Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12302/2024 29.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X2 Bakı Regional Məşğulluq filialına qarşı “işsizlikdən sığorta ödənişinin ödənilməsi və sair” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Bakı Regional Məşğulluq filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona işsizlikdən sığorta ödənişinin ödənilməsinin bərpa edilməsi, xx.xx.2024-cü il tarixindən ödənilməmiş işsizlikdən sığorta məbləğinin və hüquqi yardım üçün ödənilmiş 50 manat məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı 1981-ci ildən əmək fəaliyyətinə başlamışdır. 2018-ci ilin yanvar ayından xx.xx.2023-cü ilə qədər EPCM Group MMC-də sahə rəisi vəzifəsində çalışmışdır. xx.xx.2023-cü ildə ixtisarla işdən azad olunmuşdur. Hazırda işsizdir. İşsizlikdən sığorta ödənişinin alınması ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində 472,80 manat məbləğində işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. Lakin, sonradan dayandırılmışdır. Yaranmış problemlə əlaqədar cavabdeh quruma müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixində verilmiş imtina məktubunda bildirilmişdir ki, sığorta ödənişi may ayı üçün hesablananan zaman onun aktiv vergi ödəyicisi olduğum məlum olmuşdur. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunanları və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsini rəhbər tutaraq, işsizlikdən sığorta ödənişini xx.xx.2024-cü il tarixindən dayandırmışdır. İddiaçının, ümumiyyətlə, VÖEN-in aktiv olub-olmamasından, habelə özözünə bərpa olunmasından məlumatı olmamışdır. Belə ki, iddiaçı əvvəllər vergi ödəyicisi olmuş, sonradan fəaliyyətini dayandırmışdır. Cavabdeh qurumun ona təqdim etdiyi imtina məktubundan sonra DVX-nə müraciət etmişdir. Vergi Xidməti tərəfindən avtomatik olaraq VÖEN-i aktivləşdirilmişdir. İddiaçı yenidən VÖEN üzrə fəaliyyətini dayandırmışdır. Avtomatik açıldıqdan sonra aktiv olduğu müddətdə də onun tərəfindən hər hansı fəaliyyət həyata keçirilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan da görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan hesabat dövrü üzrə dövriyyəsi 0.00 manat olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan da görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixində vergi uçotuna alınmış və hazırda fəaliyyəti dayanmış vəziyyətdədir. Cavabdeh inzibati orqan sadəcə formal tələbləri əsas tutaraq, işsizlikdən sığorta ödənişinin ödənilməsindən imtina etmişdir. Halbuki yuxarıda qeyd olunan sənədlərdən də göründüyü kimi, hazırda vergi ödəyicisi kimi fəaliyyəti dayandırılmışdır və ümumi dövriyyəsi 0 AZN təşkil edir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz bununla əsaslandırılmışdır ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən sığorta ödənişi almaq hüququna yalnız dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə), işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlar ixtisar edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən) və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və Məcəllənin 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən) əmək müqaviləsinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər. X1 və Təyinat filialının 21 dekabr 2023-cü il tarixli 3-17-2/3-3-644/2023 nömrəli Əmri ilə İddiaçı Qanunun 13.2.1-ci maddəsinə əsasən 1 dekabr 2023-cü il tarixindən etibarən 6 ay müddətinə aylıq 472,80 manat məbləğində işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində iddiaçıya vəsait nağdsız qaydada ödənilmişdir. Qanunun 18.0.6-cı maddəsinə əsasən sığorta ödənişi alan şəxsin sığorta ödənişi aldığı dövrdə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən işə düzəlməsi və ya məşğul şəxs sayılması halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır. Qanunun 5.2.1-ci maddəsinə əsasən işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. İddiaçının qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırması İddiaçı tərəfindən 6 noyabr 2023-cü il tarixli “İltizam” imzalanmaqla təmin edilmişdir. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əsaslar yarandığı müəyyən olunduğu üçün 24 iyun 2024-cü il tarixli 3-17-2/3-3-49/2024 nömrəli Əmrlə cavabdehə işsizlikdən sığorta ödənişinin ödənilməsi 6 may 2024-cü il tarixdən dayandırılmışdır. İddiaçı sığorta ödənişinin məbləği may ayı üçün hesablanan zaman onun 6 may 2024-cü il tarixdən aktiv vergi ödəyicisi olduğu məlum olmuşdur. İddiaçı təqdim etdiyi arayışa əsasən VÖEN-in 6 may 2024-cü il tarixdən aktivləşdiyi öz təsdiqini tapmışdır. Belə ki, MEİS-in müvafiq altsistemindən əldə olunan məlumata əsasən İddiaçı 6 may 2024-cü il tarixdən 5 iyun 2024-cü il tarixinədək VÖEN-nin aktiv olduğu müəyyən edilmişdir. Diqqət edilməli məqam ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi təyinatı 1 dekabr 2023-cü il tarixindən etibarən başlamış, şəxsin VÖEN-i isə 6 may 2024cü il tarixdən aktivləşmişdir. Cavabdeh məşğul şəxs sayılmasına baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi, şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişinin təyinatı tarixindən sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Nazirliyin MEİS-nin “Əmək və Məşğulluq” altsistemindən (ƏMAS) əldə edilmiş məlumata əsasən, İddiaçı 31 oktyabr 2023-cü il tarixdə “işaxtaran” kimi qeydiyyata alınmış, 6 noyabr 2023-cü il tarixdə “işsiz” statusu verilmiş və 12 may 2024-cü il tarixdə məşğul şəxs hesab edilməsi ilə əlaqədar qeydiyyatı birdəfəlik dayandırılmışdır. İddiaçı VÖEN-in aktivləşməsi ilə əlaqədar faktlar iddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq arayışları ilə də öz təsdiqini tapmışdır. Şəxsin VÖEN aktivləşməsi haqqında özünün məlumatının olmaması həmin şəxsin məsuliyyəti çərçivəsində olan bir haldır və qeyd edilən hal qanunun müddəalarının pozularaq iddiaçıya işsizlikdən sığorta ödənişinin ödənilməsi üçün istisna hal deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı tərəfindən verilmiş 21 dekabr 2023cü il tarixli, 3-17-2/3-3-644/2023 nömrəli qərarı ilə 01 dekabr 2023-cü il tarixindən adları əlavədə qeyd olunan 584 nəfər işsiz şəxsə (iddiaçı daxil olmaqla) “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə və müddətdə işsizlikdən sığorta ödənişi təyin edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli, 3-17-2/3-3-49/2024 nömrəli qərarı ilə 812 nəfər şəxsə (həmçinin iddiaçıya) “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin tələbləri nəzərə alınmaqla işsizlikdən sığorta ödənişinin verilməsi dayandırılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının işsizlikdən sığorta ödənişinin təyin edilməsi barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixində 472,80 manat məbləğində işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. Ona sığorta ödənişinin məbləği may ayı üçün hesablanan zaman xx.xx.2024-cü il tarixdən onun aktiv vergi ödəyicisi olduğu məlum olmuşdur. Ona təqdim olunan arayışa əsasən VÖEN-nin xx.xx.2024-cü il tarixdən aktivləşdiyi öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli arayışdan görünür ki, iddiaçının sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2024-cü il tarixdən xx.xx.2100-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş Sadələşdirilmiş vergi bəyannaməsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabat dövrü üzrə dövriyyəsinin 0.00 manat olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, uçot-baza məlumatlarına əsasən İddiaçı (FİN: xxxxxxx) xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alındığı müəyyən edilmişdir. Məktuba əlavə olunmuş cədvəldən görünür ki, vergi ödəyicisinin xx.xx.2010 tarixdə fəaliyyəti dayandırılmış, xx.xx.2010-cu il tarixdə bərpa edilmiş, xx.xx.2010-cu il tarixdə dayandırılmış, xx.xx.2013-cü il tarixdə bərpa edilmiş, xx.xx.2015-ci il tarixdə dayandırılmış, xx.xx.2015-ci il tarixdə bərpa edilmiş, xx.xx.2017-ci il tarixdə dayandırılmış, xx.xx.2018-ci il tarixdə vaxtı bitdiyi üçün bərpa edilmiş, xx.xx.2019-cu il tarixdə dayandırılmış, xx.xx.2024-cüil tarixdə vaxtı çatdığı üçün bərpa edilmişdir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli, 3-17-2/3-3-644/2023 nömrəli qərarı ilə iddiaçıda daxil olmaqla 584 nəfər şəxsə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə və müddətdə işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Lakin daha sonra iddiaçının adına aktiv VÖEN olması əsası ilə ona işsizlikdən sığorta ödənişinin verilməsi dayandırılmışdır. İddiaçı hesab edir ki, VÖEN aktiv olması onun iradə ifadəsindən asılı olmamış və onun bundan məlumatı olmamışdır. Məhkəmə qeyd edir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.2. Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir. 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən; 13.1.4. müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən; 13.1.5. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən; 13.1.6. əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən. 18.0. Sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: 18.0.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi” Qaydasının: 1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.9-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra – Agentlik) yerli qurumları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. 1.2. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. 1.3. Həm əsas, həm də əlavə iş yerləri olan işçinin əmək münasibətlərinə müxtəlif zamanlarda xitam verildiyi halda, onun sığorta ödənişini almaq hüququ sonuncu iş yeri üzrə, eyni gündə xitam verildiyi halda isə əsas iş yeri üzrə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla əmək münasibətlərinə xitam verildiyi halda yaranır. 2.1. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması şərtləri və müddəti “İşsizlikdəın sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə tənzimlənir. 3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmaq hüququ olmayan şəxslərə sığorta ödənişi təyin edilmir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun: 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: (-) 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; 5.11. Aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir: 5.11.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə; (-) Bəhs edilən qanunvericiliyin və normativ hüquqi aklarından müddəalarından göründüyü kimi işsizlikdən sığortanın əsas məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Nəzərə alınmalıdır ki, sığorta ödənişini almaq hüququna malik olan şəxslərin əhatə dairəsi konkret müəyyən edilmiş, sığorta ödənişinin verilməsinin dayandırılması əsasları isə dəqiq göstətirilmişdir. Nəzərə alınmalıdır ki, şəxsin işsizlikdən sığorta ödənişinin almaq hüququ yalnız o zaman yaranır ki, həm “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, həmçinin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsi ilə müəyyən edilmiş şərtlər eyni anda ödənilsin. Həmin normaya nəzər yetirdikdə məlum olur ki, şəxsin məşğul hesab olunması ona sığorta ödənişinin verilməsini istisna edir ki, “məşğul şəxs” anlayşına kimlərin daxil olması “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məşğul şəxs statusuna malikdirlər. Çünki onlar qanunvericilikdə nəzərdə tutulan qaydada müstəqil iqtisadi fəaliyyət həyata keçirərək gəlir əldə edirlər. Bu fəaliyyət sahibkarın iqtisadi dövriyyədə iştirakını təmin edir. Sahibkarlıq fəaliyyəti mülki-hüquqi xarakter daşıyır və qanunda “məşğul şəxs” anlayışına daxil edilən fəaliyyət növlərindən biri kimi qəbul edilir. Məhkəmənin qənaətinə görə, iddiaçının vergi ödəyicisi kimi fəaliyyətinin xx.xx.2024cü il tarixdən etibarən aktiv olması, onun sahibkarlıq fəaliyyətinin hüquqi baxımından bərpa etməsi mənasını daşıyır. Qeyd olunan tarixdən VÖEN-in aktiv olduğu müddətdə iddiaçının faktiki gəlir əldə edib-etməməsi onun sahibkar statusunun qüvvədə qalmasına təsir göstərmir. Bundan əlavə, iddiaçının VÖEN-in aktiv olmasından məlumatlı olmaması, mövcud qanunvericiliyin nəzərdə tutduğu öhdəliklər çərçivəsində cavabdeh tərəfindən məsuliyyət dairəsinə daxil edilə bilməz. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 18.0.1-ci maddəsinə əsasən haqlı olaraq iddiaçının işsizlikdən sığorta ödənişinin ödənilməsini dayandırmışdır. Bu səbəbdən də iddiaçının hazırkı tələbi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-12302/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12302/2024
29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver