Məhkəmə qərarları › İş №2-1(112)-12322/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12322/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12322/2023 15.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv olunmaqla, yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun yəni, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 62 yaş 6 ayının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının onun yəni, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-T-101984/2023 №-li “Sosial müavinət təyinatı üzrə” Qərarının qismən yəni, xx.xx.2023-cü il tarixdən ömürlük 220 manat müavinət təyin edilməsi (bənd 5); əmək pensiyası etibarsız hesab edildiyi üçün (bənd 8); “artıqvermə dövrü xx.xx.2021-xx.xx.2021-ci il” (bənd 8) və “xx.xx.2021 - xx.xx.2021-ci il tarixədək yaşa görə ödənilmiş əmək pensiyası etibarsız hesab edildiyi üçün artıq vermə yaranmışdır” (“Qeyd” bəndi) hissələrində ləğv edilməsini və ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə təyin olunmuş və xx.xx.2021-ci il tarixdən etibarsız hesab edilmiş əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu ildə doğulmuşdur. Əmək fəaliyyətinə 1973-cü ildə başlamış və 15 il 1988-ci ilədək Ermənistan SSR-də Kalinino rayonunda uşaq bağçasında tərbiyəçi işləmişdir. 1973-cü ildən 1988- ci ilədək Ermənistan SSR -də işləməsi barədə qeyd əmək kitabçasında qeyd edilmişdir. 01 dekabr 1988-ci ildən 1989-cu ilin 31 avqustunadək olan dövr üçün AHİŞ-nin Rəyasət Heyətinin xx.xx.1990-cı il tarixli 39 В bəndinin 9 saylı qərarı ilə fasiləsiz əmək stajı bərpa edilmişdir. xx.xx.1991-ci il tarixdən 41 saylı uşaq bağçasında dalandar vəzifəsinə işə qəbu edilmiş və xx.xx.1997-ci ildə Nizami rayonu, 41 saylı uşaq bağçasının dalandar vəzifəsindən işdən azad olunmuşdur. xx.xx.2008-ci il tarixdən Suraxanı MKTB KXS-na dalandar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixinədək "xxxx" MMC-də cəmiyyətə əməliyyatlar şöbəsində təmizlikçi vəzifəsində işləmişdir. Onun əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. 62 yaş 6 ayı tamam olduqdan sonra ona əmək pensiyası təyin edilməsi ilə əlaqədar DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etmiş və ona xx.xx.2022-ci il tarixli **********6 saylı imtina məktubu ilə bildirilmişdir ki, ona məxsus əmək kitabçasına görə sığorta stajı 7 il 8 ay təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 6 il 3 ay 7 gün sığorta stajına uyğun olaraq 4777.75 manat, xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 760.79 manat olmaqla ümumilikdə 5538.54 manat təşkil edir ki, bu məbləğ qanunvericlikdə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən 240 manatdan az olmayan pensiya təminatına imkan vermir. Həmşinin, xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət təyin edildiyi üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı ilə təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunvericilikdə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi onun hüquqlarını pozur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, onun 62 yaş 6 ay müddət tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-T-66885/2023 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci İİ iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 62 yaş 6 ayın tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək 06 il 03 ay 07 gün və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 03 il 10 ay mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində 1973-cü il tarixdən 1988-ci il tarixədək 15 il müddətinə Ermənistan SSR-də Kalinino rayonu Uşaq bağçasında tərbiyəçi işləməyi barədə əmək kitabçasında qeydin olmasını və A.H.İ.Ş-in xx.xx.1990-cı il tarixli 39 В bəndinin 9 saylı qərarı ilə xx.xx.1988-ci il tarixdən xx.xx.1989cu il tarixədək olan dövr üçün fasiləsiz əmək stajının bərpa edildiyini bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlər-işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Adıçəkilən Qaydaların 3.9-cu maddəsinə əsasən şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir, lakin əmək kitabçasında qeydlərin şahidlərin verdiyi arayışa əsasən yazıldığı qeyd olunub. Qaydaların 3.4. cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Qaydaların 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Eyni zamanda Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunan maddənin tələbinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixindən çoxuşaqlı ana kimi yaşa görə müavinət təyin edildiyindən Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə adıçəkilən şəxsə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Beləliklə, yuxarıda sadalanan əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə goyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)-12322/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş olmuşdur. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmada baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin: 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası və mübahisələndirmə haqqında iddialar ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddialar üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində həm inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər, həm də inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1959-cu il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İddianın növü müvafiq olaraq öhdəliyin icrası və mübahisələndirməyə dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: İddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsi (surət) üzrə məlumatlardan müəyyən olunur ki, xx.xx.1959-cu ildə doğulmuş İddiaçı ünvan 1 küçəsi, 71, inzibati bina ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının 23 avqust 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı müavinət işinin (surəti) materiallarından müəyyən olunur ki, DSMF Nizami rayon şöbəsinin “Sosial müavinətin təyinatı üzrə” 349 №li xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixdən 66 manat, xx.xx.2018-ci il tarixdən isə 73 manat yaşa görə müddətsiz sosial müavinət təyin olunmuşdur. Sosial ödənişlər alt sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdən təyin olunmuş yaşa görə müddətsiz sosial müavinət əmək fəaliyyətinə başlaması əsası ilə xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Pensiya təyinatı alt sistemdən çıxarışdan müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixli qərarla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə 200 manat məbləğində əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə pensiya ödənişinin dayandırılması qərara alınmışdır. DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının “Sosial müavinət təyinatı üzrə” xx.xx.2023-cü il tarixli 3-17-1/1-T-101984/2023 №li qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən ömürlük 220 manat məbləğində yaşa görə müavinət təyin olunması (bənd 5) qərara alınmışdır. Qərarda “Artıqvermənin səbəbi” kimi aktiv əmək müqaviləsi, əmək pensiyası etibarsız hesab edildiyi üçün və “Artıqvermə dövrü” kimi xx.xx.2019 – xx.xx.2020; xx.xx.2021-xx.xx.2021-ci illər göstərilməklə (bənd 8), qərarın “Qeyd” hissəsində xx.xx.2019-xx.xx.2020-ci il tarixədək aktiv əmək müqaviləsi olduğu üçün yaşa görə müavinət üzrə artıqvermə yarandığı, xx.xx.2021-xx.xx.2021-ci il tarixinədək yaşa görə ödənilmiş əmək pensiyası etibarsız hesab edildiyi üçün artıqvermə yarandığı qeyd olunmuşdur. İddiaçı hazırki tələblə bağlı DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun xx.xx.2023-cü il tarixli 3-17-1/2-T-66885/2023 saylı cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim olunmuş əmək kitabçasının surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı 11 il 6 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 6 il 4 ay 6 gün sığorta stajına uyğun olaraq 5881,11 manat, xx.xx.2008-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 4 il 8 ay sığorta stajına uyğun 3157,87 manat olmaqla, ümumilikdə 9038,98 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək, əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2018-ci il tarixindən çox uşaqlı qadın kimi yaşa görə sosial müavinət aldığı üçün Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixindən (uçot tarixi) aktiv vergi ödəyicisi (VÖEN: **********) kimi qeydiyyatda olduğundan ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Qeyd olunanları nəzərə alaraq, sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) orqanın vəzifəsidir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, iş materialarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (62 yaş 06 ay) xx.xx.2022-ci il tarixdə çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Bununla yanaşı qanunvericiliyin tələbinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda (yəni məbləğdən asılı olmayaraq), 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Hazırkı vəziyyətdə araşdırılmalı və mübahisə olunan hal iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalına malik olub-olmamasıdır. İddiaçıya aid İT seriyalı ******* №li əmək kitabçasında (surəti) və mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən onun xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 03 il 10 ay mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 6 il 3 ay 7 gün sığorta stajına uyğun olaraq 4777,75 manat, xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 760,79 manat olmaqla, ümumilikdə 5538,54 manat təşkil edir (bax İnzibati icraat materiallarında olan DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının **********6 №li xx.xx.2022-ci il tarixli məktubu). “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq sığortaçının vəzifəsidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 04 №li 18 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın 7.1-ci bəndinə görə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasının və ödənilməsinin uçotu aparılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə məcburi dövlət sosial sığortası üzrə hesabat və sığortaolunanlar haqqında məlumat təqdim edildikdən sonra ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi uçot sistemində uçota alınan sığortaolunanların fərdi şəxsi hesabında qanunvericilikdə müəyyən olunmuş qaydada nəzərə alınır. Qaydaların 7.22-ci bəndinə görə sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində nəzərə alınması məqsədi ilə DSMF orqanları hər bir sığortaedən üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” formasını tərtib edir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) orqanın vəzifəsidir. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajının bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablandığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olduğundan, sonuncuya cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi təmin olunmalıdır. Bu zaman məhkəmə cavabdeh inzibati orqanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsini rəhbər tutmaqla, 2019-cu il yanvarın 1-dək ‘‘Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmədiyi əsası ilə iddiaçıya yasa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinin tələblərinə görə 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək, əmək pensiyalarına keçirilməsinə yol verilməməsi nəzərdə tutulur ki, hazırki halda qeyd olunan maddənin müddəaları iddiaçıya şamil edilə bilməz. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, İddiaçı xx.xx.2018-ci il tarixdən təyin olunmuş yaşa görə müddətsiz sosial müavinət əmək fəaliyyətinə başlaması əsası ilə xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Yəni iddiaçı ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə (62 yaş 6 ay) çatdığı xx.xx.2022-ci il tarixdə artıq yaşa görə sosial müavinət hüququndan xx.xx.2020-ci il tarixdən məhrum olduğu üçün, təyin edilmiş sosial müavinətin əmək pensiyasına keçirilməsini deyil, ona qanunla müəyyən edilmiş qaydada pensiya təyin olunmasını tələb etmişdir. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən idiaçıya xx.xx.2023-cü il tarixdən ömürlük 220 manat məbləğində yaşa görə müavinət təyin olunmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ‘‘Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir (7.0.2). Hazırda iddiaçının yaşa görə əmək pensiyası hüququ olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ona yaşa görə müavinət təyin olunması sonuncunun hüquqlarının pozulmasına səbəb olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adıçəkilən Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İddia ərizəsindən və cavabdehin qeyd olunan halları təkzib edən sübut təqdim edə bilməməsindən aydın olur ki, adıçəkilən qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən isə işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Qanunun 70.2-ci maddəsinə əsasən iddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan (tanıyan) inzibati aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilər. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Qeyd olunanlarla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Cavabdeh inzibati orqana izah olunur ki, iddiaçıya artıqvermə dövründə xx.xx.2021-xx.xx.2021-ci il səhvən ödənilmiş pensiya məbləğləri və xx.xx.2023-cü il tarixdən ödənilmiş müavinətin qaytarılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.1959-cu il təvəllüdlü İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-T-101984/2023 №-li “Sosial müavinət təyinatı üzrə” qərarı qismən yəni, xx.xx.2023cü il tarixdən ömürlük 220 manat müavinət təyin edilməsi (bənd 5); əmək pensiyası etibarsız hesab edildiyi üçün (bənd 8); “artıqvermə dövrü xx.xx.2021-xx.xx.2021-ci il” (bənd 8) və “xx.xx.2021 - xx.xx.2021-ci il tarixədək yaşa görə ödənilmiş əmək pensiyası etibarsız hesab edildiyi üçün artıq vermə yaranmışdır” (“Qeyd” bəndi) hissələrində ləğv edilsin. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada təyin olunmuş və xx.xx.2021-ci il tarixdən etibarsız hesab edilmiş əmək pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar