Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12317/2023 27.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədəcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqınlıq statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qərarının ləğv edilməsi, ona və arvadı X1çqınlıq statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nigeriya Federativ Respublikasının vətəndaşıdır (Pasport № ********), o, xx.xx.1977-ci ildə Nigeriyanın Benue ştatının GBOKO Otukpo şəhərciyində doğulmuş, milliyyətcə iqbo, dini etiqadına görə xristiandır (katolikdir), 6 illik ibtidai təhsilini Nigeriyada “X6” adlı məktəbdə oxumuş, sonra 6 il “Muslim boy” adlı məktəbdə təhsil almışdır. Ailəlidir, həyat yoldaşı xx.xx.1985-ci il təvəllüdlü X3, 3 oğlu, 1 qızı var. Evi və torpaq sahələri də GBOKO Otukpo-da yerləşir. Nigeriyada dini zəmində ona, ailəsinə, biznesinə baş vermiş müsibətlərdən sonra o və həyat yoldaşı Nigeriyadan qaçıb Azərbaycana gəlmişlər. Qaçqınlıq statusunun alınması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etsələr də, əsassız olaraq bu statusun verilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli 83 nömrəli qərar qəbul etmişdir. Qərarın surətini xx.xx.2023-cü ildə əldə etmişdir. Şikayətlərinin araşdırılmasında yol verilmiş qanunsuzluqlar, nöqsanlar, qərəzli yanaşma barədə məlumat vermək məcburiyyətindədir. Qeyd edir ki, Dövlət Miqrasiya Xidmətində intervyular zamanı əməkdaş qabaqcadan ona bildirirdi ki, qaçqınlıq statusunun verilməsi onsuz da mümkün olmayacaq. Yəni iş tam araşdırılmamış əməkdaş qərəzə əsaslanmış fikir yürüdürdü. O, Nigeriyada böyüdüyü və yaşadığı yerlərə Benue ştatına qayıda bilməyəcək. Çünki yerli hökumət təhlükəsizliklərinə etibarlı şəkildə zəmanət verə bilmir və bu artıq beynəlxalq təşkilatlarda ciddi müzakirə olunmaqdadır. Belə bir vəziyyət onun üçün və ailəsi üçün çox təhlükəlidir. Yəni müəyyən mənada onlara qarşı nifrət və düşmənçilik kampaniyası başlanmışdır. Nigeriyada kənd təsərrüfatı sahəsində, xüsusən də heyvandarlıq sahəsində 2011-ci ildən başladığı sahibkarlıq fəaliyyətinə olan təhdidlər, tarlalarının məhv edilməsinə yönəlmiş hücumlar olmuşdur. Bu hücumların əsas motivi əslində dini dözümsüzlük və dini ayrı-seçkilik olmuşdur. Yəni digər dinə mənsub radikallar fermer təsərrüfatlarına və inəklərinə hücum etmək yolu ilə onları məhz dini baxışlarına görə təqib edirlər. Yəni kənd təsərrüfatı məsələləri sadəcə bir örtükdür. Məhz ona görə də o, oranı tərk edəndən sonra anası və uşaqları Kilsədə sığınacaq tapmağa məcbur olublar. Münaqişənin cənub əyalətlərinə yayılması ölkənin əsas regional, etnik və dini qrupları arasında onsuz da kövrək olan münasibətləri gərginləşdirir. Cənubun əksər xristian icmaları bəzi mənbələrdə “İslamlaşdırma qüvvəsi” kimi təsvir edilən, əsasən müsəlman çobanların axınından narazıdırlar. Çobanlar əsasən Fulanilərdir, münaqişələrə etnik ölçü verirlər. Fulanilər Qərbi və Mərkəzi Afrikanın bir çox ölkəsinə yayıldıqca, onlarla digər Nigeriya qrupları arasında istənilən böyük qarşıdurma qonşu ölkələrdən döyüşçüləri cəlb edərək regional təsirlərə səbəb ola bilər. Bütün bu xəbər saytlarını nəzərdən keçirəndə aydın olacaq ki, 2015-ci ildən qarşılaşdıqları münaqişələrin, xüsusən də fermer-çobanların hücumlarının kökündə etnik, dini məsələlər durur. Yəni ilk əvvəl torpaq məsələləri ilə başlayan münaqişələr artıq təhlükəli etnik-dini məziyyətlər də kəsb etmişdir. 9 mart 2016-cı ildə Nigeriya Senatının qəbul etdiyi qətnamədə göstərilmişdir ki, Benue, Taraba, Plateau və digər ştatlarda fermer icmalarına hücumların arxasında Boko Haram qiyamçıları durmuşdular. Kənd təsərrüfatı ilə məşğul olanların böyük əksəriyyəti əsasən katolik xristianlar idi. Ona görə də dini baxışlarına görə artıq Taraba (Benue ştatının paytaxtı) və digər ştatlarda yaşamaq çox təhlükəli olmaqla bərabər, həm də fermer təsərrüfatları ilə məşğul olmağın heç bir əhəmiyyəti qalmırdı, sadəcə bir gün çəkdiyin əziyyətlər boşa çıxmış olur. 2018-ci ilin yanvarından zorakılıq artdığından həmin dövrdə 300 min insan yaşayış yerlərini tərk edərək öz torpaqlarında məcburi köçkün oldular. Adamava, Benue, Nasarava, Plateau və Taraba əyalətlərinin bir hissəsində geniş miqyaslı yerdəyişmə və etibarsızlıq əkinçiliklə yanaşı, maldarlığa da mane olur və ərzaq qiymətlərini artırır. Zorakılıq nəticəsində ordunun, polisin və digər təhlükəsizlik xidmətlərinin üzərinə ağır yük düşür və onları Boko Haram qiyamına qarşı mübarizə kimi digər mühüm missiyalardan yayındırır. Yəni onlara qarşı, mülklərinə, təsərrüfatlarına olan hücumlarda görünən ilkin məqsəd torpaqlarına basqın edib heyvanlarını ələ keçirmək və tarlalarını məhv etmək və onlara zülm etmək olsa da, sonradan bu hücumlara dini və etnik komponentlər də əlavə olunmağa başlandı ki, bu da münaqişə yerləri üçün xarakterik xüsusiyyətdir. O, xx.xx.1985-ci il təvəllüdlü həyat yoldaşı ilə bərabər 2015-ci ildə öz ölkəsindən qaçaraq, özü və ailəsi üçün yeni yaşayış yeri seçmək üçün əvvəlcə Dubaya getmiş, bir müddət orada yaşayandan sonra ailəsi üçün darıxdığından bir həftəliyə tək Nigeriyanın Laqos şəhərinə qayıtmış və istəmişdir ki, uşaqları və anası ilə görüşsün. Lakin Laqosda olarkən dostları ilə telefonla əlaqə saxlamış və ona dedilər ki, gizlənməli və kilsədə yaşayan uşaqları görmək üçün kəndə qayıtmamalıdır, əks təqdirdə bu onun üçün təhlükəli olar. Nigeriyadan sonra yenidən Dubaya qayıtmış, Dubaydan Gürcüstana və Türkiyəyə, oradan isə xx.xx.2022-ci ildə Azərbaycana pənah gətirmişdir. Qardaşı da katolikliyi qəbul etdiyi üçün Nigeriyanı tərk etmişdir və Omana qaçmışdır. Lakin Omanda katolik olduğunu gizlədir və bu barədə danışmır.O, 2000-ci ildə katolikliyi qəbul etmişdir. Onun valideynləri də xristiandırlar, amma onların valideynləri isə müsəlman olublar. Həyat yoldaşının valideynləri də müsəlman olublar və vəfat ediblər. Lakin həyat yoldaşı da katolikdir. Nigeriyada anası və uşaqları təhlükəsizliklərini təmin etmək üçün Nigeriyada kilsədə yaşamağa məcburdurlar. Anası və uşaqları hazırda Nigeriyada katolik kilsəsi olan “St.Mary Angelica missionary church State of Benue, 17 b Buruku street Nigeria” ünvanında qalırlar. Yeganə sığınacaq yer kilsədir. Anası və uşaqları başqa yerdə yaşaya bilmirlər. Kilsə onlar üçün artıq ev olmuşdur. Uşaqlarının və anasının yaşadığı Katolik Kilsənin telefon nömrəsi belədir: **********8. Kilsədəki keşişin adı Rev. Pauldur. Azərbaycanda qaçqınlıq statusunun alınması üçün xx.xx.2022-ci il tarixində Dövlət Miqrasiya Xidmətinə vəsatətlə müraciət etmişdir. Həmin dövrdə adına ***-**** saylı şəxsi iş açılmışdır. Ona MS-114-2022 nömrəli müvəqqəti şəhadətnamə verildi. Dövlət Miqrasiya Xidmətində onunla və arvadı ilə müsahibə keçirilmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli İQ-46/2 nömrəli qərarı ilə ona və həyat yoldaşına qaçqın statusunun verilməsindən imtina edildi. Dövlət Miqrasiya Xidməti ilk müraciətinə baxaraq ona qaçqınlıq statusunun verilməsindən imtina etdi və imtina qərarını xx.xx.2022-ci il tarixində Dövlət Miqrasiya Xidmətinin Ofisindən əldə etmişdir. O və həyat yoldaşı bu qərarla razılaşmır, çünki bu qərarın qəbul edilməsi üçün söylədikləri fikirlərdən Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının gəldikləri qənaət əsl həqiqəti əks etdirmir. Qərardan xx.xx.2023-cü ildə inzibati qaydada şikayət vermişdir. 29 yanvar 2023-cü il tarixində Dövlət Miqrasiya Xidmətinin e-mail ünvanına və vatsap nömrəsinə qısa xahiş məktub göndərərək müraciətinə yenidən baxılmasını xahiş etmişdir. Bundan sonra 29 yanvar 2023-cü il tarixli şikayətinə əlavə olaraq xx.xx.2023-cü ildə Dövlət Miqrasiya Xidmətinə poçt vasitəsilə ətraflı izahat və arayış göndərmiş və əsaslandırmışdır ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli İQ-46/2 nömrəli qərarı həqiqəti əks etdirmir və təqdim etdiyi ətraflı arayış əsasında yenidən baxılmalıdır. Belə ki, ətraflı arayışda qeyd etmişdir ki, sözügedən qərarın mətnində 4 övladının və anasının Nigeriyada evdə yox, məhz kilsədə yaşaması faktı qeyd olunsa da, bu məsələ araşdırılmamış və əlavə suallar bu istiqamətdə verilməmişdir. Bu isə Dövlət Miqrasiya Xidməti (bundan sonra: DMX) tərəfindən həqiqətin müəyyən olunmasına və ədalətli qərarın qəbul edilməsinə mane olmuşdur. Digər tərəfdən, bu qərar qəbul olunana qədər onun və həyat yoldaşının verdiyi müsahibələrdə övladlarının və anasının kilsədə yaşaması faktına toxunmaqla üstü-örtülü formada problemin mahiyyətini, yəni aysberqin görünən tərəfini diqqətlərinə çatdırmaq istəyirdilər. Belə ki, əvvəlki müsahibələrində əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu Azərbaycanda bu məsələlərə (etnik- dini), demək olar ki, ehtiyat səbəbindən dərindən toxunmamışdır ki, dini kimliyi ilə bağlı məsələləri çox qabartmasın. Lakin sadəcə ailəsinin Nigeriyada kilsədə gizləndiyi faktını əməkdaşların diqqətinə çatdıraraq bu məsələdə ətraflı araşdırma aparılmasına ümid edirdi. Nigeriyada ailəsinin həyat və sağlamlığı üçün torpaq mübahisələri ilə başlanan münaqişə artıq dini zəmində də onlar üçün təhlükə yaratdığından anası və övladları kilsəyə sığınmış və məskunlaşmışlar. Bu faktın özü dini zəmində onlara qarşı təqibin olmasından xəbər verir ki, bu da Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsinin tələblərinə ziddir. Əsaslandırılmış müraciətinə baxmayaraq DMX xx.xx.2023-cü il tarixli 28 nömrəli qərarla şikayətini baxılmamış saxlamış və əsas gətirmişdir ki, guya o, inzibati şikayətin qanunvericilikdə nəzərdə tutulmuş müddətini buraxmışdır. Bundan sonra DMXdə yol verilmiş nöqsan aradan qaldırılmış, şikayətinə İnzibti İcraat haqqında qanuna müvafiq olaraq yenidən baxılmış və xx.xx.2023-cü il tarixli 1423/ə nömrəli inzibati şikayəti əsasında DMX-nin xx.xx.2023-cü il tarixli 28 nömrəli qərar ləğv edilmişdir. Daha sonra DMX-yə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 1457/ə nömrəli inzibati şikayətindəki əlavə materiallar, sübutlar və faktlar nəzərə alınmamış, dini zəmində təqib olunmaqlarını, bu əsasda təsərrüfatlarının və əkin sahələrinin dağıdılmasını, bu səbəbdən anasının və uşaqlarının kilsəyə sığınmaları və kilsədə yaşamaları faktını yeni hallar və sübutlar kimi qəbul etməmiş və bu məsələlərə hüquqi qiymət verməmiş və xx.xx.2023-cü il tarixli 52 nömrəli qərar qəbul edərək şikayəti təmin edilməmişdir. Bununla da hüquqlarının qorunmasına biganəlik göstərilmişdir. Bu qərarla da razılaşmayaraq 4-cü dəfə DMX-yə 52 nömrəli qərardan inzibati qaydada şikayət etmiş və anasının və uşaqlarının kilsədə olmasını sübut edən foto-şəkilləri yeni sübut materialı kimi təqdim etmişdir. Bu dəfə də ədalətli araşdırma aparılmamış və xx.xx.2023-cü il tarixli 83 nömrəli ərizə baxılmamış saxlanılmışdır. Qaçqınlıq statusunun alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, ona ailəsinə qarşı baş vermiş haqsızlıqlar, təqiblər nəzərə alınmamış və ona qaçqınlıq statusunun verilməsindən əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Nigeriya Federativ Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı ailə üzvü (arvadı - X5) ilə birlikdə 7 oktyabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və arvadı ilə müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı Nigeriyanın Laqos şəhərində anadan olduğunu, milliyyətcə iqbo, dini etiqadına görə xristian (katolik) olduğunu, 6 illik ibtidai təhsilini Nigeriyada “X6” adlı məktəbdə oxuduğunu, sonra 6 il “Muslim boy” adlı məktəbdə təhsil aldığını qeyd etmişdir. O, təxminən 1997-ci ildən etibarən atasına kənd təsərrüfatı ilə bağlı işlərdə köməklik etdiyini, 2011-ci ildən Nigeriyada müstəqil sahibkarlıq fəaliyyətinə başladığını, kənd təsərrüfatı ilə məşğul olduğunu, əsas işinin heyvandarlıqdan ibarət olduğunu bildirmişdir. Ərizəçi sonradan işində problemlərin yarandığını, qonşularına məxsus heyvanların onun ərazisinə daxil olaraq tarlalarını yararsız vəziyyətə saldığını, bu səbəbdən də qonşularla aralarında mübahisə yarandığını, mübahisələrin bəzən məhkəməyə qədər getdiyini, biznesini inkişaf etdirməkdə çətinliklər yaşadığı üçün ölkəsini tərk edərək 2015-ci ildə BƏƏ-nin Dubay şəhərinə getdiyini, əvvəlcə taksi sürücüsü kimi işlədiyini, sonra “Limuzin” şirkətinə işə düzəldiyini, 2 il orada işlədiyini, pandemiya ilə əlaqədar şirkətin bağlandığını, başqa bir şirkətə işə düzəldiyini, müxtəlif texniki işlərlə məşğul olduğunu qeyd etmişdir. İddiaçı 2019-cu ildə Nigeriyaya qayıtdığını, 1 həftə orada qaldıqdan sonra yenidən Dubay şəhərinə qayıtdığını söyləmişdir. O, Dubay şəhərində yaşayış xərclərinin yüksək olduğunu, yaşamaq üçün alternativ ölkə tapmaq məqsədilə Gürcüstan və Türkiyəyə səfər etdiyini, xx.xx.2022-ci il tarixdə isə arvadı ilə birlikdə Azərbaycana gəldiyini bildirmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi atasının vəfat etdiyini, qardaşının Omanda yaşadığını, 3 oğlu, 1 qızı və anasının isə Nigeriyada kilsədə yaşadıqlarını demişdir. İddiaçı arvadı X5 ilə keçirilən müsahibə zamanı o, da ərinin dediklərini təsdiq edərək Dubay şəhərində yaşamaq üçün xərclərinin çox çıxdığını, bu səbəbdən də alternativ ölkə tapmaq məqsədilə Azərbaycana gəldiklərini söyləmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvünün etibarlı pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin təqdim etdiyi sənədlərdən və ərizə-anketin qeydiyyatı zamanı dediklərindən onun Dubay şəhərində yaşama icazəsinin 2023-cü ilin yanvar ayına qədər, arvadının müvafiq icazəsinin isə 2024-cü ilə qədər aktiv olduğu məlum olmuşdur. İddiaçı və arvadı X5 müsahibə zamanı Nigeriyaya qayıdacaqları təqdirdə qonşuları tərəfindən əvvəlki mübahisə zəminində yenidən təhdid oluna biləcəklərini ehtimal etsələr də, dediklərindən Nigeriyaya bir neçə dəfə getdikləri, orada olduqları müddətdə heç bir təhdid və təzyiqə məruz qalmadıqları, uşaqlarının hazırda həmin ölkədə yaşadıqları aydın olmuşdur. Bu da onların mənşə ölkəsində əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. İddiaçı və ailə üzvünün müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları və ya adətən yaşaqdıqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 22 dekabr 2022-ci il tarixli, 32 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, yuxarıda göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə e-poçt ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəciyini qeyd etmiş, lakin səhhəti ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə İPM-in 185.1 və 62.3-cü maddələrinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaçqın statusunun verilməsi haqqında vəsatətdən (ərizə-anket) görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçı ilə müsabihə aparılmış, onun iddia etdiyi hallar ətraflı araşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın statusunun müəyyənləşdirilməsi İdarəsinin 7.10.2022-ci il tarixli, MŞ-114-2022 №-li Arayış – müvəqqəti şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə 5.05.1977-ci il təvəllüdlü Nigeriya Federativ Respublikasının vətəndaşı İddiaçı ondan ötrü verilmişdir ki, o və onun ailə üzvü (arvadı-xx.xx.1985-ci il təvəllüdlü X4) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 07 oktyabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, adına ***-**** saylı şəxsi iş açılmışdır. Bu sənəd xx.xx.2022-ci il tarixədək etibarlıdır və ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. Arayışın sahibi vəsatətinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında İQ-46/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Nigeriya Federativ Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardan xx.xx.2023-cü il tarixli 1423/ə nömrəli və xx.xx.2023-cü il tarixli, 1457/ə nömrəli eyni məzmunlu şikayətlər vermiş, cavabdehin 9.03.2023-cü il tarixli, 28 № li qərarı ilə müddətin buraxılması əsası ilə şikayətlər baxılmamış saxlanılmışdır. İddiaçı 9.03.2023-cü il tarixli qərardan şikayət vermiş, cavabdehin 3.04.2023-cü il tarixli, 52 № li qərarı ilə şikayətlərin baxılmamış saxlanılması barədə 9.03.2023-cü il tarixli qərar ləğv edilmiş, xx.xx.2023-cü il tarixli 1423/ə nömrəli və xx.xx.2023-cü il tarixli, 1457/ə nömrəli şikayətlər təmin edilməyərək xx.xx.2022-ci il tarixli, İQ-46/2 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən 4623/ə nömrəli ərizə ilə cavabdehə müraciət edərək təqdim etdiyi yeni əsaslar üzrə inzibati icraatın təzələnməsini, ona və ailə üzvünə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 83 № li qərarı ilə xx.xx.2023-cü il tarixli, 4623/ə nömrəli ərizə baxılamış saxlanılmışdır. İddiaçı hazırda cavabdehin xx.xx.2023-cü il tarixli, 83 № li qərarını mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki,“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: - 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Bu səbəbdən cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməsi ilə məhdudlaşdırılır. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdikləri izahatlarından məlum olmuşdur ki, iddiaçı və arvadı X5 müsahibə zamanı Nigeriyaya qayıdacaqları təqdirdə qonşuları tərəfindən əvvəlki mübahisə zəminində yenidən təhdid oluna biləcəklərini ehtimal etsələr də, dediklərindən Nigeriyaya bir neçə dəfə getdikləri, orada olduqları müddətdə heç bir təhdid və təzyiqə məruz qalmadıqları, uşaqlarının hazırda həmin ölkədə yaşadıqları aydın olmuşdur. Bu da onların mənşə ölkəsində əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. Onlar vətəndaşı olduqları və ya adətən yaşadıqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. Nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu, onun bildirdiklərindən başqa digər sübutlarla sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olubolmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən isə məhkəmə hesab edir ki, iddiaçının və onun ailə üzvünün barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ona və ailə üzvünə qaçqın statusunun verilməsindən imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı və həmin qərardan verdiyi şikayətin təmin edilməməsi barədə 9.03.2023-cü il tarixli qərarı mübahisələndirməmiş, təqdim etdiyi sənədlər əsasında ona qaçqın statusu verilməsindən imtina edilməsi barədə qeyd edilən qərarlarla razılaşmış və həmin qərarlar qüvvəyə minmişdir. İddiaçının hazırda mübahisələndirdiyi qərar, onun yeni sənədlər təqdim edərək inzibati icraatın təzələnməsi barədə ərizəsinin baxılmamış saxlanılması barədədir. Yəni iddiaçı ilk olaraq təqdim etdiyi sənədlər əsasında ona qaçqın statusu verilməsindən imtina edilməsi ilə razılaşmış və həmin qərarları mübahisələndirməmişdir. Lakin iddiaçı hesab edir ki, yenidən təqdim etdiyi sənədlər əsasında inzibati icraat yenilənməli olduğu halda, cavabdeh əsassız olaraq onun ərizəsini baxılmamış saxlamışdır. “İnzibati icraat haqqında” Qanun: Maddə 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. Maddə 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. Maddə 35.3. Ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 35.4. Ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axımı icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır. Maddə 35.5. İnzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən əsaslar ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Cavabdeh orqan iddiaçının ərizəsini araşdıraraq müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi ərizədə işin faktiki və hüquqi hallarının iddiaçının xeyrinə dəyişməmiş, eyni zamanda iddiaçı üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutların aşkar olunmamışdır. Qeyd edilən Qanunun 34.1 və 34.1.3-cü maddəsinə əsasən bu Qanunun 30-cu və 35.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda Ərizə səlahiyyətli inzibati orqan tərəfindən baxılmamış saxlanıla bilər. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməsi barədə ərizəni baxılmamış saxlayarkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqınlıq statusunun verilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-12317/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12317/2023
27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver