Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12304/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci ildən ona ödənilməyə başlanılmış, lakin 15 mart 2015-ci il tarixindən ödənilməmiş məbləğin ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi pensiya almaq hüququ vardır və həmin hüquq sonradan ona məlum olduğuna görə 2015-ci ildən ona tətbiq olunmalı idi. İddiaçı xx xxxx 1960-cı il təvəllüdlüdür və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq 15 mart 2015-ci il tarixdən ona pensiya təyin edilməli idi. Lakin ona pensiya 06 may 2022-ci il tarixdən təyin olunmuş və 2015-ci ildən ona verilməli olan pensiya məbləğinin hər ay ona təyin olunmuş pensiyanın üzərinə gəlməklə DSMF-nin ona ödəməli olan və gecikdirilmiş pensiya məbləğini hər aya bölməklə hissə-hissə verməsi nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2022-ci il tarixində müraciət etdiyi üçün ötən dövr üzrə hesablanmış fərq məbləğinin xx.xx.2015-ci il tarixindən hesablanması qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən 288,67 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə pensiyanın yenidən hesablanaraq xx.xx.2015-ci il tarixdən təyin edilməsi tələbi ilə cavabdeh orqana müraciət etmişdir. Lakin iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2015-ci il tarixdən yaranmasına baxmayaraq yaşa görə əmək pensiyası təyinatı ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət olunduğu üçün Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən məsələnin müsbət həlli mümkün olmamışdır. Təqdim olunan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 28 il 02 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 14.073,12 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 296,07 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 345,22 manata, xx.xx.2021-ci il tarixdən 384,58 manata çatdırılmışdır. Həmçinin Qanunun 37.3.1-ci maddəsinə əsasən (06 il və daha çox işlədikdə) xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 14.641,20 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 587,93 manat müəyyən edilmiş və Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 607,92 manata çatdırılmışdır. Göründüyü kimi iddiaçının əmək pensiyası təhsil illəri də daxil olmaqla qanunvericiliyin tələblərinə əsasən düzgün hesablanaraq 607,92 manat müəyyən edilmişdir. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması qüvvədə olan qanunvericiliyə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1960-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 25 avqust 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan tələblərinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək qadınların pensiya yaş həddi 60 yaş müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixindən 288,67 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünün, o cümlədən, xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 28 il 2 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14.073,12 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən 296.07 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 345,22 manata, xx.xx.2021-ci il tarixindən 384.58 manata çatdırılmışdır. Həmçinin Qanunun 37.3.1-ci maddəsinə əsasən (6 il və daha çox işlədikdə) xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 14.641,20 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 587.93 manat müəyyən edilmiş və Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 607,92 manata çatdırılmışdır. Yaşa görə əmək pensiyası hüququ xx.xx.2015-ci il tarixindən yaranmışdır. Lakin iddiaçı yaşa görə əmək pensiyası təyinatı ilə bağlı xx.xx.2022-ci il tarixində müraciət etdiyi üçün pensiyası Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən xx.xx.2019-cu il tarixindən hesablanaraq ödənilməkdədir. İddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Ötən dövr üzrə (xx.xx.2019-cu il tarixindən) hesablanmış fərq məbləği cari pensiyasının üzərinə əlavə edilməklə ona ödəniləcəkdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 03 oktyabr 2022-ci il tarixli, **********8 nömrəli məktubla İddiaçı pensiya işinin surəti məhkəməyə təqdim edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 55 yaşdan əmək pensiya almaq hüququ yaranmışdır. İddiaçı əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixdə müraciət etmiş və ona əmək pensiyası təyin edilmişdir. Lakin əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olan 32.1-1-ci maddəsinin tələblərinə əsasən müraciət etdiyi tarixdən (xx.xx.2022-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2019-cu il tarixdən ödənilmişdir. İddiaçı 55 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdən əmək pensiyasının ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 31.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; 37.7-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir; 32.1-1-ci maddəsinə (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiya) əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. 32.1-2-ci maddəsinə (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiya) əsasən, bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ilk dəfə hesablanması, xx.xx.2019-cu il tarixdən sonra müraciət etmiş pensiyaçıların isə əmək pensiyasının yenidən hesablanması müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il ilə məhdudlaşdırılmışdır. N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ... Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli № 03/2020 nömrəli qərardadı ilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, “keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.” Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən əvvələ 3 il ərzində ödənilməsi mümkün sayılır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etsə də, əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2017-ci il tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən hər hansı sübutü məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən əmək pensiyasının təyin edilməsi barədə qərar ilə ödənilməmiş fərq məbləğinin müvafiq olaraq 3 il əvvəlki dövrdən – xx.xx.2019-cu il tarixdən ödənilməsi qərara alındığından, iddiaçının həmin tarixdən (xx.xx.2019-cu il) əvvəlki dövrlər üzrə tələbi əsassız hesab olunur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-12304/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12304/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver