Məhkəmə qərarları › İş №2-1(112)-12320/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12320/2023

01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12320/2023 01.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinə qarşı “hesablanmış rüsumun silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinə qarşı “hesablanmış rüsumun silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə 1 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ünvan 1 ünvanında yerləşən “Yol market” adlı obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçı həmin obyektin üzərində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üzrə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə Bakı Şəhəri Reklam İdarəsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Reklamların sahəsi İddiaçı iştirakı ilə ölçülmüş və 7 ədəd reklamın 7.57 kv.m. ölçüdə olduğu müəyyən edilmişdir. Müraciətin reklam haqqında qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmış və ona açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün Dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli M**********0002 nömrəli Bildiriş təqdim edilmişdir. İddiaçı tərəfindən Bildiriş üzrə 75.70 manat məbləğində dövlət rüsumu xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Dövlət rüsumu ödənildiyi üçün ona xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən açıq məkanda reklam yerləşdirilməsinə dair İ**********0004, İ**********0005, İ**********0006, İ**********0007, İ**********0008, İ**********0009 və İ**********0010 nömrəli icazələr verilmişdir. İcazələr üzrə 658,59 manat yayım haqqının və 118,55 manat ƏDV-nin, cəmi 777,14 manat məbləğində ödənişin ödənilməsi üçün ona xx.xx.2022-ci il tarixli M**********0002 nömrəli hesab-faktura təqdim edilmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona artıq hesablanmış rüsumun silinməsi və imzasının saxtalaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan və tərəfindən işlədilən Bakı şəhəri, Hüseyn Seyidzadə küçəsi 44-də yerləşən “Yol market” mağazasının üzərində yerləşən reklam üçün xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək müddətə reklamların açıq məkanda yerləşdirilməsinə icazə verilməsi barədə Bakı Şəhəri Reklam İdarəsinə müraciət edib. Onun müraciətinə cavab olaraq bildirilmişdir ki, reklam haqqında qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmış, dövlət rüsumunun ödənilməsi üçün bildiriş və yayım haqqının ödənilməsi üçün hesab-faktura təqdim edilmişdir. Qeyd olunan hesab-fakturada açıq məkanda yayımlanan reklama görə ona məxsus sözügedən mağazaya 777 manat 14 qəpik rüsum hesablanmışdır. Hesablanan rüsum tamamilə əsassızdır və ondan qanunsuz olaraq artıq hesablanmış rüsumun tələb olunması hüquqlarını pozur. Belə ki, “Yol market” mağazası 4 il müddətdir ki fəaliyyəti davam etdirilir. Mağazanın üzərində yerləşən reklam üçün xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək müddətə reklamların açıq məkanda yerləşdirilməsi barədə hesablanan rüsumla, əvvəlki 3 il müddətinə hesablanan rüsumlar tamamilə fərqlidir və 2 misli qədər fərq edir. Mağazanın sözügedən cari ildən əvvəlki 3 ilin hər ilində rüsum 312 manat hesablanmışdır. Cari ildəki rüsumun 777 manat 14 qəpik hesablanmasına səbəb kimi, Bakı Şəhər Reklam İdarəsinin əməkdaşları tərəfindən mağazaya baxış keçirilərkən onun mağazanın ön şüşələrinə günəş şüalarının qarşısını almaq məqsədi ilə çəkdiyi vinil göstərilmişdir. Məhkəməyə təqdim edəcəyi sübutlarda da açıq-aşkar görünür ki, sözügedən vinilin üzərində hər hansı bir yazı, şəkil və ya reklam xarakterli məlumatlar yoxdur. Sadəcə olaraq sadə qırmızı rəngli günəş şüalarının qarşısını almaq məqsədi ilə çəkilmiş vinildir. Azərbaycan Resublikası Dövlət Reklam Agentiliyi Bakı Şəhəri Reklam İdarəsinə hər il ərizə ilə müraciət etsə də, cari ildəki ərizə saxtalaşdırılmış formada onun adından təqdim edilmiş və imzası saxtalaşdırılmışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır, iddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üzrə 777,14 manat məbləğində rüsumun artıq hesablandığını bildirmişdir. İddiaçı ünvan 1 ünvanında fəaliyyət göstərən ona məxsus “Yol market” adlı obyektin üzərində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üzrə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə Bakı Şəhəri Reklam İdarəsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Reklamların sahəsi İddiaçı iştirakı ilə ölçülmüş və 7 ədəd reklamın 7.57 kv.m. ölçüdə olduğu müəyyən edilmişdir. Müraciətin reklam haqqında qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmış və ona açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün Dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli M**********0002 nömrəli Bildiriş təqdim edilmişdir. İddiaçı tərəfindən Bildiriş üzrə 75.70 manat məbləğində dövlət rüsumu xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Dövlət rüsumu ödənildiyi üçün ona xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən açıq məkanda reklam yerləşdirilməsinə dair İ**********0004, İ**********0005, İ**********0006, İ**********0007, İ**********0008, İ**********0009 və İ**********0010 nömrəli icazələr verilmişdir. İcazələr üzrə 658,59 manat yayım haqqının və 118,55 manat ƏDV-nin, cəmi 777,14 manat məbləğində ödənişin ödənilməsi üçün ona xx.xx.2022-ci il tarixli M**********0002 nömrəli hesab-faktura təqdim edilmişdir. Lakin iddiaçı tərəfindən 658,59 manat yayım haqqı və 118,55 manat ƏDV ödənilməmişdir. Göründüyü kimi, iddiaçıya 7,57 kv.m. reklama görə bir illik müddət üçün hesablanmış dövlət rüsumunun məbləği 75.70 manat, yayım haqqının məbləği 658,59 manat, ƏDV-nin məbləği isə 118,55 manat təşkil etmiş və artıq məbləğdə hesablama aparılmamışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, obyektin üzərində xx.xx.2022-ci il tarixdən 12 ay müddətinə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə Bakı Şəhəri Reklam İdarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli müraciət onun tərəfindən edilməmişdir. İddiaçı özü iddia ərizəsində bu iddiasını yalanlamışdır. Belə ki, o iddia ərizəsinin əvvəlində obyektin üzərində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə Bakı Şəhəri Reklam İdarəsinə müraciət etdiyini bildirmişdir. Bundan əlavə bütün müraciətlər, o cümlədən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciətlər poçt və kuryer vasitəsi ilə daxil olur və ya şəxsən təqdim edilir. Bu zaman İdarə müraciətlərdə olan imzanın həmin şəxsə məxsus olub-olmaması ilə bağlı hər hansı araşdırma aparılması və ya bu faktın aşkara çıxarılması üçün səlahiyyət və imkanlara malik deyildir. Odur ki, iddiaçının bu iddiası tamamilə əsassızdır. Ümumiyyətlə, müxtəlif rəngdə və görünüşdə vinillərin obyektin üzərində yerləşdirilməsi istehlakçıların diqqətini həmin obyektə çəkmək məqsədi daşıyır. Qeyd olunanlardan əlavə olaraq bildirilir ki, üzərində reklam obyekti barədə məlumatlar qeyd olunmadığı halda vinilin reklam hesab olunmaması yanaşması tətbiq edilərsə, müvafiq reklamlar yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirəcəkdir. Belə ki, bir neçə sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi eyni ərazidə yerləşən obyektlərin üzərinə müxtəlif rənglərdə vinil növündən olan reklam daşıyıcısı yerləşdirilərsə, bu zaman yuxarıda adıçəkilən “Reklam qurğularına Texniki Tələblərin 2.2.ci bəndinin reklam qurğusunun yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməsi ilə bağlı tələbi pozulacaqdır. Bu hal isə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı təsir mexanizimlərinin işləməməsinə səbəb olacaqdır. Bunun da məntiqi nəticəsi olaraq obyektlərin üzərində müxtəlif rənglərdə vinil növündən olan reklam daşıyıcısı yerləşdiriləcək ki, nəticədə reklamların yerləşdiyi ərazinin estetik görünüşü ciddi şəkildə pozulacaqdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin müəyyən edilmiş mübahisələndirilməyən hallarına əsasən iddiaçı ünvan 1 ünvanında “Yol market” adlı obyekdə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin obyektin üzərində qırmızı vinillər yapışdırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üzrə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə Bakı Şəhəri Reklam İdarəsinə xx.xx.2022ci il tarixdə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçlya məxsus obyektdə 7 ədəd reklamın 7.57 kv.m. ölçüdə olduğu müəyyən edilmişdir. Müraciətin reklam haqqında qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmış və ona açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün Dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli M**********0002 nömrəli Bildiriş təqdim edilmişdir. İddiaçı tərəfindən Bildiriş üzrə 75.70 manat məbləğində dövlət rüsumu xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Dövlət rüsumu ödənildiyi üçün iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən açıq məkanda reklam yerləşdirilməsinə dair İ**********0004, İ**********0005, İ**********0006, İ**********0007, İ**********0008, İ**********0009 və İ**********0010 nömrəli icazələr verilmişdir. İcazələr üzrə 658,59 manat yayım haqqının və 118,55 manat ƏDV-nin, cəmi 777,14 manat məbləğində ödənişin ödənilməsi üçün ona xx.xx.2022-ci il tarixli M**********0002 nömrəli hesab-faktura təqdim edilmişdir. İddiaçı dövlət rüsumunun ödənilməsini inkar etmir. Lakin cavabdeh tərəfindən təqdim edilən hesab-fakturaya əsasən reklam yayım haqqını mübahisələndirir. İddiaçı tələbinin əsası kimi o hala istinad edir ki, əvvəlki dövrlər üzrə təxminən 312 manat ödədiyi halda, cavabdehin təqdim etdiyi son hesab-fakturada yayım haqqı təxminən iki qat artıqdır. İddiaçı həmçinin hesab edir ki, qırmızı vinil reklam sayılmır. İddiaçı həmçinin cavabdehə reklam yayım haqqı ilə bağlı icazənin verilməsinə dair müraciətinin olmaması, onun imzasınını saxtalaşdırılmasını bildirir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsi: İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 12ci və 26-cı bəndlərinə uyğun olaraq, reklamın sifarişi, istehsalı (hazırlanması) və yayımlanması sahəsində münasibətlərin, onlara nəzarətin və tənzimləmənin, həmçinin reklam sahəsində özünütənzimləmənin hüquqi əsaslarını müəyyən edir. Həminin Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir. Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.1. reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat. ... 2.0.3. reklam obyekti – reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra əmtəə), onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlər. 26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.8. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblərin 3.18-ci bəndinə əsasən Vinil binaların qapı və pəncərələrinin üzərinə vurulan polimer tərkibli yapışqan reklam daşıyıcısıdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə 1743 nömrəli təsdiq edilmiş “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği” Qaydası: 1.1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən hazırlanmışdır və açıq məkanda reklam yayımına görə haqqın məbləğinin müəyyən edilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Açıq məkanda reklam yayımına görə haqq, yayımın müddəti, reklam daşıyıcısının növü, reklam yayımı zonası və reklamın effektivlik dərəcəsinin kateqoriyası nəzərə alınmaqla, yayımlanan reklamın 1 kvadratmetri üçün müəyyən edilir. 2.1. Açıq məkanda reklam yayımına görə haqqın müəyyən edilməsi məqsədilə ölkə ərazisi aşağıdakı reklam yayımı zonalarına bölünür: 2.1.1. Bakı şəhəri üzrə A, B və C zonaları; 4.1. Açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına verilən icazədə müəyyən edilir. 4.2. Reklam yayıcısı reklam yayımına görə aylıq haqqı müvafiq ayın bitməsindən sonra, növbəti ayın ilk 3 iş günündən gec olmayaraq, bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş aidiyyəti qurumlara ödəyir. 4.3. Reklam yayıcısı icazə alarkən icazənin qüvvədə olduğu müddətdə açıq məkanda reklam yayımına görə ödəməli olduğu haqqın aşağıda göstərilən hissəsini əvvəlcədən ödədiyi halda, ödənilmiş hissəyə aşağıdakı güzəşt tətbiq edilir: 4.3.1. 12‒36 aylıq haqq əvvəlcədən ödənildikdə ‒ 10 faiz; 4.3.2. 6‒12 aylıq haqq əvvəlcədən ödənildikdə ‒ 5 faiz. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan üç ildən artıq olmayan müddətə icazə almalı və icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu ödəməlidir. İddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi birinci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əvvəlki dövrlər üzrə az məbləğdə yayım haqqı ödəməsi cavabdehin hazırkı dövr üzrə təqdim etdiyi hesab-fakturanın çox olması və ya əsassız olması mənasına gəlmir. İddiaçı iddia tələbinin digər əsası kimi istinad etdiyi halla, yəni vinilin reklam sayılmaması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya məxsus obyektin üzərində açıq məkana ünvanlanmaqla yerləşdirilmiş rəngli vinillər "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci və 26.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.5-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblərin 3.18-ci bəndinə əsasən reklam hesab olunur və həmin vinillərin açıq məkanda yerləşdirilməsinə görə müvafiq icazə alınmalı, dövlət rüsumu və yayım haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblərin 3.18-ci bəndinə əsasən vinil binaların qapı və pəncərələrinin üzərinə vurulan polimer tərkibli yapışqan reklam daşıyıcısıdır. Qeyd olunanlardan görünür ki, vinil polimer tərkibli yapışqan reklam daşıyıcısı olmaqla reklam xarakteri daşıyır və reklam məqsədilə yerləşdirilmişdir. İddiaçı iddia ərizəsində cavabdehə reklam yerləşdirmək üçün müraciət etmədiyini bildirsə də, eyni zamanda ərizəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üzrə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciət etdiyini, müraciətinə cavab olaraq reklam haqqında qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmış və dövlət rüsumunun ödənilməsi üçün bildiriş və yayım haqqının ödənilməsi üçün hesab-faktura təqdim edildiyini qeyd etmişdir. Göründüyü kimi iddiaçı açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısına müraciət etmiş, müraciəti əsasında ona açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli M**********0002 nömrəli Bildiriş təqdim edilmiş və iddiaçı tərəfindən Bildiriş üzrə 75.70 manat məbləğində dövlət rüsumu xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Dövlət rüsumu ödənildiyi üçün ona xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən açıq məkanda reklam yerləşdirilməsinə dair İ**********0004, İ**********0005, İ**********0006, İ**********0007, İ**********0008, İ**********0009 və İ**********0010 nömrəli icazələr verilmişdir. İcazələr üzrə 658,59 manat yayım haqqının və 118,55 manat ƏDV-nin, cəmi 777,14 manat məbləğində ödənişin ödənilməsi üçün ona xx.xx.2022-ci il tarixli M**********0002 nömrəli hesab-faktura təqdim edilmişdir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmamaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar