Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12318/2025 22.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin 26 fevral 2025-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC müqavilə əsasında X5 Kompleksi idarəsi (bundan sonra -Bayraq Meydanı) ərazisində təmir işləri apararkən xx.xx.2024-cü il tarixdə küləkli hava şəraiti nəzərə alınaraq, Bayraq Meydanında iş prosesinin dayandırılması və işçilərin evə buraxılması qərara alınmışdır. Bu zaman sabiq işçi (2 ay müddətində müqaviləsi başa çatdığı üçün işdən azad olunub) X2 paltardəyişmə yerində özünün səhlənkarlığı nəticəsində ayağına dəmir parçası düşmüş, bu zaman “Təcili yardım” maşını ilə o, xəstəxanaya çatdırılmışdır.Tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Səhərisi günü isə işə gəlmiş və işini davam etdirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması” Qaydalarının 2.6-ci bəndinin 3-cü abzasın müvafiq olaraq “işçinin əmək qabliyyətinin bir gündən artıq müddətə itirilməsinə və tibbi rəy əsasında gündən artiq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmləşdirilir və istehsalda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır”. Göründüyü kimi, Qaydalrın 2.6-ci bəndində nəzərdə tutulan tələbə istinadən İlqar Hüseynov baş vermiş hadisə ilə bağlı əmək qabliyyətini itirməmiş, səhərisi günü işini davam etdirmişdir. Buna görə də, başqa işə keçirilməsi barədə tibbi rəyə lüzum qalmamışdır. Bu səbəbdən də İZ (İstehsalat Zədəsi) aktı tərtib edilməmişdir. Bu məsələ ilə əlaqədar DƏMX Bakı şəhər İdarəsi əmək müfəttişiyinə 78 saylı, 18 oktyabr 2024-cü il tarixli və 29 oktyabr 2024-cü il tarixli, 79 saylı məktubla məlumat verilmiş və xahiş edilmişdir ki, qeyd olunanları nəzərə alaraq, işin araşdırılması prosesinə xitam verilsin. Bunula əlaqədar DƏMX Bakı şəhər İdarəsinin əmək müfəttişi Bərşad Mehdizadəyə xx.xx.2024-cü il tarixdə 79 saylı məktubla 5 nüsxə olmaqla, 27 səhifəlik müvafiq sənədlər təqdim edilmişdir. Ona həmin məktubla bildirilmişdir ki, Bayraq Meydanında təmir-bərpa işləri başa çatdırılmışdır. Yüksək rütbəli şəxs tərəfindən oraya baxış keçiriləcəkdir. Bu səbədən həmin əraziyə buraxılış məhdudlaşdırılıb. Məlumatı nəzərə almağı xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, 18 saylı məktubla DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi Sadiq Əliyevə ətraflı məlumat verərək bildirmişdir ki, "xxxx" ASC İXM-nin 539.2-ci maddəsisində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir və İXM-nin 105-ci (İnzibti xəta haqqında işin içraatına xitm verilməsi) və 53.1.2-ci (inzibati xəta tərkibi olmadıqda) maddələrini nəzərə alıb, DƏMX-nin Bakı şəhər İdarəsinin 19 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edəsiniz”. Lakin, DƏMX müraciətə baxmayaraq, İXM-nin 539.2-ci mddəsinə istinad edərək, 26 fevral 2025-ciu il tarixdə “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN №0024043 saylı Qərar qəbul etmişdir. Qərara əsasən vəzifəli şəxs, "xxxx" ASC-nin İdarə Heyətinin sədri İddiaçı 3500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün vaxt müəyyən olunmuşdur. Bu müddətdə hüquqpozma ardan qaldırılarsa, inzibti cərimə ödənilmir.” xx.xx.2025-ci il tarixli, 23 saylı məktubla DƏMX Bakı şəhər İdarəsinə bildirilmişdir ki, “27 fevral 2025-ci il tarixli,3-17-5/2-18200/2025 saylı məktubunuzla əlaqədar və MN ******* nömrəli, 26 fevral 2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarına əsasən hadisə yerinə baxış keçirilməsi üçün şərait yaradılacaqdır. Həmin baxışda iştirak etmək üçün vəzifəli şəxsin təyin edilməsi barədə aidiyyəti üzrə göstəriş verməyi sizdən xahiş edirik.” Bundan əlavə, 25 saylı, 18 mart 2025ci il tarixli məktubla DƏMX-nə Bakı şəhər İdarəsinə bildirilmişdir ki, “DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı İXM-nin 114-cü və 116-cı maddələrini rəhbər tutaraq qəbul edilmişdir. İXM-nin 116.2-ci maddəsinə və adıçəkilən Qərarın son abzasında qeyd edildiyi kimi, “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpzmanın aradan qaldırılmsı üçün müddət nəzirdə tutulur.” Qəbul edilmiş həmin Qərarda törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən edilmişdir. İXM-nin 539.2-ci maddəsinə əsasən “əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerinə buraxılmamasın görə inzibati cərimə müəyyən edilir.” "xxxx" ASC hadisə baş verən zaman nə sifarişçi, nə podratçı yox, subpodratçı olub. Yəni, iş yeri X5 Kompleksi İdarəsinin olub. Oraya kənar şəxslərin, o cümlədən də "xxxx" ASC-nin işçilərinin də, o əraziyə buraxılması onların səlahiyyətində olub. Bu barədə xx.xx.2024-cü il tarixli, 80 nömrəli məktubla DƏMX- Bakı şəhər İdarəsinə məlumat vermiş və səbəbini də göstərmişdir. Lakin, bu məlumat nəzərə alınmamış, adı çəkilən qərar qəbul edilmişdir. İXM-nin 539.2-ci maddəsinin dispozisiyasında göstərilən hala görə qəbul edilmiş qərarın şərti olaraq qəbul edilməsi o deməkdir ki "xxxx" ASC-nin vəzifəli şəxsi, DƏMX-nin təyin etdiyi nümayəndəni (vəzifəli şəxsi) inzibati xətanın törədildiyi iş yerinə baxış keçirilməsini təşkil etməli, onu nəqliyyat vasitəsi ilə təmin etməlidir. Deməli, "xxxx" ASC bunu etsə, inzibati məsuliyyətdən azad olur, yəni cəriməni ödəmir. Məhz, buna görə də 23 saylı, xx.xx.2025-ci il tarixli məktubla hadisə yerinə baxış keçirilməsi üçün nümayəndə təyin etməyi DƏMX Bakı şəhər İdarəsindən xahiş etmişdi. Həmin məktubda DƏMX- Bakı şəhər İdarəsinə bildirmişdir ki, “Sizin qərarda 20 gün vaxt müəyyən olunmuşdur. Vaxt gedir. Ama siz tərəfdən hadisə yerinə baxış keçirmək üçün nümüyəndə təyin olunmamışdır. Ona görə də biz məsuliyyət daşımırıq. İXM-nin 116.3-cü maddəsində “hüquqpozmanın aradan qaldırılması” o deməkdir ki, sizin nümayəndə hadisə yerinə baxış keçirməli, onun hadisə yerinə aparılmasını isə biz ("xxxx" ASC) təşkil etməlidir. Dəfələrlə məktubla və telefonla edilən müraciət cavabsız qalmış, nümayəndəniz təyin olmamışdır. Belə olan halda, məsuliyyət bizim yox, sizin üzərinizə düşür. Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, inzibati xətanın baş verdiyi yerə baxış keçirilməsində iştirak edəcək şəxsin təyin olunmasını bir daha sizdən xahiş edirik”. Nəhayət, AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsi hüquq idarəsinin rəisi İslam Həsənzadəyə ünvanlanan 21 may 2025-ci il tarixli, 41 saylı məktubda qeyd etmişdir ki, “xx.xx.2025-ci il tarixli, 26 saylı məktubumuzla AR ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinə müraciət edərək, İnzibati xətanın baş verdiyi yerdə hüquqpozuntusunun aradan qaldırılması üçün lazimi tədbirlərin həyata keçirildiyini nəzərə alaraq, MN ******* saylı, 26 fevral 2025-ci il tarxli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarın ləğv edilməsi xahiş olunmuşdur. Lakin 14 may 2025-ci il tarixli məktubunuzdan da görünür ki, bu məlumatımız nəzərə alınmayıb.” Həmin məktubda qeyd olunmuşdur ki, “Yuxarıda qeyd etdiklərimizi və müəyyən edilmiş hüquqpozma aradan qaldırıldığı üçün şərti olaraq təyin edilmiş cərimənin ödənilməməsi barədə qərar qəbul etməyi xahiş edirik.” Beləliklə, bütün müraciətlərə baxmayaraq, DƏMX Bakı şəhər İdarəsi xx.xx.2025-ci il tarixli, 3.17-5/2-48454/2025 saylı məkubu ilə "xxxx" ASC- yə bildirmişdir ki, "xxxx" ASC-nin işə götürəni barəsində AR İXM-nin 539.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı qüvvəyə minmişdir. Razılaşmadığınız halda məhkəməyə müraciət etmək hüququnuz vardır.” Hüquqdan orta səviyyəli anlayışı olan şəxs belə qərar qəbul edə bilməz. Belə ki, DƏMX Bakı şəhər İdarəsi 26 fevral 2025-ci il tarixdə qəbul etdiyi Qərarı "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə göndərib. "xxxx" ASC isə xx.xx.2025-ci il tarixdə cavab məktubu göndərərək, həmin Qərar üzrə 20 günlük müddətə əməl etmişdir. DƏMX Bakı şəhər İdarəsinin bütün məktublarında da qərəzçilik, "xxxx" ASC-nin vəzifəli şəxsini cərimələmək qəsdinə girib və nəticədə ədalətsiz qərar qəbul etmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta təkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, əməlin (hərəkət və hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır. Yəni, həmin əməllə İXM ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqa zidd olmalı, təqsirli sayılmalı qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İddiaçı əməlində inzibati xəta tərkibinin qeyd olunan əlamətləri mövcud deyildir. İddiaçı münasibətdə isə belə bir tərkib yoxdur. Təqdim edilən məktublar bir daha sübut edir ki, İddiaçı hər hansı bir təqsiri (qəsdən və ya ehtiyatsizlıqdan törədilən hərəkət və ya hərəkətsizlik) yoxdur. Onun bütün müraciətlərinə baxmayaraq, DƏMX Bakı şəhər İdarəsi hadisə yerinə baxışda iştirak etmək üçün nümayəndə təyin etməmişdir. İXM-nin 8-ci maddəsinə görə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin , səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Lakin DƏMX Bakı şəhər İdarəsi qərar qəbul edərkən qanunun bu tələbini pozmuş, təqsirsizlik prezumpsiyası prinsipinə əməl etməmiş, nəticədə "xxxx" ASC İdarə Heyətinin sədri İddiaçı İXM-nin 539.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilərək 3500 manat cərimə etmişdir. İXM-nin 9-cu maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən, ədalətlilik prinsipinə əməl edilməlidir, tənbeh ədalətli olmalıdır. Yəni İnzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İddiaçı səmərəli idarəetmə fəaliyyətinə görə “Qızıl Buta” mükafatına, Naxçıvan MR-da “Qızıl medala”, Azərbaycan Respublikasını Prezidentinin “Fəxri Diplomu” ilə təltif olunub. Onun rəhbərlik etdiyi təşkilat yüksək vergi ödəyicisidir və onda çoxsaylı işçi qüvvəsi çalışır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini tələb edir və öz tələbini İnzibati Xətalar Məcəlləsinin müddəalarına istinad etməklə əsaslandırır. İddia ərizəsindən və işə əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı mübahisənin kökündə inzibati xətalara dair iş üzrə fəaliyyət və bu fəaliyyətdən irəli gələn məsələlər durur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 7.2 və 15.3-cü bəndlərinə əsasən “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, inzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması və s. üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir. Məhz qeyd edilən fəaliyyət sahəsində inzibati orqanlar inzibati prosessual qaydada inzibati məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, hazırki tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir. Belə ki, hazırda iddiaçı məhz inzibati xətanın (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.2-ci maddəsində nəzərdə tutulmuş) törədilməsinə dair inzibati xəta haqqında qərarı və həmin qərar əsasında tətbiq olunmuş inzibati cəriməni mübahisələndirir. Lakin göründüyü kimi, inzibati icraat haqqında qanunvericilik inzibati orqanların inzibati xətalara dair işlər üzrə qərarları və hərəkətlərinə şamil olunmur və bu iddialara baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdir. İddiaçının tələbi cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə bağlıdır və iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Ona görə də iddiaçının ona cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərarın ləğv olunması ilə bağlı cavabdehə qarşı tələbi inzibati məhkəmə icraatının predmeti ola bilməz. İddiaçının ehtimal etdiyi hüquqlarının pozulması ilə əlaqədar müvafiq tələblə aidiyyəti ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-12318/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12318/2025
22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver