Məhkəmə qərarları › İş №2-1(112)-12319/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12319/2025

19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12319/2025 19.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “2014- 2015-ci tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür Universitetinin iqtisadiyyat və nəqliyyat fakültəsinin bakalavr pilləsinin maliyyə ixtisası üzrə qiyabi şöbəsinin 5-ci kursunu tam bitirməsinə dair diplomun verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Təfəkkür Universitetinin iqtisadiyyat və nəqliyyat fakültəsinin bakalavr pilləsinin maliyyə ixtisası üzrə qiyabi şöbəsinin 5-ci kursunu tam bitirməsinə dair diplomun verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından və Elektron Məhkəmə İnformasiya Sistemindən məlum olmuşdur ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının vəkili Vəkil tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə göndərilmiş Sumqayıt şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları bölməsinin 013089 nömrəli, xx.xx.2025-ci il tarixli arayışının surətindən görünür ki, Zəngilan rayonundan məcburi köçkün İddiaçı Sumqayıt şəhərində qeydiyyatdadır və orada müvəqqəti məskunlaşmışdır. Həmin məktuba əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyətinin Corat qəsəbə İnzibai Ərazi Dairəsi üzrə nümayəndəsinin 18 sentyabr 2025-ci il tarixli, 899 nömrəli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 407 a nömrəli evdə yaşayır. Yeni qaydalarla Adil İsgəndərov küçəsi 29 ünvanında qeydiyyatsız yaşayır. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) aiddir. Məhkəmə bildirir ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. (İPM-33.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4-ci maddəsinin tələbinə əsasən isə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia üzrə iddiaçı bakalavr dərəcəsi üzrə diplomun verilməsini tələb etməkdədir. İddia tələbi məcburetmə haqqında iddia növünə uyğundur. İddia tələbi üzrə cavabdeh Elm və Təhsil Nazirliyinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Beləliklə, hazırkı iddiaya İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA seriyalı, 458212 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları bölməsinin 013089 nömrəli, xx.xx.2025-ci il tarixli arayışının surətindən görünür ki, Zəngilan rayonundan məcburi köçkün İddiaçı Sumqayıt şəhərində qeydiyyatdadır və orada müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydalara əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. Beləliklə, işdən müəyyən olunur ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkün olmaqla ünvan 2 ünvanında yaşayır. Məhkəmə inzibati mübahisələrə baxılarkən prosessual qanunvericiliklə nəzərdə tutulmuş ərazi aidiyyəti məsələsinin həllinin iddiaçının bilavasitə məhkəməyə əlçatanlılığının təmin edilməsinə xidmət etdiyini nəzərə alaraq hesab edir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsi ilə nəzərdə tutulan hazırkı iş üzrə iddiaçının yaşayış yeri məcburi köçkün kimi yaşadığı və müvəqqəti qeydiyyata alındığı Sumqayıt şəhəridir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Həmin qanunun 43-cü maddəsinə görə inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının yaşayış sahəsinin olduğu yer üzrə səlahiyyətli məhkəmə olan Sumqayıt İnzibati Məhkəməsidir. Belə ki, “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2019-cu il tarixli, 4 nömrəli qərarının 17.9cu bəndinə əsasən Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPMı İPM-nin 8, 16.3 və 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “2014- 2015-ci tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür Universitetinin iqtisadiyyat və nəqliyyat fakültəsinin bakalavr pilləsinin maliyyə ixtisası üzrə qiyabi şöbəsinin 5-ci kursunu tam bitirməsinə dair diplomun verilməsi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar