Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1231/2025 25.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin İddiaçıadına rəsmiləşdirilərək çıxarışın verilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 13 saylı mənzil sərəncam əsasında iddiaçıya məxsusdur. Həmin mülkiyyət Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 15 saylı sərəncamı əsasında ona ayrılması müəyyən olunmuşdur. Həmin mənzildə ailə üzvləri ilə birgə yaşayır. Dövlət əmlakının özəlləşdirilməsi haqqında İİ dövlət proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilin onun adına rəsmiləşdirilməsi və çıxarışın verilməsinə dair İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tələbinin qanunauyğun olmadığını əsas gətirərək müraciətini icra etməmişdir. Göstərilən hallar mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi (8 Noyabr) ünvanında yerləşən 400 kv.m ölçülü torpaq sahəsinə mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaya dair təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayon, Zığ şossesi ünvanında yerləşən 400 kv.m ölçülü torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsinə dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının xx.xx.2024-cü il tarixdə, ********** daxilolma nömrəli ərizə ilə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən torpaq sahəsinə dair İdarəyə müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa, təqdim edilmiş yerləşmə cizgisində göstərilən perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğundan sahənin sənəd üzrə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, yerləşmə cizgisində Xətai Rayonu İcra Hakimiyyəti başçısının №15, xx.xx.1999-cu il tarixli sərəncamına istinad olunmamışdır. Torpaq sahəsinin faktiki ölçüsü 1000 kv.m təşkil edir Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Flialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1375/2024 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” 15 nömrəli Sərəncamında göstərilmişdir ki, Xətai rayon İcra hakimiyyətinə aşağıda adları göstərilən vətəndaşlar müraciət edərək, ailə tərkibinin böyüklüyünü, mənzil şəraitinin qeyri-qənaətbəxş olduğunu nəzərə alaraq qəsəbədaxili ərazidə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Vətəndaşların mənzilə olan ehtiyacını nəzərə alaraq, qəsəbədaxili ərazilərdə fərdi yaşayış evləri tikintisi üçün torpaq sahələrinin ayrılması rayon İcra Hakimiyyətinin səlahiyyətində olması haqqında Bakı şəhər XDS İcraiyyə Komitəsinin 27.01.89-cu il tarixli 13\713 saylı qərarını, Azərbaycan Respublikası rayonlarında, şəhərlərində, Dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamənin 13 mad. "Q" bəndini rəhbər tutaraq qərara alınmışdır: M.Rüstəmov küçəsi ev 26, menzil 23-də yaşayan vət. X2, Zığ şossesi Boru Təmiri zavodu yaxınlığında, cizgidə göstərilən sahədə 0.04ha;... torpaq sahəsi ayrılsın və fərdi ev tikintisinə icazə verilsin. torpaq sahələri ayrılsın və fərdi ev tikintisinə icazə verilsin. Yaşayış evinin layihə sənədlərinin tərtib edilməsi rayon layihəsmeta bürosuna həvalə olunsun və rayonun Baş memarını ilə razılaşdırılsın. Yaşayış evinin tikintisinin və layihə sənədlərinin tərtib edilməsi vətəndaşların hesabına yerinə yetirilsin. Ətraf ərazinin abadlaşdırılması və yolların salınması vətəndaşlara həvalə olunsun. Vətəndaşlara tapşırılsın ki, fərdi yaşayış evinin tikintisi iki il müddətinə başa çatdırılsın. Tikintisi başa çatmış fərdi yaşayış evinin qəbul edilməsi və hüquqi qeydiyyata alınması məsələsinə baxılması "X5 alınması komissiyasına" həvalə olunsun. -xx.xx.1998-ci il tarixli arayışa əsasən, ünvan 6 ünvanında İddiaçı, Şirinov Akif, X8, X7, X4 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş İddiaçı ayrılmış torpaq sahəsinin situasiya planında ayrılmış torpaq sahəsinin lşüsü 400 kv.m( 16mx25m) olduğu, sol tərəfdən(tin hissədən) elektrik hava xəttinin keçdiyi əks olunmaqla plan Xətai RİH-nin memarlıq şöbəsinin baş mühəndisi M.Əhmədov tərəfindən tərtib edilməklə icra hakimiyyətinə aid möhürlə təsdiq edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarıxli 5-11/2-1906/2024 nömrəli məktubunda bildirilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 15 nömrəli sərəncamı hazırda qüvvədədir və yerləşmə cizgisi Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 15 nömrəli sərəncamının tərkib hissəsidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı İdarəsinin xx.xx.2024-cü il tarixli **********99 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənədlər üzrə 400.0 kv.m, faktiki olaraq 1000.0 kv.m təşkil edir. Torpaq sahəsi 2 hissədən ibarət olmaqla mişar daşla hasarlanaraq sərhədlənib. Torpaq sahəsi üzərində 2 ədəd 2 mərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Göstərilən sahənin bir kənarından(tin hissədən) 10 kv.m hava elektrik xətti keçir. Torpaq sahəsini faktiki ölçüləri ilə cizgidə qeyd olunan lçülər arasında fərqlər vardır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-3325/2025 nömrəliməktubu ilə təqdim edilmiş ortofoto görüntüyə əsasən İddiaçı məxsus torpaq sahəsinin ətrafında (qonşuluğunda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış **********79; **********56-10301; **********57-10301 reyestr nömrəli əmlaklar yerləşir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa, təqdim edilmiş yerləşmə cizgisində göstərilən perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğundan sahənin sənəd üzrə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, yerləşmə cizgisində Xətai Rayonu İcra Hakimiyyəti başçısının №15, xx.xx.1999-cu il tarixli sərəncamına istinad olunmamışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddia olunan torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsini və yerləşmə cizgisində göstərilən perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğunu, həmçinin yerləşmə cizgisində Xətai rayonu İcra Hakimiyyəti başçısının 15 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamına istinad olunmadığını əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallardan görünür ki, Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 15 nömrəli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi Boru təmiri Zavodu yaxınlığında 0.04 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən sərəncamla ayrılmış torpaq sahəsinin naturada yerləşmə cizgisi hazırkı yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş, cizgi Xətai rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin baş memarı və Xətai rayon icra hakimiyyətinə aid möhürlə təsdiq edilmişdir. Cavabdeh yerləşmə cizgisində göstərilən perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğunu, yerləşmə cizgisində Xətai rayonu İcra Hakimiyyəti başçısının 15 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamına istinad olunmadığını əsas gətirərək müraciəti təmin etməsə də məhkəmənin sorğusuna cavabında torpaqayıran qurum olaraq Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 15 nömrəli sərəncamı hazırda qüvvədə olduğunu və sorğu ilə birlikdə təqdim edilmiş iş materiallarında olan yerləşmə cizgisinin həmin sərəncamının tərkib hissəsi olduğunu qəbul etməklə həmin cizginin qüvvədə olduğunu bilavasitə təsdiq etmişdir. Konfiqurasiya və ölçü arasında uyğunsuzluğa gəlincə qeyd edilməlidir ki, iddiaçıya sərəncamla ayrılmış torpaq sahəsi 0.04 ha olmaqla situasiya planında da torpaqğın ölçüsü 16mx25m olaraq (400 kv.m) olaraq göstərilmişdir. Yerli müayinə aktında iddiaçının faktiki sahibliyində 1000.kv.m olduöu müəyyən olunsa da iddiaçı faktiki ölçüyə deyil, 400 kv.m olçüdə olan sahəyə qeydiyyatı mübahisələndirmişdir. Eyni zamanda konfiqurasiyaya gəlincə ilkin situasiya planında da iddiaçıya ayrılmış torpaq sahəsinin sol tərəfindən (tin tərədən) ara məsafəsi ilə elektrik hava xəttinin keçdiyi, yerli müayinə aktına əlavə edilmiş baş planda da torpağın sol tərəfdən -tin hissədən elektrik hava xəttinin keçdiyi müəyyən olunur. Başqa sözlə, cavabdeh torpaq sahəsinin yerləşmə konfiqurasiyasının uyğunsuzluğu ilə bağlı müvafiq sübutu məhkəməyə təqdim etməmişdir. Torpaq sahəsinin elektrik xəttinin mühafizəsində yerləşməsinə gəlincə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçının iddia etdiyi 400 kv.m torpaq sahəsinin situasiya planında (yerləşmə cizgisində) torpaq sahəsi ilə elektrik hava xəttinin arasında məsafə olduğu adi gözlə müşahidə olunur. Yerli müayinə aktında isə hava xətti ilə torpaq sahəsi arasında məsafənin olmadığı bilavasitə görünür. Bu halda iddiaçıya sənəd üzrə 400 kv.m torpaq ayrıldığı, faktiki isə sahibliyində 1000 kv.m sahənin olduğu və iddiaçının məhz 400 kv.m sahəyə iddiası olduğu nəzərə alındıqda hesab oluna bilinər ki, iddia olunan 0.04 ha sahə deyil, 1000kv.m-ə aid artıq sahə elektrik hava xəttinin mühafizə zonasında yerləşir. Sahənin 400 kv.m ölçüdə situasiya planına uyğun hissədə qeydiyyata alınmasını təmin etmək isə bilavasitə cavbadeh reyestr orqanının səlahiyyətindədir. Hətta torpaq sahəsinin məhz ayrılmış 400 kv.m hissəsinin elektrik xəttinin mühafizə zolağına düşməsi belə hazırkı iddianın təmin edilməsinə mane olmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: -1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusudur; mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. -5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 1-20 kvt arası olduqda məsafə 10 m-dir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. -12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər. -18-ci bəndinə görə elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. Göründüyü kimi qanunvericilik elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qadağanedici norma nəzərdə tutmamışdır. Qanun yalnız elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən torpaq sahəsində binaların və qurğuların tikintisi, quraşdırılması zamanı həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığının alınmasını məcburi norma kimi nəzərdə tutur. Hazırkı iş üzrə cavabdehin istinad etdiyi elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlil fərdi yaşayış evinin qeydiyyatı ilə bağlı irəli sürə biləcəyi dəlil olub torpaq sahəsinə qeydiyyatı istisna edəcək dəlil kimi çıxış etmir. İddiaçı fərdi evə deyil, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ərazisində qeydiyyatdan keçmiş bir neçə daşınmaz əmlaka dair ilkin hüquqmüəyyənedici sənədlərdən görünür ki: -Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 15 nömrəli sərəncamı ilə X1 Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Boru təmiri zavodu yaxınlığında, 0.035 ha torpaq sahəsi ayrılmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş RX seriyalı 695004 nömrəli Çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 680 nömrəli reyestr kitabında 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı ilə qonşu olan torpaq sahəsi də yerli icra hakimiyyətinin sərəncamı ilə ayrılmış, həmin torpaq sahəsinin də yerləşmə cizgisi yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş və cavabdeh orqan həmin qonşu torpaq sahəsinin İcra Hakimiyyətinin sənədlərinə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını aparmışdır. Belə olan halda cavabdehin hazırkı iddiaçıya münasibətdə hüququ qeydiyyata almaqdan imtina əsası öz təsdiqini tapmır və bu hal ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQ-nun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Beləliklə, iddiaçının təqdim etdiyi torpaqayırma sənədləri (sərəncam və yerləşmə cizgisi) qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi yerləşən 400 kv.m ölçülü torpaq sahəsinə mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə ediıməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ünvanında yerləşən 0.04ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1231/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1231/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver