Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12326/2025 14.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X9” LTD üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla fərdi yaşayış evinə çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyəti başçısının 746 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 7 nömrəli xx.xx.2001-ci il tarixli Protokoldan çıxarışın surətindən görünür ki, Ermənistan Respublikasından qaçqın düşmüş X3 yaşadığı Xətai rayonu, Naximov küçəsi 23/4 nömrəli özbaşına tikilmiş evə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir. xx.xx.2002-ci il tarixli Mənzil bağışlama müqaviləsinə əsasən X1 rayonu, Naximov küçəsi, ev 23/4 ünvanında yerləşən yaşayış sahəsi 60.30 kv.m, ümumi sahəsi 91.80 kv.m olan 266.70 kv.m torpaq sahəsində yerləşən 3 otaqlı yaşayış evini İddiaçı bağışlamışdır. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 014983 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 60.30 kv.m, ümumi sahəsi 91.80 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra iddiaçı) adına xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ünvanında yerləşən 23/4 nömrəli fərdi yaşayış evinə dair Fərdi yaşayış Fonduna daxil olan yaşayış evinin texniki pasportu 2001ci ilin dekabr ayında tərtib edilmişdir. Texniki pasportda torpaq sahəsinin ölçüsü 266.7, tikintialtı sahə 117.7 kv.m göstərilmişdir. 2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ünvanında yerləşən 23/4 nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş Eskiz layihədən görünür ki, həmin ünvanda yerləşən tikintinin sahəsi 172.508 kv.m, ümumi sahəsi 236.908 kv.m təşkil edir. İddiaçı qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətinə imtina cavabı vermişdir. İmtina məktubunda bildirilmişdir ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş texniki pasport 2001-ci ildən sonra tərtib edilmişdir. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərinə aiddir. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi verilərkən evin ümumi sahəsi 91,8 kv.m olmuş və bir mərtəbədən ibarət olmuşdur. Bildirilir ki, təxmini 2014-2015ci illərdə həmin fərdi yaşayış evinin ikinci mərtəbəsinin inşasına başlanılmışdır. Fərdi yaşayış evinin ikinci mərtəbəsi inşa olunduqdan sonra iddiaçı həmin tikilinin məlumatlandırma icraatı tətbiq olunan tikili olması əsası ilə aidiyyəti üzrə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, müvafiq eskiz layihəsini əlavə etmişdir. Göründüyü kimi iddiaçı fərdi yaşayış evinin məlumatlandırma icraatı tətbiq olunan tikili olması əsası ilə bütün prosedurlardan keçmişdir. Daha sonra, onun tərəfindən mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı cavabdehə müraciət olunmuş, lakin cavabdeh müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. İddiaçı iddia etdiyi əmlaka münasibətdə qüvvədə olan sənədlərə malikdir. Həmin sənədlərin qüvvədə olması, iddiaçının uzun müddətdir ki, həmin sənədlərə etimad edərək, faktiki qanuni əsaslarla istifadə etdiyinə dəlalət edir. Cavabdeh imtina əsası kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşməsinə istinad etsə də, həmin imtina formal əsas qismində çıxış edir. Cavabdeh fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirdiyi zaman əmlakın Dövlət Neft Şirkətinin ərazisində olmasını mübahisələndirməmişdir, lakin indiki halda birinci mərtəbədə hər hansı artım olmadığı halda, yalnız ikinci mərtəbənin inşası həyata keçirildiyi halda, cavabdeh əsassız olaraq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisində yerləşməsini mübahisələndirir. Nə qədər ki, ilkin qeydiyyatın aparılmasında dair qeyd qüvvədə olduğu halda cavabdehin bu əsasla imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 26 noyabr 2001-ci il tarixli 746 nömrəli Sərəncamı ilə Ermənistan Respublikasından qaçqın düşmüş X4 yaşadığı ünvan 2 ünvanında tikilmiş fərdi yaşayış evinin qeydiyyata alınması və qeydiyyat vəsiqəsinin verilməsi bildirilmişdir. Bu sərəncama əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan keçmiş Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X3 yaşadığı ünvan 2 ünvanında 266.70 kv.m torpaq sahəsində 1997-ci ildə tikilmiş 3 otaqlı ümumi sahəsi 91.80 kv.m (yaşayış sahəsi- 60.30 kv.m) olan fərdi yaşayış evinə 12 yanvar 2002-ci il tarixli 30/7042 reyestr nömrəli (kitab 46, sahifə 7042) Qeydiyyat Vəsiqəsi və texniki pasport verilmişdir. Bakı şəhəri, 36-cı dövlət notariat kontorunun dövlət notariusu Tağızadə B.Ə. tərəfindən təsdiq olunmuş 10 may 2002-ci il tarxli bağışlama müqaviləsinə əsasən X6 ünvan 2 ünvanında 266.70 kv.m torpaq sahəsində 1997-ci ildə tikilmiş 3 otaqlı ümumi sahəsi 91.80 kv.m (yaşayış sahəsi- 60.30 kv.m) olan fərdi yaşayış evini qızı İddiaçı bağışlamışdır. Müqavilədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674 maddələrinin məzmunu onlara izah edilmişdir. Yəni bağışlama qanunvericiliyin tələblərinə olaraq yerinə yetirilmişdir. Bundan sonra İddiaçı tərəfindən əldə olunmuş “Bağışlama müqaviləsi”nə əsasən Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət olunmuşdur. Onun adına Xətai rayonu, Naximov küçəsi 23/4 ünvanında 266.70 kv.m torpaq sahəsində 1997-ci ildə tikilmiş 3 otaqlı ümumi sahəsi 91.80 kv.m (yaşayış sahəsi- 60.30 kv.m) olan fərdi yaşayış evinə 19 iyun 2002- ci il tarixli 30/ 12986 reyestr nömrəli (kitab 46, sahifə 7042) Qeydiyyat Vəsiqəsi və Texniki pasport verilmişdir (əsas- bağışlama müqaviləsi). Daşınmaz əmlaka dair bu arxiv sənədləri halhazırda fəaliyyət göstərən İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 4.1-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Eyni zamanda “Daşınmaz Əmlakın Dövlət Reyestrinin aparılması Qaydalarının” 45-ci maddəsinə əsasən qeydiyyat orqanına təqdim edilmiş əvvəl yaranmış hüquqlar barədə məlumatlar Qaydalarda nəzərdə tutulmuş qaydada dövlət reyestrim daxul edilir. Bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il 113 nömrəli Fərmanının 4.1-ci və 4.2.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan keçmiş Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi də daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış dövlət orqanı olmuşdur. Bakı İnzibati Məhkəməsinə təqdim olunmuş İddia ərizəsində bildirmişdir ki, sözügedən fərdi yaşayış evinin ikinci mərtəbəsinin inşasına başlanmışdır. Bununla bağlı iddia ərizəsində ətraflı məlumat verilmişdir. Yaşayış evinin qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmiş, lakin rəis müavini Xəyal İsmayılovun imzası ilə xx.xx.2021-ci il tarixli **********56 nömrəli məktubla əsassız olaraq imtina verilmişdir. Ona 50.0 manat texniki pasport üçün, 30.0 manat dövlət reyestrindən çıxarış üçün vəsait ödətdirmişlər. Ona heç bir sənəd verilməyibsə, nəyə görə bu vəsait ondan alınmışdır. Bildirir ki, xx.xx.2025-ci il tarixə kimi 80.0 manat vəsait ona qaytarılmamışdır. Bu da ərazi İdarəsinin bir qanunsuzluğudur. Tərəfindən ərizə qəbul edən ekspertlərin rəyi ilə təkrarən aidiyyəti hüquqmüəyyənedici sənədlərlə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi. Dedilər ki, sənədlərin qaydasındadır, məndən sənədləri qəbul edib, təsdiqetmə bildirişi verdilər. Lakin buna baxmayaraq, xx.xx.2021-ci il tarixli **********16 nömrəli məktubla heç bir araşdırma aparmadan sətiştəsiz 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Xəyal İsmayılovun imzası ilə imtina verilmişdir. Gec də olsa, Xəyal İsmayılov bu kimi səbəblərdən işdən azad olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinə təqdim olunmuş xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında fərdi yaşayış evinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki torpaq sahəsi 266.0 kv.m, qeydiyyatdan keçmiş ümumi sahə- 91.80.kv.m, təqdim edilmiş layihəyə əsasən 2 mərtəbəli 7 otaqlı ümumi sahəsi 236.7 kv.m olduğu müəyyən edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarında araşdırılmasının məqsədəmüvafiq olduğu göstərilmişdir. Beləliklə, tərtib olunmuş müayinə aktından məlum olur ki, fərdi yaşayış evinə dair 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş hüquqmüəyyənedici sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə tamamilə uyğundur, fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş 2001-ci ildə tərtib edilmiş texniki pasport torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.4-cü bəndinə uyğun olaraq texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsaslarından biri hesab edilir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin sahə şimal, cənub və şərq tərəfdən yolla həmsərhəddir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki basxış zamanı qeydiyyata alınmış fərdi yaşayış evində rekonstruksiya işləri aparılaraq əlavə sahələrin inşa edildiyi müəyyən olunmuşddur. Eləcə də texniki pasportun baş planı ilə faktiki sahə arasında cüzi perimetrik ölçü fərqi mövcuddur. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair (2021-ci ildə tərtib edilmiş eskiz layihədə göstərilən ölçülər hüdudlarında) onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Göründüyü kimi iddiaçının hüquqi marağı ünvan 1 ünvanında əlavə inşa etdiyi sahə nəzərə alınmaqla fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Məhkəmə qeyd edir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 746 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 7 nömrəli xx.xx.2001-ci il tarixli Protokoluna istinad etsə də, həmin sərəncam əsasında ünvan 1 ünvanında yerləşən sahəsi 91.8 kv.m olan fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmış və ona Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 014983 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 013447 nömrəli qeydiyyat vəsiqəsinə əsasən qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ünvanında yerləşən 91.8 kv.m olan 1 mərtəbəli 23/4 nömrəli fərdi yaşayış evi genişləndirilərək əlavə sahə (birinci mərtəbəsinin qarşısı + ikinci mərtəbə) tikilmiş, hazırda fərdi yaşayış evinin ümumi sahəsi 236.70 kv.m təşkil edir. xx.xx.2025-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, ev 23/4 nömrəli fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd üzrə qeydiyyatdan keçmiş 1 mərtəbəli – 3 otaq, ümumi sahəsi 91.80 kv.m, faktiki isə artırılmışdır 2-ci mərtəbə və 1-ci mərtəbənin qarşısı. Təqdim edilən layihəyə əsasən və faktiki olaraq 2 mərtəbəli – 7 otaq, yaşayış sahəsi – 128.90 kv.m, köməkçi sahə 107.80 kv.m, ümumi sahə 236.70 kv.m təşkil edir. Baxış zamanı məlum oldu ki, mövcud fərdi yaşayış evi genişləndirdərək, layihəyə uyğun artırma hesabina 2-ci mərtəbə və 1-ci mərtəbənin bir hissəsi inşa edilmişdir. Artırma sahələr və torpaq sahəsinin sənədləri yoxdur. Yaşayış evi 1 mərtəbəli 3 otaq ümumi sahə- 91.80 kv.m olmaqla qeydiyyatdan keçmişdir. Artırma sahələr-144.90 kv.m təşkil edir. Köhnə sərhədlər daxilində 21.50 kv.m həyət tikilisi mətbəx, sanitar qovşağı, hamam inşa edilmişdir. Binanın "0" səviyyəsindən çardaqaltına olan hündürlük 7.70m təşkil edir. İddiaçının mülkiyyət hüquqları qeydə alınmış ümumi sahəsi 91.80 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin genişləndirilərək inşa edildiyi əlavə torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqlarının qeydə alınmadığı işin mübahisəsiz hallarına aiddir. Yəni iddiaçının genişləndirimiş tikinti sahəsinin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədinin mövcud olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı həmin torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı»nda nəzərdə tutulmuş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlərdən hər hansı birini təqdim edə bilməmişdir. Məhkəməyə təqdim edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu isə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ilkin olaraq xx.xx.2001-ci il tarixli protokola əsasən 12.2001-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı»nda isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Ona görə də təqdim olunan texniki pasport torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin “Məlumatlandırma icraatı” qaydasında inşa edilməsi ilə bağlı rayon İcra Hakimiyyətinə xx.xx.2021-ci il tarixli, Y-11-151 saylı məktub ünvanlamış, lakin iddiaçının sözügedən ünvanda inşa etdiyi fərdi yaşayış evinin tikintisinə başlamazdan əvvəl tikinti niyyəti barədə məlumat verməmiş, tərəfindən müvafiq ərazidə müfəssəl plana əməl olunmamış, eyni zamanda ərazinin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara əməl olunmadan inzibati ərazidə qanunsuz tikinti işləri apardığından rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, Y-11-151 saylı məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlanmışdır. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, İH vətəndaş İddiaçı tərəfindən şəhərsalma, tikinti qanunvericiliyinin tələbləri pozularaq rayonun Naximov 23/4 saylı sahəsi ünvanında yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlamazdan əvvəl tikinti niyyəti barədə Rayon İcra Hakimiyyətinə məlumat verilmədiyi, müvafiq ərazidə müfəssəl plana əməl olunmadığı, fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsinin razılaşdırılmaması və “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” 30 dekabr 2016-cı il tarixli Fərmanın, Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 saylı Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydaların” və Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 saylı Qərarı ilə təsdiq edilmiş ərazinin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara əməl olunmadan inzibati ərazidə qanunsuz tikinti işləri apardığı barədə cavabdehi məlumatlandırmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı 91.8 kv.m-lik fərdi yaşayış evinə əlavə inşa etdiyi artımlara dair (2013-cü ildən sonra inşa edilmiş tikili olmaqla) mövcud qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının ona məxsus olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 91.8 kv.m-lik fərdi yaşayış evinin genişləndirilərək inşa edildiyi əlavə torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1232/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilmişdir. İPM-in: 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-12326/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12326/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver