Məhkəmə qərarları › İş №2-1(112)-1232/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1232/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1232/2020 21.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (hüquq məsləhətçisi, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı əsl iddiaçı X5 ilə əvəz edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1512/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən inzibati işin icraatı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (X5, “X6” LTD-nin Azərbaycan Respublikasındakı filialı 3-cü şəxs qismində cəlb etməklə) “xx.xx.2000-ci il tarixli, 780 nömrəli sərəncamın ləğv olunması” barədə 2-1(82)-2042/2019 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2042/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X2) qarşı “xx.xx.2000-ci il tarixli, 780 nömrəli sərəncamın ləğv olunması” tələbi barədə iddiası mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1232/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından, iş üzrə icraat təzələnmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş edərək izahatında göstərdi ki, Bakı şəhəri Suraxanı rayonunda yerləşən 400 kv.metr torpaq sahəsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 790 saylı, 17 may 2000-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün X7 ayrılmışdır. Həmin torpaq sahəsinin mövcud istifadə vəziyyətində cizgisi tərtib edilərək, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən buna dair xx.xx.2018-ci il tarixdə akt tərtib edilmişdir. Torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə müraciət olunsa da, lakin ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu və qaz kəmərinin mühafizə zolağında yerləşdiyi əsası ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. Həmçinin SOCAR-ın “Qaz İxrac” İdarəsinə edilmiş müraciətə cavab olaraq torpaq sahəsinin “Zığ” qazpaylayıcı stansiyasından təqribən 44 metr, “Qum adası- Qazanlar QPS” qaz kəmərindən 14 metr məsafədə mühafizə zonası daxilində yerləşdiyi göstərilmişdir. Halbuki qaz kəmərindən torpaq sahəsinin hasarına qədər 17 metr, evə qədər isə 15 metr 10 sm məsafə vardır. Bu isə göstərilən normadan artıqdır və qaz kəmərinin mühafizə zonasına düşmür. Digər tərəfdən həmin ərazidə yerləşən evlərin əksəriyyəti daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməsinə etiraz edərək izahatında göstərdi ki, icra hakimiyyətinin sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və qaz kəmərinin mühafizə zolağında yerləşir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən əlavə 140 kv.metr torpaq sahəsi istifadə edilməkdədir. Buna görə də iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 790 saylı, 17 may 2000-ci il tarixli sərəncamından görünür ki, X7 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin qərb hissəsində 400 kv.metr torpaq sahəsi ayrılmışdır. İşdə olan Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilərək, təsdiq edilmiş aktdan görünür ki, Suraxanı RİHB-nin xx.xx.2000-ci il tarixli 780 saylı sərəncamına əsasən Zığ qəsəbəsinin qərb hissəsində yerləşən X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.metr torpaq sahəsinin mövcud istifadə vəziyyətində cizgisi tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 3827 saylı məktubdan görünür ki, X7 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında Suraxanı Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 780 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncama cizgi sənədi əlavə edilməmişdir. İşdə olan “SOCAR”-ın “Qaz İxrac” İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 04 may 2018-ci il tarixli, SOCAR**********60040033B00254 saylı məktubdan görünür ki, iddiaçının ərizəsinə baxılmış və müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, torpaq sahəsi SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 istismarında “Zığ” qazpaylayıcı stansiyasından təqribən 44 metr, “Qum adası – Qazanlar QPS (Ağ şəhər)” qaz kəmərindən (273 mm, layihə təzyiqi 1,2 Mpa, yerüstü) təqribən 14 metr məsafədə mühafizə zonası daxilində yerləşir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********32 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi barədə ərizəyə baxılmış və bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və qaz kəmərinin mühafizə zolağında yerləşir. Həmçinin əlavə 140 kv.metr torpaq sahəsi istifadə edilməkdədir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə araşdırması dövründə X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 400 kv.metr torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olub-olmaması barədə məlumat Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən tələb edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 26 aprel 2019-cu il tarixli məktubda göstərilmişdir ki, X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 400 kv.metr torpaq sahəsi SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 istismarında olan “Zığ” qazpaylayıcı stansiyasından təqribən 44 metr, “Qum adası – Qazanlat QPS (Ağ şəhər)” qaz kəmərindən (273 mm, layihə təzyiqi 1,2 MPa, yerüstü) təqribən 14 metr məsafədə mühazifə zonası daxilində yerləşir. Torpaq sahəsinin 156 kv.metr hissəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, “X4 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaq sahəsinən yalnız təyinatı üzrə istifadə oluna bilər. Sözügedən torpaq sahəsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 17 may 2000-ci il tarixli, 780 nömrəli sərəncamı ilə iddiaçıya qanunsuz olaraq ayrılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7-ci bəndi ilə boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Belə ki, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Həmçinin qeyd olunan Sazişin təsdiq olunduğu Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Saziş üzrə ərazinin bu və ya digər formada özgəninkiləşdirilməsi həmin ərazidə Saziş üzrə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökümətinin, eləcə də SOCAR-ın xarici investorları qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə maneələr yaradır, eyni zamanda dövlət mülkiyyətində olan sənaye təyinalı torpaq sahəsi üzərində qanunsuz olaraq tanınmış mülkiyyət hüquqları SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəcam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, vətəndaşların əsassız kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Həmçinin məhkəmə araşdırması dövründə məhkəmə tərəfindən Qələndərov Afət isax qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 400 kv.metr torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ərazisinə düşüb-düşməməsi barədə torpaq sahəsinin yerləşmə mövqeydinə hər hansı uyğunsuzluq olub-olmamasının müəyyən edilməsi məqsədilə GPS aparatı vasitəsilə yerində ölçmə işləri apararaq mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən tələb edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********36 saylı məktubdan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastrı məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və qaz kəmərinin mühafizə zolağında yerləşir. Həmçinin əlavə 140 kv.metr torpaq sahəsi istifadə edilməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Məhkəmə araşdırması dövründə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 790 saylı, 17 may 2000-ci il tarixli sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin qərb hissəsində ayrılmış 400 kv.metr torpaq sahəsinin SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 istismarında olan “Zığ” qazpaylayıcı stansiyasından təqribən 44 metr, “Qum adası – Qazanlat QPS (Ağ şəhər)” qaz kəmərindən (273 mm, layihə təzyiqi 1,2 MPa, yerüstü) təqribən 14 metr məsafədə mühazifə zonası daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununa və «Təhlükə potensiallı obyektlərin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlərin kateqoriyasına aid edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xüsusi mühafizə zonalarının hüquqi rejimi müvafiq normativ hüquqi aktlarla və digər sənədlərlə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinin məzmunundan göründüyü kimi isə sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri yaşayış və ictimai tikililər üçün ayrılması qadağandır və bu cür torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız kənd təsərrüfatı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. İşin faktiki hallarından və təqdim olunmuş sübutlardan görünür ki, iddiaçıya torpaq ayrılması barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 17 may 2000-ci il tarixli, 780 nömrəli sərəncamı yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini pozmaqla qəbul edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı sözügedən sərəncamın ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə iddiaçı tərəfindən iddia qaldırmaq müddəti ötürüldüyündən iddia mümkün sayılmamışdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh əsaslı olaraq iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasından imtina etdiyindən, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar