlaqəli təfsiri baxımından, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz, hansı hallarda qəbul edilmiş məhkəmə qərarları cavabdehlərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. 13. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.” Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində bu qərarda tətbiq edilən qanunvericilik normalarının tələblərinə uyğun müayinənin aparılmadığı və bununla da müvafiq qərarın qəbul edilmədiyi müəyyən edildiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2.-ci maddəsinə (İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.) əsasən məhkəmə tərəfindən cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələblərinə uyğun olaraq yenidən baxılması ilə bağlı öhdəlik qoyulmalıdır. Göründüyü kimi, hazırkı mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh oluna bilməz. 16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1108/2024 nömrəli qərardadın da məhz bu hüquqi mövqe əks olunmuşdur. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün İPM-in 90.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Odur ki, cavabdehin apelyasiya instansiyası məhkəməsinin hazırkı qərarından kassasiya şikayəti vermək hüququ da istisna edilir”. Eyni hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2010/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında da ifadə edilmişdir. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan narazı qaldığı təqdirdə iddiaçının həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdehin İddiaçı MMC barəsində qəbul etdiyi 09 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin. İdxal olunmuş mallara dair idxal sağlamlıq aktının verilməsinə dair iddiaçının mahiyyəti üzrə müraciətinə dair həmin məsələyə baxılması ilə əlaqədar məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar