Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12310/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 6 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Xətai Rayon İcra Hakimiyyəti başçısının 759 №-li, xx.xx.2012-ci il tarixli Sərəncamına əsasən “Şimal DRES qəs., L.Starçuk küç., 2 saylı evin, yaşayış sahəsi 32,3 kv.m olan 2 otaqlı 9 saylı mənzilin kirayəçisi vət. X12 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Həmin ünvanda pasport qeydiyyatında olan oğlu vət. X5 ərizə ilə müraciət edərək, mənzilin kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş edir. Digər ailə üzvlərinin razılığı var. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.2 maddəsinə istinad edərək: vət.X6 vəfat etməsi ilə əlaqədar, onun adına olan “Şimal” DRES qəs., L.Starçuk küç., 2 saylı evin, yaşayış sahəsi 32,3 kv.m olan 2 otaqlı, 9 saylı mənzilin kirayə müqaviləsi oğlu vət. X1 adına dəyişdirilmişdir. Bakı şəhər Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birlyinin ilə iddiaçı arasında bağlanmış 28 sentybar 2023-cü il tarixli 759 №-li müqaviləyə əsasən mübahisəli mənzilə iddiaçının adına kirayə müqaviləsi bağlanılmış və o həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Bakı şəhəri, Xəzər rayonu, X32 Starçuk küçəsi, ev 2, mənzil 9 ünvanında qeydiyyatda olan şəxslərə dair məlumatlara əsasən X7 xx.xx.2001-ci il tarixdən hazıradək, X11 xx.xx.2010-cu il tarixdən hazıradək, X17 xx.xx.2005-ci il tarixdən hazıradək, X9 xx.xx.2016-cı il tarixdən hazıradək, X10 xx.xx.2016-cı il tarixdən hazıradək, İddiaçı xx.xx.1974-cü il tarixdən hazıradək, X18 xx.xx.1995-ci il tarixdən hazıradək, X14 xx.xx.2006-cı il tarixdən hazıradək və X15 xx.xx.2015-ci il tarixdən hazıradək həmin ünvanda qeydiyyatdadır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 06 sentyabr 2023-cü il tarixli 278 №-li məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, “Şimal” DRES qəsəbəsi, L.Starçuk küçəsi, 2 saylı evin 9 saylı mənzilində faktiki yaşayanlar aşağıdakılardır.1. İddiaçı Baloğlan oğlu, 1954-cü il, özü, 2. X18, 1978-ci il, oğlu, 3. X14, 1979-ci il, gəlini, 4. X21, 2007-ci il, nəvəsi,
5. X15, 2009-cu il, nəvəsi. Mənzilin balanssaxlayıcısı Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyidir. Mənzil xidməti mənzil deyil. İddiaçı Baloğlan oğlu ilə Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 759 saylı sərəncamına əsasən kirayə müqaviləsi bağlanılıb. X19 və X8 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmirlər. İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Xəzər rayonu, X32 Starçuk küçəsi, 2 saylı evin, 9 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Xəzər Rayon İcra Hakimiyyəti başçısının 759 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Sərəncamda ad Siyavuş (X5) kimi qeyd olunmuşdur”.
İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, X32 Starçuk küçəsi, ev 2, mənzil 9 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, doğulduğu vaxtdan hal-hazırkı vaxtadək həmin mənzildə qeydiyyatda olmaqla, daimi yaşayır. Lakin mənzil hal-hazırkı vaxtadək, daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydiyyata alınmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.
Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 59.2 kv.m təşkil edir.
Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İşin mübahisələndirilməyən hallarına görə iddiaçının mülkiyyət hüququnu qeydə almasını istədiyi mənzil onun sahiblik və istifadəsindədir və iddiaçı ailə üzvləri ilə birlikdə 1974-cü ildən həmin mənzildə yaşayır. Cavabdeh öz mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməməsi, sərəncamda iddiaçının adının Siyavuş (X5) kimi və mənzilin faktiki sahəsinin 59.2 kv.m olması ilə əsaslandırmışdır. İş materiallarından müəyyən edilir ki, Xətai Rayon İcra Hakimiyyəti başçısının 759 №-li, xx.xx.2012-ci il tarixli Sərəncamı ilə iddiaçının atası xx.xx.1991-ci il tarixdə vəfat etdiyindən kirayə müqaviləsi iddiaçının adına dəyişdirilmiş və Bakı şəhər Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birlyinin ilə iddiaçı arasında bağlanmış 28 sentybar 2023-cü il tarixli 759 №-li kirayə müqaviləsi bağlanılmış və o həmin mənzilin kirayəçisi hesab olunmuşdur İddiaçının mübahisəli mənzillə bağlı hüquqları mənzildə yaşadığı vaxtdan (1974-cü il) yaranmışdır. Belə olan halda, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması” eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Göründüyü kimi, cavabdehin imtinasının əsası kimi istinad etdiyi birinci hal, yəni iddiaçının mübahisəli mənzilə dair hüquqmüəyyənedici sənədlərə malik olmaması işdə olan sənədlərlə təkzib edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun 5-ci maddəsinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 06 sentyabr 2023-cü il tarixli 278 №-li məktubundan görünür ki, mübahisəli mənzildə iddiaçının özü də daxil olmaqla 5 nəfər ailə üzvü (özü, oğlu, gəlini və iki nəvəsi) qeydiyyatdadır və yaşayırlar. Mənzildə qeydiyyatda olan iddiaçının yetkinlik yaşına çatmış ailə üzvləri (oğlu və gəlini) mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiklərinə dair notarial qaydada təsdiq olunmuş ərizələr təqdim edilmişdir. Məhkəmə cavabdehin sərəncamda iddiaçının adının “Siyavuş” kimi qeyd edilməsinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan ИЖ- № 373685 Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində doğulmuşdur. X2, X4 qeyd edilmişdir. Qeyd edilən hal iddiaçının səhvi və ya sənədlərə müdaxiləsindən yaranmamaqla, onun məsuliyyət sferasına aid olan məsələ deyildir və mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Elektron Məhkəmə İnformasiya Sistemində Şəxsiyyət vəsiqəsi məlumatlarında "X5" soyad, ad, ata adında şəxs müəyyən olunmamış, İddiaçı soyad, ad, ata adında şəxs müəyyən olunmuşdur ki, həmin şəxs hazırkı iddiaçıdır. Məhkəmə qeyd edir ki, hazırkı icraat çərçivəsində məhkəmə təqdim edilmiş sənədlərə əsasən bu qənaətə gələ bilirsə, prosessual qənaət və işin hallarının araşdırılması prisipləri baxımından inzibati mühakimə icraatı çərçivəsində də sənədin iddiaçıya məxsus olması halını müəyyən edə bilər. Digər tərəfdən soyadın və ata adının iddiaçının soyadı və ata adı ilə tamamilə eyni olması, hər iki sənədin (sərəncamın və müqavilənin) iddiaçıda olması, iddiaçı tərəfindən məhkəməyə təqdim etməsi, sözügedən mənzilə hər hansı digər şəxsin müraciəti (iddiasının) olmaması da Sərəncamda iddiaçının adındakı bir hərf fərqin texniki səhv olması qənaətinə gəlməyə əsas verir. Digər tərəfdən iddiaçının məhkəməyə əslini təqdim etdiyi həmin Sərəncamda iddiaçının adının “Siyavuş”dan “Səyavuş”a düzəliş edilmiş, düzəliş Xəzər rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsi tərəfindən imzalanmış, həmçinin düzəlişə İcra Hakimiyyətinin möhürü vurulmuşdur. Cavabdehin etirazında qeyd etdiyi mənzilin faktiki ölçüsünün 59.2 kv.metr təşkil etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbində mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, iddia tələbində mənzilin sahəsi ilə bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Cavabdeh tərəfindən qeyd edilən hal iddiaçının mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün əsas sayıla bilməz. Belə ki, mənzilin faktiki vəziyyətinə uyğun olaraq iddiaçının mülkiyyət hüququnun qeydə alınması və hüquqmüəyyənedici və texniki sənədlərin verilməsi cavabdehin vəzifəsidir və iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES, Lev Starçuk küçəsində yerləşən 2 saylı evin, 9 saylı mənzili İddiaçı adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə Çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov